Yaşamın
füsünkarlığını
qoruyan göydə Tanrı, yerdə Qadındır!
Bayramınız mübarək,
xanımlar!
İldə
bir gün-8 mart tarixi dünyanın bir çox ölkələrində
olduğu kimi Azərbaycanda da bayram kimi qeyd olunur. Amma hələ
bu tarixə günlər qala insanlar sanki ticarət atmosferinə
düşür. Kişili, qadınlı əksəriyyət hədiyyə almaq təlaşına
düşür. Bəlkə də bu bayramda daha çox sevinən
də elə ticarətçilər olur. 8 Mart haqqında
müxtəlif fikirlər var. Amma
əsas odur ki, adından asılı olmayaraq qeyd olunan
tarixlər mənəvi dəyər daşısın.
Bayramlar da buna görə əhəmiyyətlidir. Bəs
görəsən qeyd etdiyimiz bu tarix haqqında cəmiyyətdə
müxtəlif mövqeyə sahib əks cinsin nümayəndələri
nə düşünür? Özlərindən soruşduq...
“Xalq Cəbhəsi” qəzetinin redaktoru
Elçin Mirzəbəylinin fikrincə,
8 Mart Beynəlxalq Qadınlar Günü birmənalı qarşılanmayan bayramlardan sayılır. Xüsusilə də
kişilər tərəfindən.
Belə ki, bir
çoxlarına qadın hüquqlarına
sayğısızlıq, bəzilərinə maddi
sıxıntılar bu bayramı layiqincə
dəyərləndirməyə imkan vermir: “Gerçəklik budur: 8 Mart
yaxınlaşdıqca kimsə övladının müəllimələrini,
bir başqası sevgilisini,
iş yoldaşı olan
xanımları necə təbrik edəcəyini düşünür. Əslində bu bayrama əlavə
qayğı kimi baxanların sayı yetərincədir,
amma çoxları bunu
dilə gətirmək istəmirlər. Bu yanaşma
həm də mental komplekslərdən irəli
gəlir. Əslində 8 Mart zərif cinsin nümayəndələrinə diqqət
göstərməyin vacibliyini
xatırladan gözəl bir bayramdır.
Önəmli olan hədiyyə deyil, diqqətdir, sevgidir,
paylaşmaqdır”. E.Mirzəbəyli bildirdi
ki, bir neçə kəlmə gözəl söz, 1 ədəd çiçək, hətta
bir ismarıc belə yetər.
Yazıçı-publisist Akif Əli bayrama münasibətinin yaxşı olduğunu bildirdi:
“Qadınlarla bağlı olan hər şey yaxşıdır, gözəldir. Və gərək təkcə martın 8-i yox, ilin bütün
günləri Qadın bayramı olsun. Çünki ilin bir günü belə
qadınlarsız keçsə, dünya məhv
olar, yaradılanlar dağılar, yer məhvərindən çıxar və boşluğa uçar.
Dünyanın sabitliyini, kişilərin dincliyini, həyatın mənasını,
yaşamın füsunkarlığını qoruyan
- göydə Tanrıdırsa, yerdə Qadınlardır. Bayramınız
mübarək, xanımlar!” AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda böyük
elmi işçi olan Faiq Ələkbərov
isə 8 mart Beynəlxalq qadınlar
bayramına münasibətinin nə "isti",
nə də "soyuq" olduğunu
dilə gətirdi: “Ona görə "isti" deyil ki, belə bir bayramı tam olaraq qəbul etmirəm.
Bu yanaşmam onunla bağlıdır ki, bayramın yaranmasına səbəb
ABŞ-da bir qrup qadının daha çox özlərinə aid
məsələləri irəli çəkməsidir. Özəlliklə,
həmin ABŞ-lı xanımların başladığı insan hüquq və
azadlıqları ilə bağlı olan məsələlərin daha sonra az qala
qadınların kişilər tərəfindən
zorakılığı adı altında
populyarlaşdırılması, bu mənada
onlara müəyyən imtiyazların
verilməsi anlaşılan deyildir. Çünki sonralar bir çox qadınlar bir günlük bayramı
illik bayrama çevirmək
niyyətinə düşdülər. Etiraf
etmək lazımdır ki, müəyyən
mənada da ötən bir
əsr ərzində "azadlıqlar" əldə etdilər”.
