“Dinləyici
sevgisi dünya malından üstündür”
Tural Bakuvi: “Pul tükənir, bitir…
Mahnılar isə daim yaşayır…”
Müsahibimiz gənc bəstəkar Tural
Bakuvidir
-İlk olaraq sənətə gəlişinizdən
danışın. Hər kəs hansısa bir ixtisas seçərkən
qarşısında məqsəd olur...
-Bu
ixtisası planlaşdırmadan seçdim. Daha doğrusu, bu
sahə özü məni seçdi. Bu da daxili tələbatımla
əlaqəlidir. Nə qədər musiqidən uzaq durmaq istəsəm
də, musiqi heç vaxt məndən uzaq durmadı.
Ömrümün müəyyən mərhələlərində
hətta istiqamətimi fərqli yönə vermək istəsəm
də, bəlli zaman keçdikdən sonra özümə bu
dünyada mənəvi olaraq yer tapa bilmədiyimi, heç yerdə
qərar tuta bilmədiyimi görmüşəm. Musiqi mənim
bir parçamdır. Mənim özümdür. Hər bir
mahnı mənim nəzərimdə bir canlı
varlıqdır və mənə çox əzizdir.
Müsahibələrimdən birində mahnılarımı
övladlarım qədər sevdiyimi demişdim, bu gün də
təkrar edə bilərəm. Mənim yaratdığım
mahnılar, yaxud instrumental kompozisiyalar mənə
övladım qədər əziz olur həmişə.
-Ümumiyyətlə bəstəkarlıq
daha çətin sahədir, ya söz yazarı olmaq?
-Bunun çətinliklə,
yaxud asanlıqla bir əlaqəsi yoxdur. Bu bacarıq, istedad
sizdə ya var, ya da yoxdur. Varsa çətin olmayacaq, siz
özünüz yazmaq istəyəcəksiniz. İstəməsəniz
də yazacaqsınız. Əks halda daxili ruhi
sıxıntıdan xilas ola bilməzsiniz. Yaradıcı da
olsa, hər kəsin potensialı bir yerə qədərdir.
Musiqi yazmağın tələb etdiyi mənəvi ab-hava
başqa, söz yazmaq üçün tələb edilən
ab-hava isə bundan fərqli də ola bilər. Lakin, dəfələrlə
dediyim kimi, mən bunlara ayrı-ayrı işlər kimi baxmıram
adətən. Bildiyiniz kimi, yazdığım mahnıların
hamısının həm musiqisi, həm də sözü
öz ürəyimin məhsulu olur. Mən çox vaxt
sözü musiqi ilə eyni anda yazıram. Melodiya ürəyimdən
gələrkən, beynimdən də həmin melodiyanın tələb
etdiyi sözlər çıxır. Yaxud da tərsinə...
Belə olan halda musiqi və söz bir-birini tamamlayır.
Bir-birinə yaraşır.
Əgər
sözü və musiqini fərqli insanlar yazarsa, gərək
ki, hər ikisi son dərəcə peşəkar olsun və
biri digərinin ürəyini və əqlini tam mənada
anlasın, qavrasın ki, iki fərqli şəxsin işi bir
işdə nöqtələnə bilsin, səviyyəli şəkildə
tamamlansın... Bəzən musiqinin sözə, yaxud da
sözün musiqiyə yamaq olduğu hallarla
rastlaşırıq ki, bunun da yeganə səbəbi öncə
qeyd etdiyim düsturun pozulmasıdır.
- Bu gün kifayət qədər
tanınan, ən əsası da sevilən bəstəkarlardan
biri olduğunuz üçün sizin də şou-biznesin
bugünki durumu haqda fikirlərinizi öyrənmək
maraqlıdır.
-Bu
mövzular o qədər müzakirə olunur ki, bu məsələ
haqda hansısa fikir söyləmək istəməzdim. Hər
zaman olduğu kimi, sanballı işlər ortaya qoyan
musiqiçilər də var, səviyyəsiz sayılan işlərlə
məşğul olanları da. Lakin, hər kəsin öz dinləyici
kütləsi, öz auditoriyası olduğuna görə
baş rolda olanlar özlərini heç vaxt “lazımsız”
saymır. Belə olan halda da bizə deməyə bir söz
qalmır əslində. Zövqlər barədə mübahisə
etməyə də dəyməz, lakin bayağı mahnı,
yaxud musiqili nitq (əgər buna mahnı demək olarsa)
seçimləri insanların savad və intellektlərinə
uyğun olur. Belə insanlar çox vaxt ən sadə, asan
şəkildə anlaya biləcəkləri, hətta gündəlik
məişət həyatlarında da özlərinin işlətdikləri
və eşitdikləri ifadələrlə dolu “mahnılara”,
daha doğrusu melodik danışığa üstünlük
verir. Bunun da səbəbi onların eşitdiklərini
birbaşa anlamalarıdır. Bu zaman həmin sözlər
haqda düşünməyə ehtiyac da qalmır. Düşünmək
həqiqətən də ən çətin məşğuliyyətdir.
