"İnternetin imkanlarından diaspora
işində daha artıq istifadə etmək lazımdır”
Raif
Kırkul: “Qarabağ bizim də yaramızdır”
“ Hər
bir Azərbaycan vətəndaşının
acısı bizim də acımızdır”
Azərbaycanın
hər ötən gün əldə etdiyi yeni-yeni uğurlar,
qazandığı nailiyyətlər, eləcə də
ölkəmizdə həyata keçirilən
quruculuq-abadlıq işləri təkcə Azərbaycan vətəndaşları
deyil, həmçinin müxtəlif beynəlxlaq konfrans və
forumlarda iştirak etmək üçün Bakıya gələn
xarici ölkə vətəndaşlarını valeh edir. Həmin
insanların öz ölkələrinə qayıtdıqdan
sonra Azərbaycan barədə söylədiyi fikirlər də
bunu deməyə əsas verir. Belə insanlardan biri də
Kosovada yaşayan və bu ölkədə fəxri azərbaycanlı
kimi ölkəmizi təmsil edən Raif Kırkuldur. Kosova
radiosu və Kosova Xəbər Agentliyində çalışan
Raif Kırkul çalışdığı media vasitələrinin
imkanlarından istifadə edərək Azərbaycanın haqq səsini
dünyaya çatdırmağa çalışır. Onun Azərbaycana
sonuncu səfərindən sonra isə Kosova radiosunda
Qubadakı kütləvi məzarlıq və ermənilərin
orada törətdikləri vəhşiliklər barədə məlumat
verilib.
Raif
Kırkul “OLAYLAR”-a verdiyi müsahibədə Azərbaycan barədə
təssüratlarını bölüşüb və fəxri
azərbaycanlı kimi Kosovada ölkəmizə olan diqqətdən
danışıb.
-Raif
bəy, bir müddət əvvəl Bakıda mətbuatla
bağlı keçirilən beynəlxalq əhəmiyyətli
toplantıda iştirak etmək üçün Azərbaycanda
səfərdə oldunuz. Bu Azərbaycana ilk səfəriniz
idimi?
-Xeyir, bu mənim Azərbaycana ilk səfərim
deyildi. Ümumiyyətlə, Azərbaycana son 6 il ərzində
3 dəfə səfər etmişəm.
-Bəs
Azərbaycandan hansı təssüratla ayrıldınız?
- Hər dəfə sizin ölkəyə
səfər edəndə Azərbaycanın bir qədər də
inkişaf etdiyinin, Bakının daha da gözəlləşdiyinin
şahidi oluram. Xüsusilə, sonuncu dəfə səfərim
zamanı Bakının yeni siması hamımızı heyran
etdi.
-Azərbaycanda
səfərdə olarkən Qubadakı kütləvi məzarlığı
da ziyarət eetdiniz. Kosovaya qayıtdıqdan sonra bu barədə
çalışdığınız Kosova radiosunda və ya
Kosova xəbər agentliyində
hansısa məlumatlar verdinizmi?
-Azərbaycana sonuncu dəfə səfərim
zamanı ilk dəfə paytaxt Bakıdan kənara çıxma
fürsətim oldu. Getdiyimiz Qubadakı kütləvi məzarlıqda
olduqca kədərləndik. Təbii
ki, Kosovaya qayıtdıqdan sonra işlədiyim radio və xəbər
agnetliyində Qubada həyata keçirilən erməni
zülmünün ictimaiyyətə daha geniş mənada
çatdırılması məqsədilə xəbərlər
yaydım. Eyni zamanda Bakıda keçirilən toplantı barədə
də reportaj hazırladım.
-Sizcə
media sahəsində Azərbaycanla Kosova arasında hansısa
layihələr həyata keçirmək olarmı?
-Media sahəsində hansısa layihələri
həyata keçirmək çün hesab edirəm ki, əvvəlcə
Kosova və Azərbaycan arasında diplomatik əlaqələr
qurulmalıdır. Məlumat üçün qeyd edim ki,
sonuncu dəfə Azərbaycana səfərim böyük bir
problemlə baş tutdu. Azərbaycan Kosovanı hələlik
müstəqil bir ölkə olaraq tanımadığı
kimi Kosova pasportunu da tanımır. Lakin mən ssrar edərək
ilk dəfə Azərbaycana Kosova pasportu ilə gəldim. Mənim
bu niyyətimə xoş münasibət bəsləyən Azərbaycanın
müvafiq qurumlarına Bakıda keçirilən toplantı
zamanı çıxışımda təşəkkür
etdim. İndi də sizin mətbu orqan vasitəsilə bir daha
bu fürsətdən istifadə edərək təşəkkrümü
çatdırıram. Düzdür, Avropa Birliyi ölkələrindən
Yunanıstan, İspaniya, Slovakiya Kosovanın müstəqilliyini
tanımasalar da, lakin Kosova
pasportunu tanıyırlar. Ancaq Azərbaycanda Kosovanın və
onun pasportunun tanınmaması iki ölkə arasındakı əlaqələrdə
ən böyük əngəli təşkil edir. Hesab edirəm
ki, Azərbaycanla Kosova arasında media sahəsində əlaqələrin
inkişaf etdirilməsi çox önəmlidir. Xüsusilə,
də iki ölkə vətəndaşlarının bir-birilərinə
daha yaxınlaşması üçün media arasında əməkdaşlıq
çox mühümdür.
