Diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edirik

 

Mehriban Nəsib: “Heç bir tədbirimiz Türkiyə türklərinin iştirakı olmadan keçmir

 

Azərbaycan həqiqətləri, ölkəmizin üzləşdiyi problemlər, eləcə də zəngin tarixi-mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılması prosesində müxtəlif ölkələrdə yaşayan və ya təhsil alan azərbaycanlı gənclər də müstəsna rol oynayırlar.

Azərbaycan diasporunun gənc simaları olan bu insanlar təhsil aldıqları nüfuzlu ali təhsil ocaqlarında da Azərbaycanın təbliğini layiqincə həyata keçirilər. Belə insanlardan biri də Birləşmiş Ştatlardakı Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəallarından olan Mehriban Nəsibdir. Təhsil aldığı ölkədə Azərbaycanı təbliğ etmək, onun problemlərini amerikalıların diqqətinə çatdırmağı özünə borc bildiyini deyən Mehriban Nəsib bu məqsədlə oxuduğu universitetdə müntəzəm olaraq Azərbaycanla əlaqədar tədbirlərin keçirildiyini də söyləyib: “Cari il ərzində bizim bir neçə tədbirimiz olub və hələ də davam edir. Yanvarın 20-də “20 Yanvar faciəsi” və fevral ayının 19-da Kolumbiya Universitetində Azərbaijan Society for Amerikanın (ASA) maliyyə dəstəyi ilə Xocalı soyqırımının 21 illiyinə həsr edilmiş anım tədbiri həyata keçirdik. Həmçinin Kolumbiyadakı  erməni konsulluğunun və Birləşmiş Millətlər Təşkilatının  qarşısındakı toplantı və etiraz aksiyalarını, Vaşinqtonda qondarma Qarabağ respublikasının turizm və gənclər nazirinin iştirakı ilə qondarma respublikanın 25 illiyinə həsr edilmiş tədbirə etiraz eləmək üçün olan aksiyanı bu sıraya aid etmək olar. Məlumat üçün qeyd edim ki, həmin aksiyanı  AYNA təşkilatının birgə səyi və dəstəyi ilə keçirmişdik. Bundan başqa diaspor təşkilatları ilə sıx əlaqəli şəkildə Xocalı soyqırımı ilə bağlı Kolumbiya Universitetində keçirdiyimiz tədbirdən bir neçə gün sonra ayın 26-da bizim Nyu-Yorkdakı diaspor təşkilatlarımızla birgə erməni konsulluğunun qarşısında və BMT-nin qarşısında etiraz aksiyamız oldu. Mart ayının 1-də Kolumbiya Universitetində “Keçmiş Sovet İttifaqı ölkələri gecəsi” keçirildi. Həmin tədbirdə 15 respublika öz mədəniyyəti, tarixi  barədə məlumat verdi. Mən də orda Azərbaycanı təmsil etdim və Azərbaycan haqqında bir tanıtım videosu-“Gözəl Azərbaycan” (“Amazing Azərbaijan”) adlı videorolik göstərdik Sonra da Anar Vahabov adlı bir azərbaycanlı gənclə “Naz eləmə” rəqsini nümayiş etdirdik. Mart ayının 30-da Kolumbiya Universiteti Tatar Tələbələri Assossiasiyasının dəstəyi ilə “Türkdilli ölkələrin mədəniyyət gecəsi” keçirildi və biz də Nabat Mahmudova adlı azərbaycanlı gənc xanımla “Tərəkəmə” rəqsini nümayiş etdirdik. Mart ayının 31-də isə 31 Mart Soyqırımı Günü ilə əlaqəli Azərbaycan Nyu-York Assosiasiyası anım tədbiri keçirdi və biz tələbələr də onlara qoşulduq. Tədbirlərimiz davam edir”. Mehriban Nəsib Birləşmiş Ştatlardakı tələbələrin fəallıq səviyyəsi, onların malik olduğu imkanılar barədə də danışıb: “Birləşmiş Ştatlarda təhsilin özəllikləri barədə onu deyə bilərəm ki, burda təhsil almaq çox çətindir. Bu barədə tez-tez dostlarla müzakirələr olur və təbii ki, dostlarımın bir çoxu mənimlə razılaşmır. Psixologiya, fəlsəfə, mikromaliyyə, maliyyənin və insan qaynaqlarının idarəolunması və s. kimi sahələrdə mənə görə hətta insanın öz dilində belə təhsil alması, anlaması və biliyə yiyələnməsi çox çətindir, o ki qaldı bu sahələri üçüncü dildə öyrənəsən və yiyələnəsən. Güman edirəm ki, ABŞ təhsil sisteminin çətinliyi məsələsində mənimlə razılaşarsınız. Dediyim kimi, dərslər çox çətindir, bundan