Boşanmaların
sayı niyə artıb?
“Qadınlarımız bir
çox hallarda “kişidir də, qoy gəzsin. Onsuz da
fırlanıb evə gələcək” deyə
düşünür”
Bizim qadınlar da ərlərini
aldadır”
Son illər
boşanmaların sayının öncəki illərlə
müqayisədə artdığını müşahidə
edə bilərik. Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin rəsmi saytından əldə etdiymiz məlumata
görə, 2009-cu ildə boşanmaların sayı 7784,
2010-cu ildə 9061, 2011-ci ildə isə 10747 olub. Ən
çox boşanma halları 30-34 yaşlarda olan cütlüklər
arasında müşahidə edilib. 2011-ci ilin göstəricilərinə
görə bu yaş həddində olan tərəflər
arasında boşanmalar 2472 dəfə qeydə alınıb.
24-29 yaş həddində olan şəxslər arasında
boşanma halı isə 2092 dəfə qeydə
alınıb. 10 il öncə Azərbaycanda boşanmaların
sayı indikindən iki dəfə az olub. Rəsmi statistika da
boşanmaların sayının il-ildən
artdığını deyir. Tərəflərin bir-birini
başa düşməməsi, xırda bir məsələyə
görə geniş müzakirələr təşkil etməsi,
qadın hüquqlarının tapdalanması, xəyanət və
s. bu kimi amillərin son nəticəsi boşanma ilə
sonuclanır. Tərəflər əksər hallarda
boşanmaqla hər şeyi həll edə biləcəklərini
düşünürlər. Lakin boşandıqdan sonra yarana
biləcək çətinliklər qərar qəbul edərkən
bəzi hallarda arxa planda qalmalı
olur. Boşanmalar azyaşlılara da təsirsiz
ötüşmür. Ata-anası boşanan
azyaşlının həyat səviyyəsi, düşüncələri
yaşıdlarından fərqlənir. Boşanmaların yarada
biləcəyi gərginliklər, uşaqlara təsiri, sosial və
psixoloji tərəfləri haqda
müzakirə təşkil etmək üçün
psixoloq və sosioloqla əlaqə saxladıq.
Psixoloq
Dəyanət Rzayev seksual
münasibətlərin də boşanmalara səbəb olan
mühüm faktorlardan biri olduğunu deyir. Psixoloqun sözlərinə
görə, məsələyə Azərbaycan
reallığı ilə yanaşsaq ər, ya arvadın məhz
bu səbəbə görə boşandığını
etiraf etməkdən imtina etdiyini görə bilərik: “Boşanmaların səbəblərini
araşdırmaq lazımdır. Ümumdünya
statistikasına nəzər saldıqda boşanmaların 50
faizindən çoxuna səbəb olan amil kimi seksual
münasibətlərin mühüm rol
oynadığını deyə bilərik. Azərbaycanda
boşanan tərəflər heç vaxt bunu etiraf etmir. Buna səbəb
də sovet psixologiyasında seks deyə bir anlayış
olmaması, heç kəsin bu haqda
danışmamasıdır. Azərbaycan ailəsində nə
ər, nə də arvad həyat yoldaşından
ayrılmasına səbəb kimi qarşı tərəfin
onu yataqda yaxına buraxmadığını deyə bilir. Bu
cür cütlüklərlə tez-tez söhbət
aparıram. Nəticə etibarı ilə körpə
dünyaya gəldikdən sonra tərəflər arasında
seksual münasibətlərdə soyuma yaranır. Bu Azərbaycan
reallığıdır. Təxminən 50 faizdən çox
cütlüklərdə bu anoloji hal müşahidə edilir.
Cütlükərin şüuraltı düşüncələrində
“artıq nəsli davam etdirən var” deyə fikrin
formalaşması tərəflər arasında soyuma
yaradır.
-Boşanmaların son illər
artmasının gənclərin ailə həyatı qurmaqdan
imtina etməsinə necə, təsir edə bilirmi?
