Sumqayıtda bədii qiraət müsabiqəsi

         

Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 4 mart 2013 - cü il tarixli sərəncama əsasən Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq şöbəsi tərəfindən keçirilən bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur. Təşkil edilən birinci mərhələdə MKS-ə daxil olan 11 kitabxananın xeyli sayda oxucusu iştirak edirdi. Onların ifasında xalq şairi Nigar Rəfibəylinin bir-birindən maraqlı şeirləri dinlənilmişdir.

Bu günlərdə isə Səməd Vurğun adına Mərkəzi Kitabxanada bədii qiraət müsabiqəsinin yekun turu keçirildi. Tədbiri Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Sabir Sarvan açaraq Azərbaycan ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən unudulmaz şairin yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməsindən danışdı və müsabiqədə hansı şərtlərin əsas götürüldüyünü diqqətə çatdırdı. Sonra müsabiqədə fəal iştirak etmiş oxucular elan olundu. Münsiflər müsabiqədə fəallıq göstərmiş oxuculara həvəsləndirici mükafatları təqdim etdilər. Əsasən yeniyetmə və gənclərin cəlb edildiyi müsabiqədə Nisə Cəbrayılova 1-ci yerə layiq görüldü. Ruslan Murtuzov və Rəna Səmədova 2-ci yerə, Səlbi İsmayılova, Samirə Xanməmmədova, Nəzrin Fəyyaz isə 3-cü yerə çıxdılar.

Qaliblərə Rəsul Rza fondu tərəfindən ayrılmış, nəfis tərtibatlı kitablar hədiyyə olundu. Gənc qiraətçilər hazırladıqları şeirləri bir-bir təqdim etdilər, münsiflər heyətinin üzvləri ürək sözlərini söylədilər və beləliklə də bədii qiraət müsabiqəsi əsl poeziya bayramına çevrildi.

 

 

Yeganə Hüseynova,

Sumqayıt şəhər S.Vurğun adına

Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri

 

Ədəbiyyat qəzeti.- 2013.- 19 aprel.- S.5.