F.Ələkbərovun sözlərinə görə, bu "azadlıqlar" onunla nəticələndi
ki, Qərb dünyasında ailə institutu dağılmağa başladı. Bəzi
ailələrdə böyüyənlər "orta cins" olmağa başladılar. Bu
baxımdan Qərbdən gələn Qadınlar bayramı
onların qorxulu bir yuxusu oldu: “Bunu, yenə də Qərbdən-Avropadan gələn
14 fevral əcaib-qəraib "sevgililər
günü"nə də aid etmək olar. Şübhəsiz, Qərbin-Avropanın bu qadınlar bayramı "sevgililər
günü" bu və
ya digər dərəcə də Türk-İslam, o cümlədən
Azərbaycana da təsirsiz
ötüşməyib və bu təsir
indi də davam edir. Halbuki türk-islam
dəyərlərində qadına, anaya olan münasibət məlumdur”. Müsahibim bildirdi ki, Türk əxlaqında
qadına olan münasibətlə
tanış olmaq üçün
təkcə "Kitabi-Dədə Qorqud"
boylarını oxumaq yetərlidir. Belə ki, Türk dünyagörüşündə
qadın həmişə namus
sayılmışdır, bu gün də belədir. Onun
sözlərinə görə, bir türk bəyi yalnız bir
gün deyil, həyatı
boyu qadınını sevindirməyə, onu uca tutmağa
çalışmışdır. Bunu isə,
türk bəyi halal
qazancıyla etmişdir ki,
başı dik olsun: “Yoxsa, indi bir
gün qadın bayramıdır deyib, necə olursa olsun, qadına nə isə alıb, üstəlik
bunu, kişilərin "qara
bayramı" kimi qəbul etmək çox
mənasızdır. Mən də, həmin gün
deyil, hər gün
ailəmə (maddi baxımdan) qazanc gətirməyə
çalışıram. Ancaq əgər günümüzdə mən 3 yerdə
işləyib 400 manat qazanıramsa,
üstəlik Qərbin bu bayramını
qəbul etdiyimiz halda,
kişilərin normal əmək haqqı
almasını unuduruqsa, halal qazanc ilə ailəmizi təmin etsək, əsl
bayram, insanlıq onda olar”. Münasibətinin "soyuq" olmamasına gəlincə isə, F.Ələkbərov bayramı 1 növ
kişilər üçün 1 bəhanə
kimi qəbul etməyin mümkün
olduğunu bildirdi. Yəni
kim bu bayramdan
istifadə edib günahını yumaq istəyirsə, ya da ürəyini açmaq
istəyirsə buyursun: “Ancaq bütün hallarda 8
martı deyil, daha çox sevgini və
qarşılıqlı hörməti unutmayın”.
Sosiologiya elmləri
doktoru, “Aktual” Elmi-sosioloji araşdırmalar Mərkəzinin
rəhbəri Əbülfəz
Süleymanlı problemləri və çıxış
yollarını göstərdi. Bildirdi ki, hər il artan maddi xərclərə
səbəb olduğu üçün
8 Mart Beynəlxalq Qadınlar gününün
bu cür qeyd olunması tənqid
olunur və bir çox insanda ikrah hissi meydana
gətirir. Bu günün daha
çox kişilərə əlavə yük olması prizmasından problemə
yanaşılmaya çalışılır: “Çünkü həmin gün
həm övladlarının müəllimələrinə,
repititorlarına, üstəlik oğlan
övladlarının sinif
yoldaşlarına, özünün xanım iş
yoldaşlarına, həyat yoldaşına, anasına,
bacısına və digər yaxın qadın ətrafına
hədiyyə almaq məcburiyyəti hiss edən və buna sövq olunan kişilər
üçün bu bayram sözün həqiqi
mənasında ciddi bir
maddi yükə çevrilir.
Bu səbəblər ucbatından öz aralarında “Kişilərin qara bayramı” kimi də
istehzalı ifadələrin meydana gəlməsinə
səbəb olur”. Sosioloq
bildirdi ki, 8 Mart bir çox qadınlar üçün də ciddi
maddi problemə çevrilir
və bu məqam çox
vaxt nəzərdən
qaçırılır. Belə ki, həyat yoldaşı vəfat etmiş, boşanmış və yaxud başqa səbəbə
görə onlarla birgə olmayan
üç məktəbli övladı olan, sabahdan axşama qədər işləyərək
aldığı qıt maaşla
uşaqlarını saxlamağa
çalışan ananın vəziyyəti
həqiqətən dramatik həddə
olur: “Hər bir
uşağın övladının müəllimələri
üçün ən azı bir qutu ətir və yaxud həmin gün qiyməti
kəllə-çarxa çıxan bir gül dəstəsi alıb hədiyyə etməsi
bu vəziyyətdə olan
qadınlar üçün çox ciddi yükdür. Birdə həmin
o qıt məvacibini iki
həftə sonra gələcək Novruz bayramına da tədarük
etmək məcburiyyətindədir.
Əslində 8 Mart ilkin məna
etibarilə məhz onun, yəni əməkçi,
zəhmətkeş qadının bayramıdır, reallıqda isə həmən gün daha aylar əvvəl ona əziyyət verməyə başlayır,
yuxusunun ərşəyə çəkilməsinə
səbəb olur.