-Təbii ki, bu amil də gənclərin
ailə həyatı qurmaqdan imtina etməsində mühüm
rola malik olduğunu deməyə əsas verir. Bəlkə də belə
daha düz addım atmış olurlar. Ailə həyatı
qurduqdan sonra çoxsaylı problemlər yaranır. Sovet
dövründə hər kəsin gələcəyi müəyyən
edilirdi. Amma hazırki dönəmdə gənclərin gələcəyi
müəyyən edilmir. 1000 manat əmək haqqı alan
şəxs necə ev alsın? Sosial problemlər də ailədaxili
münaqişələrə səbəb olur. Sosial problemlərlə
yanaşı qohumların müdaxiləsi, xəyanətin də
bu gün boşanmaların sayının artmasında
xüsusi çəkiyə malik olduğunu deyə bilərik.
Oğlan anasının çətin xasiyyətinin olduğunu
bilə-bilə “mən tək oğlanam, anamla
yaşamalısan” deyib gəlini qaynana yanına gətirir.
Valideyn gəlini incidəndən sonra qadının
boşanmaqdan başqa çıxış yolu qalmır.
-Nədənsə Azərbaycan
reallığında boşanan tərəflər cəmiyyət
tərəfindən də pis qarşılanır. Beləcə
sıxıntı yaşayan şəxslərin digərləri
ilə münasibətlərində də problemlər
yaranır. Bir çoxları “ər evindən ancaq kəfənlə
qayıda bilərsən” deyə düşünür.
Amansız ərdən ata-anasının sözünə, cəmiyyətin
ictimai qınağına görə ayrıla bilməyən
qadın sonda qanlı baltaların, şiddət və
zorakılığın qurbanı olur...
-Düzdür, mentalitetimizdə
boşanmaya pis baxılır. Şəxsən mən bunu
normal qəbul edirəm. “Camaat nə deyər?”, “qonşular nə
deyər?”, “uşağım atasız qalar” deyərək
özümüzün və azyaşlının bu münasibətlərdən
nə qədər psixoloji zərbə aldığını
düşünmürük. Həyat yoldaşından
ayrılmaq istəməyən qadın beləcə psixopat,
narkoman, aqressiv əri ilə birgə yaşamalı olur. Nəticədə
də kriminalların sayı artmalı olur. İşgəncələrə,
təqiblərə məruz qalan qadının sonu əri tərəfindən
öldürülməklə yekunlaşır. Sonradan bir-birini
öldürməkdənsə boşanaraq ayrılmaq daha
yaxşıdır. Avropalılar belə ailə modelində
yaşamaqdansa ömür boyu subay qalmağa
üstünlük verərlər. Dəfələrlə azərbaycanlı
qadınların əcnəbi kişiyə ərə getdiyini
görə bilərik. Heç vaxt əcnəbi qadınlar azərbaycanlı
kişiyə ərə getmirlər. Bizim kişiləri
heç bir avropalı qadın bəyənmir. Ona görə,
kişilərimiz deyir ki, Azərbaycan
qadınlarından heç yerdə yoxdur.
-Bir
çoxlarımızda “kişi xəyanət edə bilər”
deyə bir düşüncə var. Kişilər nəsə
edirsə bunu normal qarşılayırıq...
-Avropada xanımına xəyanət edən
kişiyə həm qanun, həm də ki, cəmiyyət sərt
davranır. Azərbaycanda isə kişi qadınına xəyanət
edə, başqası ilə gəzə bilər.
Qadınlarımız bir çox hallarda “kişidir də, qoy
gəzsin. Onsuz da fırlanıb evə gələcək” deyə
düşünür. Bizim qadınlar da ərlərini
aldadır. Bunula belə yenə də birgə həyata davam
edirlər. Amma xaricdə bu belə deyil. Onlar münasibətlərində
çat yaranan kimi hər şeyi sona çatdırırlar.
-Kişilərə
hər şeyi etməyə “icazə” verilsə də,
onların xəyanəti “bağışlanılsa” da
qadınların xəyanəti “bağışlanmaz” hesab
edilir...
