“Azərbaycan
musiqisinin özəllikləri var”
Muğam müsabiqəsinə gəlmiş
qonaqlar: “Azərbaycan mədəniyyətinə
valeh olmuşuq
Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqı tərəfindən Bakıda 2013-cü il 9-19
mart tarixində "Muğam aləmi" adlı III Beynəlxalq
Muğam Festivalı keçirildi. Festival çərçivəsində
15-18 mart tarixlərində beynəlxalq muğam müsabiqəsini
baş tutdu. Festivalda iştirak etmək üçün
Türkiyə, İran, Tacikistan, Liviya, İordaniya, Türkmənistan,
Çin, Hindistan, Tunis, Misirdən və başqa ölkələrdən
musiqiçilər və qruplar təşrif buyurmuşdular.
Muğam müsabiqəsində iştirakçı ölkələrin
nümayəndələrinin fikirlərini öyrəndik. Azərbaycan
muğamı haqqında nə düşünürlər?
“Raqa” qrupu (Hindistan):
“Azərbaycanda
olmaqdan böyük şərəf duyuram. Mən Hindistan ənənəvi musiqinin təmsilçisiyəm. Azərbaycana ilk səfərimizdir. Bu ölkəni çox
sevdik. Cünki əhalisi çox
mehribandır. Müsabiqə çox obyektiv keçirilir. Qayda qanunlar,
seçimlər ədalətlidir.
Vokal mərhələdə təqdim
etdiyimiz kompozisiya Hind Klassik Raqasıdır.
İnstrumental mərhələdə isə “Raqa Kirvani” və “Raqa Tog”u ifa
edəcəyik. Bu nümunələr Cənubi
Hindistanın şifahi
ənənəli musiqisinə
aiddir. Sizin musiqi həyəcanlıdır.
Öz lirik axımlılığı
ilə insan qəlbini titrədir.
Muğamlarınızın gözəlliyinə sadəcə söz tapa bilmirik”.
Sitora Karamatullo (Tacikistan):
“Çox şadıq ki, bizi bu
müsabiqəyə dəvət
ediblər. İlk növbədə tədbirin təşkilatçılarına
öz təşəkkürümü
bildirirəm. Mən milli
musiqinin təmsilçisiyəm.
Sözsüz, bu müsabiqədə
iştirakım mənim
gələcək yaradıcılığıma
böyük təsir edəcək. Hal-hazırda Tacikistan Milli Konservatoriyasının
IV kurs tələbəsiyəm.
Şaşmakom fakültəsində oxuyuram. Bir sıra respublika
müsabiqələrində iştirak etmişəm, eləcə də xarici ölkələrdə
konsertlərim olub.
Ancaq belə iri miqyaslı
Beynəlxalq Muğam Müsabiqəsində ilk çıxışımdır.
Azərbaycana ilk səfərimdir. Şəhəriniz, insanlarınız çox xoşuma gəldi. Siz çox qonaqpərvərsiniz.
Müsabiqədə dörd əsərlə
çıxış edirəm.
Bu kompozisiyalardan ikisi “Şaşmakom”dur.
Digər
nömrə makam üslubunda Tacikistan bəstəkarı tərəfindən
bəstələnib. “Gülcahan” adlanır.
Azərbaycan muğamında improvizasiya
böyük yer tutur və burada
dayaq pillələrin ətrafında gəzişmələr
olur. Makam isə instrumental və vokal hissələrdən
ibarət olub struktur etibarilə fərqlidir. Makam təmbur
aləti ilə bağlı şəkildə
ifa olunur”.
“Səda “ qrupu (Türkiyə):
“Düşünürəm ki,
hər bir şifahi ənənəli
musiqi ilə məşğul olan musiqiçi Azərbaycanda
keçirilən Beynəlxalq
Muğam Müsabiqəsində
iştirak etməlidir. Burada bir sıra bacarıqlı musiqiçilər
seçilib. Müsabiqə musiqiçilərin öz
sənətlərini göstərməsi
üçün cox gözəl imkandır.
