ABŞ-dakı Azərbaycan diasporunun qarşısında bir sıra mühüm vəzifələr dayanır

 

Son illər ərzində okeanın o tayında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının həyata keçirdikləri bu və ya digər layihələr, tədbirlər ölkəmizin həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, keçən il ərzində keçirilən tədbirlərin statistikasına nəzər saldıqda bunu aydın görmək mümkündür.

 

Belə ki, ötən il Amerika ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yerli siyasi dairələrlə əlaqələrin genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Amerika ölkələrinin ictimaiyyətinə çatdırılması məsələlərinə daha çox diqqət yetirmişlər. 2012-ci ilin aprelin 30-da Vaşinqtonda Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden Azərbaycan və türk icmalarının nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının ictimai və dini qurumlarının rəhbərləri, Türkiyə-Azərbaycan təşkilatı, habelə bir sıra türk və Azərbaycan diaspora qurumlarının təmsilçiləri iştirak åtmişdir. Fevralın 6-8-i  tarixlərində isə Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və məsul şəxsləri Azərbaycanda səfərdə olmuşlar. Kanadalı qonaqlar tərəfindən Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil edilmiş, şagirdlərə riyaziyyat və kompüter texnologiyaları sahələrində uğurlu karyera haqqında məlumat verilmişdir. Kanadanın Kalqari şəhərinin meri Naheed Nenşi Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar keçən ilin fevral ayında rəsmi sənəd qəbul etmişdir. Merin qərarı ilə fevralın 25-i və 26-sı Kalqari şəhərində Xocalı qətliamının 20-ci ildönümü kimi tanınmışdır. Merin açıqladığı sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb hücum edərək, oradan qaçmağa çalışmış əhalini qəddarcasına qətlə yetirdiyi qeyd edilmişdir. Fevralın 28-də Amerika-Azərbaycan Şurası, Amerika Azərbaycan Cəmiyyəti Pax Turcica təşkilatı və Birləşmiş Ştatlarda Türk Amerika Assosiasiyalar Birliyinin birgə kampaniyası nəticəsində isə Amerikanın Corciya ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar 1594 saylı qətnamə qəbul etmişdir. Qətnamədə 1992-ci ildə fevralın 26-dan 27-ə keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 336-cı moto-atıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirdiyi qeyd edilmişdir.

2012-ci il martın 13-də Birləşmiş Ştatların şimal-şərqində yerləşən Meyn ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənəd qəbul etmişdir. Sənəddə Ermənistan silahlı qüvvələri Rusiyanın 336-cı moto-atıcı alayının iştirakı ilə silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq, Xocalıya hücum etdiyi və şəhəri işğal etdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki,  münaqişədən qaçmağa cəhd göstərən Xocalı sakinləri pusquya salınaraq, erməni və rus əsgərləri tərəfindən atəşə tutulmuş, qətliam nəticəsində 613 mülki vətəndaş həyatını itirmişdir. Aprelin 25-də isə Vaşinqtonda “ABŞ-Azərbaycan Əlaqələri: Gələcəyə Baxış” mövzusunda iki günlük konfrans keçirilmişdir. Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi münasibətilə keçirilən konfransda diqqət iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərinə yönəlmişdir. Konfransda Azərbaycan və ABŞ tərəfdən yüksək səviyyəli nümayəndələr, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və biznes sektorunun təmsilçiləri iştirak etmişlər. İyun ayının 12-də Nyu-York ştatının Senatında 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair 3784 saylı qətnamə Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin  səyləri nəticəsində qəbul edilmişdir. İyul ayında isə Florida ştatının Orlando şəhərində Azərbaycandan övladlığa uşaq götürmüş Amerika ailələrinin illik toplantısı keçirilmişdir. Amerika ailələrinin 11-ci belə toplantısı Amerika-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil edilmişdir. Oktyabrın 8-də Birləşmiş Ştatların Florida ştatının Hallandale Beach şəhərinin meri Coy Kuper Hanandale azərbaycanlılarla görüşündə oktyabrın 18-ni Azərbaycanın Müstəqilliyi günü elan edilməsi haqqında imzaladığı rəsmi sənədi açıqlamışdır. Şəhər meriyası bu qərarı Hallandale Beach şəhərində yaşayan təxminən 150 amerikalı azərbaycanlının müraciətini nəzərə alaraq və Azərbaycanın müstəqillik qazanmasının 21-ci ildönümü münasibətilə qəbul åtmişdir. Oktyabrın 21-də isə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri "Amerika Yəhudi Komitəsi"  İcraçı direktoru David Harrislə görüşmüşlər. Görüş zamanı Yəhudi diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatları arasındakı əməkdaşlıq planları müzakirə olunmuşdur. Qeyd edək ki, dekabrın 10-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Amerika Yəhudi Komitəsi" tərəfindən keçirilən “Azad Bazar günü: 25 ilin Uğuru” adlı tədbirdə Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisə Azərbaycanın “Dostluq” ordeni təqdim edilmişdir. Ümumilikdə 2012-ci il ərzində Amerika ölkələrində Azərbaycan diasporunun xüsusi önəm verdiyi əsas istiqamətlər Azərbaycanın zəngin mədəniyyəti və tarixi ilə bağlı yerli ictimaiyyətin daha yaxşı məlumatlandırılması məqsədilə müxtəlif təbliğat kampaniyalarının və mədəni-kütləvi tədbirlərin təşkili, ABŞ-ın aparıcı QHT-ləri, dövlət orqanları və kütləvi informasiya vasitələri ilə əlaqələri genişləndirmək, yerli mətbuatda Azərbaycan haqqında obyektiv məlumatların dərc olunması istiqamətində tədbirlər görmək; Azərbaycanın geosiyasi əhəmiyyəti, ABŞ və Avropanın enerji təhlükəsizliyində rolu barədə bu ölkənin müvafiq siyasi və ictimai dairələrini, habelə kütləvi informasiya vasitələrini daha geniş  məlumatlandırmağa xidmət edən layihələr hazırlamaq və həyata keçirmək, eləcə də Amerika ölkələrində yaşayan azərbaycanlılar arasında şəbəkələnmə işini gücləndirmək, müasir informasiya texnologiyalarının diaspor quruculuğu və Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması işinə tətbiqi təcrübəsinin genişləndirilməsindən ibarət olub. Qeyd olunan faktlar göstərir ki, 2012-ci il ərzində Azərbaycan diaspor təşkilatları əvvəlki illərlə müqayisədə daha fəal olmuş, xarici ölkələrdə Azərbaycan mədəni irsinin və tarixinin təbliği, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Əldə olunmuş uğurlar Azərbaycan diasporunun mütəşəkkil və dinamik bir qüvvəyə çevrildiyini təsdiq edir. Bununla belə diasporun daha da güclənməsi, fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda bir sıra vəzifələr dayanır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 15 may.- S.15.