“Qazandığımız pul heç nəyə
çatmır”
Anar Heybətov: “Biz normal aktyor həyatı
yaşamırıq”
“Elməddinlə Fərda aktyordusa, onda biz
kimik?”
Müsahibimiz
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
aktyoru Anar Heybətovdur.
-İlk olaraq bu sənətə gəlişinizdən
danışaq. Niyə incəsənətin digər sahələrinə
deyil, məhz aktyor olmağa üstünlük verdiniz?
-Valideynlərim
mənim musiqiçi olmağımı istəyirdilər. Konservatoriyaya imtahan verərkən kəsiləndə
yeganə tələbə idim ki, çox sevinirdim. İncəsənət Universitetinə imtahan verərkən
də özümdə bir əminlik vardı. Hər kəs imtahana tanışları və
valideynləri ilə birgə gəlmişdi. Mənim heç həyəcanım da yox idi.
-Aktyorluq sənətini bitirmədən
müxtəlif serial və kinolarda oynayanlar haqda nə deyə
bilərsiniz?
-Adi insanlar da
seriala çəkilmək istəyir. Bu düz
deyil. Məktəbdə dərsini oxuya bilməyib,
“gedim bir az zümzümə edim”, ya “artistlik edim” demək
düz olmaz. Hər yerindən duran bu sənətə
can atmamalıdır. Bu pilləyə qalxmaq
üçün uzun illər institutda oxuyub, müəllimlərimizdən
dərs alıb, təcrübə keçərək teatrda
işləmişik. Bu gün öncəki
illərlə müqayisədə teatrda artistə
qayğı var. Vəziyyət nisbətən düzəlməyə
başlayır, seriallar üçün maddi vəsait
ayrılır. Amma indi də adi yerindən
duran işimizə maneə olmağa çalışır.
Bu gün onlar seriala çəkilirlər,
onları çəkən də var. Pul verməmək
üçün rejissorlar daha çox heç bir səriştəsi
olmayan, adi yerindən duranlara üstünlük verirlər.
-Artistin pulunu niyə gecikdirirlər?
-Tək “Pərvanələrin
Rəqsi” serialında deyil, digər serialların artistləri
ilə görüşəndə onlar da bu cür
nüanslardan şikayətçi olaraq pullarının verilməməsindən
danışırlar. Artistin pulunu gecikdirmək
olmaz. Bilmirəm bu problem hardan yaranır.
Dövlət pul da ayırıb. Pulumuzu kim yeyir, niyə artistlərə çatanda pul
olmur. Bizə pul vermək lazım olduqda kimsə
cığallıq etməyə başlayır. Pulun verilmə vaxtı çatanda artist kimisə
axtarır, “sənin pulunu vermədilər?”, “mənim pulumu nə
vaxt verəcəklər?” kimi söz-söhbətləri
yığışdırmaq lazımdır. Hər şeyə pul tapılır, bir tək bizdən
başqa. Niyə bizə belə
baxırlar? Niyə belə fikirləşirlər ki, “mən
onun pulunu verməyə, və ya gecikdirə bilərəm?”. Sən əgər artistin
çörəyi ilə dolanırsan, onunla reytinq
qazanırsansa niyə pulunu gecikdirirsən? Hər hansı serialın ssenarisini kiməsə
oxusan maraqsız olar. Serial, film bizim
yaratdığımız obrazlar sayəsində sevilir. Artistin pulunu yeməzlər.
-Bu gün artistə qoyulan qiymət sizi
qaneə edirmi?
-Xeyr. Həmişə bizi türk, rus seriallarının,
filmlərinin aktyorları ilə müqayisə edirlər ki,
onların bizdən qat-qat yaxşı oynadıqlarını
söyləyirlər. Lazım gələndə
biz onlardan da yaxşı oynaya bilirik. Sadəcə
problem qazancımızdadır. Onlar çəkildikləri
serial ya filmdə bizdən dəfələrlə yüksək
gəlir əldə etdikləri üçün heç bir
maddi problemləri də yoxdur. Biz isə çəkiliş
meydançasına on, on beş problemlə
gedirik. Hər birimizin problemi var. Beş, on dəqiqə
dincələndə, ya qrimlənəndə, filan kreditin
vaxtının yetişdiyi yadına düşür. Amma Türkiyədə aktyorların belə problemləri
yoxdur. Bilirlər ki, burdan aldıqları
pulla bütün problemlərini həll edə biləcəklər.
Qazandığımız pul da heç nəyə
çatmır. Biz xarici ölkələrin
aktyorlarından fərqli olaraq çəkiliş
meydançasına problemlə giririk. Serialdakı
qazancımız teatrdakından daha çox idi. Bizim
serialdan aldığımızı pul türklərin serialda
aldıqları qazanclarının heç beş
faizi deyil.
