Türkiyədə Azərbaycan diasporu hər zaman güclü olub

 

Səfər Karakoyunlu: “Azərbaycan diasporunun Türkiyədəki fəaliyyətində heç bir problem yoxdur”

 

"Türk birliyinin qurulması yaşadığımız regionun qurtuluşu deməkdir”

 

Azərbaycan diasporunun güclü olduğu ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyəti hesab edilir. Bu gün Türkiyə Cümhuriyyətində onlarla Azərbaycan diaspor təşkilatı, federasiya və birliklər fəaliyyət göstərir ki, həmin təşkilatlar da öz növbəsində Azərbaycanın haqq səsi, ölkəmizin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı soyqırımının həm Türkiyə, həm də dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayırlar. Belə təşkilatlardan biri də İstanbul Azərbaycan-Türkiyə Dərnəyidir. Dərnəyin sədri Səfər Karakoyunlu “OLAYLAR”-a verdiyi müsahibədə rəhbərlik etdiyi təşkilatın yaranma zərurəti, qarşısına qoyduğu başlıca vəzifələr və fəaliyyət istiqamətləri barədə danışıb.

İstanbul Azərbaycan-Türkiyə Dərnəyinin sədri türk dünyasının inteqrasiyası, türk dövlətlərinin birlik və həmrəyliyi istiqamətində atılan addımlar və bunun gələcək perspektivlərinə də aydınlıq gətirib.

-Səfər  bəy, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi nə zamandan fəaliyyət göstərir və dərnəyin yaradılmasında başlıca məqsəd nədən ibarət idi?

-İstanbul Türkiyə-Azərbaycan Dərnəyi 2010-cu ildə təsis edilib, 2011-ci ildən etibarən isə dərnəyimiz rəsmi şəkildə fəaliyyət göstərir. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başlıca məqsədi Azərbaycan türkləri ilə Azərbaycandan köçərək başda Türkiyə olmaqla, dünyanın müxtəlif yerlərində yaşayan  azərbaycanlılar arasında sosial, mədəni, iqtisadi, siyasi, təhsil və s. sahələrdə əlaqələri inkişaf etdirməkdir. 

-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin əsas fəaliyyət istiqamətləri hansılardır?

-Dərnəyimiz mühacir olaraq və ya digər səbəblərdən dolayı Türkiyədə yaşayan Azərbaycan türklərinin Türkiyədəki türk toplumu ilə daha uğurlu və yüksək səviyyəli dialoq qurmalarına, onların Türkiyənin  sosial həyatına adaptasiya olmalarına, azərbaycanlıların Türkiyədə iş qurmaq, təhsil almaq, vətəndaşlıq əldə etmək kimi  problemlərinin həll edilməsinə, azərbaycanlıların öz aralarında birlik və bərabərlik yaratmalarına  yardımçı olmağa çalışır. İstanbul Azərbaycan Türkiyə Dərnəyi  Azərbaycanla  Türkiyə arasındakı sosial, mədəni, iqtisadi, siyasi və digər sahələrdə  əlaqələrin  inkişaf etdirilməsinə yardım göstərməyi də başlıca prioritet hesab edir. Bütün bunlarla yanaşı dərnəyimiz bilgi və texnologiyadan istifadə etməklə Azərbaycan mədəniyyəti, adət-ənənələrini təbliğ etmək, onu gələcək nəsillərə çatdırmağa çalışır. Bu məqsədlə dərnəyimiz mütəmadi olaraq kitab, jurnal, hesabat, broşür yayınlayaraq, qəzetlər, radio və televiziya kanallarında  proqramlar təşkil edərək Azərbaycanı tanıdır. İstanbul Türkiyə-Azərbaycan  Dərnəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də diqqətdə saxlayır və bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Ümumilikdə dərnəyimiz başda Dağlıq Qarabağ problemi olmaqla, Azərbaycanın işgal altında olan torpaqları,  ermənilər tərəfındən Azərbaycan xalqına qarşı həyata keçirilən haqsızlıqları gündəmə gətirmək və bunu həm Türkiyə, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmağı da qarşısına başlıca vəzifə olaraq qoyub. Qısacası İstanbul Azərbaycan-Türkiyə Dərnəyini yaratmaqda məqsədimiz Türkiyə və Azərbaycan türkləri arasında mövcud olan dostluq, qardaşlıq və həmrəyliyi daha da genişləndirməkdir. Bu fəaliyyətlərimiz ilə Türkiyə-Azərbaycan dostluq-qardaşlığına əmək sərf edə biliriksə bundan yalnız sevinc hissi keçirə bilərik. Ümummilli lider,  müstəqil Azərbaycan dövlətinin memarı, dünya siyasətində öz yeri olan  Heydər Əliyevin dediyi kimi “Biz iki dövlət bir millətik”. Biz əzəldən bəridir ki, qardaş millətik, qardaşlığımızın dostluğumuzun inkişaf etməsi üçün daha çox çalışmalıyıq. Eyni zamanda Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Qazi Mustafa Kamal Atatürk də demişdir ki,  “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Azərbaycan və Türkiyənin dostluq və həmrəyliyi sona qədər davam etməlidir. Bizlər Azərbaycan və Türkiyənin haqlı davasını bütün  dünya ictimaiyyətinə bütün gücümüzlə anlatmalıyıq. Bu məsələdə səsimiz gur çıxmalıdır.  Səsimizin isə  gur çıxması üçün də dostluq və həmrəyliyi qüvvətləndirməliyik. Bu baxımdan biz, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycan və Türkiyənin dünyada səsi olmağı qarşımıza məqsəd qoymuşuq. Dərnək olaraq Azərbaycan türkləri və Türkiyə türkləri arasında qüvvətli bir körpü rolunu oynayacağıq. Birliyimiz və həmrəyliyimiz üçün əlimizdən gələn bütün cəhdləri sərf edəcəyik. Bu məsələdə heç kimsənin bir şübhəsi olmasın.

