“Azərbaycanın haqq səsini
Belarus ictimaiyyətinə
çatdırırıq”
Sərdar
Hüseynov: “Azərbaycanın böyük gələcəyi var”
“Bizim istəyimiz yalnız ondan ibarətdir
ki, biliyimizi, ağlımızı,
varlığımızı ancaq Azərbaycan
üçün sərf edək”
Azərbaycan diasporunun inkişaf etdirilməsi,
onun dünyada söz sahibinə çevrilməsi istiqamətində
dövlətlə yanaşı qeyri-hökumət təşkilatları
da uğurlu fəaliyyət göstərərək ölkəmizin
haqq səsinin dünya birliyinə
çatdırılmasında yaxından iştirak edirlər.
Belə qeyri-hökumət təşkilatlarından biri də
Beynəlxalq Diaspor Mərkəzidir.
Mərkəzin
son illərdə müxtəlif ölkələrdə
yaradılan nümayəndəlikləri də bu mənada
aktiv fəaliyyət göstərirlər. Beynəlxalq Diaspor Mərkəzinin
Belarus nümayəndəliyi də fəaliyyət göstərdiyi
müddət ərzində sözügedən istiqamətlərdə
bir sıra işlər görüb, uğurlu layihələr
həyata keçirib. Beynəlxalq
Diaspor Mərkəzinin Belarusun Qrodnı şəhərində
yerləşən nümayəndəliyinin rəhbəri Sərdar
Hüseynov Azərbaycan diasporunun mövcud durumu, bu günə
qədər əldə edilən nailiyyətlər, eləcə
də digər məsələlər barədə
danışıb. Sərdar
Hüseynov bu ölkədə yaşayan
soydaşlarımızın sayı və onların
başlıca məşğuliyyəti barədə də
danışıb: “Məlumat üçün qeyd edim ki,
Belarusun Qrodnı vilayətində 700-ə yaxın azərbaycanlı
ailə yaşayır. Ümumilikdə isə, Belarusda 6 vilayət
var ki, həmin vilayətlərdə qeydiyyatdan keçmiş
5 mindən artıq azərbaycanlı yaşayır”. Sərdar
Hüseynovun sözlərinə görə, Belarusda yaşayan
azərbaycanlıların ən ciddi problemlərindən biri
ondan ibarətdir ki, bu ölkədə yaşayan
soydaşlarımız konsulluqlarda qeydiyyatdan keçmirlər.
Nəticə etibarilə hansı vilayətdə nə qədər
azərbaycanlının yaşadığı dəqiq
bilinmir. Bu problemi bir müddət əvvəl diaspor təşkilatları
olaraq müzakirə də etmişik”. Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ probleminin Belarus ictimaiyyətinə
çatdırılması prosesinə gəlincə BDM-in
Belarus nümayəndəliyinin rəhbəri deyib ki, Belarusda
yaşayan azərbaycanlılar olaraq Azərbaycanın bayram
günləri və hüznlü tarixləri həmişə
qeyd edilir: “Ötən ilin sonunda 31 dekabr - Azərbaycanlıların
Həmrəylik Günü, 20 Yanvar faciəsinin
ildönümü, Xocalı soyqırmının 20-ci
ildönümünü geniş şəkildə qeyd
etmişik. Ümumiyyətlə, çalışırıq
ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ
problemi, ölkəmizin üzləşdiyi problemlər barədə
Belarus ictimaiyyətini ətraflı şəkildə məlumatlandıraq.
