Qohumluq əlaqələrinin yadlaşmasına nə səbəb olur?

 

“Bu gün qohumlar ya toyda, ya da yasda görüşürlər”

 

“İnternetsiz keçinmək bizim üçün yüz ilə bərabər olur”

 

Son zamanlar cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri də insanlar arasında qohumluq bağlarının qırılmasıdır. Ünsiyyətin daha da sadələşməsi buna səbəb olan əsas amillərdən hesab olunur. Ucqar rayonlarda yaşayan nənə-babalar tez-tez başqa şəhərdə yaşayan nəvəsini görmək imkanından məhrum olduqları üçün telefon və ya skype vasitəsilə əziz-xələfi ilə əlaqə yarada bilir. Virtual əlaqə ünsiyyətin bir forması kimi qəbul edilsə də, bu zaman insanın bir-birinə toxunuşu, hisslərini istədiyi kimi paylaşması isə qarşısı alınan amillərdən hesab edilir.

 

Bu gün texnologiyalar əsrində yaşadığımız üçün telefon və internet vasitəsilə saatlarla ünsiyyətdə oluruq. Müəyyən texniki problemlər yaranarkən, istər işdə, istər də evdə internetsiz bir saat keçinmək bizim üçün yüz ilə bərabər olur. Bir az öncələrə nəzər salsaq bir məktubun təxminən bir aya ünvanlanan mənzilə yetişdiyini söyləyə bilərdik. Amma 21-ci əsrdə vəziyyət kökündən dəyişdi. İnternet dünyanı ovcumuzun içi qədər kiçik şəkildə bizə təhvil verdi. Bu gün Amerika və ya dünyanın fərqli nöqtələri ilə əlaqə yaratmaq üçün sadəcə Skype və ya sosial şəbəkələrə daxil olmağımız kifayət edir. İnternet vasitəsi ilə xarici ölkədə təhsil almaq üçün ora yollanmağımıza da ehtiyac qalmır. Bütün işlərimizi sadələşdirən texnologiya verdikləri ilə yanaşı görəsən nələri bizdən alır? İlk olaraq canlı ünsiyyətin sıradan çıxmasını söyləmək olar. Virtual aləmdə yazışmağa, əlaqə saxlamağa öyrəşən gənc nəsil üçün bu gün real həyatda canlı ünsiyyət yaratmaq müəyyən mənada çətin olur. Əlaqələrin sadələşməsi, hər şeyin daha da asan olması insanların get-gəlini də azaldır. Bəs, görəsən cəmiyyətdə bu qədər yadlaşma, qohumlar arasında münasibətlərin qırılması gələcəkdə nə kimi fəsadlar yaradacaq? Ümumiyyətlə, yadlaşmanın təməlində başqa hansı amillər dayanır? Bu haqda daha ətraflı danışmaq üçün mütəxəssislərin də fikirlərini öyrəndik.

 

İnsanların hər işini virtual yolla həll etməsinin yarada biləcəyi fəsadları da görə bilərik

 

Psixoloq Murad İsayev canlı ünsiyyətin azalmasının əsas səbəbini ilk olaraq insanların ən rahat yolla, virtual formada ünsiyyətə can atmaqla problemləri həll etdiyini deyib: “Qohumlar, yaxınlar arasında bağların qırılmasının əsas səbəbi ilk olaraq insanların karyera uğrunda canfəşanlıq edərək, enerji və vaxt sərf etməsidir. Çünki hər kəs çalışıb əziyyət çəkməsə heç nə əldə etməyəcəyini bilir. Bu da müəyyən mənada insanın öz mənfəətini güdməsi hesab oluna bilər. Digər səbəb isə texnologiyanın inkişafının yaratdığı üstünlükdür. Ünsiyyət əlaqəsinin asanlaşması bir tərəfdən pis deyil. Amma məsələyə fərqli rakursdan yanaşsaq insanların hər işini virtual yolla həll etməsinin yarada biləcəyi fəsadları da görə bilərik”.

