“Dünyada
Azərbaycanla bağlı nə qədər əlyazma
varsa onların sürətini əldə etməyə
çalışırıq”
Paşa Kərimov: “Qədim dövr əsərlərini çap etmək o qədər də asan deyil”
Müsahimiz
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi
Paşa Kərimovdur.
-Paşa müəllim, ədəbi irsimizin böyük bir hissəsi ərəb və fars dillərindədir. Ədəbi irsimizin tərcüməsinin bugünkü vəziyyəti necədir?
-Ədəbi
irsimizin tərcüməsi ilə
bağlı onu deyim ki, bu məsələ ilə
bağlı təkcə Əlyazmalar İnstitutu
məşğul deyil. İndiki
zamanda bir çox tərcüməçilər, tədqiqatçılar
var ki, bu
işlə ciddi məşğul olurlar. Ümumiyyətlə mən demək istəyirəm
ki, tərcümənin vəziyyəti indi çox müzakirə olunur,
çoxları da bu vəziyyətdən
razı deyil. Çünki,
kifayət qədər bizi maraqlandıran əsərlər
tərcümə olunur. Azərbaycan
müstəqil dövlətdir, istədiyimiz əsəri tərcümə
edə bilərik. Klassik əsərləri
də tərcümə etmək üçün
ciddi səylə
çalışırıq. Lakin bir sıra amillər bizə mane
olur. Birincisi, orta əsr ərəb və fars
dillərini yaxşı bilən tərcüməçilərimizin
az olması, ikincisi də
buna kifayət qədər vəsait də
ayrılmalıdır ki, məncə bu da kifayət qədər
deyil. Bu iki səbəb bizim ərəb
və fars dillərindən (klassik mətnləri nəzərdə tuturam) edilən tərcümələrin
gedişatına təsirsiz ötüşmür.
-Fars və ərəb dilləri ilə yanaşı əski əlifba ilə yazılan əsərlər də tərcümə olunurmu? Ərəb dilinə az-çox bələd olan bir gənc kimi belə düşünürəm ki, əski əlifba ilə yazılmış əsərləri tərcümə etməkdənsə orta məktəblərdə əski əlifbanın tədrisi daha məqsədəuyğundur. Siz necə düşünürsünüz?
-Məncə, sizin qədər maksimalist olmaq da düzgün
deyil. Ərəb-fars
əlifbasını da keçmək
lazımdır, amma klassik
ədəbiyyatımızı müasir əlifbamızla
tərcümə etmək lazımdır. Biz
hər il 20-30 kitab çap edirik,
hamısı da klassik
ədəbiyyatımızdır, əksəriyyəti Azərbaycan
dilində ərəb əlibası ilədir. Biz
bu əsərləri izahatlar,
şərhlər, lügətlərlə veririk
ki, maraqlananlar çətinlik
çəkmədən bu kitabdan
yararlana bilsinlər.
-Əlyazmalar İnstitutunun fondunda nə qədər əlyazma saxlanılır?
-Bizim
İnstitutda 12000 əlyazma var. Bütövlükdə çap
materialları və kitablarla birlikdə
40000-ə qədər material var.
-Bu gün daha vacib hesab etdiyiniz hansı əlyazma öz araşdırmaçısını gözləyir?
-Bir əsərin adını çəkə bilmərəm, belə əsərlər çoxdur. Biz də dayanmadan çalışırıq, sürətlə işlər görürük, mən onu demək istəyirəm ki, biz Əlyazmalar İnstitutu təkcə burda saxlanan əsərlərin tədqiqi ilə məşğul olmuruq, biz dünyada Azərbaycanla bağlı nə qədər əlyazma varsa onların sürətini əldə etməyə çalışırıq, tədqiq və çap edirik.
-2013-cü il ərzində neçə əlyazmanın tərcümə və çapına nail olmusunuz?
-2013-cü ildə 25 kitabımız işıq üzü görüb. İmkanınız olsaydı daha çox kitab çap edərdik. Onların əksəriyyəti bizim müxtəlif kitabxanalarda saxlanılan abidələrimizdən ibarətdir.
Bildiyimiz kimi Ə.Firdovsinin “Şahnamə”si 60 min beytdən ibarətdir. Amma onun yalnız az bir hissəsi tərcümə olunur. Bu nə ilə bağlıdır?
-Siz bilirsiniz ki, qədim dövr əsərlərini
çap etmək o qədər
də asan deyil. Mən
sizə deyim ki, biz bu yaxında bir neçə arxiv
materialı əldə etdik və
onları çap etdik.