Ümumiyyətlə, Belarusda yaşayan azərbaycanlılar
olaraq Şuşanın işğalının
ildönümü, 20 Yanvar, Xocalı faciələrini hər
zaman anır, bununla bağlı tədbirlər keçiririk:
“Mütəmadi olaraq yaşadığımız ölkələrdə
müəyyən tədbirlər keçirir,
torpaqlarımızın hələ də erməni
işğalı altında saxlanıldığını
Belarus ictimaiyyətinə çatdırırıq. Ümumiyyətlə,
hər bir rayonun işğalı tarixlərini qeyd edir, bu barədə
yerli ictimaiyyətə məlumat veririk”. Sərdar Hüseynov
Azərbaycan diasporunun qarşısında duran vəzifələr
barədə də danışıb: “Bu gün bizim
qarşımızda duran əsas vəzifələr Azərbaycanın
tarixi, qarşılaşdığı problemləri həm
yaşadığımız ölkə, həm də
dünya ictimaiyyətinə çatdıraq. Xaricdə
yaşamığımıza baxmayaraq biz Azərbaycanla nəfəs
alırıq. İstənilən zaman Azərbaycanla əlaqədə
olur, hər ötən gün əldə edilən
uğurlarla fəxr edirik. Məqsədimiz odur ki, hər
şey Azərbaycan və azərbaycanlılar
üçün olsun. Azərbaycanın böyük gələcəyi
var. Bizim istəyimiz yalnız ondan ibarətdir ki, biliyimizi,
ağlımızı, varlığımızı ancaq Azərbaycan
üçün sərf edək. Məlumat üçün
qeyd edim ki, mart ayının 20-də biz Belarusun Qrodnı şəhərində
fəaliyyət göstərən diasporamıza yeni rəhbər
seçdik. Əvvəki diaspor rəhbəri son
iki-üç ildə Azərbaycanın mədəniyyəti,
irsini yetərincə təbliğ etmirdi. Biz də Belarusda
yaşayan azərbaycanlılar olaraq xahiş etdik ki, münasib
bir şəxsi diaspora rəhbəri seçək və kifayət
qədər vətənpərvər, iş adamı Namiq Vəliyev
diasporamıza yeni sədr seçildi. Onu da qeyd edim ki, Belarusda
yaşayan xalqların iki ildən bir festivalı keçirilir.
Əvvəlki diasporamız çox zəif olduğu
üçün Azərbaycan olaraq həmin festivalda yüksək
səviyyədə təmsil olunmurduq. Çünki həmin tədbirlərdə
daha geniş spektrdə iştirak etmək üçün
müəyyən dərəcədə maliyyə vəsaitinə
də ehtiyac duyulur. Əvvəlki illərdə festivalda
iştirak etmək üçün kifayət qədər vəsait
ayrılmırdı. Hazırda isə Belarusda yaşayan azərbaycanlılar
olaraq bu işi öz üzərimizə
götürmüşük və festivalda iştirak
üçün lazım olan vəsait dəyərli
soydaşlarımız tərəfindən ayrılacaq. Əsas
məqsədimiz odur ki, Belarusda yaşayan azərbaycanlıların
tarixi, irsi, adət-ənənələri mədəniyyəti,
mətbəxi barədə festivalda ətraflı məlumat
verək, həmin tədbirdə ölkəmizi layiqincə təmsil
edək. Ümumilikdə Azərbaycan diasporunun Avropa məkanındakı
fəaliyyətinə nəzər salsaq bu fəaliyyətin
ürəkaçan olduğunu söyləmək
mümkündür. Etiraf etmək lazımdır ki, Azərbaycan
diasporu bu gün kifayət qədər fəaldır. İstər
Avropa məkanında, istər keçmiş SSRİ məkanına
daxil olan respublikalarda Azərbaycan diasporu tam formalaşıb,
güc mərkəzinə çevrilib. Eyni zamanda Azərbaycan
diasporu birlik və bərabərliyə də nail olub. Bu
gün ayrı-ayrı ölkələrdə fəaliyyət
göstərən konqres və federasiyalarda, assambleyalarda
onlarla Azərbaycan diaspor təşkilatı birləşib ki,
bu da Azərbaycan diasporunun birlik və bərabərliyinin təcəssümüdür.
Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan dövləti də
diaspor fəaliyyətinə yaxından dəstək olur.
