Azərbaycan diasporu dünyadakı gənc diasporlar sırasında

 

Azərbaycan diasporu hər keçən il inkişaf edib müəyyən nailiyyətlər əldə etdikcə, zamanın tələblərinə uyğun olaraq prosesə təkan verən yeni-yeni yanaşma və texnologiyalardan istifadə də zərurətə çevrilir. Diasporanın hərəkətverici, daim yeniləşmə və müasirləşmə tələb edən bir hərəkat olduğunu nəzərə alaraq dünyanın fərqli ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyət və təşkilatları da müntəzəm olaraq öz işlərində, fəaliyyətlərində yeniləşməyə, yeni texnologiyalardan istifadəyə üstünlük verirlər. Elə diaspora sahəsində fəaliyyət göstərən kəsəriyyət insanlar da bunu təqdir edir, elmi yanaşmalar, yeni texnologiyalardan istifadə etməklə bu sahənin bir qədər də inkişaf etdirilməsini zəruri sayırlar.

 

Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) baş katibi, Türk Dünyası Tələbə Birliyinin Azərbaycan Respublikası üzrə Kordinatoru Əbülfəz Şeydabəyov da bu qənaətdədir. Əbülfəz Şeydabəyov müxtəlif ölkələrin diaspor təşkilatları, onların sözügedən sahədə əldə etdikləri nailiyyətlər barədə də fikirlərini bölüşüb. Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun baş katibi qeyd edir ki, hər millət diaspor ola bilməz. Əbülfəz Şeydabəyovun qənaətincə bunun da müxtəlif səbəbləri vardır: “Müəyyən dövrlərdə öz ana vətənindən xarici ölkələrə köç etmiş insanların bir qismi geri dönmüş, bir qismi isə həmin ölkələrdə qalaraq zamanla immiqrant xalq və ya diaspor statusu almış, daha doğrusu bu adı qazanmışdır. Diaspor olmaq hər xalqa nəsib deyil.  Çünki hər xalq güclü etnik kimliyə və milli mənəvi dəyərləri qürbət eldə nəinki qoruya bilmir, hətta onu bir nəsil sonra ümumiyyətlə itirir. Növbəti nəsil dalğası bir yerə toplanıb hər hansı özəl günü belə qeyd edəndə onları ataları filan ölkədən gələn immiqrant nəsillər adlandırırlar”. Əbülfəz Şeydabəyov bildirir ki, ancaq diaspor olmaq anlayışında fərqli aspektlər də vardır ki,  bura da bir etnik qrupun çox güclü milli mənəvi dəyərləri və özünə xas mədəniyyətin xaricdə başqa toplumlar içərisində qoruyub saxlaması, eləcə də tarixi ana vətən ilə sıx bağlantı qurması daxildir: “Xüsusi ilə qeyd etmək istərdim ki, diaspora dedikdə xarici ölkədə yaşayan, o ölkənin vətəndaşı olan, həmin dövlətə rəsmi vergilər verən və atalarının bağlı olduğu vətənin mədəniyyətinin, mövqeyinin təbliğatını aparan insanlara deyilir. Diaspor dedikdə ilk ağla dünyada bir neçə millətlərin adları gəlməkdədir yahudi, irland, çin, hind, yunan, yapon, çərkəz, türk, rus, erməni və s. Bəli bu adlarını sadaladığım etnik qruplar həqiqətən də tarixin müxtəlif dövrlərində istər kilsə ətrafında ,istər isə ana Vətənlərinin siyasi və iqtisadi dəstəyi ilə ayaqda qalan etnik kimliklərdir. Dünya diasporları köklərinin bağlı olduqları dövlətlərin müsbət imicinin formalaşması üçün çox güclü mexanizm vasitəsidir”. Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynlxalq Forumunun baş katibi qeyd edir ki, Azərbaycan diasporunun yaşı o qədər də çox olmadığı üçün, bizim diasporumuz gənc diaspora sırasına daxil edilib: “Araşdırmalar göstərir ki Azərbaycan diasporu da dünyada gənc-diaspora kateqoriyasına artıq daxil edilib. Bu çox sevindirici haldır. Milli diaspormuzun dünyanın müxtəlif coğrafiyalarında səpələnmə tarixçəsi bizlərə artıq məlumdur. Digər güclü diasporların necə operativ və tarixi vətənləri ilə vəhdət halında olması mexanizmi də dünya diaspor praktikasında mühümdür. Belə ki, bir sıra xalqların kimlik kimi formalaşan torpaqlarında artıq müstəqil dövlətləri mövcuddur və o ölkələrdə diasporla mütəmadi işləyən nazirliklər, şuralar, Xarici İşlər Nazirlikləri nəznində soydaşlarla iş, miqrasiya şöbələri və komitələr yaradılmışdır. Gəlin nəzərə alaq ki, dünyanın 70 ölkəsində bizim soydaşlarımız yaşamaqdadır. Hamıya məlumdur ki, xarici siyasətdə diaspor və lobbiçilik çox güclü təsir elementidir. Bu istiqamətdə Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 2002 ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Günümüzə qədər hər beş ildə, bir dəfə olmaqla toplam üç böyük miqyasda Dünya Azərbaycanlılarının Qurultayı keçirilmişdir”. Əbülfəz Şeydabəyov onu da vurğulayıb ki,  xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır və Azərbaycan dövləti səviyyəsində müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılır, onlara lazımı səviyyədə diqqət, qayğı göstərilir: “Uzaq ölkələrdə azərbaycanlıların məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Vətəndən-diasporaya diqqətin möhürü təqvimimizdə bir günün, 31 dekabr tarixinin özəlliklə dünya azərbaycanlılarının həmrəylik günü olması buna ən bariz sübutdur. .Bundan başqa ötən illər ərzində xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilmişdir. Digər xalqlarala müqayisədə lobbiçilik istiqamətində qısa zaman ərzində böyük yol qət etməmizin başlıca səbəbi də xaricdəki azərbaycanlılarla bir başa işləyən belə bir qurumun uğurla fəaliyyət göstərməsidir”. ASAİF-in baş katibi deyir ki, müstəqillik öncəsi dağınıq , bir birindən xəbərsiz dünyanın müxtəlif bölgələrində Azərbaycan naminə çalışan xaricdəki soydaşlarımız indi bir-biri ilə hər zaman əlaqə saxlayır. Ana Vətən Azərbaycanın güclü dəstəyi ilə koordinativ şəkildə çalışırlar: “Azərbaycanın müstəqillik əldə etməsi, zamanla güclü dövlətə çevrilməsi öz-özlüyündə milli diasporumuza təsir etməməyə bilməz. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində assimiliyasiya yox, məhz uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir. Unutmayaq ki diaspor olmaq kriteriyalarından biri də budur ki, istənilən diasporanın tarixi ana Vətəni olmalıdır. Bu mövzuda çox nümunələr sadalamaq olar. Bir nümunəni vermək istərdim. Belə ki,  hind diasporu 1947-48- cı illərədək Birləşmiş Ştatlarda böyük problemlərlə üzləşirdi. Daima sıxışdırılır, arzu olunmaz xalq siyahısına belə salınmışdı. Ancaq Hindistanın müstəqillik əldə etməsi və Asiya regionunda öz sözünü deməsi ilə Birləşmiş Ştatlarda hindlilərin zamanla gözəl status almasından yan ötmədi. Eyni nümunəni yapon diasporu üçün də verə bilərik. Yaponların çalışqanlıqlarına görə istər Birləşmiş Ştatlarda, istər Latın Amerikası