Xalqın yaddaşından silinməyən lider

 

Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 10 il keçir. Müasir dünyada həyat inkişaf edib nəsillər dəyişsə də, lakin Heydər Əliyev xalqın yaddaşından silinmir, bu günümummilli lider insanların qəlbində ən yüksək ehtiramla anılır. Çünki  Azərbaycanın tarixində Heydər Əliyevin ayrıca roluyeri var. Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədilik statusunu qazanıb. Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir.

 

Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaratdı. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri əvvəlcə inad nümayiş etdirsələr də, sonradan Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Beləliklə Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. İyulun 24-də isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bildi. O, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

 

***

 

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Ümummilli liderin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət oldu. Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışarkən ilk növbədə, Azərbaycanda sabitliyin, qanunçuluğunasayişin təmin olunmasını qeyd etmək lazımdır. Məhz ümummilli liderin 1993-cü ildə prezident seçilməsindən sonra ölkədə hərcmərclik və anarxiyanın qarşısı alındı, xaricdən yaranan təhlükələr və daxili separatizm zərərsizləşdirildi. Qısa müddətdə əldə edilən sabitlikqanunçuluq iqtisadiyyatda islahatlara yönəlmiş layihələrin həyata keçirilməsi üçün bir təməl oldu. Bu sıraya neft strategiyasını, torpaq islahatını, iqtisadiyyatın bazar münasibətlərinə keçirilməsi və hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulması kimi əsaslı məqamları aid etmək olar. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə qarşı artan inammaraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyevin ən böyük xidmətlərindən biri hesab edilir.

 

***

 

Bu dövrdə siyasi islahatlar da kənarda qalmırdı. Ölkənin yeni Konstitusiyasının qəbul edilməsini, demokratik təsisatların yaradılmasını bu sıraya aid etmək olar. Eyni zamanda Heydər Əliyev Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsini də başlıca prioritet hesab edir, bu istiqamətdə lazımı addımlar atırdı. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bildi. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətləri və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bildi. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normaları, sərhədlərin bütövlüyü və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Bütün bunları nəzərə alaraq Azərbaycan xalqı haqlı olaraq belə hesab edir ki, Ulu öndər Heydər Əliyevin şah əsəri onun yaratdığı müstəqil Azərbaycan dövlətidir. Bu gün müstəqil Azərbaycan dövlətinin vətəndaşları  müstəqilliyi ona bəxş etmiş ümummilli lideri unutmur, onu yüksək ehtiramla yad edirlər. İnsanlar Heydər Əliyevi həm də ona görə unutmurlar ki, onların həyatında baş vermiş müsbət dəyişikliklər məhz ulu öndərin adı, müəyyən etdiyi siyasətlə birbaşa bağlıdır. Heydər Əliyev həm də ona görə xalqın qəlbində yaşayır və daim yaşayacaq ki, O, həmişə ən möhkəm tellərlə xalqa bağlı olub. Heydər Əliyevin  güc və qüdrət mənbəyi məhz Azərbaycan xalqı olub.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2013.- 12 dekabr.- S.8.