Naxçıvan "Əshabi - Kəhf"i

  

Pedaqoji  uşaq mətbuatın tarixinə aid silsilə yazılar hazırlayarkən "Maarif" jurnalının   1921-ci ilə aid birinci nömrəsində Quran mövzusunda olan maraqlı bir yazıya rast gəldim.Müəllifi Kərim İsmayılzadə idi.

  Kərim İsmayılzadə Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il məzunlarındandır. (Nəriman Nərimanov da Qori seminariyasını 1890-cı ildə qurtarmışdır).

  "Kəşkül" qəzetinin  29.08.1890-cı il tarixli  109 -cu nömrəsində verilən xəbərə görə  həmin il seminariyanı qurtaranların cərgəsində  Nəsənzadə, Qiyasbəyzadə, Qaibzadə,salyanlı Axundov da olmuşdur.Seminariyada onların  ana dili  şəriət müəllimi Salyanlı Axund Əbdüssəlam Axundzadə (1843-1907) olmuşdur.  Bu, o Ədüssəlam Axundzadədir ki, 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə  müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi.Ə.Axundzadə  1894-cü ildən ömrünün sonunadək  Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri, Zaqafqaziya  şeyxülislamı olmuşdur. N.Nərimanov sonralar yazırdı  ki."Qori Seminariyasında elmini tamam edib, indi qələm tutan 5-3 nəfər varsa , axund Əbdüssəlamın tərbiyəsinə bağlıdır.

Kərim İsmayılzadə haqqında məlumatlar  olduqca azdır. Sovetlər dağılandan sonra  biz XIX əsrin maarifçilik tarixinin əsas mənbələrindən  uzaq düşmüş,  adda-budda  mənbələrdən faydalanaraq  bəzi tarixləri  ictimai-siyasi həyatımızın  əks olunduğu, ilişib qaldığı təsadüfi  məxəzlərdən   öyrənməli  olmuşuq.

  Kərim İsmayılzadə seminariyanı bitirəndən sonra bir müddət Vedidə müəllim işləmişdir.Qafqaz Təhsil Dairə rəhbərliyinin əmri ilə  o, 15 sentyabr 1892-ci ildə Hehrəm kənd məktəbinə müəllim təyin olunmuşdur. Kərim müəllim burada cəmi 2  il müəllim işləyir. Kərim müəəllim Hehrəmdə işləyərkən bu kəndin tarixi keşmişi, etnoqrafiyası haqqında iri həcmlı əsər yazır. K.İsmayılzadənin  "Maarif" jurnalında çıxan "Ölən şəhər" yazısı da bu əsərdəndir. Bu əsər çap olunanda K.İsmayılzadə Bakı məktəblərində çalışırdı.O, pedaqojiuşaq mətbuatında  hesab  fənninə ,  o vaxtlar dəbdə olan  elm  və təbiət  tarixinə aid   aid maraqlı  yazıları ilə  gənc oxucuların və müəllimlərin  bədii, elmi  riyazi təfəkkürünü zənginləşdirirdi.

  Yeri gəlmişkən onu da qeyd edək ki, XIX əsrin əvvəllərində Azərbaycanın maarifçilik həyatında   məktəb müəllimləri əhəmiyyətli yer tuturdular. Mustafa Mahmudov,  Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyob,Ağa bəy İsrafilbəyli, Cəmo bəy Cəbrayılbəyli, Abdulla Şaiq, Fərhad Ağazadə, Nəriman Nərimanov, Əliisgəndər Cəfərzadə , Mahmud bəy Mahmudbəyov və  başqaları zəngin və rəngarəng  ziyalılıq mədəniyyəti ilə  nümunəvi vətəndaş kimi tanınırdılar.Təsadüfi deyil ki, onların çoxu sonralar Xalq Maarif Komissarlığına  dərslik  və nəşriyyat şöbəsinə işləməyə dəvət olunmuşdular. Mətbuat tariximizdə  özünə şərəfli yer tutan "Maarif" , Qırmızı günıəş, "Rəhbər", Məktəb məcmuəsi " kimi  uşaqpedaqoji mətbuat nümunələri sinifdənxaric oxu kitabları kimi nəzərdə tutulmuşdu. Bu məcmuə və jurnalların əsas məqsədlərindən biri sözü simvol    rəmzlərlə söyləməyə xidmət edirdi. Mənə elə gəlir ki, "Ölən şəhər"də    diqqət bu məqsədə yönəldilmişdir.