ölkələrində onlara hər zaman qısqanclıqla yanaşılmışdır. Hələ Yaponiyanın 1941 ci ildə Birləşmiş Ştatların Havay adalarındakı hərbi bazalarına olan hücumu və şiddətli İkinci Dünya müharibəsinin acısını müttəfiq ölkələrin yapon diasporundan çıxdığının şahidi olmuşuq. Birləşmiş Ştatlardakı yapon diasporu beş fərqli ştatda gettolarda saxlanılır və ordan çıxmaqlarına belə icazə verilmirdi. Ancaq müharibə sonrası qısa zaman kəsimində Yaponiyanın yenidən dünya iqtisadiyyatında öz sözünü deməsi ilə nəinki Birləşmiş Ştatlarda, hətta Latın Amerika coğrafiyasında bütün yapon diasporunun ən güclü sektorlar sayılan bank, sənaye və siyasətə təsir edəcək böyük yapon əsilli holdinglərin imtiyaz almasına səbəb oldu”. Əbülfəz Şeydabəyov erməni diasporu və onun tarixinə də qısa nəzər salıb: “Bir az da, mənfur erməni diasporunu müqayisə edək. Tarixin hər səhifəsində bizim mədəniyyətimizin təsiri altında yaşamış ermənilər Birinci dünya müharibəsindən də öncə istər Avropa istər Amerika qitələrinə mühacirət etmiş bir etnik qrupdur. Bəli, onların da diasporu və parazitar lobbiçilik fəaliyyəti kifayət qədər məşhurdur. Ancaq beynəlxalq diaspor araşdırmaçılarına müraciət etdikdə görünür ki, hər diasporun formalaşma prosesinin ya dürüstcə, ya da xəyali amilləri var. Misal üçün irland diasporu XVIII-XIX əsrlərdən Amerika və Avstraliya coğrafiyasına mühacirət etmişlərin övladlarıdır. Yüz illərlə əziyyət və zəhmət bahasına Birləşmiş Ştatlar, Kanada və Avstraliyada öz sözünü demiş bir etnik millətdir. Digər xalqlarla müəyyən nigah qarışıqları olsa da öz zəngin mədəniyyət və adətlərini yaşadıqları ölkələrin xalqlarına sevdirməyi bacarmışlar. Hətta irland mədəniyyəti, folkloru həvəskarlarına yumoristik üslubda “keltomaniya” olmuş da deyirlər. Məsələn İngiltərə ilə Şimali İrlandiya problemində Birləşmiş Ştatlarda güclü lobbiçilik sərgiləyərək rəsmi Londonu sərt mövqe tutmaqdan vaz keçdirə bilmişlər. Gələk erməniləri diaspor edən açar amilə. Burada zəhmət və yüz illərin çətin adaptasiyası yox məhz “əzilmiş”,”yazıq” faktoru önə çıxmaqdadır. Bəli, kimisi zəhmət və asimilasiyaya tab gətirərək immiqrantdan-diasporaya çevrilmiş, kimisi isə hazır siyasi oyunlara alət olunaraq əzilmiş-yazıqlar maskası taxaraq zamanla güclü lobbiçilik mövqeyi əldə etmişlər. Beynəlxalq diaspor araşdırmacıları xarici ermənilərin məhz bu kriteriya əsasında diaspor kimi formalaşdığını əsas tuturlar”. Əbülfəz Şeydabəyovun sözlərinə görə, müasir gənc və dinamik diasporlar dedikdə isə türk, ukraynalı, əlcəzayir, mərakeş, qazax, pakistan, azərbaycanlı diasporlar nəzərdə tutulur: “Təbii ki, bizim milli diaspormuzun yüzdən çox yaşı vardır. Ancaq görünən o ki, müasir diasporçuluq kriteriyalarına görə bizlər də öz sözünü demiş gənc diasporlar sıralarındayıq. Bu uğura güclü Azərbaycan dövlətinin diasporçuluq siyasəti və xaricdə fəal təşkilatlanmış soydaşlarımızın birgə imza atdıqlarını unutmayaq. Çünki beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diaspormuz deməkdir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 15-18 iyun.- S.15.