“Ucuz adam yaxşı film çəkə bilməz”  

 

Rövşən İsax: “Əsəbləşmədinsə, kiminləsə qırğın etmədinsə, deməli işdə nəsə problem var ” 

 

Müsahibimiz “Pərvanələrin Rəqsi” serialının, həmçinin “Aktrisa” filminin rejissoru olan Rövşən İsaqdır.

 

-Artıq bir ildir ki, ölkə başçısının sərəncamına müvafiq olaraq Azərbaycanda seriallar çəkilir. Bu müddət ərzində çəkilən serialları uğurlu adlandırmaq olarmı?

-Serial hələ ilk addımlarını atır. Bütün serialları izləyə bilməsəm də, ümumi deyə bilərəm ki, birinci il üçün yaxşı göstəricidir. Çəkilən seriallar arasında reytinqə görə, birinci yerdə “Pərvanələrin rəqsi” qərarlaşır. Aktyorların çox gözəl seçilməsi, onların rollarını məharətlə canlandırmaları qeyd olunursa bu ilk növbədə rejissorun uğurudur. Əgər rejissor yada düşmürsə, deməli hər şey normaldır. Serialın yayımlanma vaxtını nəzərə alsaq “Pərvanələrin rəqsi”nin tamaşaçı kütləsinin böyük faizinin evdar xanımların olmasını qeyd edə bilərik. Həmin yayım müddətində daha çox xanımlar televiziya qarşısında əyləşdiyindən serialın mövzusu da  bu auditoriyanı hədəfə alıb.

-“Pərvanələrin Rəqsi” serialının reytinqi nə qədərdir?

-Reytinqi hesablayan bir sistem var. Həmin sistem hesablanan reytinqləri televiziya kanallarına təhvil verir. Həmin sistemdən əldə etdiyimiz məlumata görə, bizim serialımızın reytinqi 12, 14, 17, 18, daha sonradan 23 faizədək qalxıb. “Youtube” sosial şəbəkəsində və video.az saytında digər seriallar da yerləşdirilir. Baxış sayına görə, “Pərvanələrin rəqsi” hər zaman irəlidə olub. İlk seriyalarda baxış yüz mini ötüb. Axırıncı seriyanın efirdən yayımlanmasının səhəri günü video.az-a daxil olub baxış sayını izlədim. Tamaşaçı sayı doqquz mini ötmüşdü.

-Bu gün Azərbaycanda peşəkar aktyor sahəsində boşluq varmı?

-Azərbaycanda  kifayət qədər peşəkar aktyor var. Serialın çəkilişləri təzə başlayanda bir çox jurnalistlər bu mövzu ilə əlaqədar məndən müsahibə aldılar. Əksəriyyəti aktyorların fəaliyyəti haqda danışaraq Türkiyə seriallarında çəkilən aktyorların bizimkilərdən daha bacarıqlı olduğunu deyirdilər. Mən heç vaxt bu fikirdə olmamışam ki, bizim aktyorlar Həsən, Sergey ya Mehmet kimi oynaya bilmirlər. Azərbaycanda güclü aktyor potensialı var. Hansısa rejissor bu potensialdan istifadə edə bilmirsə, onların əməyini yerə vurursa bu aktyorların günahı deyil.

-Xaricdə çəkilən seriallarla yerli serialların əsas üstünlüyü nədədir?

-Bizim seriallar ancaq Azərbaycan çərçivəsində üstündür. Çünki ölkəmizdə çəkilən seriallar mentalitetimizə və tamaşaçılarımızın marağına yönəlib. Digər xüsusiyyətlərə görə, seriallarımız geridədir. Məsələn, səhnələr, geyimlər, işıqlar, texnika, montaj sistemi, səs yazılması və s. xüsusiyyətlərə görə biz geridəyik. Xarici ölkələrdə serialın yayımı zamanı reklamdan əldə edilən gəlir bizimkindən qat-qat yüksəkdir. Türkiyədə yaşayan, reklam işləri ilə məşğul olan tanışım mənə reytinqin bir faiz artmasının nə qədər böyük rol oynadığını demişdir. O, deyirdi ki, “Kurtlar Vadisi”ndə reytinqin bir faiz artması televiziyaya yüz min dollar daha artıq gəlir verir. Bu sahədə müəyyən problemlərin olması “bizim aktyorlar türklər kimi oynaya bilmir, rejissorlarımız onlar kimi çəkə bilmir” fikirlərinə əsas vermir.

