Azərbaycan diasporu cənab Prezidentin irəli

sürdüyü konsepsiya əsasında hücum taktikasını seçib

 

Nasir Mahmudov: “Diasporun qarşısında duran əsas vəzifə Dağlıq

Qarabağ problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır”

 

Avropa məkanında Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərdiyi ölkələrdən biri də Niderland Krallığıdır. Krallıqda hazırda onlarla Azərbaycan diaspor təşkilatı mövcuddur ki, onlardan da ən aktivi Benilüks Azərbaycanlıları Konqresidir. Mərkəzi ofisi Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresi fəaliyyəti dövründə bir sıra uğurlu layihələr həyata keçirib, Azərbaycanın təbliği məqsədilə tədbirlər təşkil edib.

 Benilüks Azərbaycanlıları Konqresinin media üzrə müşaviri Nasir Mahmudov təmsil etdiyin qurmun fəaliyyəti və Niderlanddakı Azərbaycan diasporunun durumundan danışıb. Bildirib ki, təmsil etdiyi  Benilüks Azərbaycanlıları Konqresinin yarandığı gündən məqsədi Benilüks ölkələrində yaşayan həmvətənlərimizi vahid mərkəzdə birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Avropa ölkələrinin siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq olub: “Eləcə də, Avropa ilə Azərbaycan arasındakı əlaqələrdə körpü rolunu da yerinə yetirməyə çalışırıq. Burada əsas strateji məqsəd, ümummilli liderimizin müəyyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaq və Azərbaycanı təbliğ etməkdir”. Nasir Mahmudov qeyd edib ki, Benilüks ölkələri parlamentləri ilə Azərbaycan Milli Məclisi arasındakı dostluq qrupunun üzvlərinin mütəmadi görüşlərini təşkil edir, eyni zamanda müxtəlif yerli siyasi partiyaların nümayəndələrinin Bakıya səfərlərini təşkil edir, onların ölkəmizdəki vəziyyətlə yaxından tanış olmalarına çalışırlar. Onun sözlərinə görə, bu gün Azərbaycan diasporu cənab Prezidentin irəli sürdüyü konsepsiya əsasında hücum taktikasını seçib: “Bu gün Azərbaycan diasporunun qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Əlbəttə ki, biz Azərbaycan tarixi və mədəniyyətinin təbliğatı üzrə rəsmi tədbirlər keçiririk. Bu tədbirlərə Benilüks ölkələri hökumətlərinin rəsmi şəxslərini, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərini də dəvət edirik”. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və onun soyqırım kimi tanıdılması istiqamətində BAK-ın atdığı addımlara toxunan Nasir Mahmudov deyib ki, Benilüks Azərbaycanlıları Konqresi olaraq Xocalı soyqırımı aktını Benilüks ölkələrinin parlamentlərində müzakirəyə çıxarmaq istiqamətində çalışır: “Ötən müddət ərzində Azərbaycan icmasını Niderlandda tanıda bilmişik. Həmçinin digər Benilüks ölkələrində də bunu həyata keçirməyə səy göstəririk. Bu məqsədlə biz digər xalqların diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlıq müxtəlif formalarda olur. Buna qarşılıq olaraq da, həmin təşkilatlar Azərbaycan diasporunun fəaliyyətinə yaxından köməklik göstərirlər”. Digər tədbirlərə və layihələrə gəlincə BAK təmsilçisi deyib ki, Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Azərbaycanın və Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın inkişafı” adlı layihə “Azərbaycan - Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi və Benilüks Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı tərəfindən Bakıda və Quba rayonunda həyata keçirilib. Layihənin əsas məqsədi Avropada və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsidir.

Layihədə İtaliya, Niderland, İspaniya, Polşa, Estoniya, Slovakiya, Gürcüstan və Türkiyədən 15 nəfər gənc iştirak edib. Layihə çərçivəsində müvafiq gənclər və tələbə təşkilatları ilə görüşlər təşkil edilib. Eyni zamanda, Benilüks Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı ilə Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının əməkdaşlıq perspektivləri müzakirə olunub. Bununla yanaşı, qonaqlar Quba soyqırımı məzarlığı ilə tanış olub, həmçinin regionun tarixi və mədəni abidələrinə ekskursiya ediblər”. Gənclərin diaspor işində iştirakına gəlincə Nasir Mahmudovun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində dövlət və ya qeyri-dövlət xətti ilə ali təhsil alan gənclərimiz var ki, onlar Azərbaycanın təbliği, Xocalı soyqırımının tanıdılması, erməni yalanlarının ifşası istiqamətində fəaliyyət göstərirlər: “Benilüks Azərbaycanlıları Konqresiöz növbəsində həmin gənclərlə birgə işləməyə üstünlük verir. Son zamanlar gənclərimizin aktivliyi nəzərə çarpacaq dərəcədə artıb. Bu sahədə hələ görüləsi işlər çoxdur. Biz çalışırıq ki, Benilüks Azərbaycanlıları Konqresi ictimai-siyasi proseslərə təsir etmək imkanlarına malik olsun. Bu sahədə konkret bir strateji plan hazırlanıb həyata keçiriləcək. Benilüks Azərbaycanlıları Konqresi bu məsələni diqqətdə saxlayır və çalşacağıq ki, daha ciddi nəticələr əldə edə bilək.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 25 dekabr.-S.15.