-Bəs, Mədəniyyət Nazirliyinin fəaliyyətini
necə qiymətləndirirsiniz?
-Mədəniyyət
Nazirliyinin fəaliyyətindən narazı deyiləm. Bacardıqları qədər
bizə kömək olmağa çalışırlar. Sadəcə bəzi aktyorlar var ki, bacarıqsız
olmaqlarının səbəbini nazirlikdə görürlər.
Çalışan, istedadlı aktyorlar
üçün nazirlik heç vaxt əməyini əsirgəmir.
-Bu gün Azərbaycanda aktyor
bazarı varmı?
-Xeyir. Sadəcə hər aktyorun öz qiyməti var.
-Bəs, ümumilikdə incəsənətə
göstərilən diqqət və qayğı necə, qaneə
edicidirmi?
-Son illər
dövlət tərəfindən teatra, filmə, seriala
xüsusi diqqət ayrılıb.
Çalışdığım teatra
Gürcüstandan, Moldovadan, başqa teatrlardan rejissorlar dəvət
edilib. Nazirlik tərəfindən
onların əməkləri də lazımınca qiymətləndirilir.
Aktyorların xarici rejissorlarla işləməsi
incəsənətimizin inkişafı
üçündür. Növbəti dəfə
də seriallar üçün vəsait
ayrılmalıdır. Bu cür diqqətə
görə sağ olsunlar. “Pərvanələrin
rəqsi” çəkilməzdən öncə verdiyim
müsahibələrin birində də bu serialla
tamaşaçılara türklərdən pis
oynamadığımızı göstərəcəyimizə
söz vermişdim. Həqiqətən də
serial çox uğurlu alınıb.
-Bu qazancla normal aktyor həyatı
yaşaya bilirsinizmi?
-Əlbətdə
ki, yox. Nəinki mən, elə digər həmkarlarım da
bundan şikayətçidir. Mən də
istəyərəm ki, gözəl avtomobilə minib, ailəmlə
birgə hardasa istirahət edim. Və ya
dostlarımla çıxıb bahalı restoranların birində
əyləşim. O çəkilişdən, bu çəkilişdən
çıxıb özümü evə
çatdırıram ki, bir az dincəlim. Yaxşı ki, evimiz-eşiyimiz var. Bu da olmayan yerdə
evdir. Nə böyük evimiz, nə də
ki, gözəl şəraitimiz var. Hər halda damımız
var. Biz normal artist həyatı yaşamırıq. Türkləri bizim gözümüzə salırlar
ki, onlar elə, onlar belə. Onların hər
cür şəraiti var, problemləri də yoxdur. Yetərincə qazanc əldə etdikləri
üçün hər rolu da məharətlə
oynayırlar. Onların bahalı avtomobil sürməyə,
böyük evdə yaşamağa imkanları var.
İnşallah, gələcəkdə bizdə də aktyora
lazımi qədər maaş verirlər.
Aktyor teatrdan yaxşı maaş əldə
etsə, seriala da ucuz çəkilməz. Seriala
çəkilməzdən öncə, pul söhbəti
açılanda “teatrda nə alırsan ki?” sualını
eşidirsən. Teatr bir xəstəlikdir.
Mən fikirləşirəm ki, burda işləyənlərin
çoxu maaşı fikirləşmir. Onlar
sənət fədaisidir.
-Aktyorlar arasında
ayrı-seçkilik varmı?
-Ayrı-seçkilik
ancaq aktyorluq fərasətinə görə qoyula bilər. Şükürlər olsun ki, bu vaxtacan mənə
qarşı heç bir ayrı-seçkilik olmayıb. Teatrımızın rəhbərliyi də serial
çəkilişləri ilə əlaqədar bizim
üçün şərait yaradıb. Lakin
tamaşamız olanda serialdan çıxıb teatra gəlmişik.
Baxmayaraq ki, teatrda serialdan daha az
qazanırıq. Tamaşaçı pul verib
tamaşaya gəlirsə, nə olur-olsun mən öz rolumu
oynamalıyam. Onlar da bizi başa
düşürlər. Çünki bizim daimi iş
yerimiz teatrdır.
-Eyni vaxtda həm teatrda işləmək,
həm serial və filmə çəkilmək necə,
çətin olmayıbmı? Bu işinizdə
nəsə problem yaradıbmı?