Uğurlu müsabiqə olduğunu
düşünürəm. Azərbaycana
ilk dəfədir gəlirəm.
Şəhəriniz çox maraqlıdır.
Gəldiyimiz ilk gün çox
isti idi, növbəti gün isə sanki qar yağacaqdı. Məncə dörd mövsümü bir arada yaşayırsınız.
Azərbaycanlıların türklərə olan xüsusi diqqət və hörmətlərini görürük.
Şəhərdəki qədimi tarixi
abidələrin bəzilərini
gəzmək imkanımız
oldu. İçərişəhəri çox bəyəndik.
Həqiqətən çox gözəl
şəhərdir. Türkiyəyə qayıdanda hər kəsə bu şəhərdən bəhs
edəcəyik. Bura gəlməyə
dəyər. Müsabiqədə bir neçə kompozisiya ilə çıxış edəcəyik.
İfa zamanı Türk Sənət Musiqisinin əvəzolunmaz alətlərindən
- qanun, uddan istifadə etmişik.
Qrupumuz altı musiqiçidən
ibarətdir. Türkiyədə ifa edəcəyimiz əsər haqqında düşünərkən, güclü
instrumental və vokal ifaçılara malik olan bir ölkəyə-
Azərbaycana gələcəyimizi
bilirdik. Bu səbəbdən də işimizin çətinliyini
və məsuliyyətini
başa düşürdük.
Türk xalq musiqisi və Azərbaycan musiqisinin xüsusi özəllikləri
var. Türk xalq musiqisində Segah , Uşşaq və bunlara bənzər bir sıra məqamlarında bənzər motivlər
var. Sizin musiqidə variantlılıq, improvizasiyalardan
çox istifadə olunur. Bizim musiqimizdə də
bunlar var, ancaq Azərbaycan muğamındakı qədər
zəngin deyil. Azərbaycan musiqisində
6/8, 4/4, 2/4 və başqa
ölçülərə çox rast gəlsəm də, Türk Sənət Musiqisindəki 7/8, 8/8,9/8 kimi ölçülərə
rast gəlməmişəm”.
İnstrumental qrup (İordaniya):
“III Beynəlxalq
Muğam Müsabiqəsi
bizim üçün
böyük önəm
kəsb edir. Bu müsabiqədə bir sıra ölkələrin
o cümlədən, İran,
Türkmənistan, Türkiyə
və digər ölkələrin musiqisi
ilə tanış
olduq. Burada İordaniyada musiqi
mədəniyyətini təmsil
edirik. Biz ifamızda bir sıra ölkələrin
musiqisini öz musiqimizlə sintez edərək, improvizasiyalarla
ifa edirik. Müsabiqənin sayəsində
bir sıra ölkələrin musiqi mədəniyyətləri, müxtəlif
növ musiqi janrları ilə tanış olduq. Bu bizim Azərbaycana
birinci səfərimizdir.
Biz ölkəniz və musiqiniz haqqında məlumatlı
deyildik. Ancaq indi
ölkənizə, mədəniyyətinizə
valeh olmuşuq. Biz muğam
ifa edirik. İnstrumental mərhələdə ansambl şəklində çıxış edəcəyik.
Təqdim etdiyimiz kompozisiya
müşayətsizdir. İfamız
variasiyalarla zəngindir.
Kompozisiyamızda ərəb musiqisi,
rast muğamından istifadə etmişik.
İnstrumental mərhələdə təqdim etdiyimiz kompozisiyalarda ud alətində texnika bacarığının ön
plana çəkilməsinə
çalışmışıq. Muğamınız möhtəşəmdir. Bu digər musiqi
janrlarından, mədəniyyətlərindən
fərqlənir”.
Şanə Vəlizadə,
Bakı Musiqi Akademiyasının
Musiqişünaslıq fakültəsinin III kurs tələbəsi
Olaylar.- 2013.- 20-27 mart.- S.13.