“Azərbaycandan gözəl
hisslərlə ayrılıram”
"Azərbaycan bu imkanı yaxşı dəyərləndirdi”
Koray Tarqay:
“ATƏT-in Azərbaycana xeyli
katkısı oldu”
Bu günlərdə ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri Koray Tarqayın ölkəmizdəki fəaliyyət müddəti başa çatır. İki ildən artıq bir müddətdə Azərbaycanda diplomat fəaliyyəti həyata keçirən Koray Tarqayla görüşüb ölkəmizlə bağlı təssüratları, Azərbaycandakı xatirələri barədə söhbətləşmək qərarına gəldik. Səlahiyyət müddətinin bitməsi ərəfəsində zamanının həddən artıq məhdud olmasına baxmayaraq “OLAYLAR”-a müsahibə verməyə də imkan tapan səfir Koray Tarqay ölkəmizdə çalışmasının onun üçün yeni bir təcrübə olduğunu deyib. Azərbaycandan xoş xatirələrlə ayrılacağını deyən diplomat ATƏT-lə Azərbaycan arasında olan əməkdaşlıq, bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar, eləcə də təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr barədə danışıb. O, ATƏT-in öz fəaliyyətində dəyişikliklər, ciddi dönüş etmək məcburiyyətində olduğunu da söyləyib. Bildirib ki, əks halda təşkilat öz nüfuzunu itirəcək.
-Cənab səfir, bu günlərdə Azərbaycandakı diplomat fəaliyyətinizin müddəti başa çatır. Azərbaycandan hansı təssüratla ayrılırsınız?
-ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri olaraq təxminən 2 il yarım əvvəl Bakıda fəaliyyətə başladım. Bundan əvvəl Türkiyənin Çexiyadakı səfiri vəzifəsində çalışırdım. Təbii ki, Azərbaycanda fəaliyyət göstərmək mənim üçün böyük bir şərəf, sevinc idi. Hər zaman Azərbaycanda səfir olmaq ağlımdan keçər və bunu arzulayardım. Mənə belə imkanın verilməsi və 2 il yarım əvvəl bu posta seçilməyimdən çox xoş oldum. Mən və həyat yoldaşım bu müddət ərzində Azərbaycanda çox gözəl bir zaman keçirdik. Özümü xarici bir ölkədə hiss etmədim. Çünki eyni mədəniyyət, fərqli olmayan bir dil, eyni yaşam, anlayış və düşüncə tərzinə malikik. Azərbaycanlı qardaşlarımız tərəfindən də bizə qarşı bir xarici vətəndaş münasibəti bəslənmədi. Ona görə də Azərbaycandan gözəl hisslərlə ayrılıram. Kaş imkan olsaydı Azərbaycanda daha bir müddət fəaliyyət göstərərdim.
-Belə demək mümkündür ki, digər ölkələrə nisbətən Azərbaycanda çalışmaq sizin üçün bir qədər asan olub?
-Təbii ki. Azərbaycan xarici bir ölkə deyil. Bura da mənim öz ölkəmdir. Əgər bu ölkəyə bir xidmətim olubsa onu öz ölkəmə xidmət kimi sayıram və belə hiss edirəm. ATƏT-in buradakı ofisinin vəzifəsi də Azərbaycana xidmətdir. Məqsəd təşkilatın prinsipləri, beynəlxalq anlaşma çərçivəsində Azərbaycanın siyasi və iqtisadi sahədə inkişafına xidmət göstərməkdir.
-Azərbaycanla bağlı xatirələrinizdə daha çox yadda qalan nə oldu?
-Azərbaycanla
bağlı çox gözəl xatirələrim
var. Bakının özünəməxsus,
sürətli bir həyatı mövcuddur. İnsanlar həddən
artıq dinamikliyə malikdir. Dünyanın bir
sıra şəhərləri ilə müqayisədə
Bakıda insanlar hər zaman
tələskənlik içərisindədirlər. Hər zaman bir yerdən digər
yerə tələsirlər. Küçələrdə bunun əyani şahidi olmaq mümkündür. Avtomobil yollarının da
bu qədər tıxaclı
olmasının səbəbini bununla əlaqələndirərdim.
