Azərbaycan diasporunda yeni bir mərhələnin başlanğıcı

 

XX əsrin 70-ci illərin əvvəllərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inkişaf, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə ölkədə milli özünüdərk prosesinin təkamülünə böyük təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev qətiyyət, müdriklik və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdir. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan tam səmərə ilə istifadə edilirdi.

 Xarici ölkələrlə mədəni əlaqələrin qurulmasi, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin («Vətən» cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinə və Vətənlə ayrılmaz tellərlə bağlanması mühüm addımlardan biri idi. Eyni zamanda  respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, Ata  yurduna maraq və bağlılığı artırırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə həmişə böyük qayğı ilə yanaşırdı. Məhz elə bu qayğı və diqqətin sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı qazanmışdır. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanmışdır. Bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb respublikanın inkişafına öz töhfələrini versə də onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdır. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən respublikalararası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər respublikalarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına əhəmiyyətli yardım göstərmişlər. Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır. Bu gün xarici ölkələrdə «Azərbaycanlı» adını şərəf və ləyaqətlə daşıyan neçə-neçə dünya şöhrətli alimlər, ziyalılar, incəsənət xadimləri, iş adamları vardır və onlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Hər bir azərbaycanlı  Rusiya neft sənayesinin qurucularından biri, əfsanəvi neft kəşfiyyatçısı, geoloq Fərman Salmanovun, dünya şöhrətli rəssam Tahir Salahovun, elm aləmində «Zadə» soyadı ilə tanınmış alim Lütfi Əliəsgərzadənin, Fransada yaşayan rəssam Toğrul Nərimanbəyovun, kinodramaturq, «Oskar» mükafatı laureatı  Rüstəm İbrahimbəyovun, müğənni, bəstəkar Müslum Maqomayevin adları ilə fəxr edir, qürur duyur. Ötən əsrin 80-ci illərin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu.

Azərbaycanda milli oyanış daha geniş vüsət almışdır. Təsadüfü deyildir ki, 1989-cu ildə azərbaycanlılar «Dünyanın ən mübariz xalqı» adına layiq görülmüşdülər. Erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası  olan Dağlıq Qarabağın ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı. 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciənin harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, xalqı vahid qüvvə kimi  birləşdirdi.  Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada etiraz səsini ucaltdı, dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. Lakin həmin məqamda respublikamizda bu imkandan istifadə edilmədi və nəticədə mövcud problemlər daha da dərinləşdi.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 6 iyun.- S.15.