-Kişilərin xəyanətinə
qadınlar çətinliklə də olsa dözür. Amma xəyanətə
məruz qalan kişi heç vaxt buna göz yuma bilmir.
-Bəs,
hansı tərəf daha çox boşanmalara səbəb
olur?
-Kişilər daha aqressiv və psixopat
olduğu üçün boşanmalara əsasən
onların səbəbkar olduğunu deyə bilərik.
-Boşandıqdan
sonra hansı psixoloji problemlər yaranır?
-İnsan var ki, boşandıqdan sonra da
özünü həmin şəxslə ailəli hesab edir.
Belədə onlar sərbəst həyata atıla bilmədiklərindən
kiminləsə münasibət qurmaqda da çətinlik
çəkirlər. Yarımçıq ailə modeli
azyaşlılara da mənfi təsir edir. Xaricdən fərqli
olaraq Azərbaycanda tərəflər boşandıqdan sonra
bir-biri ilə düşmən olurlar ki, bunun da əsas zərərini
azyaşlılar görür.
Psixoloq
Elnur Rüstəmov isə ata-anası bir-birindən
ayrılan ailələrdə böyüyən
azyaşlıların gələcək həyat tərzləri
haqda danışaraq boşanmaların əsas səbəbləri
haqda da məlumat verib: “Erkən yaşlarda bu özünü
biruzə verməsə də yeniyetməlik yaşlarına
çatdıqdan sonra boşanmış və münaqişəli
ailədə böyüyən uşaqlarda həyata, insanlara
qarşı inamsızlığın olduğunu
müşahidə edə bilərik.
Tərəflər arasında bəzən əsaslı,
bəzən isə əsassız münaqişələr
baş verir. Məişət zəminində baş verən
konfliktlər böyüyərək əhatəsini də
genişləndirir. Beləcə xırda problemə görə
həm qız, həm də oğlan tərəf
münaqişəyə cəlb olunaraq müəyyən
çıxış yolları axtarmalı olurlar. Ata-anası
arasında normal münasibətlər görməyən,
boşanmış ailədə böyüyən uşaq ailə
həyatı qurduqdan sonra müəyyən problemlərlə
qarşılaşaraq həyat yoldaşından
ayrılmalı olur. Boşanmaların əsas səbəbi ailə
münasibətlərinin normal olmamasından qaynaqlanır. 10 dəfə
oğlu üçün nişan aparan ana hər dəfə fərqli
əsas irəli sürərək münasibətlərin
qırılmasına səbəbkar olur. Dindirəndə də
oğlunun bədbəxt olmasını istəmədiyini deyir.
Bu kimi amillər valideynlərin övladlarının gələcək
həyatlarında müxtəlif problemlər
yaratdığını göstərir”.
Sosioloq Əhməd
Qəşəmoğlu isə cəmiyyətdə
bu kimi arzuolunmaz halların baş verməsinin,
boşanmaların sayının artmasının əsas səbəbini
maddiyatın mənəviyyatı üstələməsində
gördüyünü deyir: “Maddi amillərin mənəvi
amilləri üstələməsi cəmiyyətdə bu kimi
xoşagəlməz hadisələrin baş verməsi ilə
nəticələnir. Ailə hər zaman mənəvi dəyərlər
üzərində qurulmalıdır. Mənəvi amillər
güclü olduqda qurulan ailənin təməli də möhkəm
olur. İnsanlar ruhən və mənən ailənin müqqəddəsiyini
qəbul etdikdə onun təməlləri də möhkəm
olar. Ailəni bir qurum kimi qoruyub saxlayan mənəvi dəyərlərdir.
Maddiyyatın mənəviyyatı önləməsi ailə dəyərlərinin
ölməsinə səbəb olur. Belə bir cəmiyyətdə
ailələrin dağılması qaçılmaz hal hesab
edilir”.
-Bəs,
boşanmaların sayının artmasını maddi
sıxıntılarla izah etmək olarmı?
-Maddi sıxıntı hər zaman olub.
