Kərim Kərimov-Azərbaycan
diasporunun tanınmış
siması
Azərbaycan diasporunun görkəmli nümayəndələrindən
biri də Kərim Kərimovdur. O, təkcə Azərbaycan deyil, eləcə də Azərbaycandan kənarda böyük şöhrət qazanmışdır.
El sahəsində imza atdığı böyük nailiyyətlərin
nəticəsidir ki, bu gün dünyanın
müxtəlif ölkələrində
Kərim Kərimov böyük ehtiramla anılır. Həmçinin dünyanın ayrı-ayrı
ölkələrində fəaliyyət
göstərən Azərbaycan
diaspor təşkilatları
da Kərim Kərimovun həyat və yaradıcılığını
dərindən öyrənirlər.
Kərim Kərimov Bütün ömrünü
kosmik raket texnikasının inkişaf
etdirilməsinə həsr
etmiş Kərim Abbasəli oğlu Kərimov mahir hərbi xadim, görkəmli alim, bacarıqlı leytenant-mühəndis
kimi şöhrət qazanmışdır. Kərim Kərimov 1917-ci il
noyabrın 14-də Bakıda
ziyalı ailəsində
dünyaya göz açmışdır. Atası Abbasəli
oğlu Kərimov Peterburq Politexnik İnstitutunun məzunu olmuş, “Azneft”də mühəndis kimi çalışmışdır. Anası Sürəyya Kərimova (Əhmədova) isə Bakıda gimnaziyanı bitirmişdir. Kərim
Kərimov 1942-ci ildə
Azərbaycan Sənaye
İnstitutunun energetika
fakültəsini bitirdikdən
sonra təhsilini
davam etdirmək üçün Səmərqəndəki
artilleriya akademiyasına
göndərilmişdir. 1946-cı ildə Kərim Kərimov
alman raket texnikası ilə, məşhur FAU-2 ballistik raketlərin quruluşu ilə yaxından tanış olmaq üçün Almaniyaya göndərilən mütəxəssislər
qrupunun tərkibində
olmuşdur. Radiotexnika sahəsində mütəxəssis
kimi Kərim Kərimova tapşırılmışdır
ki, uçuş zamanı raketlərin daxili parametrinə məsafədən nəzarət
üçün radio ölçücü
sistemləri öyrənsin
və quraşdırsın.
İşin çətinliyi onda idi ki,
zəruri sənədlərin
bir çoxu əldə yox idi və bir
çox hissələri
yenidən yaratmaq lazım gəlirdi. Əldə olan detal və
qovşaqlardan raketlər
yığılaraq sınaq
üçün Sovet
İttifaqına aparılmış
və bu, SSRİ-də strateji təyinatlı ballistik raketlərin yaradılması
və istehsalının
başlanğıcını qoymuşdur.
