“Azərbaycanın dünyanın 5

qitəsində güclü diasporası var”

 

Mehman Muradlı: “Azərbaycan-Amerika Alyansının ABŞ-da gördüyü işlər Amerika xalqının Azərbaycana olan münasibətin müsbətə doğru dəyişməyinə hesablanmış fəaliyyət saymaq olar”

 

“İnformasiyalı Cəmiyyət Uğrunda” İctimai Birliyinin sədri, hüquqşünas Mehman Muradlının “OLAYLAR”a müsahibəsi.

 

- Mehman müəllim, Azərbaycan diasporasının hazırki vəziyyəti necədir?

- Ötən əsrin 80-ci illərin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratdı. Azərbaycanda milli oyanış daha geniş vüsət aldı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar “Dünyanın ən mübariz xalqı” adına layiq görülüblər. Erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası  olan Dağlıq Qarabağ ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət olub. Diaspora sahəsində yeni qanunlar qəbul edilib və təkmilləşdirilib. Buna baxmayaraq, diaspora sahəsində problemlər hələ də qalmaqda davam edir. Bunun da obyektiv və subyektiv səbəbləri var.

- Hansı ölkələrdə (Avropa, Amerika, yoxsa ki MDB) diasporamız daha güclü fəaliyyət göstərir?

- Sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Göründüyü kimi Amerika qitəsi ölkələri arasında azərbaycanlıların ABŞ-da sayı çoxluq təşkil edir və diaspora fəaliyyətinin əsas yükü ABŞ-da qurulmasıdır. ABŞ-da məskunlaşan azərbaycanlıların əksəriyyəti Güney Azərbaycandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın  bu ölkəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.  Diaspora təşkilatımızın son illər mövqelərini müsbətə doğru dəyişməyə nail olublar. Burada Azərbaycan-Amerika Alyansının fəaliyyətini qiymətləndirmək lazımdır. Alyansın ABŞ-da gördüyü işlər Amerika xalqının Azərbaycana olan münasibətin müsbətə doğru dəyişməyinə hesablanmış fəaliyyət saymaq olar. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa azərbaycanlıların sayı Türkiyədə  və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada   yüzminlərlədir. Bəzən bizə elə gəlir ki, bizim Türkiyədə diasporamız güclüdü. Amma faktlar tamam başqa fikri deyir. İllərdir, bu məsələdə özümüz özümüzü aldatmışıq. Azərbaycandan olan ayrı-ayrı fərdlərin fəaliyyətini çıxmaq şərtilə Türkiyədəki diasporamızın vəziyyəti bir o qədər də ürəkaçan deyil. Azəri-Türk qadınlar cəmiyyətinin fəaliyyəti Türkiyədə fəaliyyət göstərən diaspora təşkilatlarımızdan qat-qat güclüdür. Azərbaycanlılar Türkiyədə söz sahibi ola bilmirlər. Bir daha qeyd edirəm, bizim Türkiyədəki mövqelərimiz şəxsi münasibətlər zəminində qurulub və bunu dayanaqlı hesab etmək mümkün deyil. Diaspora təşkilatlarımızın say hesabıyla çoxluq təşkil etdiyi ölkə Rusiyadır. Son dövrlər Rusiyada qafqazlılara qarşı olan hücumlar sübut etdi ki, Rusiyada da problemlərimiz çoxdu. Ümumilikdə götürəndə azərbaycanlıların hüquqlarının ən çox pozulduğu ölkə Rusiya olaraq qalır. Amma buna baxmayaraq, ABŞ, Avropanın bir neçə ölkəsindəki diaspora təşkilatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir.

- İlk dövrlərdə xaricdəki Azərbaycan diasporasında güneylilər daha çox üstünlük təşkil edirlər. Vəziyyət indi nə yerdədir, güneylilərlə quzeylilərin tarazlığı yaranıb?