 

İnsani keyfiyyətlərin ölməsi qəddarlığın, cinayətin, cinayətkarlığa da şərait yaradacaq

 

Psixoloq sosial şəbəkələrin, internetin insanlara verdiyi üstünlükdən danışaraq virtual ünsiyyətin canlı ünsiyyəti sıradan çıxardığını qeyd edib. Psixoloq insanların bir-birləri ilə münasibətlərində görülə biləcək dərəcədə uzaqlaşmanın olduğunu da məhz bu amillə bağlayıb: “İnsanların bir-birləri ilə münasibətlərində görülə biləcək dərəcədə uzaqlaşma var. Artıq böyük əksəriyyət əlaqələrini virtual formada qurmağa can atır. Görüşmək imkanı olduqda belə insanlar “buna nə ehtiyac var? Onsuz da belə sözümü deyirəm də” deyib daha rahat ünsiyyətə üstünlük verirlər. Sosial şəbəkələrin yaranması, internetin daha da yüksək tələblərə cavab verməsi nəticəsində şəxslər arasında canlı ünsiyyətə meyillilik azalır. İnsanlar daha çox karyeralarına  vaxt sərf edirlər. Bu səbəbdən artıq ən yaxın adamları ilə də görüşdən imtina etmək məcburiyyətində qalırlar. İnsanlar daha çox diqqətlərini işlərinə yönəldirlər. Kimləsə əlaqə saxlamağa ehtiyac olduqda belə telefonla zəruri işləri həll edib, bununla da kifayətlənirlər. Ünsiyyətin, insani keyfiyyətlərin, gülüşün, səmimiliyin, mimika və jestlərin get-gedə sıradan çıxması nəticəsində insanlarla digər canlılar arasında müəyyən mənada heç bir fərq olmayacaq. Bu cür arzuolunmaz hadisələrin baş verməsi müxtəlif psixoloji problemlərin yaranmasına yol açacaq. İnsani keyfiyyətlərin ölməsi qəddarlığa, cinayətə, cinayətkarlığa da şərait yaradacaq”.

 

Virtual ünsiyyət jest və mimikanın, insanların emosiyalarının bir-birinə keçməsinə də maneə olur

 

Psixoloq qohumlar arası yadlaşmanın yaranmasında iqtisadi amillərin də özünəməxsus rolunun olduğunu deyir. İqitsadi problemlərlə yanaşı virtual ünsiyyətin geniş yayılmasının gələcəkdə daha mənfi fəsadlar yaradacağını vurğulayan Murad İsayev bunun da qeyri-insani keyfiyyətlərin yaranmasına yol açacağını deyib: “Qohumlar, yaxın və tanışlar arasında münasibətlərin qırılmasına səbəb həm iqtisadi problemlər, həm də ki texnologiyanın yaratdığı imkanlardır. Bu səbəbdən gələcəkdə münasibətlərin daha da soyuyacağı gözlənilir. Hətta mən deyərdim ki, çox yaxın illərdə insanlar onlara ən yaxın olan şəxsləri belə yadırğayacaq, tanımayacaq. Bu gün insanlar əllərində imkan olduqda belə virtual ünsiyyətə üstünlük verib, canlı əlaqədən imtina edirlər. Virtual ünsiyyət jest və mimikanın, insanların emosiyalarının bir-birinə keçməsinə də maneə olur. Bir müddət keçdikdən sonra insanlar zombi formasında, qeyri-insani keyfiyyətlərlə bir-birinə yanaşacaqlar. Bu isə arzuolunmaz mənfi nəticələrə səbəb olacaq”.

 

Elə adamlar var ki, heç valideynlərini belə görə bilmirlər

 

M.İsayev virtual ünsiyyətə marağın artmasında zaman və məkan fərqinin də olduğunu vurğulayıb: “Elə adamlar var ki, heç valideynlərini belə görə bilmirlər. Zaman və məkan fərqi olduğundan nənə-babalar nəvə-nəticələrini görmək üçün ətraflarındakı şəxslərin köməkliyi ilə virtual ünsiyyətə girirlər”.

 

Virtual aləmdə insanlar öz ünsiyyətlərini

ancaq gülüş və ya digər işarələrlə paylaşacaq

 