...Bu mövzunu çoxdan işləmək istəyirdim: ölçürdüm, biçirdim, forma axtarışlarına çıxırdım. Dillərini bilsəm də, bilməsəm də dünya "GOOGLE"lərinə üz    tuturdum. Yaxşı mənada bir ilişiklik axtarırdım.

  Nə isə...  Sirlərlə, rəmzlərlə, söz içində söz deməyin yüz yolunu göstərən bu yazını oxucuların diqqətinə çatdırıram.

                                                                             ***

 

   Kərim İsmayılzadənin   1921-ci ildə  "Maarif" jurnalında çap olunan "Ölən şəhər"  adlı əsəri  dünyanın bir sıra ölkələrində gəzib dolaşan "Əshabi-kəhf"  (buna "hekayə" də, rəvayət də  deyirlər) adı ilə  tanınan əsərin nəzirəsidir. Əsərdə zalım və  allahlıq iddiasımda  olan ölkə başçısının əlindən dağlardakı  mağarada özlərinə sığınacaq tapmış  yeddi nəfərin  taleyindən söz açılır.

     "Ölən şəhər" əsərinin ərəb yazıçısı İmat əl-Şafenin  "Əshabi-Kəhf" hekayəsi əsasında yazıldığı güman edilir.

    "Əshabi-Kəhf"in müxtəlif variantları var.

                                                                          ****

                                     Ölən şəhər    (  Naxçıvanın "Əshabi-Kəhf"İ -N.N.  )

 

  Naxçıvan şəhərinin 12 verstliyində  Hehrəm kəndinin yanında  bir böyük düzən vaqedir. Bu düzəndə keçmişdə  böyük   məmur  (tikintili-N.N.)şəhər olmağı ənqazindən (xaraba,tör-töküntü-N.N.) aşkardır: xaraba divarların  altından dəfaətlə  gümüş mis pul,  mis qab tapılır. Xərabələr qazıldıqda  yer altından parçaçı  dükanları çıqıyur. Hehrəmlilər  xarabaları qazub bişmiş kərpiçləri öz tikintilərinə  işlədirlər Bu kərpiç öylə  əla kərpiçdir ki, əsrimizdə  misli yoqdur. Topraq altından  çıqan parçaçı  dükanlarında  ğəribə ipək yun  qumaş görünyor. Lakin bu qumaşlara əl vurduqda çürüyüb  topraq olmağı aşkar oluyor. Ətraf əhali  bu xərabələrə "Ölən şəhər" deyirlər  böylə bir əsatir  nəql edərlər.

Həzrət İsanın  təvəllüdündən neçə qərinə qabaq  burada böyük gözəl  bir şəhər var imiş. Bu şəhərin padşahının adı DAĞYANUS imiş. Dağyanus zalım məğrur  təkəbbürlü  bir padşah imiş. Özü üçün kərpiçin biri qızıldan, biri gümüşdən  bir saray yapdırmış adını da  behişt  ( cənnət-N.N.) qoymuş. Kibr  (lovğalıq-N.N.)  ğüruru  bir payəyə (burada: mərtəbəyə-N.N.) yetmiş ki, özünü məbud (Allah-N.N.) sanub təəbəsini  çəbrən özünə  səcdə etdirərmiş. Sübh gün çıxanda   axşam gün batan zamanı  gözəl, cavan qız  oğlanlar nəğmələr ilə  Dağyanusun  üluhiyyətini (allahlılığını-N.N.) vəsf edərlərmiş.Kəndisi libası saqqalı cəvahrat ilə məəzzin olduğu halda, müğənnilərin önündə  durarmış. Çıxan ya batan  günəşin şüası  düşdükdə bu  bu şah əksandaz olub cəbrən səcdə üçün toplanmış  əhalinin gözlərini  qamaşdırarmış. Bunu hiss edən əhali  səcdəyə düşüb, deyərlərmiş:

" Həqqa , sən bizim tanrımızsan".

