“Gənclərimizin diaspora
fəaliyyəti daha yüksək səviyyədə
olmalıdır”
Fərhad
Allahverdizadə: “Dağlıq Qarabağ
münaqişəsi, ermənilərin törətdikləri vəhşiliklər
barəsində daima Kipr
əhalisinin beynində bir fikir
yaradırıq”
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin
İdarə Heyətinin üzvü Fərhad Allahverdizadənin
“OLAYLAR”-a müsahibəsi
-Fərhad bəy, Kuzey
Kıbrısda təhsil almağın özəllikləri nədən
ibarətdir və burada Azərbaycandan olan tələbələrə
hansısa güzəştlər edilirmi?
-Mən
Şimali Kiprin Doğu Akdeniz Universitetində magistr təhsili
alan bir gənc kimi söyləyə bilərəm ki, xaricdə
təhsil alan gənc bir çox üstünlükləri
özündə cəmləşdirir. Misal üçün
belə gənclərin dünyagörüşü, həyata
olan inamı, ailəyə, vətəninə sevgisi daha da
artmış olur. Həyata baxışları digərlərindən
fərqlənir ki, bu da onların daima kreativ düşünmələrini
sağlayır. Fərqli, kreativ düşüncələrə
sahib olduqca da bir o qədər özünü kəşf etmənə
imkan yaradırsan. Şimali Kipr kiçik bir ada olduğu
üçün burada gördüyün hər bir iş, hər
bir fəaliyyət tez bir zamanda əks-səda verməyə
başlayır. Kiprlilərlə biz azərbaycanlıların,
mədəniyyəti, dili yaxın olduğu üçün
bizlər Kiprdə digər millətlərdən daha tez
uyğunlaşırıq. Kiprdə təhsil alan gənclərimiz
universitetlərin təhsil haqqının 50 faizindən
azaddırlar ki, bu da biz gənclər tərəfindən
ölkəmizə göstərilən sevginin diqqət və
qayğısı kimi qəbul edilir. Ümumiyyətlə, təhsil
aldığımız Şimali Kiprdə fəaliyyət
göstərən universitetlər bir kampus universitetidir. Bütün
tələbələr bir yerdədir. Onlar birlikdə bir
çox fəaliyyət növləri ilə məşğul
olurlar. Davamlı olaraq istədikləri hər bir şeyi
kampus içərisində tapa bilərlər. Şəhərciklərdə
tələbələrin idman fəaliyyətlərini həyata
keçirmələri üçün də lazımı
şərait var. Universitetlərdə 50-dən çox tələbə
klubları fəaliyyət göstərir. İdman sahəsində
uğurlu nəticələr göstərən tələbələrə
müxtəlif təqaüdlər də verilir. Universitetlərin
140.000-dən çox kitaba malik elektron kitabxanası var. Kiprdəki
ali təhsil müəssisələrinin əsas hədəfi
bütün proqramlarının beynəlxalq akkreditasiyalı
olmasıdır. Tələbəyə təkcə diplom
verilmir. Kampusun içində digər millətlərdən
olan tələbələr də üstünlük təşkil
edir, onlar bir-biriləri ilə ünsiyyət qurur və
dünyagörüşləri inkişaf edir. Texnoloji
imkanlardan həmişə yararlanmağa
çalışılır. Çox zəngin laboratoriyalar
mövcuddur. Təhsil səviyyəsinin yüksək
olması, mədəni mühitdə ingiliscə təhsilin
verilməsi tələbələrin Şimali Kiprə
marağını artırır. Burada dünyada qəbul ediləcək
bir səviyyədə təhsil verilir.
-Siz bir gənc kimi eyni zamanda
ölkəmizdən kənarda Azərbaycanı təmsil
edirsiniz. Bir gənc olaraq Kıbrıs cəmiyyətində Azərbaycanın
problemləri barədə kifayət qədər məlumat
formalaşdıra bilmisinizmi?
-Şimali Kiprdə bütün problemlərimiz barəsində kifayət qədər məlumat formalaşdırırıq desək bir az həqiqətə uyğun olmaz. Siz də yəqin razılaşarsınız ki, həmvətənlərimiz belə bəzən problemlərimizdən xəbərsizdirlər. Belə olduğu zaman da bütün problemlərimizi Kiprdə qabarda bilməmək də təbiidir. Amma, biz əsas dünyəvi problemlərimizi hər səyimizdə gündəmdə tutmağa çalışırıq. Dağlıq Qarabaq münaqişəsi, ermənilərin törətdikləri vəhşiliklər barəsində daima Kipr əhalisinin beynində bir fikir yaradırıq. Sevindrici haldır ki, Qarabağ torpaqlarını azad görmək hər bir türkün istəyi və arzusu olmaqla yanaşı, artıq digər millətlərin də istəyidir. Ümumiyyətlə, bu torpaqları azad etmək, hər bir türk insanın namus borcudur. Yeri gəlmişkən söyləyim ki, biz ölkəmizin problemləri haqqında Kiprdəki əhalini məlumatlandırmaqla yanaşı, ölkəmizin keçdiyi inkişaf yolu, əldə edilən uğurlar, Azərbaycanın dünyadakı rolu və s. bu kimi mövzular barəsində də onları məlumatlandırırıq.