İnsani dəyərlərin, real ünsiyyətin yox olması nəticəsində tənhalıq, depressiya və digər psixoloji problemlərin yarana biləcəyini söyləyən M.İsayev həmin şəxslər üçün həyatın zaman keçdikcə daha da maraqsızlaşacağını deyib: “İnsani dəyərlər sıradan çıxdıqdan sonra müxtəlif fəsadlar yaranacaq. İnsani keyfiyyət bir insanın qarşısındakı şəxslə hisslərini emosiyalar vasitəsi ilə bölüşməsi, sevgisini hiss etdirməsi, qarşısındakından da ona qarşı isti və ya əks münasibəti görməkdir. Amma virtual aləmdə insanlar öz ünsiyyətlərini ancaq gülüş və ya digər işarələrlə paylaşacaq. Hazırda sosial şəbəkələrdə də bunu görə bilirik. Biri əhval-ruhiyyəsinin yaxşı olmasını paylaşdığı gülüş işarələri, digəri isə göz yaşları ilə hər kəsə nümayiş etdirir. İnsani keyfiyyətlərin çərçivə içərisində olmasının yarada biləcəyi ən dəhşətli hal isə şəxsin tənhalığı ola bilər. Tənhalıq da istənilən mənada psixoloji və digər problemlər yarada bilər. Bu cür şəxslər özlərini yer üzündə yalqız, kimsəsiz hiss edəcəklər. Yalqız və kimsəsiz olduğunu fikirləşən şəxs baş verə biləcək bütün problemləri də təkbaşına həll edəcəyini düşünəcək. Belə insanların həyata, yaşamağa marağı da öləcək. Yola saldığı illər ərzində maraqlı, yadda qalan hadisələrin olmadığını görüb daha da  bədbinləşəcək”.

 

İnsan psixologiyasında bir şəxsdən alınan zərbənin digərlərinə də yayılması var

 

Nəinki qohumlar arasında, hətta qonşular, yaxınlar arasında da ünsiyyətin qırıqlığı hiss olunur. Bu gün bir-birini ictimai nəqliyyatda görən tanışlar əksər hallarda özlərini görməməzliyə qoyurlar. Murad İsayev bunun səbəbini insanlar arasında inamın azalması ilə bağlayır: “Bunun əsas səbəbi insanlar arasında inamın azalmasıdır. Çünki hər kəs ətrafında mənfəətinə görə ondan sui-istifadə edən şəxslərlə qarşılaşır. Buna görə, insanlarda inam hissi ölməyə başlayır.  İnam və etibarın azaldığı halda isə təbii ki, qonşu qonşusuna salam verməyəcək. İnsan psixologiyasında bir şəxsdən alınan zərbənin digərlərinə də yayılması var. Bu hər kəsin insan üçün  eyniləşdirilməsidir. “Qurunun oduna yaş da yanacaq” misalına uyğun olaraq hər kəs bundan zərər görəcək. İnsanlar qınlarına çəkilib, yalnız özlərini düşünür. Unutmaq lazım deyil ki, insan fərdi şəkildə yox, kütləvi şəkildə inkişaf edə bilər. Cəmiyyətin inkişafı insandan asılı olduğu üçün bu kimi amilləri diqqətdən qaçırmaqla yalnız mənfi nəticələr əldə edə bilərik”.

 

Texnika insanları yaxınlaşdırdığı qədər, həm də uzaqlaşdırır

 

Psixoloq Elnur Rüstəmov isə insani dəyərlərin, keyfiyyətlərin, jest və mimikanın virtual aləmdə özünü biruzə verə  bilməməsini söyləyərək hər kəsi mümkün qədər daha çox canlı ünsiyyətə meyilli olmağa səsləyib: “Ötən əsrin əvvəllərində mütəxəssislər 21-ci əsrdə texnologiyanın yüksək inkişafı nəticəsində insanlar arasında yadlaşmanın artacağını qeyd etmişdilər. O dövrdə mütəxəssislər belə hesab edirdilər ki, texnikanın yaranması insanlar arasında məsafənin yaranmasına da səbəb olacaq. Bu belə də oldu. Diqqətin texnologiyaya, karyeraya yönəldilməsi boşluğu yaradan əsas səbəblərdən hesab edilir. Bu gün insanlar bir-birləri ilə daha çox virtual ünsiyyətə üstünlük verir. Sanki onlar bir-biri ilə üz-üzə oturub söhbət etməyi yadırğayıblar. Məsələn, mən atamla görüşüb, onunla hal-əhval tutmaq əvəzinə virtual şəkildə bağlantı yaradıb ünsiyyətə girirəm. Virtual ünsiyyət isə göz ünsiyyətinin, daha isti münasibətlərin yadırğanmasına səbəb olur. Bu kimi hallar ilk olaraq ailədən başlayır. Texnika insanları yaxınlaşdırdığı qədər, həm də uzaqlaşdırır. Texnologiyanın bu cür inkişafı gələcəkdə bir çox mənfi nəticələr yaradacaq. Vaxtı ilə Jan Jak Russo da insanları geriyə, təbiətə doğru qayıdışa səsləyirdi. Karl Marks isə insanların yaratdıqlarının onların özlərinə qarşı çıxacağını demişdir. Fəhlə maşın istehsal edir, amma özünün maşını yoxdur. Beləliklə insanın öz əməyi özgələşir. Bu  da insanın qarşısındakına qarşı yadlaşmasına, canavarlaşmasına səbəb olur. Ən dəhşətli hal isə  yaxın insanlar arasında yadlaşmanın yaranmasıdır. Bunun nəticəsində ailədaxili konfliktlər, boşanmalar yaranır. Bu gün qohumlar ya toyda, ya da yasda görüşürlər. Başqa bir mövzu ətrafında onlar əvvəlki kimi birləşə bilmirlər. Artıq bir zamanlar ən yaxın qohumu hesab etdiyi şəxsin ailəsində baş verən hadisələr onun üçün önəmsizləşməyə başlayır”.