-“Pərvanələrin rəqsi” serialının yayımından öncə kanalla müqavilə bağlayarkən “reytinq qazana bilməsək necə olacaq?” deyə düşündünüzmü?

-Biz öncədən telekanalla bu haqda danışmışdıq. Əldə edilən razılaşmaya görə, serial reytinq gətirsə də, gətirməsə də kanal yayımdan imtina etməyəcək. Prezidentin sərəncamı ilə bu sahəyə vəsait ayrıldığından telekanal da serialı yayımladı.

-“Pərvanələrin rəqsi” serialı haqda bir az da ətraflı danışaq. Necə oldu ki, bu mövzuda olan əsəri ekranlaşdırmağı qərara aldınız?

-Bir dəfə uzaq görən oldum. Vüqar Əmirovla bir yerdə oturmuşduq. Şakir Eminbəylinin “Zerkalo” qəzetində məqaləsini oxudum. O nəyəsə istinadən ölkə telekanalları qarşısında tamaşaçıların 65 faizinin olmadığı haqda yazmışdı. Tamaşaçılarımızın böyük əksəriyyətinin türk və rus kanallarını izləməsi məqalədə qeyd olunmuşdu. Bundan sonra serialın ikinci rejissoru Vüqar Əmirovla danışıb “bəlkə serial haqda fikirləşək” dedim. Seriala baxan deyiləm. Lakin bu haqda düşündüyümdən ən çox reytinqə malik olan bir neçə türk serialını “Youtube”da izlədim. Özümüz üçün müəyyən cızmaqara hazırladıq. Serialın mövzusu haqda fikirləşdik. Artıq bu haqda ATV telekanalının rəhbərliyinin də xəbəri vardı. Onlar bizi danışıqlara dəvət etdi.  Ssenarini yazmaq ərəfəsində idik ki, prezidentin seriallar üçün maddi vəsait ayırmasını eşidib, işimizi ikiqat sürətləndirdik.

-Serialın çəkilişləri artıq yekunlaşıb. Yeni serial üzərində işləyirsiniz. Bu haqda nə deyə bilərsiniz?

-Allahın izni ilə çəkəcəyimiz bu serial da ATV telekanalında yayımlanacaq. Dram janrında yazılan ssenaridə həyatda baş verən hadisələr əsas özül olacaq. Öncədən bu haqda ətraflı danışmaq istəmirəm.

-Serialın çəkilişi zamanı əsas çətinlikləriniz nə idi?