İnsanlar hər zaman
bir yerə getmək istəyirlər. Onu da qeyd
etmək lazımdır ki, insanları daha çox enerjilidir, Azərbaycan yetişmiş
bir topluma sahibdir. Bunu yalnız oxuma, yazma, təhsillə əlaqələndirmək
olmaz. Eyni zamanda burada anlama bacarığı da
çox yüksəkdir. Bu
təbii ki, mənim üçün
yaxşı bir təcrübə oldu. Digər tərəfdən Xəzər dənizi
sahillərində yaşamaq mənim üçün dəyişik bir
təcrübə idi. Ölkənin əyalətlərinə
daha çox səyahət
etmək imkanım olmasa da,
müəyyən yerlərə gedə bildim.
Bunların hamısı mənim üçün
dəyərli xatirələr oldu.
Xüsusilə, Naxçıvan ayrı bir
diyardır ki, o da mənim üçün
xüsusi bir təcrübə
idi. Yəni bu kimi təcrübələri qısa müddətli
səfərlər, turist səyahətləri,
yaxud bir qədər
artıq qalmaqla əldə etmək mümkün deyil. Bu baxımdan Azərbaycandakı fəaliyyətimin
mənə çox faydaları oldu.
-Bilmək olar Azərbaycandan sonra diplomat
fəaliyyətinizi harada
davam etdirəcəksiniz?
-ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri kimi səlahiyyət müddətim bitdikdən
sonra Ankaraya qayıdacam. Mən
diplomat peşəsini seçmişəm
və ona görə də Türkiyə
Cümhuriyyətinin Xarici İşlər
Nazirliyinin əməkdaşıyam. 40 ildən
artıq bir müddəti əhatə edən
bir fəaliyyətim var.
Ona görə də yenidən Türkiyə
Cümhurriyyətinin Xarici İşlər
Nazirliyinə dönəcəm. Nə xidmət versələr,
təbii ki, bundan sonra da fəaliyyətimi orada davam etdirəcəm.
-Fəaliyyətiniz dövründə apardığınız müşahidələrə əsasən demək mümkündürmü ki, Azərbaycan ATƏT-ın tövsiyyələrinə hansı dərəcədə əməl edir?
-Əvvəla onu qeyd etmək
lazımdır ki, ATƏT-in özünəməxsus
prinsipləri var. Həmin prinsiplər əsasən
demokratikləşmə, hüququn üstünlüyü və insan
haqları sahələrindədir. Yəni, məqsəd, hədəf
bəllidir. ATƏT-in vəzifəsi qeyd
edilən hədəflərə çatmaq
üçün üzvü
olduğu bütün
ölkələrə kömək etməkdir. Təşkilatın
üzvü olan
ölkələrin də bu hədəflərə,
məqsədlərə ən qısa zamanda
nail olmaq üçün ATƏT qarşısında vəzifələri
var. Hesab edirəm ki, ATƏT-in bu sahələrdə
Azərbaycana xeyli katkısı oldu. Ancaq bu
heç də birtərəfli olmaz. Müsbət haldır ki,
Azərbaycan da bunu qəbul
edə bildi. Azərbaycan bu
imkanları yaxşı dəyərləndirdi. Təbii ki, ortaya belə bir sual çıxa bilər
ki, daha yaxşı ola bilərdimi?
Əlbəttə hər şeyin daha yaxşısı mümkündür.
Ancaq ilk növbədə
həyata keçirilən, görülən işlərə
baxmaq lazımdır. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə
etdiyi 1991-ci ildən bu
günə qədər böyük bir məsafə qət edib.
Təbii ki, bütün
bunları Azərbaycan özü əldə
edib. Ancaq paralel olaraq
Azərbaycan bu müddət ərzində
başqalarının təcrübələrindən istifadə
etmək, ondan yararlanmağı da bacardı. Bu eyni zamanda güclü
liderlərin olması ilə də bağlıdır ki, Azərbaycanın da bu sahədə şansı var.