 

Psixoloji sağlamlığının qeydinə qalmayan bu cəmiyyətdə mövcudluğunu qoruyub saxlaya bilməz

 

E.Rüstəmov bu cür boşluqların yarada biləcəyi fəsadlar haqda danışarkən insanlarda depressiya, əsəbi gərginliyin zaman keçdikcə daha çox müşahidə ediləcəyini qeyd edib: “Ekstensianal, psixoloji boşluqlara səbəb ola biləcək bu uzaqlaşma həm də əsəbi gərginliyə, depressiyaya səbəb ola biləcək. Əsasən psixoloji fəsadlar yaranacaq ki, bunun da nəticəsində fizioloji problemlər infarkt, diabet kimi xəstəliklər ortaya çıxacaq. Bu gün insanlar daha çox canlı ünsiyyətə diqqət ayırmalı, psixoloji sağlamlıqlarının qeydinə qalmalıdırlar. Psixoloji sağlamlığının qeydinə qalmayan bu cəmiyyətdə mövcudluğunu qoruyub saxlaya bilməz”.

 

Öncələr qonşu-qonşu ilə oturub bir yerdə söhbət edir, məsləhətləşirdi

 

Psixoloq məkanca yaxın olan şəxslərin münasibətlərində də soyuqluq yarandığını deyərək bunun səbəbini həm texnologiyanın inkişafı, həm də ki zamanla ayaqlaşa bilməyən yaşlı nəslin öz problemləri ilə məşğul olmasında gördüyünü vurğulayıb: “Öncələr qonşu-qonşu ilə oturub bir yerdə söhbət edir, məsləhətləşirdi. Texnologiyanın inkişafı bu ünsiyyətin soyumasına səbəb olur. Yaşlı nəsil də ötən əsrdən bu əsrə keçid edə bilmədiyi, zamanla ayaqlaşa bilmədiyi üçün müəyyən boşluq yaşayaraq baş verən problemlərin həlli ilə məşğul olur”.

 

Moskvada yaşayan qohumlar bir “Skype”la mənə yaxın qonşudurlar

 

Texnologiyanın inkişafı nəticəsində xariclə əlaqələrin qurulmasından danışan mütəxəssis insanların daha çox virtual ünsiyyətə üstünlük verdiyini deyib: “İndi xaricdəki qohumlarım da mənim qonşumdur. Moskvada yaşayan qohumlar bir “Skype”la mənə yaxın qonşudular. Məsafəni yaxınlaşdıran texnologiya həm də canlı ünsiyyəti aradan qaldırır. 2 mindən artıq sosial şəbəkədə dostu olan şəxs onlardan beşini, ya onunu tanıyır. Virtual aləmdə hər kəs bir-biri ilə ünsiyyətə girir. Amma real həyatda hər kəs canlı ünsiyyətdən qaçır”.

Virtual aləmdə olanların böyük əksəriyyəti maddi sıxıntıdan yox, depressiyadan, tənhalıqdan əziyyət çəkirlər.

Artıq sıradan çıxmaqda olan canlı ünsiyyətin yenidən bərpası haqda danışan psixoloqun əsas tövsiyələri isə bunlardan ibarət olub: “ Canlı ünsiyyəti bərpa etmək üçün insan ilk olaraq ailəsi ilə vaxt keçirməlidir. Daha sonra iş yoldaşları, həmfikir olduğu şəxslərlə canlı ünsiyyətə girə bilər. Bu kimi amillərin qarşısı alınmasa daha pis nəticələr gözləniləcək. Bizim gələcəyimiz özümüzdən asılıdır. Virtual aləmdə olanların böyük əksəriyyəti maddi sıxıntıdan yox, depressiyadan, tənhalıqdan əziyyət çəkirlər.

 

 

Nigar Məhərrəm

 

Olaylar.- 2013.- 30 aprel.- S.8.