-Bu gün şou biznesdə kim sənətlə
yox, bizneslə məşğuldur, kimin səsi yoxdur?
-Bu gün
müəyyən mənada hər bir musiqiçi sizin dillə
desək “bizneslə” məşğuldur. Nəticədə bu
adamlar öz dolanışıqlarını yalnız
ifaları ilə təmin edirlər ki, bu da çox
normaldır. Amma, sözü gedən ödəniş
arealının obyekti fərqli ola bilər. Kimisi toydan, kimisi
şou-proqramlardan, kimi təşkil etdiyi konsertlərdən
qazanır. Bu çox təbiidir. Başqa nə edə bilərlər
ki… Öz mahnılarını oxuyub qonorarlarını almaqdan
imtina edərək, paltar alveri ilə məşğul
olası deyillər ki… Kimin səsi
yoxdur, kim tonallıqdan xaric oxuyur, kim ölçülərə
düşə bilmir və sair bu kimi suallara isə cavab verəsi
olsaq, gərək oxucuların saatlarla vaxtını alaq. Belələri
az deyil.
-Əli Mirəliyevin şou-biznesin
bugünki durumu haqda söylədiyi fikirlərlə necə,
razılaşırsınızmı?
-Mən onun nə
söylədiyini bilmirəm…
Lütfən məni bu kimi intriqalara dartmayın. Mən
özümü şou-biznes sahəsində yox, mədəniyyət
sahəsində görürəm. Bunlar həqiqətən də
fərqli şeylərdir.
-Bir bəstəkar və yazar kimi yəqin
ki, tərəf müqabilləriniz sırasında fəaliyyətini
bəyənmədikləriniz də olub. Bir az da bu haqda
danışaq.
-Bəyənmədiklərim
sözsüz ki var. Lakin, bu mənim subyektiv fikrim olduğuna
görə, sizə bu barədə açıqlama verməyəcəyəm.
Belə ki, burda oturub onu pisləmək, bunu pisləmək kimi
bir ixtiyarı heç kəs vermir mənə və buna
haqqım da yoxdur. Düşünürəm ki, hər kəs
başını aşağı salıb öz işi ilə
məşğul olmalıdır. Mənim də
yaradıcılığımı kimsə bəyənməyə
bilər. Bu normaldır. Deyib kimlərisə həvəsdən
salmaq da lazım deyil. Lakin bəstəkarlar arasında
çox bəyəndiyim və təqdir etdiyim simalar var ki,
onlardan Eldar Mansurovu, Cavanşir Quliyevi, Gövhər Həsənzadəni,
Faiq Sücəddinovu, Hatəm Nəbioğlunu və bir
çoxlarını göstərə bilərəm…
Şübhə yoxdur ki, Azərbaycan daim yaradıcı
insanlar yetirən bir yurddur. Minillərdən bəri bu xalq
istedadlar yetirib və daim yetirəcək.
Dinlədiyimiz
mahnılar sırasında sözlərinin bəsit,
bayağı olması ilə auditoriyanın zövqünü
korlayan mahnılar da az deyil…Öncə də qeyd etdiyim kimi, bəzi
insanların intellektual səviyyəsi dərin mənalı,
alt fikirli sözləri başa düşməyə imkan vermədiyi
üçün, gündəlik məişət
danışıqlarından heç fərqlənməyən
sözü olan mahnılara üstünlük verirlər. Belələrinin
də sayı az deyil. Ucuz şöhrət və asan qazanc
arzusunda olanlar isə, təbii ki, belələrinin tələblərinə
uyğun şəkildə fəaliyyət göstərir. Təəssüf
ki, bəzi hallarda bu rüzgara qapılanlar arasında həqiqi
istedad sahibi olanlar da gözə dəyir, amma, loru dildə desək
“tutuzdurmağın” başqa yolunu tapa bilmədiyi
üçün bu kütlənin ifaçısına, yaxud
yazarına çevrilir. Digər hallarda isə, açar elə
öz qıfılını tapmış olur.
-Ucuz işlərə imza
atmısızmı?