-İki
ölkə arasında hansı sahələrdə əlaqələrin
inkişaf etdirilməsini zəruri sayırsınız?
- Azərbaycanla Kosova arasında siyasi sahə
başda olmaqla qeyri-hökumət təşkilatları, media
sahəsində əlaqələrin inkişaf etdirilməsi zəruridir.
Kosovadakı Türk toplumu Türkiyə ilə əlaqələrin
inkişaf etdirilməsində köprü rolunu
oynadığı üçün Azərbaycan da bundan istifadə
edə bilər. Məlumat üçün qeyd edim ki, Kosovada
təxminən 20 minə yaxın türk yaşayır. Azərbaycandan olan qardaşlarımız
arasında coğrafi və sərhəd məsafəsi olsa da,
qardaşlığımız daimidir. Çünki
qardaşlıq sərhəd tanımaz. Qarabağ bizim də
yaramızdır. Hər bir Azərbaycan
vətəndaşının acısı bizim də
acımızdır.
-Dağlıq
Qarabağ problemi, ermənilərin Azərbaycan ərazilərini
işğal etməsi ilə bağlı Kosova ictimaiyyətində
kifayət qədər məlumat varmı?
-Çox təssüflər ki, yoxdu. Bu məsələdə daha
artıq fəaliyyət göstərilməsi lazımdır.
Hesab edirəm ki, iki ölkənin mediası arasındakı əməkdaşlıq
və siyasətçilərin qarşılıqlı şəkildə
səfərləri Dağlıq Qarabağ probleminin Kosovada
daha artıq dərəcədə tanıdılmasına gətirib
çıxara bilər.
-Kosovada
azərbaycanlılar yaşayırmı və onların
sayı təxminən nə qədərdi?
-Təssüflər olsun ki, Kosovada Azərbaycan
cəmiyyəti və ya təşkilatı yoxdu. 5-6 il əvvəl
Kosova Türk Taboru çərçivəsində Draqaş
(Prizren yaxınlığında) bələdiyyəsində
bir Azərbaycan birliyi xidmət keçmişdi. Həmin Azərbaycan
birliyi Kosova xalqı tərəfindən çox böyük
hörmət və sevgi görmüşdü.
-Kosovada
qarşılaşdığınız hansısa problemlər
varmı və əsas problemləriniz nədən ibarətdir?
-Kosovada etnik problem hələ də həll
edilməmiş qalır. Ölkənin cənubunda çoxluq
təşkil edən serblər hələ də inteqrasiya
olunmayıblar. Aprelin 19-da Avropa Birliyinin təşəbbüsü
ilə Brüsseldə Kosova və
Serbiya arasında anlaşma əldə edildi. Həmin
anlaşmanın həyata keçməsi gözlənilir. Digər
bir problem işsizlikdir. Kosovada işsizlik təxminən 40 fazi
təşkil edir. Bununla yanaşı korrupsiya halları da
ölkənin ən böyük problemlərini təşkil
edir.
-Siz eyni zamanda Kosovada Azərbaycan
diasporunun bir təmsilçisi
olaraq da tanınırsınız. Sizcə diaspor
işində hansı yeni texnologiyalardan istifadə etmək
faydalıdır?
-Azərbaycan
diasporasının Kosovadakı
təmsilçisi olaraq indiyə qədər sadəcə
bir toplantıda iştirak edə bilmişəm. Almanyada ikinci
dəfə təşkil edilən Azərbaycan diaspor təşkilatlarının
forumunda iştirak etməyi çox istəsəm də,
lakin viza problemi səbəbindən iştirak edə bilmədim. Hesab
edirəm ki, bu kimi toplantılar fikir mübadiləsi
üçün çox önəmlidir. Həmçinin
internetin imkanlarından diaspora işində daha artıq istifadə
etmək lazımdır. Kosovada fəxri azərbaycanlı
olaraq bu istiqamətdə əlimdən gələni etməyə
hazıram.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 7 iyun.- S.15.