“Korrupsiya böyük problem olaraq qalmaqdadır”
Xanoğlan Əhmədov: “Bəzən məmurlar
qanunsuz yolla əldə etdikləri sərvətlərdən məhrum
olmamaq üçün korrupsiyaya qarşı mübarizəyə
ciddi müqavimət göstərirlər”
Müsahibimiz
QHT Alyansının baş katibi Xanoğlan Əhmədovdur.
-Xanoğlan
müəllim, hazırda ölkədə həyata
keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini
necə qiymətləndirirsiniz?
- Son illər
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
müəyyən işlər həyata keçirilmişdir.
1994-cü ildən başlayaraq korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsinə dair bir sıra
fərmanlar, Dövlət Proqramları, digər hüquqi sənədlər
və beynəlxalq sənədlər imzalanmışdır.
2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə
haqqında” qanunun qəbul edilməsi və qanunun tətbiq
edilməsi haqqında respublika Prezidentinin sərəncamı, əslində
korrupsiyaya şərait yaradan halların aradan
qaldırılmasına xidmət edirdi. “Korrupsiyaya qarşı
mübarizə üzrə” Dövlət Proqramının qəbul
edilməsi, elektron hökumətin yaradılması istiqamətində
həyata keçirilən işlər, açıq hökumət
layihəsinin hökumət tərəfindən dəstəklənməsi
və s. işlərin reallaşması onu göstərir ki,
hökumət korrupsiyanı ciddi problem sayır və buna
qarşı ciddi mübarizə aparmaq niyyətindədir. Amma
bütün bunlara baxmayaraq, ölkədə korrupsiya
böyük problem olaraq qalmaqdadır.
- Bu mübarizə tədbirlərini
effektli hesab etmək olarmı? Korrupsiyaya qarşı
mübarizə üzrə dövlət proqramlarının
icrası onun səviyyəsinin azaldılmasına necə təsir
göstərib?
-
Ölkədə korrupsiyanın vəziyyəti və ona qarşı mübarizədən danışmaq
üçün ciddi
araşdırmaların aparılması vacibdir.
Mənim fikrimcə, korrupsiyaya
qarşı mübarizəni bir qayda olaraq ölkədə
fəaliyyətdə olan QHT-lər, eyni zamanda dövlət
orqanları ilə birgə əməkdaşlıq şəraitində
həyata keçirmək daha effektli ola bilər. Çünki korrupsiya
hallarının olmasının məsuliyyətini təkcə
dövlət strukturlarının
üstünə atmaq düzgün
olmazdı. Ona görə, vətəndaş
cəmiyyəti də bu işdə
yaxından iştirak etməlidir və
ictimaiyyəti daha çox
məlumatlandırmaq, cəmiyyəti fəallaşdıraraq
prosesə daha çox
insanı cəlb etmək istiqamətində işlərin
görülməsi vacibdir.
-
Korrupsiyanın səviyyəsinin azaldılması üçün daha
hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirdiniz?
-
Hər şeydən əvvəl Azərbaycanda korrupsiyanın olduğunu etiraf etmək
lazımdır. Bunu son
illərdə rüşvətə qurşanmış bəzi
məmurların məsuliyyətə cəlb edilməsi də
əyani sübut edir.
Bir sıra hallarda isə
bu istiqamətdə yalnız orta səviyyəli məmurların məsuliyyətə
cəlb edilməsi cəmiyyətdə haqlı suallar yaradır. Amma bütün bunlara baxmayaraq, vətəndaş-məmur təmaslarının
minimuma endirilməsi sayəsində korrupsiya hallarının da
azalmasına nail olmaq olar. Məsələn, ASAN Xidməti, elektron hökumət və vahid
pəncərə prinsipinin tətbiqini
korrupsiyanı aradan qaldırmağa
yönəlmiş tədbirlərdən hesab
etmək olar.
- Sizcə
korrupsiyaya qarşı mübarizədə
dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
hansı effekti verə bilər?