Bunlarla yanaşı, Azər
Buzovnalının əsərlərinin iki
cildliyini və bir də
ki bizim görkəmli
Qarabağ şairimiz İbrahim Tahirin əsərlərini
çap etdik. Məlum oldu ki,
Azər Buzovnalı “Şahnamə”dən böyük
bir mətn tərcümə edib və biz həmin tərcüməni
çap etdik. İbrahim Tahirin də
“Şahnamə”dən tərcümələri var,
təbii ki, bütöv
mətn şəklində deyil. Demək
istəyirəm ki, “Şahnamə” kimi əsərləri tərcümə etmək
üçün mükəmməl təhsil
görmüş, istedadlı adamlar lazımdır.
-Niyə ərəb dili ilə bağlı namizədlik və doktorluq disertasiyaları daha çox Bakıda deyil, Tiflisdə müdafiə olunur? Halbuki, Azərbaycanla ərəbləri daha sıx əlaqələr birləşdirir. Ərəb dili ilə bağlı olan və gələcəkdə müdafiəsini ərəb ədəbiyyatından etmək istəyənlər əlavə bir dil ya rus, ya da gürcü dilini öyrənməlidirlər. İstərdim ki, bu məsələyə bir aydınlıq gətirəsiniz.
-Bizim İnstitutda sami dillər mövzusunda birdəfəlik dissertasiya komissiyası var. Siz dediyiniz sovet dövründə belə idi. İndi təkcə Əlyazmalar İnstitutu deyil, digər bu kimi yerlərdə dissertasiya komissiyaları var və komissiyalarda ərəb dili ilə bağlı namizədlik və doktorluq dissertasiyaları müdafiə olunur.
-Əlyazmalar İnstitutunun daha çox hansı ölkələrlə əlaqələri var?
-Əlyazmalar İnstitutunun ABŞ, Fransa, Almaniya kimi dövlətlər, həmçinin İran və Türkiyə ilə əlaqələri var. Burda
mən Türkiyənin
üzərində daha
çox dayanmaq istəyirəm. Demək istəyirəm
ki, Türkiyə Əlyazmalarla bağlı
bizə çox kömək edir. O ölkənin aidiyyatı qurumları ilə sıx əlaqələr quraraq qarşılıqlı
işbirliyimizi daha da möhkəmləndiririk.
-Yaradıcı, tədqiqatçı
gənclərə münasibətiniz
necədir? Klassik ədəbiyyatın tərcümə estafetini
gənclərə etibar
etmək mümkündürmü?
-Yaradıcı, tədqiqatçı
gənclərə münasibətimiz
çox yaxşıdır.
Sadəcə bizim qarşımızda
duran Əlyazmaçılıq
çox çətin
məsələdir, çətin
peşədir. Əlyazma ilə
məşğul olmaq
xüsusi səbr tələb edir, 20 ilə əlyazmaçı
yetişir və bu amil bəzi
cavanlara sərf etmir. Onlar çalışırlar ki, məqsədlərinə
tez nail olsunlar. Bizim işimiz də bu məsələyə o
qədər də uyğun gəlmədiyindən
gənclər daha çox başqa sahələri seçirlər.
Təbii
ki, gənclər bura ilə sıx
əlaqədə olmalıdırlar,
biz də bildiklərimizi
onlara ötürməliyik.
Bir gün biz bu dünyada olmayanda bizim işimizi də onlar davam
etdirməlidir.
-İndiyə qədər
ədəbi aləmə
məlum olmayan hansı əlyazma yaxın zamanda aşkarlanıb?
-İki əlyazma əldə etmişik bu yaxınlarda. Onlardan
biri Nəcəfqulu bəy Şeydanın “Gülzari-maarif” təzkirəsidir
ki, orada bizim 24 şairimiz haqqında məlumat var. Bir də Məhəmməd
ağa Müctəhidzadənin
fars və azərbaycan dillərində
40-45 şeiri var, onlar da çox
maraqlıdır, çünki,
Məhəmməd ağanın
şeirləri indiyə
kimi çox az çap olunub.
-Ədəbiyyata, elm aləminə
yenicə qədəm
qoyan gənclərə
nəyi məsləhət
görərdiniz?
-Mən bir daha qeyd etmək
istəyirəm ki, gənclərimiz elmi yaradıcılıqla, tədqiqatla
ciddi məşğul
olmaq istəyirlərsə
bu işdə ilk növbədə səbr lazımdır. Arzum budur ki, hər kəs öz istədiyi sahə, həvəsi olan sahə ilə məşğul olsun. Həvəs olandan sonra zəhmətkeşlik də
gəlir, səbr də gəlir. Mənim dediyim bu sözlər
təkcə elm sahəsinə
deyil, bütün sahələrə aiddir.
Yeqzar Cəfərli
Olaylar.-
2013.- 13 dekabr.- S.12.