-Bu iş fədakarlığı sevir. Gecə-gündüz, istirahət olmadan işləmək lazımdır. Serial çəkmək çox çətin işdir. Bəzən olur ki, bir kadrı çəkmək üçün nə qədər gözləməli olmuşuq. Məsələn, Hikmət Bədirli işə gedir, daha sonra axşam saatlarında qayıdıb evə gəlir. Hikmət Bədirlinin evdən çıxması tutaq ki, martın ikisində, evə qayıtması isə ola bilər ki, ondan on gün sonra çəkilsin. Təbii ki, hadisələrin bu qədər gecikməsində hava şəraitinin də rolu var. Hamı bilir ki, ötən il qış çox sərt keçib. Biz Hikmət müəllimin işə getməsini çəkirik. Daha sonra Bakıya qar yağır. Buna görə onun evə qayıtmasını hələ ki, çəkə bilmirik. Bilirik ki, Bakıda qar çox az yağır. Gözləyirik ki, qar ərisin. Qar da ərimək bilmir. Təxminən iki ay ötür. Nəhayət qar əridikdən sonra biz onun evə qayıtmasını çəkirik. Qışda çəkilən səhnələrin axşam olmağı, yayda çəkilənlərin isə gündüz olması məsləhətdir. Çünki qışda hava tez qaraldığından gündüz istənilən çəkilişləri etmək olmur. Yayda isə axşam səhnəsini çəkməkdən ötrü gərək ona qədər gözləyəsən. Aktyorlarımız Elxan Abbasov və Pərvanə Qurbanova Gəncədən gəlirlər. Onların eyni gündə Bakıya gəlib, axşam saatlarında şəhərdən çıxacaqlarını nəzərə aldıqda çətinliklər daha da artır. Sərxanın ad günü səhnəsini çəkirdik. Məşqləri etdik, işığı qurduq, amma uşaq yatdığından həmin gün çəkə bilmədik. Aktyorların da yorğun olduqları vaxt olub. Çalışmışam ki, onları yenidən işə salım. Əsəbləşdiyim, hirslənib qışqırdığım, “eşq olsun” dediyim vaxtlar da az olmayıb. Fevral ayının əvvəllərindən etibarən çəkilişlər bitdiyindən artıq evə bazarlıq edirəm, qənd, çörək alıram. Tədricən əsəblərim də sakitləşib. O gün güzgüdə özümə baxıb rəngimin ağardığını, tərəziyə çıxanda altı yüz qram kökəldiyimi müşahidə etmişəm (gülür). Serial üçün bu cür hallar normaldır. Əsəbləşmədinsə, kimləsə qırğın eləmədinsə deməli işdə nəsə problem var.

-Çəkiliş zamanı başınıza gələn ən maraqlı hadisələr haqda danışardınız.

-Çəkiliş zamanı müxtəlif maraqlı hadisələr olub. O kadrları özümüzdə saxlamışıq.  Səhərə yaxın bir kadr çəkirdik. Orxanla Səbuhinin səhnəsi idi. Çəkilişə başlayanda azanın səsi gəldi. Fikirləşdik ki, azan bitdikdən sonra çəkərik. Çünki bu kadr gecəyə aid kadr idi. Hava qaranlıq olduğundan çəkə bilərdik. Aktyorlar da həddindən artıq yorğun idilər. Orxan özünü toplayıb danışmağa başladı. Səbuhi də yuxulu-yuxulu bunun üzünə baxırdı. Mən də qıraqdan necə də təbii oynadıqlarını seyr edirəm. Sən demə bunun sözü yadından çıxıb, ona görə belə baxır. Sonra Mətləb mənə tərəf dönüb “sən Allah əsəbləşmə, mən də insanam axı. Mənim sözüm nə idi” deyəndə İlqar ona “yarım vərəq məndədi, iki kəlmə sözün var, bunu yadda saxla da” dedi. Daha sonra Mətləb iki dəqiqə danışdı, İlqardan səs çıxmadı. Sən demə bir az öncə onun üstünə qışqırdığı üçün dillənə bilmir. Yaqut rolunu oynayan Pərvanə xanım əməliyyat olunduğundan axsayaraq yeriyirdi. Biz isə onun parkda Orxanla birgə səhnəsini çəkməli idik. Ona oturan yerdə də çəkilməyi təklif etsək də, o həmin kadr üçün axsamadan çəkiləcəyinə söz verdi. Həqiqətən də dediyi kimi də oldu. Xatirə rolunu oynayan Mətanət Eresin elə gülmək damarı var ki, bir də görürsən ki, ağır səhnədə damarı boşalır. Gərək gözləyəsən ki, Mətanət gülüb qurtarsın.Özü də həmişə deyir ki, “bircə dəfə də gülüm vəssalam”. Çəkiliş prosesini kənardan izləmək özü bir komediyadır. Stop deyən kimi bir də görürsən ki, stolun altından biri çıxır.

-Pavilyonda çəkilən seriallara münasibətiniz necədir?

