Ukrayna Azərbaycanlı Gənclər Birliyi
Ukraynada Azərbaycan diasporunun
gənc siması
Bu
gün Azərbaycan diasporunun
güclü olduğu
ölkələrdən sayılan Ukraynada
çoxsaylı diaspor təşkilatları
fəaliyyət göstərməkdədir.
Düzdür, son illər ərzində
Ukraynadakı Azərbaycan diasporu daxilində müəyyən
problemlər yaransa və ziddiyətlər meydana çıxsa
da, lakin əksər məsələlərdə, xüsusilə
Azərbaycanın ümummilli problemləri ilə bağlı
məsələdə Ukraynada yaşayan
soydaşlarımız vahid mövqe nümayiş etdirirlər.
Sevindirici hal isə ondan ibarətdir ki, Ukraynada yaşayan və
diaspor işində fəallıq göstərən
soydaşlarımız arasında gənclərimiz daha
çox aktiv görünürlər. Bu ölkədə azərbaycanlı
gənclərin yaratmış olduğu bir sıra təşkilatlar
və onların diaspor işinə verdiyi dəstək belə
deməyə əsas verir. Ukraynada fəaliyyət göstərən
ən güclü və şəbəkələşmiş
təşkilatlardan biri Ukrayna Azərbaycanlı Gənclər
Birliyidir. Məlumat üçün qeyd edək ki, Ukrayna Azərbaycanlı
Gənclər Birliyi 2010-cu il, aprel ayının 24-də bu
ölkədə yaşayan bir qrup fəal gənc
soydaşımız tərəfindən təsis edilib. Təsadüfi
deyil ki, aprelin 24-ü tarixi həmin gündən etibarən
Ukraynadakı azərbaycanlı gənclərin həmrəylik
günü kimi tarixə düşüb. Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin təsis toplantısında iştirak edən
gənc soydaşlarımız əksəriyyət səs
çoxluğu Anar Tahirovu sözügedən təşkilatın
sədri seçiblər. Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin fəaliyyətə başladığı zaman
qarşısına qoyduğu məqsəd və vəzifələr
sırasına Azərbaycan həqiqətlərinin Ukrayna
ictimaiyyətinə çatdırılması, zəngin
tarixi-mədəni irsimizin təbliği və diaspor işinə
dəstək daxil edilib. Birmənalı
olaraq eyd etmək olar ki, fəaliyyət göstərdiyi
qısa vaxt ərzində Ukrayna Azərbaycanlı Gənclər
Birliyi yarandığı zaman qarşısına qoyduğu məqsəd
və vəzifələrin icrası istiqamətində məqsədyönlü
şəkildə fəaliyyət göstərərək
müxtəlif tədbirlər, layihələr həyata
keçirib.
Ukrayna Azərbaycanlı Gənclər
Birliyi fəaliyyətə başladığı gündən
bu ölkədəki rəsmi qurumlar, eləcə də Azərbaycanın
Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyi
ilə yaxından əməkdaşlıq edərək normal əlaqələr
qurub. Belə ki, 2011-ci il, oktyabr ayının 17-də Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin Gənclər Mərkəzində Azərbaycanın
Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri
Eynulla Mədətli, eləcə də Azərbaycan Ukrayna
parlamentlərarası dostluq qrupunun uzvləri, millət vəkilləri
Eldar İbrahimov, Elmira Axundova, Hüseynbala Mirələmov,
Rüfət Quliyev, İqbal Məmmədovla görüş
keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin
İdarə Heyətinin görüşü maraqli müzakirələr
və gələcəkdə birgə layihələrin həyata
keçirilməsi ilə yadda qalıb.
Ukrayna Azərbaycanlı Gənclər
Birliyi fəaliyyət dövründə bu ölkənin siyasi həyatında
da fəal rol oynamağa çalışıb. Belə ki, təşkilat Ukraynada keçirilən parlament
seçkilərində öz namizədi
ilə mübarizə aparıb. 2012-ci il,
oktyabrın 28-də Ukrayna Ali
Radasına keçirilən seçkilərdə yeganə azərbaycanlı
namizəd məhz Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin üzvü Rəna
Nəzərova olub. Həmyerlimiz 15
namizəd arasında 2–ci yeri
tutsa da, lakin Ali Radanın
deputatı olmaq şansını qazana bilməyib. Buna baxmayaraq Rəna Nəzərova siyasi
fəaliyyətini davam etdirməklə
növbəti seçkilərdə uğur
əldə edərək Azərbaycanla Ukrayna
arasındakı tarixi dostluq
əlaqələrinin inkşaf etdirilməsində
öz sözünü
deyəcəyinə əmindir.