başqa mən həm də ictimai işlərdə çox fəal iştirak edirəm. Fakültəmizdə təhsil alan beynəlxalq tələbələrin rəhbəriyəm və Tələbə İttifaqı İdarə Heyətinin üzvüyəm. Amma təbii ki, ABŞ təhsilinin çox pozitiv tərəfləri də var və pozitiv tərəfləri o qədər çoxdur ki, çətinliklər gözümüzə görünmür. Məsələn, tələbənin oxumadan dərsə gəlməsi və müəllimə pul verib qiymət alması qətiyyən mümkün deyil. Müəllim sinifdə dominantlıq etmir, mühazirə qarşılıqlı müzakirələr şəklində aparılır. Hər kəs sərbəst şəkildə fikrini bildirir və hər kəs bir-birinin fikrinə hörmət edir. Ən əsası isə odur ki, tələbələr təhsil aldıqları müddətdə həm də praktikaya gedirlər və onlar təhsillərini bitirdikdə isə həyatda əsl mütəxəssis kimi addımlayırlar. Ancaq çox təəssüflə deməliyəm ki, bizim universitetdə azərbaycanlı tələbə çox deyil, cəmi 5 nəfərdir. Kolumbiya Universitetində müxtəlif ölkələrdən olan tələbələrin assosiasiyaları var. Biz də Kolumbiya Universiteti Azərbaycanlı Tələbələr Assosiasiyası yaratmaq istədik, təəssüf ki, tələbələrin az olmasına görə alınmadı. Cəmi 5 tələbə var. Bunlardan biri bakalavr, biri doktorantura, üçü isə magistr dərəcəsi üzrə təhsil alır. Kolumbiya Universitetində təhsil alan azərbaycanlı tələbələrin ictimai fəallığı da o qədər  ürəkaçan deyil. Dəfələrlə Azərbaycanla bağlı amerikan və beynəlxalq tələbələr üçün tədbirlər təşkil etmişik və azərbaycanlı tələbələri əməkdaşlığa çağırmışıq. Təəssüflər olsun, hər kəs dərslərinin çətinliyini ortaya atıb görüşmək istəməyib. Təbii ki, bir tərəfdən baxanda onları anlamaq olur, amma hər halda ölkəmizin yaxşı tərəfdən tanıdılması üçün birgə işlər görmək bizim üçün çox vacibdir. Mən azərbaycanlı tələbələrin nəinki Kolumbiya Universitetində, ümumiyyətlə, bütün Amerikada fəaliyyətlərinin zəif olduğunu düşünürəm. Məncə, bu sahədə görəcək işlərimiz çoxdur. Hal-hazırda bəzi gənclərimizlə bu sahədə bəzi addımlar atmağı planlayırıq. Soydaşımız Birləşmiş Ştatlardakı Azərbaycan və Türk diasporunun birgə əməkdaşlığından da danışıb. Bildirib ki,  ABŞ-dakı Türkiyə-Azərbaycan diasporları çox sıx əlaqədədirlər və gözəl əməkdaşlıq edirlər: “Mən Nyu-Yorkdakı Türkiyə türkləri və Azərbaycan türklərinin həmrəyliyindən danışacam. Burada bizim Türkiyə türkləri ilə çox gözəl münasibətimiz var. Burada 3 türk təşkilatı var ki, onlarla çox sıx əlaqədə işləyirik. Heç bir tədbirimiz Türkiyə türklərinin iştirakı olmadan keçmir və həmçinin biz də onların bütün mümkün tədbir və yığıncaqlarında fəal iştirak edirik. Elə bu yaxınlarda erməni konsulluğunun və BMT-nin qarşısında təşkil etdiyimiz tədbirdə bizimlə bərabər onlar da çox fəal iştirak etdilər. Fürsətdən istifadə edib Türkiyə türklərinə Amerikadakı, o cümlədən Nyu-Yorkdakı təşkilat rəhbərlərinə və onların üzvlərinə bizi yalnız buraxmadıqları üçün diasporumuz və tələbələr adından dərin təşəkkürümü bildirirəm. Bunu da fəxrlə deyə bilərəm ki,  Tomris xanımın rəhbərlik etdiyi Azərbaijan Society of America (ASA) təşkilatı və Cavid Hüseynovun rəhbərlik etdiyi Pax Turcica İnstitutunun (PTI), Azerbaijan Youth North Amerika (AYNA) Gənclər Şəbəkəsi kifayət qədər işlər görür və Xocalı soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsində böyük rol oynayır. Adlarını çəkdiyim bu təşkilat və qurumlar Azərbaycan və ümumiyyətlə, türk dünyası haqqında maarifləndirmə aparır, ABŞ-ın siyasi-ictimai həyatında fəal iştirak edir və təsirlər göstərir. Təsadüfi deyil ki, Amerikanın bir çox ştatlarında Xocalı soyqırımının tanınması məhz Azərbaycan diasporunun fəaliyyəti nəticəsində