Azərbaycan və türk diasporu arasında əməkdaşlıq yeni mərhələdə

 

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi diaspora sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Mütəmadi olaraq keçirilən ikitərəfli görüşlər, konfrans və forumlar iki qardaş ölkənin diaspor təşkilatları arasında yeni-yeni əməkdaşlıq imkanları yaradır, bu sahədə əlaqələri inkişaf etdirir. Xüsusilə, son aylar bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların intensivliyi müşahidə edilir.

 

 Belə ki, cari il, aprelin 18-19-da İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində diaspor məsələləri üzrə Təmas qrupunun ilk toplantısı keçirilib. İclasa Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı sədrlik edib. Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nəriman Qurbanovun  rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” layihəsi geniş müzakirə olunub. Layihə ilə bağlı Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin təklifləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bütün tərəflərin rəy və təklifləri dinlənildikdən sonra layihəyə müvafiq əlavə və dəyişikliklər edilib. Təmas qrupunun üzvləri sənəd layihəsinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin toplantısında təsdiq olunmağa hazır olduğunu bildiriblər. Daha sonra müvafiq məsləhətləşmələr əsasında Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin görüşünün may ayının 14-də Ankara şəhərində keçirilməsi qərara alınıb. Bu görüşdə “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” layihəsi  dörd ölkənin müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq olunacaq. Toplantı zamanı Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının  I forumu ilə bağlı müzakirələr aparılıb. İştirakçı ölkələrin təmsilçiləri forumun 2013-cü il iyun ayının 21-də Bakı şəhərində keçirilməsi barədə Azərbaycan tərəfinin təklifini dəstəklədiklərini bildiriblər. Qərara alınıb ki, forumda iştirak edəcək ölkələr müəyyən vaxt ərzində kvotaya uyğun olaraq foruma qatılacaq nümayəndələrin siyahısını Türkdilli ölkələrin Əməkdaşlıq Şurasına təqdim etsinlər. Təmas qrupunun iclasında Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının  I forumunun gündəliyi, müzakirəyə çıxarılacaq məsələlər, birgə əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu günlərdə isə  Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında birgə əməkdaşlığa yönəlik daha bir görüş keçirilib. Belə ki,  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç ilə görüşüb. Görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri  Nazim İbrahimov son illər daha da güclənən türk və Azərbaycan diasporunun birgə fəaliyyətindən danışıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazim İbrahimov rəhbərlik etdiyi qurumla Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti arasında əlaqələri daha da inkişaf etdirmək məqsədilə işçi qrupun yaradılmasını təklif edib. O qeyd edib ki, yaradılacaq işçi qrup vasitəsilə türk və Azərbaycan diasporu arasında koordinasiya daha effektli qurula bilər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu il iyunun 21-də Bakıda keçiriləcək və Türkiyənin də geniş tərkibdə qatılacağı Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının  I forumunun da bu istiqamətdə atılan vacib addımlardan biri olduğunu qeyd edib. Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç isə öz növbəsində bildirib ki, mayın 14-də rəsmi Ankara Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin görüşünə ev sahibliyi edəcək. Bildirilib ki, həmin görüşdə “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın layihəsi müzakirə olunub təsdiqlənməlidir. Kemal Yurtnaç da Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha effektli olacağını bildirib.  Görüş zamanı Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç qeyd edib ki, Türk dünyasının ən böyük ehtiyacı beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqedən çıxış edə bilməsidir. Kemal Yurtnaç tədricən Azərbaycan və türk diasporunun birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətinə nail olduqlarını da qeyd edib. Diqqətə çatdırıb ki, ötən il Fransada keçirilən və 35 min insanın iştirak etdiyi yürüşün təşkilində Azərbaycan diasporunun çox böyük dəstəyini açıq-aydın görüblər. Türk diasporunun  da Xocalı həqiqətlərinin dünyaya çatdırılması fəal iştirak etdiyini deyən Kemal Yurtnaç birgə fəaliyyətin daha da gücləndirilməsinin vacib olduğunu və bu məqsədlə işçi qrupun yaradılması ideyasını dəstəklədiyini bildirib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 25 aprel.- S.15.