Məhəmməd
Əmin Rəsulzadə
haqqında film çəkiləcək
Cavanşir Feyziyev:
“Sovet ideoloqları milli
mətbuatın yaranmasında
əvəzssiz
xidmətləri olmuş şəxsiyyətləri sıradan
çıxarmağa çalışırdılar”
Dekabrın 18-də Mətbuat Şurasında
millət vəkili Cavanşir Feyziyevin “Milli mətbuatımız,
istiqlal yolumuz” adlı
layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan
Mətbuat Şurasının sədri Əflatun Amaşov layihəni
mətbuatın inkişafı və dəqiq öyrənilməsi
üçün atılmış əhəmiyyətli
addım adlandırdı. Ə.Amaşov bildirdi ki, layihə çərçivəsində
Azərbaycan mətbuatının yaranması, həmçinin
inkişafında xidmətləri olan
şəxsiyyətlər haqqında 20-30 dəqiqəlik 12 filmin çəkilməsi nəzərdə tutulub. MŞ sədri qeyd etdi ki, layihənin əsas
məqsədi həmin şəxsiyyətlərin mətbuat
sahəsindəki fəaliyyətlərinin dəqiq
araşdırılıb üzə çıxarılması
və cəmiyyətə çatdırılmasıdır: “Həsən bəy Zərdabi, Məhəmməd
Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd
Ağaoğlu, İsmayıl bəy
Qaspıralı, Xədicə Əlibəyova, Üzeyir
Hacıbəyov və s. şəxsiyyətlərin
fəaliyyətli filmləşdiriləcək”. 1-ci filmin M.Ə.Rəsulzadə haqqında
çəkilməsi planlaşdırılır. Bildiyimiz ki, cənab prezident İlham Əliyev
M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam
verib”. Ə.Amaşov sonra qeyd etdi
ki, XIX əsrin sonları XX əsrin əvvəllərində
ərəb dilində çıxan 30-a yaxın milli qəzet latın qrafikasına çevriləcək.
MŞ sədrinin sözlərinə görə, bu Azərbaycan milli mətbuatının
daha ətraflı öyrənilməsini
asanlaşdıracaq. Daha sonra çıxış edən
C.Feyziyev layihə haqqında tədbir
iştirakçılarına məlumat verdi
və bildirdi ki, layihənin
həyata keçirilməsində əsas məqsəd sovet dönəmində və ayrı-ayrı vaxtlarda fəaliyyətləri qəsdən təhrif
edilmiş mətbuat xadimlərini daha dəqiq faktlarla Azərbaycan
cəmiyyətinə çatdırmaqdır: “Sovet
ideoloqları milli mətbuatın
yaranmasında əvəzssiz xidmətləri olmuş
şəxsiyyətləri sıradan çıxarmağa
çalışırdılar. Biz çalışacağıq ki,
bu səhvləri aradan
qaldıraq. Çünki mətbuatı
yaradanların işi təkcə qəzet
çıxarmaq olmayıb, onlar həm də
dövlətçiliyin formalaşması və yaranması üçün çalışıblar”.
Çıxış edən “OLAYLAR” qəzetinin baş redaktoru,
yazıçı-publisist Yunus Oğuz Azərbaycan mətbuatı tarixi ərzində kiril
əlifbası ilə çap edilmiş mətbu nəşrlərin latın
qrafikasına çevrilməsini təklif etdi
və çıxışına bu cür davam etdi: “Həmçinin həmin
filimlərin nə üçün
çəkilməsi müyyənləşdirilməlidir.
Əvvəlcədən bəlli olmalıdır ki, biz bu
filmləri özümüz deyib, özümüz
eşitdiyimizə görəmi, yoxsa ki, gənc nəslin formalaşması üçün çəkirik? Əgər bu kriteriyalar müəyyənləşməsə,
bunun yeni nəslin
formalaşmasına o qədər də təsiri
olmayacaq.
Çəkilən
filmlərdə göstərməliyik ki,
Cumhuriyyətin yaranma yollarlı məhz mətbuatdan
gəldi. XIX əsrin sonu XX əsrin əvvəllərində
yaranan mətbuat milli
təfəkkürü formalaşdırıb. Bu
da 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasına gətirib
çıxardı. Mətbuat insanların yerləşməsini,
formalaşmasını, şüurların dəyişməsinə
yönəldir. Hökmən çəkiləcək filmlərin
əvvəlcədən auditoriyasını müəyyənləşdirməliyik.
Elə-belə çəksək, bu heç bir effekt verməyəcək. Filmləri mətbuatın
dövlətçiliyin formalaşmasında və
yaranmasında rolu istiqamətində
çəksək, bu daha
əhəmiyyətli olacaq. Bir də qeyri-leqal mətbuata
da toxunulmalıdır. Çünki
indiki məqamda ölkədə qeyri-leqal mətbuat yox dərəcəsindədir.
O vaxtı “Dirçəliş”, “Yeni Müsavat”, “Azad söz”, rus dilində “Svobodanya Mısli” və s.
kimi qəzetlər
çıxırdı. İndi bu tip mətbu orqanlardan əsər-əlamət yoxdur. İnsanların şüurunun
formalaşması və təkmilləşməsi mətbuatdan
keçir. Hər halda bu cür
layihələrin həyata keçirilməsi milli
mətbuatımızın inkişafı üçün
təqdirəlayiq işdir”.
Çıxışçılar “Xalq Cəbhəsi”
qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli, “Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlı, “Paralel”
qəzetinin baş redaktoru
Tapdıq Abbas, “İki
Sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə,
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digər
iştirakçılar layihəni yüksək qiymətləndirərək,
bu barədə öz
təklif və fikirlərini bildirdilər. Yekun
nitq söyləyən Ə. Amaşov bildirdi ki, layihə çərçivəsində türkdilli jurnalistlərin film
festivalının keçirilməsi də planlara
daxildir.
Mənsur Rəğbətoğlu
Olaylar.- 2013.- 19 oktyabr.- S.9.