“Türkiyə
və Azərbaycan diasporası hər keçən gün
qüvvətlənməkdədir”
Bilal Dündar: “2000-ci ildən
etibarən Azərbaycan diaspora məsələsində olduqca
çox böyük nailiyyət qazanmağa başladı”
“Daha
çox uğur qazanmağımız üçün
diasporamızda əvvəlcədən müəyyən
edilmiş ortaq strategiya yazılmalı və o istiqamətdə
də fəaliyyətimizi davam etdirməliyik”
Azərbaycan
diasporunun Türkiyədə təşkilatlanması, onun
inkişaf etdirilməsi istiqamətində davamlı fəaliyyət
göstərən qurumlardan biri də Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyasıdır. 2006-cı ildən
etibarən qardaş ölkədə fəaliyyət göstərən
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası
ötən müddət ərzində Azərbaycanın haqq səsinin
Türk cəmiyyəti, eləcə də dünya ictimaiyyətinə
çatdırılması istiqamətində kifayət qədər
işlər görüb. Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının prezidenti Bilal Dündarla söhbətimizdə
rəhbərlik etdiyi qurumun fəaliyyəti dövründə
gördüyü işlər və qarşıya qoyduğu məqsədlərdən
danışdıq.
“OLAYLAR”-a verdiyi müsahibədə
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının rəhbəri bu ayın 21-də Bakıda
keçiriləcək Türk Diaspor Təşkilatlarının
Forumundan gözləntilər, eləcə də Türkiyədə
Azərbaycan diasporunun mövcud durumu barədə söhbət
açıb.
-Bilal
bəy, Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının sədri olaraq hazırda tükdilli ölkələrin
diaspor təşkilatları arasındakı əməkdaşlığı
necə dəyərləndirirsiniz?
-Əvvəlcə
onu qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası 2006-cı ildə Türkiyədə fəaliyyət
göstərən dərnəklərin bir araya gələrək
yaratmış olduğu bir federasiyadır. Bu gün Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyasının Türkiyənin 9
vilayətində 13 dərnəyi fəaliyyət göstərir və dərnək sayımız
getdikcə sürətli şəkildə artmaqdadır.
Yaxın zamanlar içərisində Qars, Mardin və Rizədə
də yeni dərnəklərimizin
açılışlarını həyata keçirəcəyik.
2000-ci
ildən etibarən istər Azərbaycan,
istərsə də digər türkdilli ölkələr
diaspora məsələsində ciddi işlər görməyə
başladılar. Bu gün türkdilli ölkələrin
diaspora təşkilatları arasında əməkdaşlıq
mövcuddur və bu əməkdaşlıq hər il həyata
keçirlən müxtəlif beynəlxalq forumlar,
toplantılarla daha da möhkəmlənir. Sadəcə
diaspora deyil, ayrı-ayrı ölkələr arasında
da sıx əməkdaşlıq
mühiti yaradılır. Bu sıraya Türkdili Ölkələrin
Parlament Assambleyası (TURKPA), TURKSOY, Türk Dilində Danuşan Ölkələrin Əməkdaşlıq
Şurası, Türk Dünyası Bələdiyyələr
Birliyi kimi təşkilatları daxil etmək olar. Ümumiyyətlə,
diaspora təşkilatları arasında birlik, bərabərlik,
geniş mənada koordinasiyanın təmin edilməsi vacibdir.
Bu bir danılmaz faktdır ki, uğur əldə etməyin
sirri birlikdə hərəkət etməkdir. Bir birimizin
duyğu və düşüncəsini daha yaxşı anlamaq
üçün də Türkcəni də ortaq dil olaraq
istifadə etməliyik.
-Bu ayın 21-də
Bakıda türkdilli ölkələrin diaspor təşkilatlarının
forumu keçiriləcək. Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası olaraq bu forumdan gözləntiləriniz nədir
və bu toplantı türk dünyasının birlik və bərabərliyi
istiqamətində atılan addınları bir qədər də
sürətləndirəcəkmi?
-Məlum
olduğu kimi iyun ayının 21-də Bakıda Diaspor Təşkilatlarının
Forumu keçiriləcək. Bu forumun Türk
Dünyasının birlik və bərabərliyi
üçün faydalı olacağına inanıram. Hər
ölkədən gələn insanların burada turist kimi
deyil, könüllü olaraq diasporaya inanıb, zamanını
bu işə ayırması lazımdır. Əgər belə
bir anlayış içərisində olsaq o zaman qısa bir
zamanda böyük yol qət edə biləcəyimizə və
uğurlu nəticələr qazanacağımıza
inanıram.
-Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası rəhbəri olaraq Türkiyədə Azərbaycan
diasporunun vəziyyətini necə xarakterizə edərdiniz?
-Türkiyə
və Azərbaycan diasporası hər keçən gün
qüvvətlənməkdədir. Bizim tarixi
qardaşlığımız və dostluğumuz əbədidir.
Azərbaycanda və Türkiyədə bu qardaşlıq
gün keçdikcə hər sahədə artan əməkdaşlıq
mühiti ilə daha da genişlənməkdə, möhkəmlənməkdədir.
Bu mənada mərhum prezident Heydər Əliyevin “Bir Millət,
İki Dövlət” kəlamı tarixi bir gerçəyimizi
çox gözəl vurgulayır. Türkiyədə
yaşayan 3 milyon Azərbaycan Türkü ilə birlikdə 76
milyon Türk Azərbaycanımızla bərabərdir.