  Dağyanus Aras çayının  kənarında bir makina  inşad etdirmişdi ki, istədigi vəqt  bu makina vasitəsilə  yağış yağdıra  bilərdi. Quraqlıq  keçən  illərdə  əhalinin ricası üzrə  ətrafə yağış yağdırıb  bu yol ilə əvamlar  qəlbində  üluhiyyətini  möhkəmləşdirərdi.

   Üluhiyyətini inkar edən,  asi düşən adamları cürbəcür aqibətlər ilə  cəzalandırardı. Bununla belə üsyançıların sanı gün-günən artmaqda idi. Axırda əhali bunun zülmündən, ğururindən təngə gəlib üsyan qaldırdı,inqilab törətdi.Süləhadan(ixtiyarı olanlardan-N.N.) yeddi nəfər xalqın arasında Dağyanusun məxluq zülm məğərru  bir hakim olmasını söyləyürdü. Dağyanus inqilabçıları olmazım əzablar ilə cəzalandırıb inqilabı yatırtdı.

 Yeddi nəfər süləha  bir tövr ilə xilas olub yaxında olan bir mağarada gizləndilər. Örümçəklər bu mağaranın tor çəkib orada gizlənən  süləhanı  xəlqin gözündən gizlətdilər. Bu yeddi kişi mağarada yatıyor. Bu minval ilə iki yüz ilə yuqlayır. Yuquya vardıqdan bir az  keçməmiş Dağyanusun  zülmilə bina olunmuş höküməti, şəhəri,qəsri  düşmən alanda  müzməhill  (alt-üst-N.N.)  oluyor.

  İndi yüz yıldan sonra  məğarada  yatan yeddi kişi  yuxudan ayılur.

   Biri:"Bahçox yatmışıq" deyüb Allaha ibadət etməyi  Dağyanusun zülmündən xilas olmağın  şükrini (minnətdarlığı-N.N.)  yerinə yetirməgi  təklif ediyor. İbadətdən sonra  bunlar aclıqlarını hiss  ediyorlar. Ciblərində olan  qara puldan  bir qədər yoldaşların  birinə verüb Naxçıvana çörək almaq  üçün göndərürlər.

  Bu adam Naxçıvana gəlüb çörəkçidən   çörək alur  və cibindəki pulu  çörəkçiyə veriyor. Çörəkçi diqqət ilə pula baxdıqda  görüyor sikkə Dağyanus sikkəsidir .   A kişi,-deyir,-bu Dağyanus sikkəsidir, yəqin sən Dağyanusun sikkəsini tapmısan . İki yüz  yıl  var ki, bu pul ortalıqdan çıxmış".

  Bunların bu danışığına  adamlar toplanur. Hakimə xəbər gediyor ki, bir kişi Dağyanusun  xəzinəsini  tapmış, pulları da  bazarda  xərc ediyor. Hakim bu adamı dutmaq üçün  fərraşlar göndəriyor. Nə isə bir tövr ilə  bu adam qaçub mağaraya yoldaşlarının yanına  gəlür və əhvalatı  söyləyür.Bunlar  qorquya  düşüb Allah təaladan  istiğaşə  (yardım-N.N.) ediyorlar ki,  bunları bu yeni düşməndən  xilas etsün. Bu yeddi nəfər gözdən  gözdən ğayib oluyor. O vəqtdən bəri  bu kişilərə  "ƏSHABİ KƏHF", mağaraya  "Əshabi-Kəhf  mağarası" deyürlər. Hər il ətraf əhali  bəlafərq ( fərq qoymadan-N.N.) məzhəb  bu mağaraya  ziyarətə  gediyorlər.

 Kərim İsmayılzadə

 

Nazim Nəsrəddinov

 

Olaylar.- 2013.- 26 dekabr.- S.13.