Azərbaycanın haqq səsi gürcü cəmiyyətinə çatdırılır

 

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqaməti məhz gənclərə yönəlib

 

Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, eləcə də ölkəmizin  mədəniyyətinin təbliği istiqamətində Gürcüstandakı Azərbaycan cəmiyyət və təşkilatları da aktiv fəaliyyət göstərir, qeyd edilən istiqamətlərdə müxtəlif layihə və proqramlar həyata keçirirlər. Hazırda 500 mindən çox soydaşımızın yaşadığı Gürcüstanda onlarla cəmiyyət və təşkilat fəaliyyət göstərir ki, onlardan da biri Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzidir. Mərkəzin Gənclər İttifaqının sədr müavini Nərgiz Əliyeva təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, qarşısına qoyduğu məqsəd və vəzifələrdən danışıb.

 

 Bildirib ki, 2006-cı ildən fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin əsas məqsədi soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, mədəniyyətimiz, tariximiz, ədəbiyyatımızı təbliğ edərək azərbaycanlıları yaşadığı cəmiyyətə daha da yaxşı şəkildə təqdim etməkdir: “Fəaliyyətimiz dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzi Gürcüstanda fəaliyyət göstərən bir çox azərbaycandilli məktəblərdə dərslərdən əlavə gürcü dili üzrə kurslar təşkil edib. Bunun nəticəsidir ki, bu kursların məzunları vahid test imtahanı verərək Gürcüstanın ali məktəblərinə daxil olublar. Kursların dinləyiciləri üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təmənnasız olaraq əlavə dərsliklər, dərs vəsaitləri göndərilib. Eyni zamanda dinləyicilər üçün mütəmadi olaraq tarixi yerlərə ekskursiyalar təşkil olunur və əlavə görüşlər keçirilir. Məlumat üçün qeyd edim ki, indiyəcən gürcü dili kurslarına 1700-dən çox dinləyici cəlb etmişik. Kursumuzu bitirən 18 gənc Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetində təhsil almaq şansını qazanıb. Onların təhsil haqqı və yataqxana xərcləri Dövlət Komitəsinin və Yaxın Doğu Universitetinin bağladığı müqaviləyə əsasən ödənişsizdir. Tələbələrin digər əlavə xərclərinin qarşılanması üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən onlara aylıq təqaüdlər ayrılır”. Nərgiz Əliyevanın sözlərinə görə, 2011-ci ildən etibarən Azərbaycanlıların Mədəniyyət Mərkəzi və İslam İnkişaf Bankının imzaladığı memoranduma, əsasən Gürcüstanda yaşayan tələbələr üçün xüsusi “Faizsiz kredit ” proqramı həyata keçirilir. Bildirib ki, proqram tibbi, texniki fənlər üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub: “Layihənin şərtlərinə görə tələbələrin bütün təhsil xərcini  İslam İnkişaf Bankı ödəyir. Bura illik təhsil haqqı, dərs ləvazimatı, tibbi sığorta, aylıq təqaüd, geyim və digər xərclər daxildir. Tələbə isə ali təhsilini başa vurub işlə təmin olunduqdan sonra bu məbləği hissə-hissə faizsiz olaraq geri qaytarır”. Nərgiz Əliyevanın sözlərinə görə, 2006-ci ildən etibarən mütəmadi olaraq Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrə mərkəz tərəfindən aylıq təqaüd verilir: “Bu gün təqaüdçülərin sayı 300-dən artıqdır. Mərkəzimizdə gürcü, ingilis dili, kompüter kursları, Azərbaycan tarixi və ədəbiyyatı dərnəyi fəaliyyət göstərir. 2008-ci ildə  Gürcüstanın dövlət başçısına etdiyimiz müraciətə əsasən artıq bir neçə ildir ki, 1+4 proqramı həyata keçirilir. İldə 100-dən çox azərbaycanlı gənc müxtəlif ali məktəblərdə təhsil alır”. Mərkəz rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan mədəniyyətinin təbliği istiqamətində də  bir çox işlər görür. Onun sözlərinə görə,  Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində “Sarvan” folklor rəqs qrupu yaradılıb ki, qrup Azərbaycan milli rəqslərini Gürcüstanda təbliğ edərək, bir çox beynəlxalq müsabiqələrdə uğurla çıxış edir. Həmçinin qrupun repertuarında gürcü rəqsləri də yer alır: “Qeyd edim ki, mütəmadi olaraq Azərbaycanın və Gürcüstanın milli bayramlarına, tarixi əhəmiyyətli günlərinə həsr olunan tədbirlər təşkil olunur. Bir çox yazıçıların, şairlərin kitabları nəşr edilir, poeziya gecələri, yubileylər keçirilir. Mədəniyyət Mərkəzində Azərbaycan və dünya ədəbiyyatı nümünələrindən ibarət kitabxana da mövcuddur ki, burada 2000-ə yaxın kitab saxlanılır. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbu orqanları da var. Bu sıraya  “Qarapapaqlar” elmi-ictimai dərgisi, “Meydan” jurnalı və ayda 3 dəfə işıq üzü görən 12 səhifəlik “Region press” informasiya qəzetini aid etmək olar”. Nərgiz Əliyeva mərkəzin Gənclər İttifaqının sədr müavini kimi Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə aparılan iş barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqaməti məhz gənclərə yönəlib: “Bununla bağlı bir çox nailiyyətlərimiz də var. 2008-ci ildə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda Yaşayan Azərbaycanlı Gənclərin I Qurultayı keçirilib. Qurultayın qərarı ilə Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı yaradılıb. 2006-2007-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yay aylarında gənclərin Bakıya ekskursiyaları təşkil edilib. Eyni zamanda gənclərimizə tanınmış tarixçilər tərəfindən mühazirələr oxunub, gənclərimizin asudə vaxtının səmərəli təşkili üçün incəsənət xadimlərinin iştirakı ilə məclislər təşkil edilib. Bu gün mərkəzin gənclər şöbəsinin nəzdində müxtəlif - dil, ədəbiyyat, jurnalistika və informasiya texnologiyaları klubları fəaliyyət göstərir. Bir müddət əvvəl  gənc yazar müsabiqəsi elan etmişik və müsabiqənin sonunda “Gənc yazarların almanaxı”nı kitab şəklində çap etdirmək niyyətindəyik. Şöbəmizin nəzdində Gürcüstanın bir çox ali təhsil universitetlərində və orta məktəblərdə şagird-tələbələrdən ibarət “Azərbaycan klubları” yaradılıb, Burada əsas məqsəd təhsil ocaqlarında təhsil alan azərbaycanlı gəncləri təşkilatlandıraraq onların digər millətlərin nümayəndələri ilə əməkdaşlığını yaratmaqdır”.