-Ümumiyyətlə, hazırda
dünya ölkələri üzrə Azərbaycan diasporunun vəziyyəti
hansı səviyyədədir?
-2000-ci
ildən etibarən Azərbaycan diaspora məsələsində
olduqca çox böyük nailiyyət qazanmağa
başladı. Nəticədə xarici ölkələrdə
yaşayan soydaşlarımızın Azərbaycan Diasporla
İş Üzrə Dövlət Komitəsinin də həyata
keçirdiyi məqsədyönlü tədbirlər əsasında
diaspora fəaliyyətlərində iştirak səviyyəsi və aktivliyi
artdı. Həyata keçirdikləri müxtəlif layihələrlə diaspora sahəsində fəaliyyət
göstərən digər təşkilatları bir araya gətirərək
qarşılıqlı əməkdaşlıq etdilər. Bu
da onların fəaliyyətlərinə müsbət təsir
göstərdi. Eyni zamanda bir sıra məsələlərdə
Azərbaycan və Türk Diasporası artıq ortaq hərəkət
edən mərhələyə gəldi.
-Azərbaycan diasporunun daha
böyük uğurlara imza atması üçün nələri
təklif edərdiniz?
-Daha
çox uğur qazanmağımız üçün
diasporamızda əvvəlcədən müəyyən
edilmiş ortaq strategiya yazılmalı və o istiqamətdə
də fəaliyyətimizi davam etdirməliyik. Həmçinin
mütəmadi olaraq qarşılıqlı fikir mübadiləsinin
aparılması lazımdır. Hazırda diasporamız sürətli
şəkildə güclənməkdədir. Amma bu da kifayət
deyil. Bu fəaliyyətlər könüllülük prinsipinə
dayandığı üçün bir çox
insanlarımız maddi imkansızlıq baxımından istənilən
səviyyədə iş görə bilmirlər. Ona görə
də xüsusilə işadamlarımızın həmin
insanları dəstəkləməsi lazımdır. Bu
olduğu halda gücümüz daha çox artar və Azərbaycan
həqiqətlərinin dünya xalqlarına və ictimaiyyətinə
çatdırılması daha da asanlaşar. Həmçinin
diaspora sahəsində fəaliyyətlərin genişləndirmək
üçün qəzet, radio və televiziya kimi vasitələrə
sahib olmaq lazımdır.
-Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyasının yaxın aylar
üçün Türkiyədə nəzərdə
tutduğu tədbirlər nədən ibarətdir?
-Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası əvvəlki illərdə
həyata keçirdiyi böyük layihələri davam etdirəcək.
Bu ilin sonunda Türkiyədə ilk dəfə birinci
Qarabağ Simpoziumu keçirməyi
düşünürük. Təbii ki, bu da maddi dəstək
olacağı təqdirdə baş tutacaq. Bundan başqa Azərbaycanın önəmli
günləri ilə əlaqədar olaraq müxtəlif
konfranslar, seminarlar, mətbuat konfransları və buna bənzər
digər fərqli tədbirlər həyata keçirəcəyik.
Bu kimi tədbirlərimiz hər zamankı kimi davam edəcək.
Ümumiyyətlə, hər bir fəaliyyət, layihə
üçün maddi dəstəyə ehtiyac var. Əgər
maddi dəstək olmasa hər şey xəyal olaraq
düşüncədə qalır.
-Türkiyədəki Azərbaycan
diaspor təşkilatları, cəmiyyət və mərkəzlər
arasında birlik və bərabərlik varmı?
-Azərbaycan
sevgisi, sayğısı, bağlılığı, duyğu
və düşüncəsi içərisində olan hər
təşkilat, qurum və cəmiyyətin
başımızın üzərində yeri var. Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası bu məqsədlə yaradılıb və bu
düşüncə ilə də yoluna davam edir.
-Bəs Azərbaycanın
Türkiyədəki səfirliyi ilə hansısa səviyyədə
əməkdaşlıq edir, əlaqələr qurursunuzmu?
-Azərbaycanın
Türkiyədəki bütün diplomatik təmsilçilikləri
ilə yaxından əməkdaşlıq edirik və normal əməkdaşlıq
mühiti mövcuddur. Bizim keçirdiyimiz hər bir tədbirlərdə
onlar da iştirak edirlər. Zaman-zaman birgə toplantılar
keçirir və
qarşılıqlı şəkildə bir-birimizi məlumatlandırırıq.
-Gənclərin diaspor fəaliyyətində
imkanlarından yetərli səviyyədə istifadə
edilirmi? Türkiyədə təhsil alan və ya yaşayan azərbaycanlı
gənclər bu mənada nə dərəcədə fəaldırlar?
-Gənçlərimiz
ilk növbədə təhsil alıb bacarıqlı olma məsuliyyəti
daşıyırlar. Boş zamanlarında isə diaspora məsələsinə
könül verənlərlə birlik və bərabərlik
çərçivəsində işlər aparılır. Əlimizdən
gəldiyi qədər onlara hər məsələdə
yardım etməyə çalışırıq. Ümumiyyətlə,
gənçlər hamımızın gələcəyidir. Diasporamızın və dövlətlərimizin
idarəçiliyi sabah onların çiyinlərində olacaq.
Azərbaycan Respublikası
Prezidenti yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.-
2013.- 8-10 iyun.- S.15.