-Hazırda türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə atılan addımlar İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq sizi qane edirmi?

-Türk düünyasının inteqrasiyası istiqamətində atılan addımlar yetərlidir və tam uğurludur desək, yanılmış olarıq. Ancaq biz dərnək olaraq gələcəyə ümidlə baxırıq və türk dünyasının inteqrasiyası istiqamətində atılan addımların  uğurla nəticələnəcəyinə inanırıq. Bunun başqa yolu yoxdur. Türk birliyinin qurulması yaşadığımız regionun qurtuluşu deməkdir. Bütün dünya ölkələrinin birlikləri mövcuddur. Bu sıraya Avropa Birliyi, Avropa Şurası və bu kimi təşkilat və qurumları aid etmək olar. Biz çox böyük bir türk dünyasıyıq. Adət-ənənələrimiz, dinimiz, dilimiz eynidir. Türk dövlətlərinin demək olar ki, hamısının bayrağında ay, ulduz var. Bu bizim üçün çox müqəddəsdir. Eyni zamanda türk kimliyi də bizim üçün çox önəmlidir. Biz irqçi deyilik. Əksinə ədalət və rihafı istəyən, bu istiqamətdə çalışan topluluqlarıq. Hər zaman yaşadığımız regiona ədalət, rihaf, səmimiyyət bəxş etmişik, insanlara örnək olmuşuq. Bu da türk milliyətindən qaynaqlanan bir şeydir. Bu səbəbdən türk birliyinin qurulmamasına heç bir səbəb yoxdur. Ancaq təbii ki, buna müəyyən zaman lazımdır. Hesab edirəm ki, bu qısa bir zamanda baş verər və hamımız bu sevincli anları görərik.

-Türk birliyinin qurulması və bu birliyin daha möhkəm təməllər üzərində olması üçün nələri tövsiyyə edərdiniz?