mümkün olub və tanınmaqdadır. Mən Tomris xanımın və Cavid Hüseynovun bu sahədə gördükləri işi təqdir edir, bir Azərbaycan gənci və fəalı kimi belə insanlarımızın və təşkilatlarımızın olmasını Azərbaycan üçün uğur sayıram. Tomris xanım və Cavid Hüseynovla iftixar hissi keçirirəm. Bundan başqa Azərbaijan New York Association (ANA) təşkilatı da bu sahədə bir çox işlər görür. Fürsətdən isitifadə edib həmin təşkilatın da rəhbərinə, üzvlərinə və fəallarına təşəkkürümü bildirirəm. Eyni zamanda biz digər ölkələrin diaspor təşkilatları ilə da yaxından əməkdaşlıq edirik. Məsələn, Krım türklərinin diaspor təşkilatı, Azərbaycan yəhudilərinin diaspor qurumları, özbək, qırğız, qazax, türkmən, tacik və digər millətlərin diaspor təşkilatları ilə çox sıx əməkdaşlıq edirik”. Mehriban Nəsib Amerikadakı erməni diasporunun təsir imkanlarından da söz açıb. Bildirib ki, bəzi hallarda erməni təxribatı ilə də qarşılaşırlar: “Ümumiyyətlə, götürsək, bütün dünyada olduğu kimi ABŞ-da da erməni lobbisi çox güclüdür və çox güclü fəaliyyət göstərirlər. Buna qarşı olaraq isə biz ASA, Pax Turkica, ANA, AYNA və Azərbaycan Mədəniyyət Mərkəzi ilə çox sıx əməkdaşlıq edirik. ASA və Pax Turk təşkilatları Xocalı soyqırımını Amerikanın yüksək səviyyəli orqanlarında tanıtmaq üçün əllərindən gələni əsirgəmirlər, ermənilər isə onlara mane olmaq üçün əllərindən gələni edirlər. 2012-ci ilin noyabr ayında ermənilər Kolumbiya Universitetində konfrans keçirdilər. Zalda ən azından 150 adam vardı və iştirakçılar professor, müəllim və tələbə kollektivi idi və təbii ki, ermənilərlə bərabər amerikanlar da vardı. “Human Rights Watch”dan gələn xanım qondarmaerməni soyqırımı”ndan danışdı. Sonra Ermənistandan gəlmiş bir qeyri-hökumət təşkilatı rəhbəri olan qadın qeyd etdi ki, Ermənistan həmişə qonşularının hücumuna məruz qalıb. Təbii ki, bu cür şeyləri eşidəndə biz Azərbaycan türkləri kimi cavab verdik. Mən söz aldım dedim ki, ermənilər öz yalanlarına özlərini inandırıblar indi başqa millətləri bu yalanlara inandırırlar. Onların qeyd etdikləri kimi 100 il öncə baş vermiş qondarmaerməni soyqırımı”nı kimsə görməyib, yəni heç bir sübut belə yoxdur, amma 20 il öncə Ermənistanın Dağlıq Qarabağda, eləcə Xocalıda törətdiyi cinayət soyqırımı hər kəs görüb görməyənlər bu barədə oxuyub ya da eşidib. Sonda onu da qeyd etdim ki, bu zalda oturan insanlara yalan məlumat vermək əvəzinə doğrunu söyləyə bilərdiniz. İşğal olunan məhz Azərbaycan torpaqları olduğu üçün bizim mədəni irsimiz məhv edilib, Ermənistanın mədəni irsi deyilZalda Azərbaycan türkünün olacağını gözləməyən mənim çıxışımdan bir az çaşan qadın dedi ki, təbii ki, müharibədə hər iki tərəf itki verib. Mənə ondan sonrakı 2 gün ərzində söz deməyə imkan vermədilər hətta Türkiyədən gəlmiş Nyu-York Universitetində doktorantura tələbəsi olan Ayda Ərbal adlı erməni qadın mənim üstümə gəldi məni təhqir elədi. Təbii ki, mən onun cavabını verdim, ancaq onu demək istəyirəm ki, erməni lobbisi ilə mübarizədə fəal olmalıyıq. Hətta bir dəfə eşitdim ki, ermənilər bütün dünyada çox aktiv olan Azərbaycan Türkiyə türklərini müxtəlif ölkələrdə öldürməyə cəhd ediblər Amerikada ermənilərə qarşı çox aktiv mübarizə aparan insanları öz nəzərlərində saxlayırlar. Biz fevral ayında erməni konsulluğunun qarşısında etiraz aksiyası keçirərkən ermənilərin şəkillərimizi çəkdiklərinin şahidi oldum. Lakin bütün bunlar məni bu yolda olan insanları qorxutmur, əksinə daha mübariz olmağa sövq edir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 1-3 iyun.- S.15.