“Korrupsiya var və ona qarşı mübarizə sərtləşdirilməlidir”
Sahib Məmmədov: “Demək olmaz ki,
korrupsiya cinayətlərinin kökü tamamilə kəsilib”
Müsahibimiz Vətəndaşların
Hüquqlarını Müdafiə Liqasının sədri
Sahib Məmmədovdur.
-Sahib müəllim, Azərbaycanda
korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərini
necə qiymətləndirisiniz?
-Korrupsiyanın
özünün müxtəlif formaları var. Cəmiyyətdə
əsas etibarilə aşağılarda baş verən məişət
korrupsiyası və nomenklator- yəni, yuxarılarda baş verən
korrupsiyalar daha çox müşahidə olunur. Demək olar
ki, son bir neçə il ərzində məişət
korrupsiyasına qarşı aparılan mübarizənin nəticələri
müsbət nəticə verməkdədir. Məsələn,
həyata keçirilən tədbirlər nəticəsində
vergi orqanları ilə vergi ödəyiciləri arasında təmaslar
aradan qaldırılıb. Belə ki, hazırda vergi bəyannamələri elektron
vasitələrlə ötürülür. Təmasların
aradan qaldırılması isə müəyyən sövdələşmələrin
və digər qeyri-qanuni halların qarşısını
alır. Buna misal olaraq hüquqi və fiziki şəxslərin
qeydiyyatında “bir pəncərə” sistemini də göstərmək
olar. Burada qeydiyyatla bağlı tapşırma, sövdələşmə
məsələləri ümumiyyətlə yoxdur. Bu
yaxınlarda həmin sistem elektronlaşacaq və vətəndaş
evdən çıxmadan bütün hərəkətləri
elektron vasitələrlə həyata keçirə biləcək.
Baxmayaraq ki, digər nazirliklərdə hələ ki, elektron
xidmət elə də yüksək səviyyədə təşkil
edilməyib, amma qismən elektron xidmətlərin
çeşidlərinin artması və onun fonunda alternativ xidmət
növü olan “ASAN xidmət” mərkəzlərinin
yaradılması aşağıların korrupsiyası adlanan
qanunsuzluğun xeyli hissəsinin aradan qalxmasına gətirib
çıxarıb. Təəssüf ki, iri həcmli investisiya layihələrinin
icrası zamanı qiymətlərin şişirdilməsi halları hələ də
qalmaqdadır.
- Korrupsiyaya qarşı mübarizə
məqsədilə bir neçə dövlət proqramının
icrası təmin edilib. Sizcə, həmin proqramların
icrası korrupsiyanın səviyyəsinə nə dərəcədə
təsir göstərib?
- Yuxarıda adı
hallandırılan “bir pəncərə” sistemi, “ASAN xidmət”
mərkəzlərinin yaradılması sözügedən
dövlət proqramlarında nəzərdə tutulmuşdu.
Ümumiyyətlə, birmənalı şəkildə demək
olmaz ki, korrupsiyaya qarşı mübarizə proqramları icra
olunmamış qalıb. Bəzi məsələlər var ki,
onların həllinə kompleks yanaşılmalıdır. Məsələn,
dövlət qulluqçularının bilik və
bacarıqlarının artırılması, onların etik
davranış qaydalarına əməl etmələri
üçün təlimlərə cəlb edilməsi,
onların potensialının artırılması, yaxud
dövlət orqanlarının texniki təchizatı, yeni
qanunların qəbul edilməsi, yeni strukturların
yaradılması, Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinə əməliyyat-axtarış hüququnun
verilməsi həmin proqramlardan irəli gələn məsələlərdir.
Başqa məsələdir ki, həmin proqramların həyata
keçirilməsi korrupsiyanın kökünü kəsə
bilib, yoxsa yox. Əlbəttə, demək olmaz ki, korrupsiya cinayətlərinin
kökü tamamilə kəsilib. Korrupsiya var və ona
qarşı mübarizə sərtləşdirilməlidir.
Hazırda satınalmalarda şəffaflığın təmin
olunması çox aktual məsələ olaraq qalır,
tikinti işlərinin həyata keçirilməsi prosesində
xərclərə dair tam məlumat yoxdur.