-
Rəsmi məlumatlara görə, hazırda dövlət
strukturlarında 250-dən artıq xidmət internet
üzərindən həyata keçirilir
və bu xidmətlər Hökumət
portalına daxil edilməkdədir. Bəzən
məmurlar qanunsuz yolla
əldə etdikləri sərvətlərdən məhrum olmamaq üçün korrupsiyaya qarşı mübarizəyə ciddi müqavimət göstərirlər. Ona görə
də, mən belə düşünürəm ki, korrupsiyaya qarşı
mübarizədə dövlət orqanlarının fəaliyyətinə
ictimai nəzarətin gücləndirilməsi
bu problemin yoluna qoyulmasında müsbət dəyişikliklərə gətirib
çıxara bilər.
-
Korrupsiyanın qarşısının alınmasında vətəndaş
cəmiyyətləri və medianın rolunu
necə qiymətləndirirsiniz?
-
Əlbəttə ki, vətəndaş cəmiyyətinin
və medianın bütövlükdə bu
prosesdə iştirak imkanlarının
genişlənməsi korrupsiyaya
qarşı səmərəli mübarizə aparmağa
kömək edə bilər. Bəzən cəmiyyətdə
yanlış təsəvvürlər yaranır ki, guya, korrupsiya
ilə mübarizə yalnız dövlət qurumlarının
işidir. Bəzi dövlət
qurumları isə hesab edirlər ki, onlarda hər şey normaldır. Bütün
bunlar düzgün yanaşma deyil. Bir dəfə
tədbirlərin birində rumıniyalı qonaq
Kristina Dues öz ölkəsində korrupsiyaya
qarşı mübarizədən danışarkən 3 əsas
istiqamətə üstünlük verdiklərini
dedi: birincisi, informasiya azadlığı, ikincisi,
vətəndaş və dövlət strukturlarının əməkdaşlığı,
üçüncüsü isə,
dövlət qurumlarının vətəndaşlara hesabat verməsi. Məncə, bizdə də korrupsiyaya qarşı mübarizə ilə
bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin
aparılması vacibdir. Eyni zamanda,
korrupsiyaya qarşı mübarizə
üzrə qanunvericiliyin əhali
arasında təşviq edilməsi, korrupsiyaya
qarşı mübarizə sahəsində vətəndaş
cəmiyyəti institutlarının, KİV-lərin, özəl
sektorun rolunun artırılması
işin xeyrinə olardı. Şəffaflığın
artırılması və Korrupsiyaya
qarşı mübarizə üzrə Milli
Strategiyada vətəndaş cəmiyyəti institutları, KİV-lər, özəl
sektor Fəaliyyət Planının
icrası üzrə tərəfdaş kimi
müəyyən edilirlər və onların korrupsiyanın
mahiyyəti, səbəbləri və onun
doğurduğu təhlükələr
haqqında maarifləndirmə işinə cəlb olunması
dəstəklənir. Digər tərəfdən bu istiqamətdə beynəlxalq təcrübənin
öyrənilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq
müsbət nəticələr verə bilər.
- Sizcə,
müvafiq dövlət orqanlarında
islahatların aparılması korrupsiya
hallarının qarşısının alınmasında
hansı rol oynaya bilər?
-
Korrupsiyaya qarşı mübarizə elə
bir sahədir ki, burada davamlı və ardıcıl tədbirlərin
həyata keçirilməsi zəruridir. Bu sahədə əsas
problemlərdən biri ictimaiyyət
arasında korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilən tədbirlər,
şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə
maarifləndirmə və məlumatlandırma işlərinin
zəif aparılmasıdır. Halbuki, belə maarifləndirmə
işləri əhalinin öz
hüquqları haqqında daha çox məlumat əldə etməsinə, korrupsiyaya qarşı mübarizənin əsas
vasitəsi kimi şəffaflığın
artırılmasına, ictimai diskussiyaya, dövlət orqanlarına ictimai etimadın güclənməsi sahəsində
irəliləyişə, bu orqanların
hesabatlılığının və məsuliyyətinin
artmasına səbəb olur.
Müşahidələr göstərir ki,
bəzi hallarda bir
sıra dövlət orqanları belə maarifləndirmə fəaliyyətində
maraqlı olmurlar. Bu
isə mövcud problemi
daha da artırır.
Alim
Azərbaycanın
Bütövlüyü Uğrunda
Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə vətəndaş
cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin
təşkili” layihəsi çərçivəsində çap olunur
Olaylar.- 2013.- 27-29 aprel.- S.4.