-Pavilyonda çəkilən serialların heç birini bəyənmirəm. “Qaynana”, “Aramızda qalsın” da bu tip serial hesab olunur. Mənim nə tamaşaçı, nə də bir rejissor kimi belə seriallara marağım yoxdur. Lakin pavilyonda çəkilən serialların da öz tamaşaçı kütləsi var. Türkiyədə yayımlanan, çox reytinqli seriallardan biri olan “Yaxşı cazibə” də pavilyon serialı olub. Nəinki Azərbaycanda, xarici ölkələrdə də çəkilən belə serialları bəyənmirəm.

-Azərbaycanda bu gün çəkilən hansı serialları bəyənirsiniz?

“Sirr”, “Məhkumlar” serialını çox bəyənirəm. Həyat yoldaşım da adını çəkdiyim həmin seriallara və “Pərvanələrin rəqsi”nə baxır. Özüm “Pərvanələrin rəqsi”nin iki, ya üç seriyasına axıracan baxmışam.

-Bir az da “Aktrisa” filmi haqda danışaq.

-2011-ci ilin martın beşində bu filmin təqdimatı oldu. Mədəniyyət Nazirliyindən, hazırda Kinostudiyanın direktoru olan Müşfiq Hətəmov mənə öz qurumlarına bədii film verməyi təklif etdi. Hər zaman öz istəyimə uyğun ssenarini ekranlaşdırdığımdan onlar istədiyim əsəri ekranlaşdırmağımla razılaşdılar. “Aktrisa” povestini hələ kitabı çap olunmamışdan öncə oxuyub bəyənmişdim. Bundan sonra əsərin müəllifi İlqar Fəhmi ilə görüşməyi qərara aldım. İlqarla danışanda əsəri çox bəyəndiyimi, lakin ekranlaşdırarkən müəyyən dəyişikliklər etmək istədiyimi dedim. Bir yerdə ssenaridə dəyişiklik edərək onu Mədəniyyət Nazirliyinə təqdim etdik.

-Baş rolda əcnəbi aktrisaya üstünlük verməyinizin səbəbi nədir?

-Təxminən iyirmi aktrisanın bacarığını yoxladıq. Lakin filmdəki iki səhnə yerli aktrisaların həmin ekran əsərində çəkilməsinə maneə oldu. Bu səhnələrdən biri çimərlik geyimində hovuza atılmaq, digəri isə alt geyimində siqaret çəkərək eyvana çıxmaq idi. Aktrisalıq bacarığını bəyəndiyim iki peşəkar xanım həmin səhnələri oynamaqdan imtina etdiklərinə görə, Rusiya teatrlarına müraciət etməli olduq. Tələblərimizdə də xanımın yaşı və onun şərq görünüşlü olması göstərilmişdi. Baş rolda oynayan Alesa Kaçerə azərbaycan dilini öyrənəcəyi təqdirdə filmdə çəkəcəyimizi söylədik. O, da bizim tələblərimizlə razılaşdı. Mətni necə var əzbərlədi, dilimizi də öyrəndi.

-Yayılan məlumatlara görə müğənni Nura da serialda baş rolda çəkiləcəkdi. Bu plan niyə reallaşmadı?

-Mən Nuranı serial çəkilişlərinə heç çağırmamışam da. Sadəcə bir dəfə onunla restoranların birində qarşılaşanda mənə “məni də aktrisa kimi yoxlayarsınızmı?” dedi. Mən də yox demədim, dedim inşallah, məşqlər başlananda sizə xəbər edərəm. Bundan sonra heç xəbər də eləmədim.

-Bir aktyor kimi öz rolunuzu necə, bəyəndinizmi?

-Məncə pis alınmayıb. Bu rol çox çətin idi. Mənə deyirlər ki, kənardan çox ağıllı görünürəm (gülür). Yəni xarici görünüşüm, sifətim buna imkan verdiyindən bu rolu özüm oynadım. Mənim aktyorluq etməyə tam imkanım da çatır. Bu sahədə diplomum da var.

-Bəs, niyə aktyorluq fəaliyyəti ilə məşğul olmursunuz?

-İnstitutu 92-93 cü illərdə bitirmişdim. O vaxt vəziyyət çox ağır idi. Teatrda tez-tez işıqlar sönürdü, məşqlər zamanı çöldə mitinqin səsi gəlirdi. Bunlara dözə bilmədim. Gördüm ki, bu dəqiqə teatr heç kəsə lazım deyil. Ona görə televiziyada fəaliyyət göstərmək qərarına gəldim.