Nərgiz Əliyeva Gürcüstanda azərbaycanlıların 50-ə yaxın qeyri-hökumət təşkilatının olduğunu və hər bir təşkilatın müxtəlif istiqamətdə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin  təşkilatlar həyata keçirdikləri layihələrlə Gürcüstan azərbaycanlılarının problemlərini aradan qaldırmağa dəstək olurlar: “Ən əsası isə onlar azərbaycanlı əhalinin cəmiyyətə inteqrasiyasında yaxından iştirak edirlər. Düşünürəm ki, inteqrasiya qarşılıqlı olmalıdır və bunun üçün biz də gürcü xalqının mədəniyyətini, tarixini öyrənməklə gürcü ictimaiyyətinə öz varlığımızı çatdırmalıyıq. Bu məqsədlə Azərbaycan və Gürcüstanın tarixi günlərinə, bayramlarına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilir. Gürcüstanın bütün regionlarında ayrı-ayrı təşkilatlar tərəfindən təşkil olunan tədbirlərdə Gürcüstanda yaşayan digər xalqlar və gürcü ziyalıları da iştirak edir. Onlar mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza, qan yaddaşımıza həsr olunmuş bu tədbirlərdən təsirlənərək ayrılırlar. Demək olar ki, tədbirlərimizin əksəriyyəti Gürcüstanın kütləvi informasiya vasitələrində  öz əksini tapır”. Təmsil etdiyi mərkəzin Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində də çalışdığını deyən Nərgiz Əliyevanın sözlərinə görə, Azərbaycan-Gürcüstan dostluğu bir çox ölkələr üçün nümunə hesab edilə bilər: “İlk növbədə Azərbaycan Gürcüstanın tərəfdaşıdır və bir çox irimiqyaslı, əhəmiyyətli layihələr məhz Gürcüstanla bağlıdır. Eyni zamanda Azərbaycan şirkətlərinin bu ölkəyə diqqəti, investisiyası iki ölkə arasında həm siyasi, həm də iqtisadi cəhətdən dostluğu daha da möhkəmləndirir. Bu mövzular, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, həyat tərzi, buradakı təşkilatların fəaliyyəti və bu kimi digər məsələlər Gürcüstanın kütləvi informasiya vasitələrində müntəzəm olaraq işıqlandırılır. Düşünürəm ki, jurnalistika heç vaxt maraqlara söykənməməlidir, jurnalistin baxışı obyektiv və materialları ədalətli olmalıdır. Eyni zamanda bu sahədə bizim özümüz də fəal olmalıyıq. Biz Gürcüstan mətbuatı ilə daha sıx əlaqə yaratmalıyıq, əməkdaşlıq etməliyik ki, onlara da xəbərlərimiz daha operativ şəkildə çatdırılsın. Cəmiyyətimiz jurnalist qıtlığı problemi yaşayır. Gənc jurnalistlərin sayı çox azdır. Azərbaycanlıların Mədəniyyət Mərkəzi  olaraq gənclərdə jurnalistikaya marağı oyatmaq məqsədilə bir çox işlər görülür. Gürcüstanın kütləvi informasiya vasitələrində azərbaycanlı gənclərin çalışması Azərbaycan həqiqətlərini və burada yaşayan azərbaycanlıların səsini gürcü oxucusuna çatdırmaq istiqamətində böyük təkan ola bilər”. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlığına gəlincə xanım Əliyeva deyib ki, AMM Londonda fəaliyyət göstərən “Odlar Yurdu” təşlikatı ilə ötən il əməkdaşlıq memorandumu imzalayıb: “Təşkilat bizə poçt vasitəsilə hər ay mətbu orqanını göndərir. Bundan başqa, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlılar Konqresinin idarə heyətinin üzvüdür. Gələcəkdə əməkdaşlıq edəcəyimiz təşkilatların siyahısını daha da genişləndirəcəyik. Ümumiyyətlə sərhədsiz əməkdaşlıq ümumi ideya və məqsədimizə çatmağa daha da təkan verəcək. Bu koordinasiyanı, əməkdaşlıq imkanını isə bizə ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsi yaradır”.

 

 Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili” layihəsi çərçivəsində çap olunur

 

 

Olaylar.- 2013.- 26 aprel.- S.15.