Elə
bu vaxtdan Kərim Kərimovun həyatı Müdafiə
Nazirliyində yaradılmış Baş Artilleriya İdarəsinə
(BAİ) tabe olan Raket-Kosmik Qüvvələrlə
bağlanmışdır. Kərim Kərimov Müdafiə
Nazirliyinin Kosmik Vasitələr İdarəsinin rəisi
olmuşdur. Sonralar Ümumi
Maşınqayırma Sahə Nazirliyi yaradıldıqda və
kosmik təyinatlı bütün işlər bu nazirliyə həvalə
edildikdə, onu yeni nazirliyə baş kosmik idarə rəisi
keçirməklə yanaşı, həm də Müdafiə
Nazirliyində saxlamışlar. Beləliklə,
daşıyıcı-raketlər və kosmik aparatlar yaratmaqla
məşğul olan bütün əsas konstruktor
büroları və zavodlar Kərim Kərimovun rəhbərlik
etdiyi idarəyə tabe idi. Ancaq Kərim Kərimovun
1966-cı ildən 1991-ci ilədək 25 il
ərzində tutduğu ən məsul vəzifə pilotlu və
pilotsuz gəmilərin və stansiyaların uçuş
sınaqları üzrə Dövlət Komissiyasının sədri
vəzifəsi olmuşdur. Kərim Kərimov bu
vəzifəyə S.P.Koralyovun təklifi ilə təyin
olunmuşdur. Dövlət Komissiyasının sədri
raket-kosmik komplekslərin uçuş proqramlarını, habelə
elm və xalq təsərrüfatının mənafeləri
üçün kosmosda keçirilən elmi və tətbiqi
proqramları nəzərdən keçirib
təsdiq etməli, daşıyıcı-raketlərin, kosmik gəmi və stansiyaların zavod
və stend sınaqlarını təhlil etməli və bu
komplekslərin uçuş sınaqlarına buraxılması
üçün qərar qəbul etməli, ekipajların əsas
və əvəzedici heyətlərini təsdiq etməli,
kosmodromda kosmik komplekslərin hazırlığı və
buraxılması işinə rəhbərlik etməli,
uçuşu idarə, kosmosda birləşmə və gəmilərin
yerə enməsi işlərini təşkil etməli idi. Sınaqların başlanmasına qədər o,
kosmodromun, yerüstü komanda-ölçücü və
üzən komplekslərin, uçuşu idarəetmə mərkəzini,
baş əməliyyat idarə uçuşunun və vahid
axtarış-xilasetmə kompleksinin hazırlığına əmin
olmalı idi. Bəzən o, qeyri-standart vəziyyətlərdə
uçuş proqramlarının dəyişilməsi, hətta
uçuşun və yerə enmənin dayandırılması
haqqında qərar verməkdə müstəsna səlahiyyətlərə
malik olmuşdur. Kərim Kərimov onillər
öncə Bakıdan çıxmasına baxmayaraq, doğma
şəhərlə əlaqəni heç vaxt kəsməmişdir.
Həmişə respublikanın ictimai-siyasi və
elmi-texniki həyatını izləmişdir. Vətənlə onun əlaqələri 70-ci illərdə
– ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi dövrdə daha da möhkəmlənmişdir. Məlumdur ki, Bakıda Kosmik Tədqiqatlar elm-İstehsalat
Birliyinin (EİB) yaradılmasının təşəbbüskarı
ümummilli lider Heydər
Əliyev olmuşdur.
Kərim
Kərimov isə bu birliklə uzun müddət əməkdaşlıq
etmişdir. Mübaliğəsiz demək olar ki, Azərbaycanda
kosmik tədqiqatların inkişafı üçün Kərim
Kərimovun göstərdiyi yardım və dəstək nəticəsində
bu Elm İstehsalat Birliyi (indi Azərbaycan
Milli Aerokosmik Agentliyi) gənc suveren respublikanın xalq təsərrüfatı
vəzifələrini kosmik texnikanın köməyi ilə həll
edən iri elmi mərkəzə çevrilmişdir. Ümummilli lider Kərim Kərimova böyük qayğı, diqqət və ehtiram göstərmişdir. Kərim
Kərimovun raket kosmik qoşunlardakı xidmətinin 50 illiyi münasibətilə göndərdiyi
teleqramda ümummilli lider Heydər Əliyev yazırdı: “Sizin nümunəvi həyat yolunuz, fədakar və rəngarəng fəaliyyətiniz,
seçdiyiniz işə
sədaqət Azərbaycan
xalqında qürur və heyranlıq hissləri doğurur, böyüməkdə olan
nəsil üçün
örnək rolunu oynayır”. Azərbaycan Respublikası qarşısında
böyük xidmətlərinə
görə ümummilli
lider Kərim Kərimovu “Şöhrət”
ordeni ilə təltif etmişdir.
Tanınmış hərbi
xadim, böyük alim və mütəxəssis
Kərim Kərimov
2003-cü il martın
29-da ömrünün 86-cı ilində Moskva şəhərində vəfat
etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2013.- 27-29 aprel.- S.15.