-Ümumiyyətlə,
Azərbaycanın problemləri, Dağlıq Qarabağ
münaqişəsini təhsil aldığınız universitetin tələbə və müəllim
heyətinə hansı formada
çatdırırsınız?
-Bu suala cavab verməmişdən öncə qeyd etmək istərdim ki, Şimali Kiprdə 98 müxtəlif ölkəni əhatə edən 50 mindən çox tələbə təhsil alır. Azərbaycanlı tələbələrin sayına gəlincə isə bu rəqəm 1000-ə yaxındır. Bundan başqa sevindrici haldır ki, Kiprdə 20-ə yaxın azərbaycanlı müəllim dərs deyir. Biz birlikdə bir araya gəlib öz milli bayramlarımızı hər zaman keçirməyə hazırlaşırıq. Dağlıq Qarabaq münaqişəsi ilə bağlı kütləvi təşkil etdiyimiz müxtəlif seminar və konfranslar, sərgi və forumlar, müxtəlif diskussiyalar vasitəsilə kiprliləri məlumatlandırmağa çalışırıq. Həmçinin digər ölkələrin keçirdiyi müxtəlif tədbirlərdə də bununla bağlı çıxışlar etməyə səy göstəririk. Universitetlərin kitabxanalarını ölkəmizlə, Dağlıq Qarabaq münaqişəsiylə bağlı kitablarla təmin etməyə çalışırıq. Bir tədbir keçirməmişdən qabaq elanlar veririk. Təbliğat aparırıq. Bundan başqa, sevindrici haldır ki, xarici tələbələr özləri bizimlə maraqlanmağa daha çox səy göstərirlər.
-Kuzey
Kıbrısda fəaliyyət göstərən Azərbaycan
təşkilatları, eləcə də Azərbaycan-Kıbrıs
Dostluq Cəmiyyəti azərbaycanlı tələbələrlə
hansı formada əməkdaşlıq qurur və tələbələrin hansısa
problemlə üzləşməsi zamanı sizə köməklik
göstərilirmi?
-Biz təkcə, azərbaycanlı tələbələrin deyil, Şimali Kiprdə məskunlaşan bütün azərbaycanlılarin yanındayıq. Daimi olaraq onlarla ünsiyyətlər qurur, tanışlıq məqsədli müxtəlif görüşlər keçiririk. Həmvətənlərimizlə yalnız problemləri olduqda deyil, müxtlif şad günlərində də bir araya gəlirik. Həmvətənlərimiz problemlərlə üzləşdikdə çox zaman onları yerində həll etməyə müvəffəq oluruq, Yerində həll edilməyən problemlər zamanı isə qeydlər aparırıq. Apardığımız qeydləri Kiprdə fəaliyyət göstərən qurumların gündəliyinə salmaqla yanaşı, həmin problemlərin birlikdə çözülməsinə nail oluruq. Bütün təkliflərə açıqıq və təklifləri zamanla dəyərləndirməyə çalışrıq.
-Ümumiyyətlə,
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin
fəaliyyətini necə dəyərləndirirsiniz?
-Məlumat üçün bildirim ki, mən özüm də Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətində təmsil olunuram. Öncə cəmiyyətin adi bir üzvü kimi fəaliyyət göstərsəm də, daha sonradan isə cəmiyyətin İdarə Heyətində yer aldım. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin qapısı hər bir azərbaycanlıya açıqdır. Gördüyümüz işlər, keçirdiyimiz tədbirlər, forumlar hər zaman Kiprdə istər dövlət qurumları, istər müxtəlif siyasi partiyalar, QHT, istərsə də Kiprin tanınmış insanları, tələbələr tərəfindən həmişə maraqla qarşılanıb və dəstəklənib. Hər gördüyümüz işlə adaya səs salmağı bacarmışıq, məqsədlərimizə zamanla yetişməyə çalışmışıq. Məncə, gördüyümüz işlərin effektini müəyyənləşdirmək üçün, fəaliyyətimizlə tanış olmaq yetərlidir. Ümumiyyətlə biz ŞKTC-də fəaliyyət göstərən yeganə qeyri-hökumət təşkilatıyıq.
-Siz
həm də bir diaspor
nümayəndəsi hesab edilirsiniz.
Gənclərimizin diaspor sahəsində iştirakı
sizi qane edirmi?
-Bu gün xaricdə təhsil alan
azərbaycanlı gənclərin
sayı günbəgün
artımaqdadır. Xaricdə təhsil
almaq üçün
ən çox üz tutulan ölkələrdən biri
də Şimali Kipr Türk Cümhuriyyətidir. Mən də
burada yaşadığım
üçün Şimali
Kiprdəki diaspora fəaliyyətindən danışmağım
daha məqsədəuyğun
olardı. Yuxarıda qeyd
etdiyim kimi, Şimali Kiprdə 1000-ə
yaxın azərbaycanlı
tələbə təhsil
alır. Eyni zamanda
Şimali Kiprdə 98 müxtəlif ölkəni
təmsil edən 60 minə yaxın tələbə təhsil
alır.