50-60-cı illərdə də bu belə olub. Lakin o vaxt maddi
amillər mənəvi amillərin təsiri altında idi. Mənəvi
amillər hər şeydən üstün tutulurdu. O, zamanlar
maddi sıxıntılar olsa da ailədaxili ənənələrə
görə ailə strukturu qorunur, bir o qədər də
münaqişə baş vermirdi. O zamanlar ailədaxili
nizamı mənəvi amillər qoruyurdu. Lakin hazırki
dövrdə bu nizamı qoruyacaq mənəvi amillər
üstün tutulmadığından müxtəlif
münaqişələr, söz-söhbətlər
yaranır. Ailədaxili münaqişələr cəmiyyətdə
maddi amillərin təsiri altında baş verir.
Bu gün ailədaxili münaqişələrin,
qətllərin, xəyanətin artmasının kökündə
mənəvi amillərin arxa planda olması dayanır.
-Son illərə
nəzər salsaq boşanmaların sayında iki dəfə
artım görə bilərik. Birdən-birə ailə
strukturunun zərbə altına düşməsinə nə
səbəb oldu?
- Azərbaycanda boşanmaların
sayının artmasında baş verən qlobal hadisələrin
və maddiyatın üstün tutulmasının mühüm
rolu var. Kapitalist rejiminin əsas özəyini də maddiyyat təşkil
edirdi. Maddiyyatdan başqa hər şey kapitalizmə xidmət
edirdi. Beləcə insanların əsas məqsədləri
kapitallarını artırmaq oldu. Yer üzündə
qloballaşmanın davam etdiyi bir dövrdə maddiyatın daha
öndə olması fəlsəfəsi aparıcı rol
oynamağa başladı. SSRİ-nin dağılmasından sonra
xaos yarandığı üçün maddiyyatı
üstün tutan şəxslər önə çıxaraq
hər şeyi ələ keçirməyə
başladılar. Belə vəziyyət yarandıqda
maddiyyatı üstün tutan şəxslər daha çevik
olduğu üçün mənəviyyat
daşıyıcıları zəifləməyə
başlayır. Maddiyyat get-gedə cəmiyyətdə aparıcı
rola malik olduğu üçün ailədaxili münaqişələrin
də sayı artır. Bu kimi hadisələrin baş verməsinin
kökü mənəvi dəyərlərin qüvvədən
düşməsindən bəhrələnir. İnsanlar
artıq mənəviyyata görə deyil, maddiyyata görə
bir-birləri ilə yarışır.
Meşşanlığın artması, ailələrin maddi
amilləri rəhbər tutması nəticəsində cəmiyyətdə
bu kimi xoşagəlməz hadisələr baş verir,
münaqişələr artır.
-Boşanmaların
öncəki illərlə müqayisədə son üç
ildə artdığını görə bilərik. Gələcəkdə
necə, boşanmaların sayının artacağı
gözlənilirmi?
-Hələlik proseslər arzuolunmaz istiqamətdə
gedir. Nə qədər ki, bu sahədə ciddi islahatlar
aparmayacağıq, o zaman vəziyyət daha da arzuolunmaz həddə
çatacaq. Bu il ötən ildən, ötən illər də
daha öncəki illərdən pis nəticələr əldə
edilir. Bu heç kəsin gücü çata bilməyəcək
bir qanuna uyğunluqdur. İslahatlar aparılmadan bu sahədə
yaxşılığa doğru hər hansı dəyişiklik
əldə edə bilməyəcəyik. Sosiologiyanın,
sosial psixologiyanın qanunauyğunluqlarında da bu məsələ
əksini tapıb. Maddiyyat önə keçdikdə
münaqişələr, mənəviyyat önə
keçdikdə isə cəmiyyətdə
öz-özünü tənzimləmə yaranır.
Öncəki illərdən fərqli olaraq
gənclərin ailə həyatı qurmaqdan imtina etməsinə
boşanmaların təsirini öyrənmək
üçün sorğu təşkil edərək şəhər
sakinlərinin rəyini öyrənəcəyik.
Nigar Məhərrəm
Olaylar.-
2013.- 8-10 iyun.- S.11.