-Çətinliklərimiz
çox olub. Çətinlik olmadan işin
marağı da olmur. İndiyədək
uğursuz işim olmayıb, məncə. Eyni
anda həm teatrda çalışmışam, həm də
ki, seriala çəkilmişəm. Subay
vaxtlarımda gecələr restoranda aparıcılıq edib,
şou proqramlar da təqdim etmişəm. Əlbətdə
ki, pul qazanmaq üçün. Artıq on il
olar ki, aparıcılıq etmirəm. Ailə həyatı
qurandan sonra restoranda aparıcılıqdan da imtina etmişəm.
-Bu gün Azərbaycanda
yaxşı ssenarist və rejissor varmı?
-Ssenari
qıtlığı var. Teatr üçün pyeslər var.
Lakin yeni yazılan ssenarilər çox azdır. Bizim seriallar üçün yeni ssenariyə ehtiyac
var. Cavan uşaqlara rast gələndə ssenari
yazmaqlarından danışırlar. Onlar
başa düşmürlər ki, ssenari yazmaq özü bir sənətdir.
Ssenari hər yerindən duranın bacaracağı bir iş
deyil. Kimsə başına gələn hadisəni
yazır və elə bilir ki, onun yazdığı ssenaridir.
Bu ssenari deyil. Ssenari belə
olmur. Bizim serialda hər kəs öz
işini yaxşı bildiyindən “Pərvanələrin rəqsi”
çox uğurlu alınıb. Rejissorluq
sahəsində də peşəkarlar var. Lakin Rövşən
İsaxın hissiyatı, tamaşaçının nə istədiyini
daha yaxşı bilməsi serialın belə uğurlu
alınmasına səbəb olub. O, reklam işi ilə də
məşğul olduğundan filan reklam, filan əsərin nə
vaxt baxılacağını da yaxşı bilir. “Sirr”in bir neçə seriyasını izləmişəm,
bu serialı da çox bəyənirəm. Amma
“Bacanaqlar”a baxa bilmirəm. Bəlkə də
yaxşıdı, amma mənə görə maraqlı deyil.
Mən bu serialda gülməli nəsə
görmürəm.
-Komediya janrında
çalışan aktyorlara münasibətiniz necədir?
-Rafaellə
Coşqun aktyordur. Onlar bizim institutu bitiriblər, teatrda da işləyiblər.
Elməddinlə Fərda isə aktyor deyil.
Onlar da aktyordursa, bəs, biz kimik? Nurəddin Mehdixanlı kimdir? Biz
aktyoruqsa, onlar aktyor deyil. Onların xətirlərini
çox istəyirəm, bu sözümdən də yəqin
inciməzlər. Onlar “Şən
hazırcavablar klubu”nda fəaliyyət göstəriblər.
O zaman yaxşı çıxışları da olub. Tələbəlik illərində bizi başqa
institutların tələbələrindən fərqli olaraq
“Şən və hacırcavablar klubu”
yaratmadığımıza görə qınayırdılar.
Biz də bunun səbəbini başqa institutlarda
aktyorluq fakültəsinin olmaması, bu klubun bizdən
çox onlar üçün maraqlı olduğu ilə izah
edirdik. Hər zaman bu işin içində
olduğumuz üçün “Şən və hazırcavablar
klubu” yaratmadıq. İncəsənətdə
oxuyanlara Tibb Universitetində yarılan meyidə baxmaq
maraqlı gəlir, nəinki belə klublar hazırlamaq. Fərda və Elməddin də belə klubların
oynadıqları rolla tanınıblar. Onları
aktyor adlandırmaq olmaz.
-Çalışdığınız
teatrın əsas problemləri nədir?
-Azərbaycan
Akademik Milli Dram Teatrında öncəki illərlə
müqayisədə problemlər azalıb. Əvvəl
hərə nə istəyir onu eləyir, kiminsə işinə
qarışıb, ona maneə olurdu. Artıq
rəhbərlik, tamaşalar, ifalar dəyişib. Teatra yeni rejissorlarımızın, aktyorların gəlməsi
müqayisə olunmaz əsərlərin yaranmasına səbəb
olub.
-Bu gün tamaşaçıların
teatra marağı necə, sizi qaneə edirmi?
-Deməzdim
ki, teatrlarımızda tamaşaçı
qıtlığı var. Mən təzə səhnəyə
çıxanda auditoriyada tamaşaçının az olduğu vaxtlar olurdu. Amma
sonradan vəziyyət dəyişdi. Yeni
tamaşaların səhnəyə qoyulması
tamaşaçıda maraq yaratdı. Mən
istəyərdim ki, bu gün telekanallarımızda da
tamaşalar reklam olunsun. Televiziyada bu
cür anonsların reklamı üçün külli miqdarda
vəsait tələb olunur ki, buna da teatrın imkanı
çatmır. Televiziya belə anonslarla
pul qazanmamalıdır. Sosial şəbəkələrdə,
hərə öz səhifəsində tamaşa haqda məlumat
yaymaqla tamaşaçıları teatra cəlb edir.