-Mən istəməzdim
bəstələrim bahalı-ucuzlu şəkli ilə
müqayisə olunsun. Düşünürəm mənim ucuz
bəstəm yoxdur. Ucuz işlərə imza atmamaq mənim
iş prinsipimdir. Ucuz sözünü isə maddi mənada
yox, məhz məcazi mənada işlədirəm. Mən
az-çox insanın rəğbətini qazana bilmişəm,
çox şükürlər olsun. Dinləyici sevgisi mənim
üçün dünya malından dəfələrlə
üstündür. Yaradıcılıq zamanı pulu
düşünsəydim, bu rəğbəti qazana bilməzdim.
Pul tükənir, bitir… Mahnılar isə daim yaşayır…
Şübhəsiz ki, mən də öz mahnılarım
üçün qonorar alıram. Amma, əsla iş birliyi
etdiyim insanı incitməmişəm bu məsələdə.
İstedadlı, lakin, maddi baxımdan imkansız gənclərlə
heç bir təmənna güdmədən işləyirəm.
Belə olan halda onların gələcəyi mənim sərmayəmdir.
- Səhv etmirəmsə seriallardan birinin də
ssenari müəllifisiniz. Bir az da bu haqda danışaq.
-“Yaxın
Uzaqlıq” teleserialından söhbət gedir. Hal-hazırda
filmin çəkilişləri gedir, yaxın vaxtlarda ekranlarda
izləyə biləcəksiz. Bu serialın musiqisini mən
hazırlayıram. Ssenarisini isə gənc və istedadlı
ifaçı Rəmal Rəsul ilə birgə
hazırlayırıq. Bundan əlavə bildirim ki, mən
artıq istedadlı rejissor Samir Qulamovun çəkdiyi “Sonun
Başlanğıcı” serialı ilə də əməkdaşlığa
başlamışam. Artıq orda söz və musiqisi mənə
aid, Rəmal Rəsulun ifasında səslənən “Tənha
Gecələr” adlı mahnımız ana mahnı olaraq səslənməkdədir.
Bundan əlavə həmin filmdə mənim bəstələdiyim
bir çox melodiyalar da səslənir.
- Hansı bəstənizi əvəzolunmaz
hesab edirsiniz?
-Mənim
üçün əslində hər bəstəm özəldir.
Nəticədə bəstələrim ürəyimi, həyatımı,
hisslərimi, mənəviyyatımı ifadə edən
varlıqdır. Bu baxımdan hansısa bəstəmin adını
çəkib, digərlərini kölgədə saxlamaq mənim
üçün çətindir…Lakin fikrimin yanlış
anlaşılmasını istəmirəm. Bu o demək deyil
ki, mahnılarımın mövzusu mənim həyatıma
söykənir. Əsla. Çünki, mahnıların
mövzuları fərqlidir. Hər mahnını şəxsi
həyat ilə əsaslandırası olsam, gərək
yüz ömür yaşayım. Gələcəkdə daha fərqli
bəstələrim olacağına inanıram. Buna görə
fikrimi belə ifadə edə bilərəm ki, ən əvəzolunmaz
bəstələrim hələ yazmadıqlarımdır.
-Çox maraqlı ləqəbiniz var. Ola
bilər kimsə bu ləqəbi sadəcə yerlibazlıq üçün
istifadə etdiyinizi düşünür…Bəs, sizcə necə?
-Yerlibazlıqla
heç bir əlaqəsi yoxdur. Eyni məntiqlə yanaşsaq
Nizami Gəncəvidən, Həsən bəy Zərdabidən,
Fazil Dərbəndidən tutmuş, Səfiəddin Urməviyə,
Əbdulqədir Marağayiyə, Əcəmi
Naxçıvaniyə qədər hamısının yerlibaz olduğunu
söyləyək gərək. Sadəcə özümü
böyük Bakı mədəniyyətinin bir zərrəsi
hesab etdiyimdən orta əsrlər saray mədəniyyətinin
nümayəndəsi kimi, ləqəbimi Bakuvi seçmişəm.
Bildiyiniz kimi, orta əsrlər saray dilində bu söz məhz
belə xarakterizə olunurdu. Həmin dönəmdə saray
dili fars dili olduğundan bu söz “vi” sonluğu ilə bitirdi.
