Yeni hədəflərə, yeni zəfərlərə doğru

 

Dövlət başçısı möhtərəm İlham Əliyevin 10 ildəki fəaliyyəti, reallaşdırdığı layihələr və ulu öndər Heydər Əliyev siyasətindən qaynaqlanan yeni-yeni ideyalar ölkənin hərtərəfli inkişafını təmin edir

 

Əvvəli ötən saylarımızda...

 

Ölkəmizin iqtisadi tərəqqisi mətbuatın inkişafına yönələn tədbirlərdən də sezilir. Milli Mətbuatımızın 138 illik yubileyində jurnalistlər üçün 17 mərtəbəli, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi, eyni zamanda «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» Prezident sərəncamı deyilənlərin təsdiqidir. Sərəncamda da bu əsas məqam qeyd edilir ki, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir.

 Bu gün ölkəmizdə beynəlxalq standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin mövcudluğu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin demokratik dəyərlərə önəm verməsi sayəsində mümkün olmuşdur. Məhz bu istiqamətdə göstərilən səylərin, eləcə də KİV-lərə dövlət qayğısının artırılmasının nəticəsidir ki, mətbuatımız böyük inkişaf yolu keçərək, hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirmiş, dövlətçiliyimizin inkişafına öz töhfələrini vermişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuatı ikinci hakimiyyət kimi dəyərləndirməsi media ictimaiyyətinin məsuliyyətini daha da artırır, obyektivlik, qərəzsizlik prinsiplərinə söykənərək Azərbaycan reallıqlarını daha dolğun şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırmağa səsləyir. Dövlət başçısı «Jurnalistlərin dostu» mükafatının təqdim edilməsi mərasimində bir daha bildirdi ki, məsuliyyət və peşəkarlıq, dəqiq informasiya hər bir medianın imicini göstərir.

 

Gələcəyə nikbinliklə baxmaq

üçün kifayət qədər əsas vardır

 

Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlara imza atır. «Hakimiyyətin yeganə mənbəyi xalqdır» söyləyən möhtərəm İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir.

Son on ilin uğurları möhtərəm İlham Əliyevin 2003, 2008 və 2013-cü illərdə prezident seçkilərində qələbəsini şərtləndirdi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevin siyasətində müasirləşmə, yeniləşmə əsas yer tutur. 2013-cü il prezident seçkiləri bir daha bunun təsdiqi oldu. Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqinə maraq göstərən dövlət başçısı İlham Əliyevin seçkilərin demokratikliyini, şəffaflığını təmin etmək üçün zəruri olan bütün tədbirləri həyata keçirməsi təqdir olundu. 9 oktyabr prezident seçkiləri Azərbaycan xalqının öz Prezidentinə inamını, etimadını nümayiş etdirməklə yanaşı, demokratik islahatların təntənəsi kimi də dəyərləndirildi. Seçicilərin yüksək fəallığı şəraitində keçən seçkilərdə möhtəşəm qələbə qazanan möhtərəm İlham Əliyev andiçmə mərasimində bir daha bildirdi ki, bu gün Azərbaycanın birmənalı siyasəti-cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu məqsədə nail olmaq üçün bütün imkanlar mövcuddur. Prezident İlham Əliyevin son on ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.

 

Qələbələr partiyası

 

9 oktyabr prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu bir daha təsdiqlədi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaratdığı YAP Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir, qarşıya yeni-yeni hədəflər qoyaraq, onlara nail olmaq üçün ciddi səylər göstərir. Yeni Azərbaycan Partiyasının ölkəmizin biri-birindən əhəmiyyətli uğurlarında rolu böyükdür. Bu gün partiyanın sıralarında 600 mindən artıq üzvün birləşməsi onun gələcəyinə, siyasətinə inamın, etimadın göstəricisidir. Yarandığı gündən partiya öz siyasi xəttinə sadiq olmuş, dövlətçiliyimizin qorunması, inkişafı istiqamətində ciddi addımlar atmışdır. Dövlətçiliyə xidmətini fəaliyyətinin əsası kimi qəbul edən partiyaya xalqın sevgisi şəksizdir.

 

Yeni hədəflərə, yeni zəfərlərə doğru

 

 Uğurlar yeni-yeni hədəflər üçün əsasdır. Hər dövrün çağrışlarına yüksək səviyyədə cavab verən Azərbaycanın təbii ki, növbəti illər üçün də uğurları davamlı və daha zəngin olacaqdır. Tarixə qısa baxış keçirsək, görərik ki, 20 il bundan öncə Azərbaycan xalqı ölkədə sabitliyin, əmin-amanlığın yaradılmasını arzulayırdısa, bu günümüzün əsas hədəfi artıq inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Bunun üçün tələb olunan bütün əsaslar mövcuddur. Uğurlu daxili siyasəti ilə beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınan Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi inkişafın dayanıqlılığına zəmin yaradır, dünya birliyinin layiqli üzvünə çevrilərək, beynəlxalq əhəmiyyətli məsələlərdə əsil söz sahibi kimi çıxış edir. Bu uğurlara yol açan dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətidir. Dövlət başçısı İlham Əliyev təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Yeni texnologiyaların tətbiqi hər sahədə inkişafı sürətləndirir ki, bu da qarşıya qoyulan məqsədlərə çatmaq üçün stimuldur. Cari ilin mühüm uğurlarından olan Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması da iqtisadi inkişafa əsaslanır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür.

 Təbii ki, son on il zaman baxımından qısa olsa da, uğurlarımızın miqyasının genişliyi baxımından olduqca böyük bir dövr təəssüratı yaradır. Qeyd etdiklərimiz onların yalnız kiçik bir hissəsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar, inkişaf, tərəqqi, quruculuq işləri gözləyir. Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə əsas amil kimi qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev son on ildə uğurlu fəaliyyəti ilə gələcəyə böyük inam hissi yaradıb. Yazıda qeyd etdiyimiz kimi, bu inamın əsas göstəricilərindən biri xalqın Prezidentin ətrafında sıx birləşməsi, görülən işlərin əsasında insan amilinin dayanmasıdır. Qarşıdakı 10 il üçün nəzərdə tutulan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası məhz bu baxımdan dayanıqlı inkişafın təmin edilməsində yol xəritəsi kimi dəyərləndirilir. İnkişaf Konsepsiyası xalq-Prezident birliyi fonunda gələcək barədə aydın təsəvvür yaradır.

 

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

«İki sahil» qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

 

Olaylar.- 2013.- 26 dekabr.- S.10.