-Hansı peşə sahibinin rolunu
canlandırmaq sizin üçün çətin olub?
-Mən
“Qaydasız Döyüş”ə çəkilməzdən
öncə təşkil edilən toplantıda Vahid Mustafayev bu
rolu oynaya biləcəyimə inanmadığını dedi.
Lakin rejissor Yaşar mənim bu rolun öhdəsindən gələcəyimi
dedi. Vahid Mustafayev də rolumla bağlı
bütün məsuliyyəti rejissorun üstünə qoydu.
O hətta mənim başqa aktyorla əvəzlənməyimi
istəsə də, rejissorun təkidi mənfi obrazlı
leytenantın rolunu mən oynadım. Lakin filmin təqdimatından
öncə Vahid müəllim belə dedi: “İlk
toplantıda Anarın bu rolu oynaya bilməyəcəyini
demişdim. Hətta o bu rolu ilə müsbət
qəhrəmanı da üçüncü planda qoyub. Filmi normal vəziyyətə salan Anardır”. Ümumiyyətlə bu cür mənfi rollar aktyorlar
üçün çətindir. Hərdən
məndən Kamranla mənim fərqli və oxşar cəhətlərimi
soruşurlar. Mən də zarafata salıb
deyirəm ki, bir xarici görkəmimiz oxşardı, bir də
səbrli olmağımız. Amma Kamran məndən
də səbrlidir. Hərdən serialı
izləyəndə onun bu qədər səbrli olmağına
əsəbləşib deyirəm ki, “vur, əlindəkini
Orxanın başına”.
-Bəs, Orxan kimi kürəkən necə,
arzulayardınızmı?
-Yox, Allah eləməsin.
Heç kəsə də arzulamıram.
-Bəs, aktyor olmasaydınız hansı
peşəni seçərdiniz?
-Mən fikirləşirəm
ki, hansı sahə ilə məşğul olsam da, o sahənin
mütəxəssisi olaram. Çəkməçi,
alverçi, papaq tikən, zərgər də olsam birincilərdən
olardım. Alverçi də olsam
çalışaram ki, alverim yaxşı getsin, müştərim
də çox olsun. Hər şeyi pul
qazanmaq xətrinə etmərəm. Mən
demirəm ki, mən yaxşı aktyor, nə bilim nə.
Hər halda tanınan üç, dörd
aktyordan biriyəm. Bu gün aktyorluq sahəsində
də bacarıb-bacarmadan bu işi görənlər var. Amma
aktyor olmasaydım, yəqin ki, zərgər olardım. Məktəbi
bitirdikdən sonra bir il bu sahə ilə məşğul
olmuşam.
-Bəs, həyatda ən çox nədən
qorxmusuz?
-Artıq bu
qorxu keçib. Anamı itirməkdən hər
zaman qorxmuşdum. İki il bundan
öncə anam dünyasını dəyişdi. Bu mənim üçün ən böyük
itkidir. Anam mənim üçün həm
ana, həm də qardaş olub. Bir aktyor
kimi isə heç nədən qorxmuram. Tamaşaçı
məni çox istəyir.
-Digər sənət
yoldaşlarınızdan fərqli olaraq siz heç vaxt şəxsi
həyatınızla gündəmə gəlməmisiniz. Bu yola əl atıb məşhurlaşanlara
münasibətiniz necədir?
-Mən
heç vaxt belə yollarla məşhurlaşmaq istəməmişəm.
O, onların öz işidir. Bu yaxınlarda
anamın adını daşıyan qızım Almazın ad
günü olanda da fotoqraflar və televiziyadan heç kəsi
dəvət etmədim. Ad günündən
çəkilən şəkilləri isə özüm
saytlara yollamışdım.
-Ən böyük arzunuz nə olub?
- Tələbəlik
illərində ən böyük arzum hazırda fəaliyyət
göstərdiyim teatrda işləmək olub. Məncə,
bu hər bir aktyorun arzusudur. Belə bir arzusu olub dananlar
da az deyil. Yaşar Nuri, Firəngiz Mütəllibova,
Siyavuş Aslan, Nurəddin Mehdixanlı, Ramiz Novruz, Fuad Poladov
kimi aktyorlarla bir səhnədə rol almaq mənim
üçün çox sevindirici haldır. Bu
cür aktyorlara baxıb tələbə ikən
öz-özümə “görəsən mən də
tanınb, seviləcəyəm?” deyirdim.
Nigar Məhərrəm
Olaylar.- 2013.- 8-11 mart.- S.11.