O övladları üçün
narahatdır. Çünkü həmin gün hədiyyə almadığı təqdirdə,
puldan, hədiyyədən başqa
heç nə düşünməyən
və təəssüflər olsun ki
sayıları ildən-ilə artan o
üzdəniraq müəlliməsi və müəllimələrinin
qəzəbinə tuş gələ bilər,
hətta həmin “müəllim”ə o
qədər qəzəblənə bilər ki,
onun övladının qiymətini də
kəsə bilər. Bütün bu məqamlar əslində ilkin
mənşəyi çox mənalı olan bir günün,
əziyyət, nifrət və qəzəb gününə
çevrilməsinə səbəb olur, hətta
yuxarıdakı misallara istinadən deyərdim
ki, əməkçi övladı məktəbli
olan qadının istismar
gününə çevrilir”. Sosioloq bildirdi ki, son illər əlaqədar
qurumlar tərəfindən, xüsusilə
orta təhsil müəssisələrində
bu xoşagəlməz səhnələrin
yaşanmaması üçün həm inzibati, həm profilaktik tədbirlər
həyata keçirilir. Lakin
bütün cəhdlərə baxmayaraq yenə orta təhsil
müəssisələrində bu günün müəllimələrin hədiyyə
alma günü
olması faktının qarşısına keçmək olmur. Belə ki, valideynlər müxtəlif yollarla
övladlarının xətri üçün
müəllimələrini “təbrik” etməyə
çalışırlar. Daha sovet dövründən formalaşan
və bizdə ən eybəcər formada özünü biruzə verən bu vərdişi tərgidməkdə o qədər asan deyil. Sosioloqun sözlərinə
görə, sovet dövründə də
müəllimələr həmin gün
şagirdlərindən hədiyyə gözləyirdilər və
qəbul edirdilər. Nə qədər təəccüblü
olsa da, həmin illərdə
də Azərbaycan və digər sovet
respublikaları arasında fərq nəzərə
çarpırdı. Belə ki, başqa ölkələrdə
sadə bir gül dəstəsi
ilə təbrikləri qəbul edərkən, həmin illər
yenə də bizim müəllimələr
gül dəstəsi ilə kifayətlənmirdilər:
“Son illər bu doyumsuzluq hissi daha eybəcər formada özünü büruzə verməyə davam etdi. Bəzi müəllimələr bu cür iradlara
öz etirazlarını bildirərək “bizim də tək bu günümüz var, bizdə
az məvaciblə əziyyət çəkir
və övladınıza bilik verməyə
çalışırıq”
deyirlər. Lakin bunların arqumentləri çox
absurd səslənir. Çünkü
daha əvvəldə müəllimlər
günündə buna bənzər səhnələr
yaşanır və birdə 8 Mart Dünya qadınlar Gününü
hədiyyə alma gününə
çevirməyin heç bir
mənası yoxdur”.
Bəs
vəziyyətdən çıxış yolu
nədir?
Ə.Süleymanlı
vəziyyətdən çıxış yolu
tapmaq üçün
bir sıra işlərin həyata
keçirilməsini zəruri hesab edir. Belə ki,
əlaqədar qurumlar öz
üzərinə düşən vəzifəni yerinə yetirir, yoxlamalar
aparılır, lakin buna
baxmayaraq valideynlər öz
şəxsi iradələri ilə öz
aralarında pul toplayaraq
və yaxud fərdi qaydada
müəllimələri təbrik etməyə davam edirlər: “Müəyyən mənada
belə təsəvvür yaranır ki, xalq özü bu günün bu cür qeyd
olunmasında maraqlıdır. Lakin bu yanaşma da səhvdir, çünkü
psixoloji təzyiq
ünsürləri qalmaqda davam
edir. Hesab edirəm ki burada təbliğat-təşviqat
kampaniyası daha intensiv
aparılmalı və ictimai qınaq
mexanizmaları ilə bu gündə hədiyyə
gözləntisi olanlar öz
paylarını almalıdırlar. Eyni zamanda müəllimələr də səmimi
formada hədiyyə gözləntisi
içində olmadıqlarını dilə gətirməli və
bunu açıq şəkildə
göstərməlidirlər. Misal üçün pul və
ya bahalı hədiyyə əvəzinə
müəllimənin öz şagirdindən
onun əliylə düzəltdiyi bir hədiyyəyə və yaxud
müəllimi üçün
yazdığı bir şeirə üstünlük
verməsi və bunu açıqca həm
şagirdlərinə və ələlxüsus valideynlərinə
ifadə etməsi özlərini müəlliməyə
hədiyyə vermək məcburiyyətində hiss edən valideynlərin fikirlərini dəyişdirə
bilər. Eyni zamanda, mətbuatda
bu günün həqiqi
mənası ön plana
çıxarılmalı və daha çox bu günün
zəhmətkeş qadınlar günü
olmasına vurğu edilməlidir. Həqiqi mənada bu
günün Anaların Bayramının
olmasını istəyiriksə bütün
anaların bu bayramı doya-doya
yaşamalarına şərait yaratmaq lazımdır”.
Aygün
Olaylar.- 2013.- 8-11 mart.- S.4.