Qırğızıstan azərbaycanlıları

 

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Qırğızıstandır. Orta Asiyanın bu dövlətilə Azərbaycan arasında münasibətlər əsasən XX əsrin əvvəllərindən inkişaf etməyə başlayıb.

Təqribən 15 min nəfərə yaxın soydaşımızın yaşadığı Qırğızıstana azərbaycanlıların ilk mühacirəti 1929-1930-cu illərə təsadüf edir. Bu mühacirət, əslində isə məcburi köçürülmə sayəsində baş verib ki, bunun əsas səbəbi Azərbaycanda baş verən repressiya və təzyiqlər idi. Buraya  köçürülən azərbaycanlılar kənd rayonları olan Cuy vadisi və onun əyaləti Arovan rayonunda yerləşdiriliblər. Burada heç bir yerə köçmək hüququ olmadan çətin şəraitdə yaşayan azərbaycanlılar taxılçılıq, pambıqçılıq və digər kənd təsərrüfatı sahələrində çalışırdılar. Bu cür ağır şəraitə baxmayaraq, soydaşlarımız  Centi- Cer, Centi-Paxta sovxozları, Sonkul rayonunda Qırğızıstan elektrik stansiyasını tikib başa çatdırıblar. İlk zamanlar ağır iş şəraiti və soyuq iqlimə dözməyən yüzlərlə soydaşımız vəfat edirdi. Yerli əhalinin dəstəyi və yerli şəraitə çətinliklə də olsa adaptasiya olunmaları azərbaycanlıların tamamilə məhvinin qarşısını aldı. II dünya müharibəsindən sonra Qırğızıstan azərbaycanlıları elm və təhsil almaq üçün ölkənin ali məktəblərinə daxil olmağa başladılar. Bunun sayəsində Qırğızıstanda Azərbaycan diasporunun ziyalı təbəqəsi yarandı. Müəllim, zoo texnik-veteranlar, mühəndis, həkim və digər peşələr üzrə təhsil alan soydaşlarımızın bir çoxu öz sahələri üzrə peşəkar mütəxəssis kimi tanındılar.Tədricən Qırğızıstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-mədəni həyatında rolu artmağa başladı. Bişkek başda olmaqla, digər şəhərlərə köçməyə başlayan soydaşlarımız öz milli adət-ənənələrini qoruyub saxlamaqla yerli cəmiyyətə sürətlə inteqrasiya olunur. Burada öz milli bayramlarını daim təmtəraqla qeyd edən azərbaycanlılar milli mətbəximizi qırğızlara təbliğ edirlər. Qırğızıstanda Azərbaycan diasporunun ictimai birlikləri azlıq təşkil etsə də ətrafında burada yaşayan soydaşlarımızın müəyyən hissəsini birləşdiriblər. Bu gün Qırğızıstanda bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onlardan da biri “Azəri” İctimai Birliyidir. “Azəri” İctimai Birliyi daha çox  öz fəallığı ilə seçilir. Təşkilat fəaliyyəti  müddətində 1937- ci ildə SSRİ rəhbərliyi tərəfindən Qırğızıstana sürgün edilmiş azərbaycanlıların, onların övladlarının statuslarının müəyyənləşdirilməsi təklifi ilə çıxış edib. “Azəri” İctimai Birliyinin  nəzdində Azərbaycan məktəbi, ansamblı fəaliyyət göstərir, milli-mənəvi, mədəni, dini dəyərlərimiz qorunub saxlanılır. “Azəri” İctimai Birliyinin sədri Akif Allahverdiyevdir.

Qırğızıstanda fəaliyyət göstərən digər diaspor təşkilatı “Azəri” Mədəniyyət Mərkəzidir. Qırğızıstanın paytaxtında yaradılmış “Azəri” Mədəniyyət Mərkəzi 1992-ci ilin sonlarından fəaliyyətə başlayıb. Mərkəz Qırğızıstanda, xüsusən Bişkekdə yaşayan soydaşlarımıza kömək edir, Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni  həyatı barədə müntəzəm  məlumat verir, Azərbaycan və qırğız xalqları arasında dostluq əlaqələrini, əməkdaşlığı möhkəmləndirir. “Azəri” Mədəniyyət Mərkəzinin sədri A.Xəlilovdur.

“Azərbaycancılar” Assosiasiyası-Bişkek şəhərində yaradılmış və rəsmi qeydiyyatdan kecmiş “Azərbaycancılar” Assosiasiyası 1992-ci ildə fəaliyyətə başlayıb. Assosiasiyanın rəhbərliyinə daxil olan soydaşlarımız ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli  rol oynayırlar. Assosiasiya Qırğızıstanda yaşayan azərbaycanlıların fəallığının artırılması, Azərbaycanla  Qırğızıstan arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsi, möhkəmlənməsi sahəsində fəaliyyətini təkmilləşdirir.

“Xəzər” Mədəniyyət Mərkəzi-1994-cu ildə Qırğızıstanda yeni bir mədəniyyət mərkəzi - “Xəzər” yaradılıb. Qırğızıstanda yaşayan bütün tanınmış azərbaycanlılar bu mərkəzin üzvüdürlər. Bu qurum yarandığı vaxtdan ölkədə yaşayan soydaşlarımızın vəziyyətini, mövcud  problemlərini aradan qaldırmaq, öz dilinə, adətənənəsinə, mədəniyyətinə hormət və məhəbbət hissi aşılamaq, maariflənməsinə calışmaq kimi məsələləri əsas məqsəd və vəzifə olaraq qəbul edib. Həmçinin, Qırğızıstandakı gənclərimizin təlim-tərbiyəsinə, təhsil almasına kömək  üçün “Xəzər” bütün  imkanlarından istifadə edir. “Xəzər” Mədəniyyət Mərkəzinin sədri Əsəd Həsənovdur.

Türkdilli Dovlətlərin Siyasətinə Dəstək Fondu-Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu 2005-ci ildən Bişkekdə rəsmi şəkildə fəaliyyətə başlayıb. Fondun fəaliyyətinin əsas istiqaməti türkdilli dövlətlərin liderlərinin müxtəlif ölkələrdə geniş təbliğatını təşkil etmək, xalqlarımız arasında birlik və əlaqələrin formalaşmasında dahi siyasətcilərin  rolunu daha geniş auditoriyaya çatdırmaqdır. Fondun bu günə qədər gerçəkləşdirdiyi tədbirlər həm rəsmi, həm də ictimai dairələrdə böyük maraqla qarşılanıb. Eyni zamanda, fondun Azərbaycanda da filialı var. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədovdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 25 dekabr.- S.15.