Yarandığının
ikinci ilində Ukrayna
Azərbaycanlı Gənclər Birliyi
növbəti forum keçirib.
Forumda azərbaycanlı
gənclərin milli mənəvi dəyərlərini
qoruyub yaşatmaları şərti ilə
Ukraynanın ictimai siyasi,
elmi, mədəni həyatına inteqrasiya olunmaları istiqamətində irəli
sürülən tövsiyələr, ermənilərin Azərbaycana
qarşı həyata keçirdikləri ideoloji
təxribatların qarşısının
alınmasında birgə mübarizənin aparılması
strategiyasının düzgün
qurulması forumun uğurlu
nəticələri kimi dəyərləndirilib.
Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin böyük
inkişaf yolu keçdiyini bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Ceyhun
Osmanlı, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azər
Xudiyev, Birləşmiş Millətlər
Təşkilatının Azərbaycandakı proqram
rəhbəri Məzahir Əfəndiyev və
digər panel moderatorları müzakirələrin
çox aktiv və səmərəli
təkliflərlə yadda
qaldığını bildiriblər. 2 gün
davam edən forumun yekun ziyafət mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək belə
bir tarixi toplantıda Azərbaycanın rəsmi dövlət nümayəndələrinin
iştirak etməsini, xüsusində
Rusiyadakı Azərbaycan Gənclər Təşkilatının
sədri Leyla Əliyevanın forum iştirakçılarına
ünvanlandığı təbrik məktubunun Ukraynadakı
azərbaycanlı gənclərin gələcək
inkişafına stimul verəcəyini
bildirib. Azərbaycan Dövlət
Neft Şirkətinin Ukrayna
Azərbaycanlı Gənclər Birliyini
ofislə təmin etməsini ölkəmizdə bir çox sahələrlə
yanaşı dövlət səviyyəsində gənclər
hərəkatının inkişafına göstərilən
diqqət və qayğının məntiqi nəticəsi
kimi dəyərləndirib. Forumun uğurla başa
çatmasına görə Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin nümayəndələrini
təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər şəxslər siralarını
günü gündən genişləndirən
birliyin fəallarına gələcək
işlərində uğurlar
arzulayıblar. Forumun təşkil
olunmasında xidmətləri olan bir qrup şəxsə birliyin fəxri diplomları təqdim olunub.
Azərbaycanın
dövlət müstəqilliyinin 20-ci ildönümü
də Ukrayna Azərbaycanlı Gənclər
Birliyi tərəfindən yüksək səviyyədə qeyd olunub. Belə ki, bu münasibətilə
Ukrayna Azərbaycanlı Gənclər Birliyi Odessa şəhərində
bayram konserti təşkil
edib. Azərbaycanla
Ukraynanın dövlət himnlərinin sədaları
altında başlayan bayram
tədbirini Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Sabir Rzayev
açaraq, 1991-ci ildə dövlət
müstəqilliyini əldə edən Azərbaycan
Respublikasının ötən 20 il
müddətidə qazandığı yüksək nailiyyətlərdən
danışıb. Müstəqil dövlətimizin
sürətlə inkişaf etdirilməsində
ulu öndər Heydər Əliyevin həyata
keçirdiyi neft
strategiyasının müstəsna rolundan
bəhs edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin
rəhbəri Elçin Məmmədov bu gün ölkəmizdə
aparılan uğurlu və məqsədyönlü
siyasət nəticəsində xalqımızın milli mənəvi dəyərlərinə sahib çıxmasının fərəhləndirici
hal olduğunu diqqətə
çatdırıb. Tədbirə
qatılanları Azərbaycanın dövət müstəqilliyinin
20-ci ildönümü münasibəti ilə
təbrik edən Azərbaycan Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Azər Xudiyev ötən 20 il müddətində dünyanın müxtəlif
ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının
milli məfkurə atrafında birləşməsini
müstəqillik tariximizin ən uğurlu strategiyalarından biri
kimi dəyərləndirib.