Müntəzəm olaraq keçirilən dünya azərbaycanlılarının
qurultayları bu prosesə təkan verir, diasporumuzun daha aktiv
olması, fəaliyyət göstərdiyi ölkələrdə
Azərbaycanı layiqincə təmsil etməsinə yardım
göstərir. Məlumat üçün qeyd edim ki, 2012-ci
il, iyunun 1-dən 3-dək keçirilən həmin festivalda Azərbaycanı
yüksək səviyyədə həm Belarus ictimaiyyəti, həm
də bu ölkədə yaşayan digər xalqların nəzərinə
çatdırdıq, Festivalda Azərbaycandan da nümayəndə
heyəti iştirak edirdi. Beynəlxalq Diaspora Mərkəzinin
sədri İsmayıl Ağayevin rəhbərliyi altında Azərbaycandan
Belarusa nümayəndə heyəti gəlmişdi. Nümayəndə
heyətinin tərkibinə millət vəkilləri, kütləvi
informasiya vasitələrinin nümayəndələri və sənət
adamları da daxil idi. Qeyd edim ki, hazırda Belarusda 50-yə
yaxın xalq yaşayır. Həmin festival respublikadaxili festival
olduğu üçün tədbirdə yalnız Belarusda
yaşayan xalqlar iştirak edirdi. Ancaq eyni zamanda, bu ölkədə
yaşayan xalqların mənsub olduğu dövlətlərdən
də nümayəndələr gəlib festivala
qatılır”. Beynəlxalq Diaspora Mərkəzinin Belarus
nümayəndəliyinin rəhbəri Dünya Azərbaycanlılarının
üçüncü qurultayında prezident İlham Əliyev
diaspor təşkilatlarına səfirlik və iş
adamları ilə yaxından əməkdaşlıq etmək
barədə verdiyi tövsiyyələrdən sonra bu sahədə
müşahidə edilən irəliləyiş barədə
də söhbət açıb: “İlk növbədə
qeyd etmək istərdim ki, Dünya Azərbaycanlılarının
üçüncü qurultayı Azərbaycan diaspor həyatı
üçün mühüm əhəmiyyətə malik bir
hadisə idi. Bu qurultaylar dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının
bir araya gəlməsi, onların dövlətlə əlaqələrinin
möhkəmləndirilməsinə xidmət edən
mühüm toplantılardır. Sonuncu, Dünya Azərbaycanlılarının
üçüncü qurultayını da məhz belə
xarakterizə etmək olar. Qurultayda cənab prezident İlham Əliyev
geniş və əhatəli nitqi ilə diaspor təşkilatları
qarşısında yeni vəzifələr qoydu, onlara öz
tapşırıq və tövsiyyələrini verdi. Biz də
bir azərbaycanlı olaraq cənab prezidentin bizə verdiyi
tapşırıq və tövsiyyələrin icrası
istiqamətində əlimizdən gələni əsirgəmir,
fəaliyyətimizlə millətə, Vətənə xidmət
etməyə çalışırıq. O ki, qaldı,
dövlət başçısının diaspor təşkilatlarına
səfirlik və iş adamları ilə yaxından əməkdaşlıq
etmək tövsiyyəsinə, biz müntəzəm olmasa da,
mütəmadi şəkildə Azərbaycanın
Belarusdakı səfirliyi ilə telefon əlaqəsi
yaradır, müəyyən məsləhətləşmələr
aparırıq”. Sərdar Hüseynov qeyd edib ki, Belarusda yaşayan azərbaycanlı
ailələrin üzləşdiyi hər hansı bir problem
barədə müntəzəm olaraq Azərbaycanın bu
ölkədəki fövqəladə və səlahiyyətli
səfirliyinə məlumat verilir: Sərdar Hüseynov
Belarusdakı azərbaycanlı iş adamları ilə mərkəzin
nümayəndəliyinin əlaqələrinin yüksək səviyyədə
olduğunu da söyləyib: “Onu da qeyd etmək yerinə
düşər ki, azərbaycanlı iş adamları Belarusda
kifayət qədər nüfuz qazanıb, bu ölkədə
müxtəlif sahələrə sərmayələr
yatırıblar. İş adamı olan soydaşlarımız
tərəfindən Belarusda şadlıq evləri, restoranlar
tikilir, müxtəlif iaşə obyektləri inşa edilir.
Bir sözlə Belarusda fəaliyyət göstərən azərbaycanlı
iş adamları bir-biri ilə sıx əlaqəlidir. Həmçinin
azərbaycanlılar yerli iş adamları ilə də birgə
bir sıra işlər görürlər. İri yaşayış
binalarının tikintisi zamanı müştərək fəaliyyət
göstərilir”. BDM-in Belarus nümayəndəliyinin rəhbəri
yaxın günlərdə bu ölkədə Azərbaycanla
bağlı daha bir neçə tədbirin keçiriləcəyini
diqqətə çatdırıb. Bildirib ki, Azərbaycandan gələn
nümayəndə heyətinin iştirakı ilə
keçirilən tədbirlərdə Belarus ictimaiyyətinə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və ermənilərin
işğalçılıq siyasəti barədə ətraflı
məlumat veriləcək.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 4 iyun.-
S.15.