- Həqiqətən xaricdəki Azərbaycan diaspora təşkilatlarında Güneydən olan soydaşlarımız üstünlük təşkil edirdilər. Bunun əsas səbəbi İranda mollalar hakimiyyətə gələndən sonra güney azərbaycanlıların Avropa və Amerikaya köç etmələri olub. Şimali Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, qeyd etdiyim kimi diaspora fəaliyyəti dövlət siyasəti səviyyəsinə yüksəldildi. Bunun nəticəsidir ki, hal-hazırda tarazlıq yaranıb. Buna əsas səbəb dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi   haqqında 2001-ci ilin may ayınn 23-də mərhum prezident Heydər Əliyevin məlum Sərəncamı olub.

- Bir sıra müğənnilərin diaspor təşkilatlarında adlarının irəli çəkilməsi cəmiyyət tərfindən narazılıqla qarşılanırdı. Bu mənfi tendensiya kimi qiymətləndirilirdi. Ümumiyyətlə sənət adamlarının diaspor təşkilatlarına cəlb edilməsi nə dərəcədə doğrudur?

- Hesab edirəm ki, sənət adamlarının da diaspora fəaliyyətində irəli çəkilməsi lazımdır. Diaspora fəaliyyəti axı tək iclaslarla, siyasi görüşlərlə bitmir. Bu işdə mədəniyyətin təbliği də vacibdir. Ola bilər ki, haradasa bu məsələlər koordinasiya edilmir və bu da haqlı olaraq narazılığa səbəb olur. Bu məsələlər mütləq koordinasiya edilməlidir. Bu tək Diasporla iş üzrə Dövlət Komitəsinin işi olmamalıdır. Burada Mədəniyyət və Turizm nazirliyi də aktiv iştirak etməlidir ki, bu cür narazılıqlar yaranmasın.

- Mehman müəllim, xarici ölkələrdə yaşayan azərbaycanlıların siyasi fəaliyyətinin gücləndirilməsi və onların yer tutması üçün hansı dəstəklər verilməlidir?

- Bu məsələ diaspora fəaliyyətimizin ən ağrılı yeridir. Baxmayaraq ki, 27 dekabr 2002-ci ildə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında"  Azərbaycan Respublikası qanunu qəbul edilib, lakin bu qanundan diaspora üzvlərimiz bir o qədər də yararlana bilmirlər. Əksər hallarda soydaşlarımızın özləri bu məsələdə aktiv olmaması, yaşadığı ölkənin ictimai-siyasi həyatında fəaliyyət göstərməkdən uzaq durması, həmin ölkə vətəndaşlarının Azərbaycan haqda geniş və müfəssəl məlumatların olmamasına gətirib çıxardır. Hesab edirəm ki, bu məsələdə diaspora təşkilatlarımızın fəaliyyətini gücləndirmək lazımdır. Təşkilatlar maarifləndirmə işi ilə buna müəyyən qədər nail ola bilərlər. Bir məsələni də qeyd edim ki, soydaşlarımız yaşadıqları ölkənin dilini öyrənməyə, hətta bəzi hallarda cəhd belə etmirlər.

- Hesab olunur ki, diaspor quruculuğunun əsas qayəsi Dağlıq Qarabağ münaqişəsilə bağlıdır. Münaqişə mövcud olmasaydı, Azərbaycan diasporası yaranardımı?

- Bu kökündən yanlış fikirdi. Əgər Azərbaycan diasporanın təşəkkül tarixinə nəzər salsaq görərik ki, diaspora fəaliyyətimiz ərəblərin Azərbaycana yürüşü dövründən başlayıb. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada  ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda  onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və  bu proses diasporun yaranmasının təməlini qoyub. Azərbaycan Rusiya İmperiyası tərəfindən işğalına kimi Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət alıb. Bundan sonra Azərbaycan diasporasının  başqa fazalarının formalaşması başlanılıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 13 dekabr.- S.15.