“ATƏT-in ciddi şəkildə özünü
yeniləməsi lazımdır”
Koray Tarqay: “Bu ehtiyac bir
neçə
ildir ki, qabarıq şəkildə ortaya
çıxıb”
"ATƏT tərəflərə daha yaxşı bir xidmət edən təşkilat halına gələ bilər”
(Əvvəli ötən sayımızda)
Bu günlərdə ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri Koray Tarqayın ölkəmizdəki fəaliyyət müddəti başa çatır. İki ildən artıq bir müddətdə Azərbaycanda diplomat fəaliyyəti həyata keçirən Koray Tarqayla görüşüb ölkəmizlə bağlı təssüratları, Azərbaycandakı xatirələri barədə söhbətləşmək qərarına gəldik. Səlahiyyət müddətinin bitməsi ərəfəsində zamanının həddən artıq məhdud olmasına baxmayaraq “OLAYLAR”-a müsahibə verməyə də imkan tapan səfir Koray Tarqay ölkəmizdə çalışmasının onun üçün yeni bir təcrübə olduğunu deyib. Azərbaycandan xoş xatirələrlə ayrılacağını deyən diplomat ATƏT-lə Azərbaycan arasında olan əməkdaşlıq, bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar, eləcə də təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr barədə danışıb. O, ATƏT-in öz fəaliyyətində dəyişikliklər, ciddi dönüş etmək məcburiyyətində olduğunu da söyləyib. Bildirib ki, əks halda təşkilat öz nüfuzunu itirəcək.
-Cənab səfir, bir qayda olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Sizcə bu qərəz nədən irəli gəlir?
-ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun əlində müəyyən tablolar, hazırlanmış materiallar var. Hər hansı bir ölkəni dəyərləndirərkən həmin materiala uyğun olaraq dəyərləndirir. DTİHB-in materialları da ideal formada hazırlanıb. DTİHB-nin dəyərləndirmə kriteriyalarına görə təşkilatın üzvü olan ölkələr arasında dəyərləndirmə aparılarsa həmin kriteriyalara yüz faiz əməl edən az sayda ölkə ortaya çıxar. Bu baxımdan nəticədə “hansısa kriteriyalar uyğun olmadı” deyilən məqamlar ortaya çıxınca “nə üçün bizi bu qədər tənqid etdi?” kimi düşüncələr ola bilər. Məqsəd ölkələri tənqid etmək yox, daha yaxşı təşviq etməkdir. DTİHB də bunu edir. Təbii ki, hüquqi yöndən dəyərləndirmə aparılarkən bu dəyərləndirmələr bir qədər ağır olur. Azərbaycanın haradan haraya gəldiyinə, tarixində ilk dəfə sərbəst seçkilərin nə vaxt keçirildiyinə, hər seçkidən sonra haradan haraya irəlilədiyinə baxmaq lazımdır. Azərbaycanın Seçki Məcəlləsi pis deyil, yaxşıdır. Mərkəzi Seçki Komissiyası lazımi hazırlıqları edir, şəffaflıq var, insanlara seçkilərə qatılmaq imkanı verilir və s. Bunlarda heç bir əngəl yoxdur. Bəlkə də bəzi kriteriyaların yerinə yetirilməsində məsafə var ki, onlar da zamanla həll edilər. Digər tərəfdən bölgənin, mənsub olduğu mədəniyyətin bəzi xüsusiyyətləri var. Yaxud yaxşı niyyətlə yol verilmiş bəzi səhvlər var ki, onlar da pis niyyətlə edilməyib. Ola bilər ki, həmin səhfə bilmədən, yaxşı maarifləndirmə işləri aparılmadan yol verilib. Hesab edirəm ki, zaman keçdikcə bunlar da öz həllini tapacaq. Bunlar təkcə Azərbaycan deyil, hər bir ölkə üçün keçərlidir.
-Sizcə, ATƏT-lə Azərbaycan arasında daha hansı sahələrdə əməkdaşlığı inkişaf etdirmək lazımdır?
-Azərbaycanla
ATƏT arasında əməkdaşlıq yaxşı səviyyədədir.