Şimali
Kiprdə fəaliyyət
göstərən 5 ali təhsil müəssisəsində təhsil
alan gənclərimiz təhsillə, yanaşı
birgə ictimai fəallıqları ilə
də seçilməlidirlər.
Onlar bu və ya
digər mənada, bacardıqları qədər
Azərbaycanın təbliği
ilə bağlı məşğul olurlar.
Təəssüf ki, bəzən
onların Azərbaycanın
təbliği ilə bağlı cəhdləri
yetərsiz olur və yaxud da
istədikləri effekti
vermir. Əlbəttə,
bunun müxtəlif səbəbləri var. Şimali
Kiprdə fəaliyyət
göstərən universitetlər
etiraf edirlər ki, azərbaycanlı tələbələr qədər
öz ölkələrinin
təbliği məqsədilə
heç bir ölkə gəncləri
iş görmür. Onlar da görülən işlərin keyfiyyətində
problemlərin mövcudluğunu
etiraf edirlər.
Universitetlərdə hər bir ölkəni təmsil edən gənclərin təşəbbüsləri dəstəklənir
və tədbirləri
təşkil edilir.
Buradan göründüyü kimi,
universitetlərin maliyyə
baxımından da hər tədbirə vəsait ayıra bilməməsi də başa düşüləndir.
Amma universitetlər tələbələrə
ildə 3-4 tədbir təşkil etmələrinə
maksimum şərait yaradırlar. Etiraf edək
ki, azərbaycanlı tələbələr Şimali
Kiprdə nə qədər tədbir təşkil etsələr
də, orada 98 müxtəlif ölkə
vətəndaşının olmasından yetəri qədər istifadə edə bilmirlər. Məhz bunun nəticəsində Azərbaycanı, ölkəmizin
dünyada yeri və rolu, geostrateji
maraqları, dünyanın
enerji probleminin həllində rolunu digər ölkə vətəndaşları arasında
yaya bilmirlər.
Bunun da müxtəlif səbəbləri var. Biz, fəaliyyətimiz
çərçivəsində gənclərin gücündən
və əlimizdəki
imkanlardan maksimum istifadə edərərək,
çalışır və
daima çalışacağıq
ki, təşkil edəcəyimiz müxtəlif
tədbirlərlə ölkəmizi
dünyaya tanıdaq.
Məncə, gənclərimizin diaspora fəaliyyəti daha da yüksək
səviyyədə olmalıdır.
-Sizcə diaspor sahəsində gənclərin
potensialından yetərli
qədər istifadə
edilirmi və siz daha nəyi
təklif edərdiniz?
-Təəssüf ki, bu gün gənclərimiz
öz potensialarından
maksimum səviyyədə
istifadə etmirlər.
Ümumiyyətlə isə məncə,
ilk növbədə gənclərin
təşəbbüslərinin dəstəklənməsindən əvvəl onlar arasında mövcud olan problemləri həll etmək lazımdır. Bu problemlərin başlıcası
kortəbii və nizamsız fəaliyyətdir.
İlk növbədə bu problem
həll olunmalıdır.
Yəni təşkilatlanma nizamlı
olmalıdır. Nəzərə
alsaq ki, bu ölkədə Azərbaycanın milli maraqlarına biganə qalanların da sayı az
deyil. Yalnız belə olduğu
təqdirdə Azrbaycanın
təbliği ilə bağlı ciddi və eyni zamanda
məqsədə çatan
tədbirlərdən söhbət
gedə bilər.
Problemlərdən biri tələbələrimizin
keçirdikləri tədbirlərə
xarici tələbələrin
cəlb olunmamasıdır.
Onlar keçirdikləri tədbirlərdə
özləri və ən yaxşı mənada universitet rəhbərliyinin təmsil
olunmasıdır. Düşünürük ki, bu yetərli
deyil. Keçirilən hər bir tədbir universiteti əhatə etməlidir.
Təəssüf ki, Şimali
Kipr universitetlərində
çalışan 20-dən çox azərbaycanlı
professor-müəllim heyəti
ilə 1000-dən çox
tələbəmiz arasında
sanki bir uçrum var. Bu körpünün
qurulması zəruridir.
Əslində bunun da müxtəlif, bəzilərinə
görə haqlı səbəbləri var. Bu da
universitetlərarası rəqabət
mühitinin mövcudluğudur.
Mövcud rəqabət mühiti
də Şimali Kiprdə azərbaycanlıların
bir araya gəlməsinə əngəl
olur. Belə olduğu halda
da onlar, başqa bir universitetdə təşkil
olunan tədbirlərdə
iştirak edə bilmirlər və yaxud da bilərəkdən
qatılmırlar. Azərbaycanlı tələbələrin bir-birlərini
yaxından tanımamalarının,
bir-birlərinə dəstək
olmamaların səbəbi
kimi bu amili
də söyləyə
bilərik. Sadəcə təbliğat apararaq problemin aradan qaldırılmasına çalışmaq
lazımdır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2013.- 5 iyun.- S.15.