-Nə zamansa bu sənətə qayıtmağı düşünürsünüzmü?

-Elə istəyərəm ki, yenidən öz peşəmə qayıdım. Auditoriyada oturub tamaşaya baxanda burnumun ucu göynəyir. Çıxıb səhnədə oynamaq, tamaşa qurmaq istəyirəm. Mən səhnəyə vəfasız çıxdım.

-Serial sahəsində müəyyən dirçəliş oldu. Bəs, kino sahəsində bu dirçəliş niyə gözə çarpmır?

-Onun bir çox obyektiv və subyektiv səbəbləri var. Bunu analiz etmək lazımdır. Kinomuzun inkişafı üçün müəyyən müzakirələrə, araşdırmalara ehtiyac var. Yaxşı kinorejissor olmaq üçün gərək şəxsiyyət olasan. Ucuz adam yaxşı film çəkə bilməz.  Bu vaxtacan mən Sokratın sözünə istinad edirdim. Amma bu yaxınlarda Zəlimxan Yaqubun bir sözünü eşitdim. O, deyir ki, insan danışdığı söz boydadır. Elə rejissor da yaratdığı əsər boydadır.

-Belə demək olarmı ki, kinorejissorluq sahəsində də müəyyən boşluq var?

Bu gün kinorejissorluq sahəsində çox böyük boşluq var.

-Bəs, siz niyə bu sahədəki boşluğu öz payınıza düşən qədər aradan qaldırmağa çalışmırsınız?

-Hər şey mənim istəməyimlə bağlı deyil ki. Elə istəyərəm ki, kino çəkim. Kino sahəsi ilə mütəmadi olaraq məşğul olmamağımın səbəbləri çoxdur. Serial çəkim, inşallah, bir film də çəkərəm.

-Bir rejissor kimi  özünüzü hansı sahəyə daha yaxın görürsünüz?

-Ürəyim kino üçün uçur. Əlbəttə də ki, kino. Kino mənim ən yaralı yerim, dərdimdir.

-Nə əcəb klip çəkilişləri ilə məşğul olmursunuz?

-Mən iki dəfə klip çəkmişəm. Biri Nazpəri xanımın ifa etdiyi “Nə olur Allahım, ayırma bizi”, digəri isə Yaqub Zurufçunun ifa etdiyi “Ayrılıq” mahnısı olub. Sonra dedim ki, vəssalam, mən daha klip çəkməyəcəm. Serialda, kinoda müəyyən yaradıcılıq var. Amma klipdə ümumiyyətlə yaradıcılıq olmur.

-Artıq bir ildir ki, seriallar üçün maddi vəsait ayrılıb. Hazırda da yeni serial üzərində düşünürsünüz. Bəs, bir il öncə bu sahədə dirçəliş yaranmazdan əvvəl hansı işlə məşğul olurdunuz?

-Bu müddətdə reklam çəkilişi ilə məşğul olmuşam. Azərbaycanda məndən çox reklam çəkən rejissor yoxdur. Bunu tam səmimi olaraq deyə bilərəm. Bu vaxtacan bəlkə də, altı yüz, səkkiz yüz reklam çəkmişəm. Reklam çox məsuliyyətli işdir. Dəqiqəsi azdır deyə, “qaçıb bir reklam çəkib, gələcəm” demək olmur. Şirkətin məhsulunun həyatı sənin işindən asılıdır.

-Sonda, Azərbaycanda serialların gələcək durumu haqda nə proqnoz edə bilərsiniz?

-Gələcəkdə daha da uğurlu seriallar çəkiləcək. Mənim kimi digər rejissorlar da ilk seriallarını çəkirdilər. Bu işi daha da təkminləşdirdikdən sonra daha yaxşı nəticələr əldə edəcəyik.

 

Nigar Məhərrəm

 

 

Olaylar.- 2013.- 5 mart.- S.12.