Tez-tez lider, hökumət
dəyişikliyi, dövlət proqramlarının dəyişikliyə
məruz qalması bu müddəti gecikdirə
bilərdi. Ancaq Azərbaycan bu imkanı yaxşı dəyərləndirdi.
-Zaman-zaman Azərbaycanda bəzi qanunların Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tövsiyyələr verilir. Xüsusilə bu sırada “Diffamasiya haqqında” qanunun qəbulu, eləcə də Seçki Məcəlləsinə yeni dəyişikliklərin edilməsi kimi məsələlər daha müntəzəm gündəmə gətirilir. Hazırda sözügedən məsələlərlə bağlı vəziyyət, bu istiqamətdə fəaliyyət hansı mərhələdədir?
-Azərbaycan Milli Məclisi bu məsələlərdə
öndədir. İstər qanunlara əlavə
və dəyişikliklərin edilməsi, istərsə də
yeni qanunların qəbulu məsələsində
əlindən gələni edir. Ancaq bir mətn yazıb qanun qəbul etməklə də iş bitmir. Ona görə də çox
ciddi hazırlıqlar görmək
lazımdır ki, qəbul edilən qanun siyasi, sosial,
mədəni həyata uyğun olsun. Başqa yerlərdən
kopiya edilib qəbul olunan qanunlar hər zaman eyni nəticəni
verməz. Bu baxımdan Azərbaycan Milli Məclisinin
müvafiq komitələri qeyd
edilən istiqamətlərdə diqqətli, dəqiq fəaliyyət
göstərirlər. İnsan haqları,
demokratikləşmə, ifadə azadlığı kimi məsələlərdə ciddi çalışmalar həyata
keçirildikdən sonra qanunlar
qəbul edilir. Bu
mənada qəbul edilən qanunlara irad tutulacaq ciddi bir nüans
yoxdur. Ola bilər ki, qəbul edilmiş bütün qanunlar istənilən
tərzdə deyil. Ancaq
onu da nəzərə
almaq lazımdır ki,
cəmiyyət birdən-birə inqilabi dəyişikliyə
məruz qalmamalıdır. Qanunu qəbul
etmək və onu həyata keçirmək
başqa bir şeylərdir.
Qəbul etdiyin qanunu həyata
keçirmək üçün onu xalqın mənimsəməsi, həzm etməsi
lazımdır. Bu baxımdan Azərbaycan Milli Məclisi qanunları qəbul edərkən
bu kimi məsələlərə
də diqqət yetirir. Yalnız bununla məsələ kifayətlənmir. Paralel olaraq müvafiq nazirlik və
dövlət qurumları insan haqları ilə
bağlı qəbul edilmiş
qanunların necə, həmçinin doğru
icra edilməsi məqsədilə kadrlar yetişdirir. Bunun üçün də
zaman-zaman maarifləndirmə işlər
həyata keçirilir.
Bütünlükdə məsələyə nəzər salsaq görərik ki, çox yaxşı fəaliyyətlər həyata
keçirilir. Ancaq onu da nəzərə almaq lazımdır ki,
qarşıda da görüləcək bir çox işlər var. Bu
da hər bir dövlətdə olduğu kimi nomal bir haldır. Bu daima irəli
gedən dinamik bir müddətdir.
ATƏT-in Bakı ofisi
də öz növbəsində həmin
qanunların hazırlanması
məsələsində hər
zaman Milli Məclisin yanında olub, ona köməklik
göstərib. Həmçinin
Milli Məclis də bizə çox yaxşı niyyətlə yaxınlaşıb
və qarşılıqlı əməkdaşlığımız
nəticəli bir şəkildə davam etməkdədir.
Ardı növbəti sayımızda
Süleyman İsmayılbəyli
Olaylar.- 2013.- 26 dekabr.-
S.10.