-Türkdilli xalqların bir-birini tanıması üçün davamlı olaraq tədbirlər keçirilməlidir. Türkiyədə Azərbaycan günləri, Azərbaycanda Özbəkistan günləri və ya digər respublikalarda qarşılıqlı olaraq anoloji tədbirlər təşkil olunmalıdır. Türkdilli ölkələrin daha sıx inteqrasiya etməsi üçün birlik və dayanışma günləri keçirilməlidir. Ancaq bu kimi tədbirləri ayda-ildə bir dəfə deyil, müntəzəm şəkildə keçirməliyik. Etiraf etmək lazımdır ki, hələ də biz türk dövlətləri olaraq bir-birimiz haqqında yetərli qədər məlumatlı deyilik. Azərbaycanda nə qədər türk yaşadığını hələ də bir çoxları bilmir. Yaxud İranda 35 milyon türk yaşayır dedikdə, təəccüblü şəkildə sual edirlər ki, belə bir şey olarmı? Hesab edirəm ki, bu bizim bir çatışmayan cəhətimizdir. Eyni zamanda bu türk dövlətlərinin çatışmayan cəhətidir. Ona görə də il ərzində bir neçə dəfə hər ölkədə tədbirlər keçirilməlidir. Bir məqamı da qeyd etmək lazımdır ki, bu cür tədbirlər bizim kimi dərnəklərin təkbaşına keçirə biləcəyi tədbirlər deyil. Ayrı-ayrı dövlətlər türk xalqlarının birlik və bərabərliyini təmin etmək üçün bu cür xüsusi günlər keçirməlidirlər. Çünki bizim bir kimliyimiz var, biz türkük. Türklər olaraq dünyanın hər bir yerinə səpələnsək də, lakin hər birimizin ürəyində birlik və bərabərlik var. Hamımızın türk birliyi uğrunda ürəyi döyünür. Ona görə də bu birlik və bərabərliyin daha irəli getməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Türkdilli ölkələr arasında qarşılıqlı səfərlər təşkil edilməlidir. Xüsusilə, gənclərin qarşılıqlı səfərləri təşkil olunmalıdır ki, gənc nəsil bir-birini yaxından tanısın.

-Türkiyədə Azərbaycan diasporunun vəziyyəti hansı səviyyədədir? Bəzən iddia edilir ki, Azərbaycan diasporu Türkiyədə güclü olmadığı üçün türklərin bir çoxu hələ də ölkəmizin problemləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə kifayət qədər məlumatlı deyillər?

-Türkiyə Cümhuriyyətində Azərbaycan diasporunun vəziyyətinin pis olduğunu deyə bilmərik. Azərbaycan diasporunun Türkiyədəki fəaliyyətində heç bir problem yoxdur. Türkiyədə Azərbaycan diasporu hər zaman güclü olub. Türkiyədə Azərbaycan barədə həyata keçirilən tədbirlər, görülən işlər hər bir təşkilatın  öz imkanları ilə baş tutur. Məsələn, hər hansı bir təşkilat Xocalı soyqırımı ilə bağlı tədbir keçirərkən heç bir yerdən dəstək ala bilmirlər. Təşkilatlar həmin tədbirləri yalnız üzvlərindən dəstək almaqla həyata keçirirlər. 

-Belə çıxır ki, Türkiyədə Azərbaycanın problemlərinə biganə deyillər?

-Qətiyyən. Bir Azərbaycan türkünün barmağına tikan batdığında biz Türkiyədə sızlayırıq. Çünki türk xalqı hər zaman birlik və bərabərlik şəraitində olub. Hakimiyyətlər, onlar arasında münasibətlər başqa, xalqların birlik və bərabərliyi isə tamam başqadır. Türk xalqı hər zaman Azərbaycan xalqının yanındadır.

-İstanbul Azərbaycan-Türkiyə Dərnəyinin yaxın vaxtlarda həyata keçirməyi nəzərdə tutduğu hansı layihə və ya tədbirlər var?

-Yaxın aylarda bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. İstəyirik ki, dərnəyimizin təsisçiləri, üzvlərinin Azərbaycana səfərlərini təşkil edək və onlar Azərbaycanın milli-mənəvi dəyərləri , tarixi abidələri ilə yaxından tanış olsunlar. Bundan başqa bizim bir erməni problemimiz var. Yəni, ermənilər hər zaman türklərə qarşı zülm etmişlər. İstər Bakıda, istər Qubada, istərsə də Anadolunun hər yerində ermənilərin tarixən türklərə qarşı zülmləri baş verib. İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq bütün bu zülmlər və erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmağı qarşımıza başlıca vəzifə olaraq qoymuşuq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 7 may.- S.15.