Uşaqlar bizim üçün daha “təhlükəli” hesab edilir”

 

“20 il eyni repertuarda qalmaq olmaz”

 

“Bizim Qonaq” layihəsinin budəfəki həmsöhbəti “Tofiq əmi”kimi tanıdığımız məşhur foks ustası, öz dili ilə desək illuziyaçı Tofiq İsgəndərovdu.

 

Onunla bir az bu sənətin sirrlərindən, sənətə marağından danışdıq. Maraqlı foks nömrələri nümayiş etdirdi. Tofiq İsgəndərov deyir ki, bu sənətdə qeyri-adi heç nə yoxdu. Əsas insanın əl cəldliyi və qabiliyyətidi. Öncə buna bir o qədər real baxmasam da, nümayiş etdirdiyi, sirrini açdığı bir neçə nömrədən sonra əmin oldum ki, bu sənətdə qeyri-adi heç nə yoxdu. Sadəcə insanları ovsunlayır, onların diqqətini başqa səmtə yönəltməklə digər tərəfdə məharətlə işini davam etdirir. Bunun üçün də əlbətdə ki, peşəkar olmağı bacarmaq lazımdı. Balaca yaşlarımızdan çox yaxşı tanıdığımız sənətkarla söhbətimiz düşünürəm ki, maraqlı alınıb:

-İlk olaraq, şablon səslənsə də bu sualı verəcəyəm-Necə oldu ki sənətə gəldiniz, məhz bu sənətdə sizin diqqətinizi çəkən nə oldu?

-Foksun sirri, sehri məni bu sənətə çəkib. Düşünürəm ki, uşaq ikən hər kəs sehrbaz olmağı arzulayır. Amma o zamankı arzularımızla indiki sənətimiz tamam başqadı. Bir var nağıllarda olan sehrbaz, bir də var ki reallıqda olan sehrbaz. Bizim sənətimiz əslində illuziya, gözbağlayıcıdı. Uşaq vaxtı mənim də bu sənətə marağım var idi. Fantastik filmlərə baxıb, nağıllar oxuyardım. 6-cı sinifdən etibarən məktəb tədbirlərində müxtəlif nömrələr nümayiş etdirirdim, peşəkarcasına isə 80-ci illərdən bu sənətlə məşğulam. O vaxt sehrbazların arxasınca kəndbəkənd gəzirdim. Onlardan biri gürcü idi, yaxınlaşaraq nümayiş etdirdiyi foksun sirrini dedim. Acığı tutaraq mənə tərs cavab verdi. Dedi ki, səhv tapmısan.

-Foksun sirrini uşaqlar çox rahatlıqla tapır, yoxsa böyüklər?

-Foksun sirrini tapmaq uşaq üçün daha asandı. Buna görə uşaqlar bizim üçün daha “təhlükəli” hesab edilir. Foksun sirri çox sadə olur, uşaq da öz biliyinə uyğun olaraq sadə variantlar tapır. Yaşlı, elm adamları üçün foksun sirrini tapmaq çətin olur. Onlar daha dərinliklərə gedirlər. Nəsə havada durursa uşaq fikirləşir ki bunu ip vasitəsilə ediblər. Amma böyük fikirləşir ki, burda hər hansı qüvvələr, maqnit var, vakuum yaradıblar. Foksun sirri nə qədər bəsit olsa o bir o qədər də cəlbedici olar. Zaman keçdikcə bu sənətə olan marağım daha da böyüyürdü.

-Bir çox sehrbazlar foksun sirrini gizlədirlər...

-Foksun 6 qızıl qaydası var ki, onlardan birincisi də bu sənətin sirrini açıqlamamaqdı. Çünki sirri açılanda sənətin marağı itir. Bir mahnının sözlərini mən də bilirəm, siz də, professional müğənni də. Hansımız yaxşı oxuyacağıq? Əlbətdə ki professional müğənni.

-Təhsilinizə qədər olan müddət haqda danışaq. Bu illərdə nə ilə məşğul idiniz?

-Özüm öz üzərimdə işləyirdim, baxıb nələrsə öyrənir, foksuçuların elədiklərini təqlid edirdim. Daha sonra İncəsənət Universitetinin kino-dram aktyorluğu fakültəsini bitirdim. Peşəkar aktyoram, Bakı Uşaq Teatrında çalışıram. İnistitutu bitirəndə təyinala Azərbaycan Dövlət Qastrol Konsert Birliyi var idi, ora getdim. Həmin yer bağlandıqdan sonra Sirkdə işləməyə başladım. 2003-cü ilədək orda çalışdım, daha sonra Bakı Uşaq Teatrına dəvət aldım. Hazırda hər iki yerlə əməkdaşlıq edirəm, tamaşalarım, sirkdə fokslarım olur.

-Belə başa düşdüm ki, teatrda da yalnız illuziya sənəti ilə məşğul olursunuz...

-Bəli, bütün tamaşalarım illuziyadan ibarətdi. Məsələn “Sehrli Yuxu”, “Sehrli Güzgü”, “Şoumagiya” tamaşası var ki, hansı ki onalr sırf illuziya üzərində qurulub. Uşaqların marağı böyükdü. Əgər uşaq foks nömrəsindən sonra sənə yaxınlaşıb deyirsə ki, bunu necə etmisən, demək ki, işin uğurlu alınıb...Tamaşaçılar da müxtəlif cürdü. Ziyalılar bilir ki, tutaq ki bu real deyil, ya sadəcə əl cəldliyinin nəticəsidi deyə işini qiymətləndirir. Uşaq isə bunu sehr kimi qəbul edərək bu aləmə dalır, daha çox maraq göstərir. Amma elə tiplər var ki, onlar bilər-bilməz variantlar sadalayır, hər yerdə səhv axtarırlar. Bu baxımdan tamaşaçıları üç qrupa ayırıram.

