Azərbaycan diasporunun görkəmli nümayəndələrindən Ceyhun Hacıbəyli
Azərbaycan diaspor tarixində adı
şərəflə çəkilən və görkəmli
şəxsiyyətlərdən sayılan insanlardan biri də
Ceyhun Hacıbəylidir.
Ceyhun
Hacıbəyli 1891-ci ilin fevral ayında Azərbaycanın dilbər
guşələrindən olan Şuşa şəhərində
doğulmuşdur. İlk təhsilini bu şəhərdə
alan Ceyhun Hacıbəyli sonralar Bakı milyonçusu Murtuza
Muxtarovun vəsaiti ilə Sankt-Peterburq Universitetinin hüquq
fakültəsinə daxil olmuşdur. Sonradan Fransaya gedən həmyerlimiz
Sarbonna Universitetində təhsilini başa vurmuşdur. Ceyhun
Hacıbəyli hələ Fransada təhsil aldığı
müddətdə soydaşlarımızın bir araya gəlməsi
istiqamətində səylərini əsirgəməyib.
1916-cı ildə Ceyhun Hacıbəyli Bakıya
qayıtmış və “Kaspi” qəzetində məqalələrlə
çıxış etmişdir. 1917-ci ildə “İttihad” və
“Müsəlmanlıq” qəzetlərini redaktə etmişdir.
Dahi mütəfəkkir 1918-ci ildə “Azərbaycan” qəzetinın
redaktorlarından biri olmuşdur. Ceyhun Hacıbəyli 1919-cu
ilin dekabrında Versal Sülh konfransında iştirak etmək
üçün Parisə getmişdir. Həmin il Parisdə
onun fransız dilində “İlk müsəlman respublikası
Azərbaycan” kitabı çapdan
çıxmışdır. Ceyhun Hacıbəylinin “Azərbaycan”
qəzetində redaktorluq fəaliyyəti xüsusilə qeyd
olunmalıdır. O, bütün çətinliklərə
baxmayaraq hələ Gəncədə “Azərbaycan”ın ilk
nömrələrini çıxarmış, sonra Bakıda
onun davamı üçün əlindən gələni əsirgəməmişdir.
“Azərbaycan”ın 1919-cu ilin 16 yanvarına qədər nəşr
edilən 88 nömrəsi özünün də etiraf etdiyi
kimi, Ceyhun Hacıbəylinin həyat salnaməsində unudulmaz
bir xatirəyə çevrilmişdi. Ceyhun Hacıbəyli
Versal Sülh konfransından bir neçə gün qabaq
oxucularla belə vidalaşmışdır: “Vətən və
millət yolunda əlimdən gələn xidməti və
öhdəmə düşən vəzifəni qəzetimizın
müdiri sifətilə ifaya məşğul ikən, vətən
övladlarının xahişi və əmrinə müti
olaraq cahan Sülh konfransına göndərilməklə
öhdəmə daha ağır və məsuliyyətli, lakin
müqəddəs bir vəzifə düşdü. Bu
böyük xidməti möhtərəm arkadaşlarım ilə
bərabər ifa üçün Avropaya getmək lazım
olduğuna görə qəzet idarəsi işindən müvəqqəti
olaraq ayrılıb, əziz vətənimizin haqqında var
qüvvəmizlə çalışacağımızı əlavə
etməyi və möhtərəm oxucularımı zakəmali-sidq
və səmimiyyət ilə xüdahafiz deməyi özümə
borc bildim”. Ceyhun Hacıbəyli xatirələrində bu səfərin
nəticələrini isə belə nəql edir: “Bundan 32 il əvvəl
idarə etdiyim milli “Azərbaycan” qəzetimizi istəkli
qardaşım Üzeyirə həvalə edərək Azərbaycan
dövlətinin başqa mədəni millətlər və
Sülh konqresinə toplanmış dövlətlərin ali məclisi
tərəfindən rəsmən tanınmasına nail olduq.
Missiyamızın üç ay müddətinə sona yetəcəyini
düşünürdük. Həm bizim özümüzə,
həm də vətəndə qalanlarımıza üç
ayın başa çatması çox uzun
görünürdü. Bilmirdik ki, bir çoxumuz gözəl
vətənimizi bir daha görməyəcəyik”. “Kaspi” qəzetinin
fəal əməkdaşlarından olan Ceyhun Hacıbəyli
burada çoxlu məqalələr dərc etdirmişdir. O, məqalələrinin
əksəriyyətini “Dağıstani” imzası ilə
yazırdı. Onun bu qəzetdə çap olunmuş qiymətli
məqalələrindən biri “Azərbaycanın rəngləri”
adlanır. 1911-ci ildə işıq üzü
görmüş bu məqalədə yeddi nəfər Azərbaycan
şairəsi haqqında qiymətli məlumat verilir. Ceyhun
Hacıbəylinin ən böyük əsəri isə
“Hacı Kərim” povestidir. Müəllif bu əsəri
1909-1910-cu illərdə rus dilində yazmışdır. Əsər
“Kaspi” qəzetinin on nömrəsində verilmişdir. O,
1911-ci ildə kitab şəklində buraxılmış və
tezliklə fransız dilinə tərcümə olunmuşdur.
Povest 1917-ci ildə Azərbaycan dilində çap
edilmişdir. Ceyhun Hacıbəyli həm də məşhur tərcüməçi
kimi tanınmışdır. O, Azərbaycan ədəbiyyatının
ən məşhur ədiblərinin əsərlərini rus və
fransız dillərinə çevirmişdir. Məhz onun tərcüməsində
Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsəri
1921-ci ildə fransız dilində səhnəyə
qoyulmuşdur. Ceyhun Hacıbəyli
Fransada Mirzə Fətəli Axundov, Mirzə Ələkbər
Sabir, Həsənbəy Zərdabi, Hüseyn Cavid, Üzeyir
Hacıbəyov, Cəfər Cabbarlı və başqa görkəmli
Azərbaycan ədibləri haqqında yazmışdır.
Yüzlərlə məqaləsi, onlarca bədii əsəri,
xeyli tərcüməsi olan, mətbuat və ədəbiyyat
tariximizdə misilsiz xidmətləri ilə yadda qalan Ceyhun
Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş və
orada da dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 1 may.- S.15.