- Azərbaycanda korrupsiyaya
qarşı aparılan mübarizəni nə dərəcədə
təsirli hesab etmək olar?
- Ölkədə
korrupsiyaya qarşı aparılan mübarizənin səviyyəsini
normal adlandırardım. Bu mübarizənin səmərəsi
göz qabağında olduğundan onu inkar etmək
düzgün olmazdı. Nəzərə almaq lazımdır
ki, bəzən bir instutusional əsasların yaradılmasına illərlə
vaxt lazım gəlir. Misal
üçün “ASAN xidmət”in
yaradılması, onun şəbəkələşməsi,
bütün respublikanı əhatə etməsi təbii ki,
bir neçə il tələb edir. Təkcə bu proses davam
etdikcə paralel olaraq korrupsiyanın da səviyyəsi azalacaq.
Hazırda isə etiraf edək ki, əksər əhalinin təmasda
olduğu yerlərdə korrupsiya, rüşvət halları
var. Bu halların aradan qaldırılması məqsədilə
alternativ xidmətlərin yaradılması, yaxud mövcud xidmətlərin internet üzərinə
keçirilməsi kimi tədbirləri korrupsiyaya qarşı
mübarizənin nəticəsi kimi göstərmək olar.
Bütün bunlara baxmayaraq, korrupsiyaya qarşı mübarizədə
tam effektivlikdən söhbət gedə bilməz.
- Dövlət orqanlarının fəaliyyətinə
ictimai nəzarətin gücləndirilməsi korrupsiyaya
qarşı mübarizədə hansı effekti verə bilər?
- Məlum
olduğu kimi Azərbaycan Respublikası Azıq Hökumət
təşəbbüsünə qoşulub. Bundan əvvəl
də Mədən Sənayesində Şəffaflıq təşəbbüsünə
qoşulmuşdu. Bunun nəticəsidir ki, neft sənayesindən
əldə edilən gəlir barədə ictimaiyyət məlumatlıdır.
Hətta buna nəzarət mexanizmi də yaradılıb ki, həmin
nəzarət qurumunda qeyri-hökumət təşkilatları
da təmsil olunur. Açıq hökumət təşəbbüsü
ilə bağlı da 5 sentyabr 2012-ci ildə Milli Fəaliyyət
Planı qəbul edilib. Həmin planda davamlı ictimai nəzarətin
təmin olunması məqsədilə mexanizm müəyyən
edilib. Bu mexanizm ictimai şuraların yaradılmasıdır
ki, hazırda bu proses davam etməkdədir. Mexanizmin mahiyyəti
ondan ibarətdir ki, mərkəzi və yerli icra hakimiyyətlərinin
yanında ictimai şuraların yaradılması təmin
edilsin. İctimai şuraların fəaliyyət istiqamətləri həm qərarların qəbul
olunmasında, həm də yerli və mərkəzi icra
hakimiyyətləri üzərində nəzarətin həyata
keçirilməsinə yönəlib. Düzdür, buna qədər
də analoji təşəbbüslər var idi. Məsələn, Ədliyyə
Nazirliyində konkret penitensiar xidmət üzrə, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
bütün fəaliyyət üzrə ictimai şuralar
uğurla fəaliyyət göstərirlər. İndi bu proses
davam etməkdədir və bir neçə nazirlik üzrə
ictimai şura yaradılıb. Artıq “İctimai
iştirakçılıq haqqında” qanun da birinci
oxunuşdan keçib. Bu qanuna uyğun olaraq hansısa mərkəzi
icra hakimiyyəti orqanı özünə sərf edən
qeyri-hökumət təşkilatını ictimai şuraya
toplayacaqsa onun heç bir effekti olmayacaq. Əslində ictimai
şuraların təşkilində
cəmiyyət tərəfindən qəbul edilən, tənqidi
fikirləri ilə seçilən qht-lərə üstünlük verilməlidir
ki, formal quruma çevrilməsin.