-Bu sənətin sirri nədirsə, insanları rahatlıqla “aldatmaq” olur...

-Bunun əsas sirri odur ki, işimi görmək üçün tamaşaçının diqqətini digər əlimə yönəldərək digər tərəfdə öz işimi görürəm. Bizim köməkçilərimiz də var, onların da səhnəyə çıxması bu məqsədə xidmət edir. Əsas işləri elə diqqəti yayındırmaqdı. Hər hansı variantla fikri yayındıraraq işimizi görürük. Əgər mən fikri yayındırmasam işim uğurlu olmaz, siz mənim nə etdiyimi görəcəksiniz. Gizlincə nəyisə götürmək üçün mən başqa istiqamətə baxıram. Bu zaman siz istər-istəməz baxdığım istiqamətə yönələcəksiniz.

-Yəni , belə deyək də, fantastik bir şey yoxdu

-Xeyr, fövqəl bir hadisə yoxdu. Hər şey əl cəldliyi və texnikadan asılıdı. Bu ilin iyununda Rus Dram Teatrında bizim “Ecazkar” şousu adlı tamaşamız oldu.

-Foksun sirrini açmaq üçün tamaşaçıdan nə tələb olunur?

-Foksun sirrini açmaq üçün tamaşaçı yalnız diqqətli olmalı və sadə variantları düşünməlidi. Mürəkkəb düşünsə tapa bilməyəcək.

-Ağızdan alovun çıxarılması necə, foks sayılırmı?

-Yox, bu orijinal bir janrdı. Bu elə də çətin deyil. Alovu ağzına dolduraraq çölə üfürürsən. Sadəcə bunun üçün güclü həvəs və qabiliyyət lazımdı. Bunlar olduqda istənilən foksu göstərmək mümkün olur. Əsas foskun necə təqdimatıdı. Hamıya eyni reseptlər verilsin, hərəmiz bir cür onu süfrəyə təqdim edəcəyik. Foks da o cür. Əsas təqdimatdı. Bunun üçün musiqi, hərəkət, klassika mütləq lazımdı. Elə sənətkarlar var ki, onlar danışmağa üstünlük vermirlər. Amma mən danışmağa daha çox üstünlük verirəm. Məsələn, qız havada qalırsa bunu şərh etməyə ehtiyac belə yoxdu.

-Adamın üç hissəyə bölünməsi də diqqət çəkir. Bu necə baş verir?

-Bunun da öz sirri var. Qız həmin yerə girir və tamşaçılalara bu cür təqdim edilir. Amma bunun sirrini açıqlaya bilmərəm. Çünki bu mənim 6 müəllif nömrəmdən biridi.

-Hər hansı bir sehrin sirrini bizə açıqlaya bilərsiniz?

-Məsələn ipə düzülmüş muncuqdu, ipi kəsirik, muncuqlarla yanaşı həmin ipi də qabın içinə atırıq. Onu çalxaladıqdan sonra muncuqları yenidən ipə düzülmüş halda çıxardırıq. Bunun sirri odur ki, muncuq iki sapa düzülmüşdü, birini kəsdikdə digər sap qalmışdı.

-Tutaq ki, mən sizə bir manat verirəm, siz də onu yüz manat edirsiz. Adi, hazırlıqsız bir vəziyyətdə bunu etmək olarmı? Yoxsa...

-Hazırlıq lazımdı.

-Yəni, həmin əskinaslar sizin üzərinizdə mütləq olmalıdı. Bəs, foks nömrələrində dovşandan daha çox istifadə edilməsinin necə, hər hansı mənası varmı?

-Çünki dovşan sakitdi, sözə qulaq asandı. Harada gizlətsən orada dayanacaq. Həm də qəşəng, diqqətçəkici bir heyvandı.

-Peşəkar olmaq üçün nələr tələb olunur?

-Peşəkar foksçu yeni nömrələr axtarmalı, repertuarına baxış edib yeniliklər hazırlamalı, müxtəlif tədbirlər, şou-proqramlara getməlidi. 20 il eyni repertuarda qalmaq olmaz. Mütləq dəyişikliklər etmək lazımdı. Hər bir peşəkarın gərək ki, xüsusi repertuarı olsun ki, bu repertuar ondan başqa heç kəsdə olmasın. Ümumi, yəni qızıl repertuardan isə hər kəs faydalana bilər.

-Səhnə geyimindən danışaq.

-Səhnədə gərək ki, səhnə geyimin olsun ki, rahat istədiyin kimi hərəkət edə biləsən. Kimisi bundan istifadə edir, kimisi yox.

-Düşünürəm ki, bu geyimin də özünəməxsus sirri var.

-Əlbəttə ki, bu geyim vasitəsilə müxtəlif işlərini görə bilirsən. Bu geyimin çoxsaylı gizlin cibləri olur ki, lazımi avadanlıqları orda saxlaya bilirsən. Pencəyin təxminən 13 cibi olur. Jiletin,  şalvarın da cibləri olur. Geyim həm də səliqə-səhmandı. Tamaşaçı pul verib gəlirsə gərək abırlı geyinəsən. Camaat toya gedəndə bəzənib getmir ki. Sən də tamaşaçı önünə çıxırsan. Buna görə tamaşaçıya hörmət etməlisən, çörəyin də onlardan çıxır.

 

 Ardı var

 

Nigar Məhərrəm

 

Olaylar.- 2013.- 28-30 dekabr.- S.14.