Bəzi layihələr yekunlaşmaqdadır. Bəzi layihələr
isə davam edir. Bunlar sosial və siyasi mövzularla
bağlıdır. İctimai dəstəkli
polis layihəmiz var ki, xalq tərəfindən
xoş niyyətlə qəbul edildi və Azərbaycanda yaxşı həyata
keçirilir. Hazırda da
layihə davam edir. Bu layihə bir neçə il əvvəl
Türkiyədə də həyata
keçirildi. Ümumiyyətlə, bu davam edən bir prosesdir və bütün ölkəyə, xalqa
yaymaq lazımdır. Əgər Daxili İşlər Nazirliyi
uyğun bilərsə həmin layihəni
davam etdirə bilərik. Yaxud insan alveri
ilə bağlı məsələ. Bu heç bir ölkənin
təkbaşına həll edə biləcəyi bir məsələ deyil. İnsan alveri ilə
mübarizə aparmaq lazımdır. Bu xaricdən gələn bir
problemdir. Həmin layihə ilə
bağlı da Azərbaycan hökuməti
ilə əməkdaşlığımızı davam etdirmək istəyirik. Eləcə də
kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi
layihəsi. Bu Azərbaycan hökumətinin
də həyata keçirdiyi bir proqramdır. Cənab prezidentin
də bununla bağlı sərəncamları
var. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi
lazımdır. Bu sahədə görüləcək
çox işlər var.
Yalnız maddi imkanla bunu həyata keçirmək olmaz.
Onu da qeyd
edim ki, Azərbaycan
hökuməti hər il bu
iş üçün
200 milyon manat
ayırır. Bununla yanaşı
qadınların da orta
sahibkarlığa cəlb edilməsi lazımdır ki, iqtisadiyyata
katkıları olsun. Bu
da davam edən bir layihədir. Dünyada kiçik və orta
sahibkarlıq sahəsində ən inkişaf
etmiş ölkələr Amerika,
Yaponiya və Almaniyadır. Bu baxımdan
Azərbaycanın örnək ala biləcəyi
ölkə Almaniya olmalıdır. Çünki Türkiyə bu kimi örnəklərdən çox
yararlandı. Eyni zamanda
xalqın hüququn üstünlüyü,
aliliyi və hüququn
ona yardımçı olacağına
inamını artırmaq lazımdır. Bu məqsədlə
bizim ayrı-ayrı rayonlarda
4 mərkəzimiz var və xalqa pulsuz xidmət edirik. Bu istiqamətdə
Ədliyyə Nazirliyi və şəhər
icra hakimiyyətləri ilə əməkdaşlıq
edirik. Bunlar da davam edən layihələrdir.
Həmçinin kiçik və orta sahibkarlığa dəstək məqsədilə
də iki mərkəzimiz var
ki, ümumilikdə 6 mərkəzdə pulsuz olaraq yardım
göstəririk. Hər bir mərkəzdə
3 hüquqşünas, 80 nəfərdən
200 nəfərə qədər könüllü
çalışır. Məhkəmə sistemini
daha da inkişaf
etdirmək üçün məhkəmələri
izləmək hüquqmuz var
ki, bunu da Ədliyyə Nazirliyi ilə
birlikdə, onlarla birgə əməkdaşlıq
çərçivəsində həyata keçiririk.
Mövcud
çatışmamazlıqları birlikdə dəyərləndirir
və prosesin hansı formada
inkişaf etdirilməsi üçün
fəaliyyət göstəririk. Eyni ilə
müvəqqəti saxlama məntəqələri,
həbsxanalarda incələmələr aparırıq. Onu da deyim
ki, bu gün
Azərbaycanda müvəqqəti saxlama məntəqələri
yüksək səviyyədədir. Saxlama
məntəqələrindəki şərait Avropa
standartlarına uyğundur. Həmçinin
həbsxanalar barədə də bunu
söyləmək olar. Ədliyyə Nazirliyi bu sahədə əlindən
gələn işləri görür. Biz də öz növbəmizdə qeyd edilən məsələdə
yardımçı oluruq. Başqa
bir məsələ kimi
medianın inkişafına diqqət yetirək. Bu bir gerçəklikdir ki, Qafqaz regionunda
media çox da inkişaf etməyib. Media özünü maliyyələşdirə,
kommersiya qurumu kimi fəaliyyət göstərə bilmir. Ona görə də
qısa zamanda medianın öz
məsuliyyətinə sahib
çıxması lazımdır. Həmçinin
araşdırmaçı jurnalistlərin inkişaf
etdirilməsi zəruridir. Bununla yanaşı xalqı istiqamətləndirməsi
və hökumətə köməklik göstərməsi
atılması olan addımlardandır. Hər
bir ölkədə olduğu
kimi burada da bir sıra problemlər var ki, onlar
da həll ediləcək. Təbii ki, media da
bu sahədə hökumətə dəstək
olmalıdır. Ancaq məsuliyyətsiz deyil, məsuliyyətli media
olmalıdır.