Mən də bu orijinallığı ləqəbimdə
saxlamışam. Eyni zamanda Bakuvi silsiləsindən ilk mən deyilem…Tarixdə
eyni ləqəbi daşımış çox böyük
şəxsiyyətlər yaşayıb-yaradıb. Onlardan Seyid
Yəhya Bakuvini, Əbdürrəşid Bakuvini, Baba Kuhi
Bakuvini, Məhəmməd Bakuvini və s. adlarını
çəkmək olar. Bir daha qeyd edim, yerlibaz deyiləm,
yerlibazlıq edənləri də sevmirəm. Bizim
hamımızın bir yeri var – O, da Dərbənddən Həmədana,
Bakıdan Goyçəyə uzanan Azərbaycandır.
- Sizə elə gəlmir ki, öncəki
illərlə müqayisədə səviyyəli
mahnıların sayı azalıb. Sizcə bunun səbəbi nədir?
-Müəyyən
mənada haqlısız. Lakin, bu o demək deyil ki, əvvəllər
səviyyəsiz hesab edəcəyimiz mahnılar yox idi. Yaxud
indi səviyyəli mahnılar yoxdur? Hər ikisi var və olub.
Sadəcə Sovet dövründə tətbiq olunan senzura
bayağı mahnıların geniş dinləyici
auditoriyasında eşidilməsinin qarşısını
alırdı. Bu gün isə əlinə 300 manat düşən
hansısa həvəskar meyxanaçının özünə
bir aranjeman edib oxuduğu mənasız sözlərlə dolu
ifası internet saytları, telefonlar, sosial şəbəkələr
vasitəsilə insanların zövqünü korlayır.
Ağ süddə qara milçək dərhal
göründüyü kimi, beləcə, bu cür
zövqsüz işlər də daha çox nəzərə
çarpır. Bu da müasir dövrdə normal hesab
olunmalıdır. Ən yaxşısı seçimi dinləyicinin
ixtiyarına buraxmaqdır.
-Nə zaman bəstələrinizdən
ibarət albom çıxartmağı
düşünürsüz?
-Müəllifi
olduğum mahnıları bir araya yığsaq çox sayda
disk buraxmaq olar. Lakin, məhz instrumental kompozisiyalarımdan ibarət
albom hazırlamağı düşünürəm.
“Payız”, “Bahar”, “Sənsizlik”, “Şərq” kimi sevilən
kompozisiyalarım var. “Payız” və “Sənsizlik” eyni zamanda
“Sonun başlanğıcı” teleserialının musiqisi kimi səslənir.
Fərqli müğənnilərlə işləməkdən
vaxt tapan kimi yeni instrumental işlərlə də məşğul
oluram. Həmin kompozisiyaların da aranjemançısı
yaxın dostum Ramal Rəsuldur. Amma, bildiyiniz kimi, bu işlər
çox zəhmət tələb edir. Sonuncu kompozisiyam “Şərq”
Kompozisiyasının hazırlanmasına təxminən 3 aya
yaxın vaxt sərf etdik. Burda biz yalnız canlı musiqi alətlərindən
istifadə etmişik. Bununla belə yaxın bir-iki ilə on-on
iki əsərdən ibarət instrumental musiqi albomu
çıxardacağıma inanıram. Eyni zamanda muğam və
qəzəllərdən ibarət bir disk də
düşünürük. Muğam ifalarını Ramal Rəsul
edəcək, mən isə yazdığım qəzəlləri
səsləndirəcəyəm. Məncə bu da maraqlı
layihə olacaq.
- Hansı müğənnilərlə
işləmək sizə zövq verir.
Xalq artisti
Flora Kərimova və Nazpəri xanım Dostəliyeva ilə
işləyərkən xüsusi zövq alıram. Eyni zamanda
gənc müğənni Ramal Rəsul ilə işləmək
çox asan və rahatdır. Bundan əlavə bu siyahıya
Günay İbrahimlini, Elvin Mirzəzadəni, Rövşən
Civişovu və bir çoxlarını əlavə etmək
olar.
- Ümumiyyətlə şou əhlinin
“naz-qəmzə”sinə necə, dözə bilirsinizmi?
-İş
prosesində belə halların yaranmasına heç vaxt imkan
verməmişəm. Yeganə canlı əfsanə Flora Kərimovadır.
Flora xanımın naz-qəmzəsini çəkmək mənə
sadəcə zövq verir. Nəticədə bu “naz-qəmzə”
işin daha uğurlu alınmasına kömək edir.
- Hansı müğənniyə bəstənizi
verməkdən imtina etmisiniz?
-Belə
hallar çox olub. Müğənninin ifaçılıq
imkanları istədiyim səviyyədə olmayanda hansısa
bir mahnımın korlanmasına icazə verməmişəm.
Nigar Məhərrəm
Olaylar.- 2013.- 1 may.- S.12.