Reallıq ondan ibarətdir ki, indiyə qədər
yaradılan ictimai şuraların fəaliyyətində
effektivlik müşahidə olunmaqdadır. Nəzərə
almaq lazımdır ki, ictimai şuraların bir neçəsində
mən də təmsil olunuram. Ötən müddətdəki
fəaliyyət deməyə əsas verir ki, dövlət
orqanları üzərində
ictimai nəzarətin təmin olunması səmərəli
nəticələrini verəcək.
- Sizcə, korrupsiyaya qarşı
mübarizədə vətəndaş cəmiyyətləri və
medianın üzərinə hansı vəzifələr
düşür?
- Məsələ orasındadır
ki, korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət
təşkilatlarının potensialı kifayət qədər deyil. Bu
gün qeyri-hökumət təşkilatlarının
özünün şəffaflıq problemləri var. QHT-lərin
cəmiyyət, öz üzvləri və hökumət
qarşısında hesabatlılığında ciddi problemlər
var. Bizim özümüzdə problem olduğu halda, dövlət
qurumlarına nəzarət məsələsində də təbii
ki, çətinliklərimiz olacaq. Tutaq ki, hansısa yerlərdə
ictimai şuranın yaradılması
üçün QHT-lər öz
nümayəndələrini verirlər, lakin sonradan bəlli
olur ki, onlar da hansısa sövdələşməyə
gedirlər. Nəzərə almaq lazımdır ki, hazırda
qht-lərin şəbəkəsi zəifdir, bi şəbəkə
geniş yayılmayıb, coğrafi baxımdan düzgün
bölüşdürülməyib.
Ölkədə elə regionlar var ki, orada ümumiyyətlə
qht yoxdur. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, ictimai nəzarət
mexanizmində qht-lərin iştirakı fayda verir, nəinki
ziyan. O ki qaldı mətbuata, mətbuat bu məsələlərə
qərəzsiz mövqedən yanaşmalı, tərəf kimi
çıxış etməməlidir. Bu hal olduqda əks tərəf
qıcıqlanır və mübarizə effekt vermir. Ümumilikdə
isə korrupsiyaya qarşı mübarizədə medianın
rolu əhəmiyyətlidir. Xüsusən, bu məsələdə
söhbət tədqiqat jurnalistikasının əhəmiyyətindən
gedə bilər. Bu halda jurnalist hansısa investisiya
proqramını tədqiq edərək korrupsiya
hallarını üzə çıxarır və onu ictimailəşdirir. Nəticədə
bu növ cinayətə yol verənlər əməlindən
çəkinir, müvafiq orqanlar isə hərəkətə
keçir. Şübhəsiz ki, korrupsiyaya qarşı
mübarizədə vətəndaş cəmiyyəti və
medianın rolu var, ancaq bu, bizim istədiyimiz səviyyədə
deyil.
- Sizcə, dövlət orqanlarında
islahatların aparılması
korrupsiyaya qarşı mübarizə tədbiri hesab edilə
bilərmi?
-
Korrupsiyaya qarşı mübarizədə yaxşı idarəetmə
aktuallığı danılmazdır. Təəssüf ki,
bizdə bəzi sahələrdə həyata keçirilən
islahatlar hələ də yaxşı idarəetmədən xəbər
vermir. Məsələn, ölkədə yeni təhsil naziri təyin
olundu və hamı təəccüb edir ki, o, təhsil sahəsində
işləməmiş bir şəxsdir. Lakin nəzərə
almaq lazımdır ki, burada yeni bir tendensiyanın əsası
var. O baxımdan ki, əslində bütün sahələrdə
mükəmməl idarəetmə sistemi qurulmalıdır.
İdarəetmədə yeni məmur ordusu
formalaşmalıdır ki, bu da yeni idarəetmə sisteminin
qurulmasından keçir. Belə ki, yeni idarəetmə sistemi
müasir texnologiyaların tətbiqi ilə həyata keçməlidir.
Təbii ki, belə bir sistemin yaradılması idarəetməyə
müəyyən şəffaflıq gətirəcək.
Alim Hüseynli
Azərbaycanın
Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı
mübarizədə vətəndaş cəmiyyəti
institutlarının və medianın birgə mübarizəsinin
təşkili” layihəsi çərçivəsində
çap olunur.
Olaylar.- 2013.- 2 may.- S.4.