Təhlükələr,
qorxu və insan psixologiyası -
Psixoloji yükün öhdəsindən necə gəlmək olar?
Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayaqsız və aciz hiss edir. Ona elə gəlir ki, təhlükə onu hər yerdə ekranlarından -evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir. Sanki insan üçün özünü rahat və təhlükəsiz hiss edə biləcək bir yer tapılmır ki, tapılmır. Bunun nəticəsi kimi yuxusuzluq, iştahasızlıq, mədə xəstəlikləri, təzyiq, digər nasazlıqlar baş qaldırır, insan özünü çox narahat hiss edir. Bizi əhatə edən təhlükələr haqda düşünməyə bilmədiyimiz halda, psixoloji cəhətdən çox yoruluruq, daim qorxu içərisində yaşamalı oluruq, qorxu-hürkülərdən universal xilas vasitələri, hər hansı düşə biləcəyimiz vəziyyətlərə dair dəyərli məsləhət axtarır, onları tapa bilmədikdə sanki qapalı bir dairəyə düşür, problemlərimizi dərinləşdiririk.
Bu cür psixoloji
yükün öhdəsindən nə cür gəlmək,
uşaqlarımızı təhlükələrlə dolu bu
dünyamızda yaşamağa nə cür
hazırlaşdırmaq olar? Düzdür,
özümüzü elə apara bilərik ki, sanki bu təhlükələr
yox dərəcəsindədir. Qəzet, televiziya, radio yeniliklərindən
əl çəkmək, dost və həmkarlarla heç bir kriminal
hadisə müzakirə etməmək, yaxud tamamilə
özünü cəmiyyətdən təcrid edərək,
insan ayağı dəyməyən bir yerdə yaşamağa
qərar vermək, lazımi anda özünün,
yaxınlarının köməyinə çata bilmək
üçün hətta tibb və ya xilasedici peşələrinə
də yiyələnmək olar... Çıxış yolu isə
şəxsi psixologiyanı yenidən qurmağa, özündə
təhlükəsizlik psixologiyasını inkişaf etdirməyə
cəhd göstərməsidir. Bunun üçün ilk
növbədə qorxuya və daim bədbəxt hadisə
gözləməsinə son qoymaq, hər hansı təhlükəyə
hazır olmaq lazımdır. Məlum olduğu kimi qorxular da
müxtəlif olur: zərərli və xeyirli. Məsələn,
xeyirli qorxular insanı düşünülməmiş
addımlardan çəkindirir və belə olduqda onun sağ
qalmasını təmin edir. Doğrudan da məhz qorxu bizə
maşınların sürətlə
şütüdüyü prospekti keçməkdən və
ya hündür binadan paraşütsüz tullanmaqdan çəkindirir.
Bunun əksi olaraq, zərərli qorxular bizim liftdən istifadə
etməyimizə, kinoteatra getməyimizə və ya toyuq ətini
iştahla yeməyimizə mane olur, çünki əsassız
qorxularımız bizim real düşünmək qabiliyyətimizi
iflic vəziyyətinə salaraq beynimizdə təsəvvür
etdiyimiz dəhşətləri hər dəfə yenidən
yaşamağa vadar edir. Əsassız qorxular canımıza o
dərəcədə hopur ki, biz hətta baş verməyən
hadisəni təsəvvürümüzdə belə
canlandırmaqdan çəkinirik. Belə qorxularla hər
birimiz mübarizə aparmalı, gücümüz
çatdıqda, mütəxəssislərə müraciət
etməliyik. Seçim hər bir insanın öz əlindədir.
Bu artıq təhlükəsizlik psixologiyasına tərəf
ilk addımdır. İkinci addım-müxtəlif təhlükələrlə
görüşə hazırlıqdan ibarətdir. Baş verə
biləcək bütün təhlükələri nə əvvəlcədən
bilmək, nə də onlara hazır olmaq mümkün deyil. Elə
də olur ki, biz həqiqətən bizə təhlükə
yarada bilən amillərdən yox, digər şeylərdən
qorxuruq. Adətən təyyarədə uçmaqdan qorxan
insan bir də görürsən ki, maşınların
gür hərəkəti olan yerdə təhlükəsizliyini
düşünmədən yaxınlaşan avtobusa sarı
qaçır və ya nəqliyyat vasitəsində təhlükəsizlik
kəmərlərindən istifadə etmir. Halbuki avtomobil qəzalarında
tələf olanların sayı təyyarə qəzalarında
həlak olanlardan qat-qat çoxdur. Biz ildırımdan qorxaraq,
bununla belə tanımadığımız bir insanın
üzünə soruşmadan, qapı gözlüyündən
baxmadan qapı açır, inflyasiyadan qorxaraq, cəsarətlə
maliyyə piramidalarına vəsaitlərimizi etibar edirik. Atipik
pnevmoniyadan qorxaraq, bununla belə hepatitə qarşı peyvənd
olunmaqdan imtina edirik. Siyahını sonsuzadək davam etdirmək
olar... Məhz ona görə də potensial təhlükəni
görmək, hiss etmək, ondan qaçmağı öyrənmək,
təhlükə anında isə nə edəcəyi bilmək
lazımdır. Bu isə təhlükəsizliyimizin şəxsi
işimizə çevrildiyi halda mümkündür. Bizim təhlükəsizliyimizlə
məşğul olan bir çox insanlar mövcuddur: polis, tibb
işçiləri, xilasedicilər, nəzarət
orqanları, təhlükəsizlik texnikası üzrə
ixtiraçı və mühəndislər, müəllimlər...
Lakin onların heç biri sizi avtomobilinizə minərkən
təhlükəsizlik kəmərlərini bərkitməyə,
mehmanxanadakı yanğın zamanı evakuasiya sxeminə diqqət
yetirməyə və s. məcbur edə bilməz. Halbuki bu,
ilk baxışdan xırda məsələlərdən bizim
sağlamlığımız, təhlükəsizliyimiz, hətta
həyatımız belə asılıdır. Şəxsi təhlükəsizliyimizə
aid məsuliyyətin bir hissəsini üzərimizə alaraq,
beləliklə, təhlükəsiz həyata
hazırlaşaraq, biz daha güclü, daha əminli oluruq,
çünki özümüzü bu və ya digər hadisələr
zamanı necə aparacağımızı artıq aydın təsəvvür
edirik.
Alim
Olaylar.-
2013.- 27 dekabr.- S.13.