-2014-cü il üçün ATƏT-in Azərbaycanda hansısa yeni layihələr həyata keçirməsi nəzərdə tutulurmu?
-Yuxarıda qeyd etdiyim bütün
layihələri 2014-cü ildə davam
etdirmək istəyirik. Çünki
2014-cü il, yanvarın 1-dən etibarən
ATƏT-in Bakı ofisinin statusu
dəyişir və layihə koordinasiyası halına keçir. Ancaq layihələr
davam edəcək. Həmin layihələri
müvafiq nazirliklər, Prezident
Administrasiyası ilə məsləhətləşərək
hazırlayırdıq. Bundan sonra da eyni
prosesi hökumətlə davam
etdirəcəyik. Eyni zamanda
vətəndaş cəmiyyətləri ilə də birlikdə
bu çalışmaları həyata
keçirəcəyik. Çünki vətəndaş
cəmiyyətləri ölkənin, modern
həyatın bir parçasıdır.
-Bu günlərdə Ukraynada ATƏT-in Nazirlər Şurasının toplantısı keçirildi. Həmin toplantının nəticələrini necə dəyərləndirərdiniz?
-Ukraynada
keçirilən toplantı ATƏT-in hər il
keçirdiyi toplantılardan biridir və adətən ilin
sonunda ATƏT-ə sədrlik edən
ölkədə baş tutur.
Həmin toplantıda ilin icmalı ortaya qoyulur. Bu da həmin
toplantılardan biri idi.
57 ölkənin xarici işlər nazirləri
və ya nazirliklərin yüksək səviyyəli
rəsmilərinin iştirak etdiyi siyasi bir
platformadır. Bu baxımdan belə
toplantıların keçirilməsi yararlıdır.
Yalnız ortada bir
gerçək var ki,
ATƏT-in ciddi şəkildə özünü yeniləməsi
lazımdır. Bu ehtiyac
bir neçə ildir ki, qabarıq şəkildə ortaya
çıxıb. Keçən il
ATƏT-ə sədrlik edən İrlandiyanın təşəbbüsü
ilə belə bir layihə qəbul edildi. 2015-ci ildə Helsinki
Aktının imzalanmasının 40 ili tamam olacaq. Həmin zamana qədər ATƏT-in istər təşkilat,
istərsə də gələcək hədəflər və
perspektivlər olaraq yenilənməsinin vacib olduğu bir gerçəkdir. İrəlidə 2 ilə
yaxın bir zaman var. Hesab edirəm ki, ATƏT tərəflərə daha yaxşı bir xidmət
edən təşkilat halına gələ bilər.
1990-cı illərdən keçən zaman
ərzində dünyada çox
böyük dəyişikliklər baş verib. Bütün beynəlxalq təşkilatlar
özlərini yeniləmək məcburiyyətində
qaldılar. ATƏT-də bu müddətin
içərisinə girib. İrlandiya
və Litva təşkilata sədrlik
dönəmində müəyyən yararlı
çalışmalar etdi. Eyni ilə bu
il Ukrayna eyni addımı atdı. Ümid
edilir ki, 2015-ci ilin sonlarında baş tutacaq Nazirlər Şurasının
toplantısında ATƏT yenidən şəkilləndiriləcək.
Çünki təşkilatın bu şəkildə yeni inkişaf edən ehtiyaclara
tam cavab verə bilmədiyi
bir gerçəkdir.
Süleyman İsmayılbəyli
Olaylar.-
2013.- 27 dekabr.- S.4.