Tədbirdə
Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Birliyin Odessa vilayət təşkilatının sədri
Samirə Əliyeva və digər çıxış edənlər
təməli ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş müstəqil Azərbaycan
dövlətinin inkişaf etdirilməsində
və xalqımızın haqq səsinin
beynəlxalq ictimaiyyətə çatdırılmasında
xaricdə yaşayan
soydaşlarımızın üzərinə düşən
öhdəliklərdən danışıblar. Tədbirdə
gənc və istedadlı müğənni Aysel
Teymurzadənin, Dnepropetrovsk şəhərində
fəaliyyət göstərən 7 rəqs ansanblının, ö cümlədən bir
sıra xalqların musiqi kollektivlərinin
iştirakı ilə keçirilən konsert
proqramı müstəqillik tariximizin 20 illik sevincini
bölüşən soydaşlarımıza xoş və yadda qalan anlar yaşadıb. Tədbirin sonunda Ukraynada
Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə təşkil
olunan ən yaxşı tədbirə
görə Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin Odessa vilayət
təşkilatının sədri Samirə Əliyevaya fərqlənmə
medalı təqdim olunub.
Dünya Azərbaycanlılarının
Həmrəylik günü münasibəti
ilə isə Ukrayna Azərbaycanlıları
Gənclər Birliyinin və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin
birgə təşkilatçılığı ilə Donetsk şəhərində möhtəşəm
müğam konserti təşkil
edilib.
Ukrayna Azərbaycanlı Gənclər
Birliyi fəaliyyət göstərdiyi 3 il müddətində Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi,
eləcə də ermənilərin Xocalıda həyata
keçirdikləri soyqırımın dünya
ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak edib.
Adıçəkilən təşkilat hər il Xocalı soyqırımının ildönümü ərəfəsində bu ölkədə və onun
müxtəlif şəhərlərində etiraz
aksiyaları təşkil edib. Məhz Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı
“Xocalı ayı” elan edilib.
Leyla xanım Əliyevanın “Xocalıya ədalət”
kampaniya çərçivəsində bu istiqamətdə müəyyən işlər
görən UAGB "Xocalı ayı"na Odessa
şəhərində start verib. Odessa vilayət dövlət admnistrasiyası rəsmilərinin,
diplomatların, türk, tatar,
yəhudi, alman, fələstin və digər
xalqların diaspora təmsilçilərinin
iştirak etdiyi
anım mərasimində Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin rəhbəri Anar Tahirov və birliyin Odessa vilayət təşkilatının
sədri Samirə Əliyeva
çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda
həyata keçirdikləri işğalçılıq və
soyqırım siyasətini tarixi faktlarla tədbir
iştirakçılarının diqqətinə
çatdırıblar. 1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin
Xocalı şəhərində uşaqlara,
qadınlara, qocalara və dinc
əhaliyə qarşı həyata keçirtdikləri misli görünməmiş vəhşilikləri
zaman-zaman xalqımıza yönəlik
soyqırım siyasətinin məntiqi davamı kimi səciyyələndiriblər. Mərasimə
qatılanlar Azərbaycan və Ukrayna
dövlət televiziyalarının birgə
hazırladığı "Qarabağ tarixin burulğanında" filminə baxmaqla ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı həyata
keçirtdikləri soyqırım siyasəti ilə
tanış olublar. "Xocalı
soyqırımında birbaşa əli olan rəsmi İrəvan və onun hazırkı rəhbərliyi beynəlxalq
məhkəmə qarşısında cavab
verməlidir" - filmə baxdıqdan sonra
belə bir bəyanatla
çıxış edən Türkiyənin Odessa
şəhərindəki baş konsulunun müavini Məlik
Dəmirdaş soqırımdan 21 il
ötməsinə baxmayaraq dünya birliyinin belə bir bəşəri cinayətə hüquqi, siyasi qiymət
verməmələrini tarixi ədalətsizlik
kimi qiymətləndirib. Jurnalist Valeri
Bulumenkrans isə Xocalı faciəsini dünyada baş verən ən
amansız qətliamlardan biri kimi qiymətləndirərək indiyədək
beynəlxalq təşkilatların belə bir
bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrindən təəssüfləndiyini
qeyd edib. Anım
mərasimində Odessa şəhərində
yaşayan azərbaycanlı gənclərin
Xocalı faciəsi ilə bağlı hazirladıqları ədəbii
bədii kompozisya nümayiş
etdirilib. Mərasimin sonunda
tədbir iştirakçıları adından Xocalı
soyqrımına hüquqi-siyasi qiymət
verilməsi üçün beynəlxalq
təşkilatlara müraciət qəbul olunub.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 13 iyun.- S.15.