Heydər Əliyev: Böyük Azərbaycanlı”

 

YAP ümummilli liderin 90 illiyi münasibətilə konfrans keçirib 

 

Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev: Böyük Azərbaycanlı" mövzusunda konfrans keçirilib.

 

Konfransın açılışında YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, Azərbaycan tarixinə şöhrət gətirən tarixi simaların arasında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır: “Heydər Əliyev böyük bir epoxadır və bu epoxa yalnız tarix deyil, daha çox gələcəkdir və Azərbaycan xalqının gələcəyini müəyyənləşdirir. Ona görə də Heydər Əliyev şəxsiyyəti  müasir Azərbaycan tarixində dərin iz buraxıb.  Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin bütün sahələrdəki inkişafı hər kəsə məlumdur. Azərbaycan vətəndaşlarının ümummilli liderin müəyyənləşdirdiyi siyasətə dərin inamı mövcuddur və bu, Heydər Əliyevin həyatda olmadığı 10 il ərzində Azərbaycanın yüksək sıçrayışla inkişafına səbəb olub. Məhz onun ideyaları əsasında Azərbaycan böyük inkişaf mərhələsi keçib, ölkəmiz regionun lider dövlətinə çevrilib. Əminliklə demək olar ki, Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində Azərbaycan xalqı bundan sonra da ləyaqətlə yaşayacaq”.  Heydər Əliyevin 18 yaşında  Naxçıvan Muxtar Respublikasında  xalq komissarlığında şöbə müdiri vəzifəsində çalışdığını diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, ümummilli lider 1969-cu ildə Azərbaycana hakimiyyətə gələndə ölkənin bütün sahələrindən xəbərdar idi. Çünki o, 25 il ərzində  Milli Təhlükəsizlik Nazirliyində sıravi bir işçidən birinci şəxsə qədər yüksəlmişdi, bu zaman ölkənin bütün problemlərini dərindən öyrənmiş və idarəetməyə hazır idi: “Seçiləndən dərhal sonra Heydər Əliyev plenum keçirdi və həmin plenumda Azərbaycanda mövcud olan bütün problemlər açıqlandı. Həmin plenumda rüşvətxorluğa qarşı mübarizə müzakirəyə çıxarıldı ki, Sovet İttifaqı zamanı bu barədə müzakirə aparmaq olduqca riskli idi". Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev rəhbərliyə başlayanda Azərbaycan SSRİ respublikaları arasında ən geridə qalan ölkə idi və az bir zamanda Azərbaycan ən qabaqcıl ölkələrdən birinə çevrildi. Bununla ulu öndər Azərbaycanın bir sıra problemlərin həllinin əsasını qoydu. Baş nazirin müavininin sözlərinə görə, Heydər Əliyevin işlədiyi dövrdə Azərbaycan böyük nəticələr əldə edib və SSRİ-də dotasiya almadan yaşayan 3 ölkədən birinə qədər yüksəldi. O deyib ki, Heydər Əliyev Azərbaycanda kadrların milliləşdirilməsini həyata keçirdi və həmin məsələdə tolerantlığa xüsusi fikir verirdi, heç bir bölgənin kadrlarına xüsusi imtiyazlar verilmirdi: “Məhz buna görə demək olar ki, Heydər Əliyev Azərbaycanda tolerantlığın əsasını qoyub. Ulu öndər 15 min gənci Rusiyanın müxtəlif ali təhsil müəssisələrinə oxumağa göndərmişdi. İndi onların böyük əksəriyyətindən milli kadr kimi istifadə edilir.” Ə.Həsənov qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmə təhlükəsindən qurtuldu. Baş nazirin müavini ümummilli liderin qaçqınların və köçkünlərin problemlərinin həll olunmasında göstərdiyi səyləri xüsusi qeyd edib: “Heydər Əliyev SSPİ rəhbərliyində çalışanda ona həsəd və qısqanclıqla yanaşılırdı. Sonralar isə  Dağlıq Qarabağda separatizm genişlənmişdi. Ermənilər bütün imkanlardan yararlanaraq Xocalı və Qaradağlı faciələrini törətmişdilər. Xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər ölkədə siyasi sabitliyi təmin etdi, “Əsrin müqaviləsi” imzalandı”.  Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov  bildirib ki, Heydər Əliyevin böyüklüyü və əzəməti zaman keçdikcə daha çox görünür. Müstəqillik dövründə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gələrkən Azərbaycan siyasi və iqtisadi tənəzzüllə uğramışdı: "Ölkənin ağır vəziyyətdən çıxarılması üçün ulu öndər ölkə daxilində sabitliyi təmin etdi, kompleks iqtisadi islahatların aparılması üçün tədbirlər həyata keçirdi. Ümummilli liderin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasıdır". Ziyafət Əsgərov deyib ki, ulu öndər tərəfindən əsası qoyulmuş siyasi kurs bu gün Prezident ilham Əliyev tərəfindən davam etdirilir: "Hazırda Azərbaycan dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Ulu öndər orduda islahatları həyata keçirərək ordu quruculuğunu təmin etdi, peşəkar ordu yaratdı. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Bu isə nəinki Ermənistanı, həm də bizi istəməyən qüvvələri narahat edir”. Vitse-spiker qeyd edib ki, ümummilli lider həmçinin milli maraqlara söykənən xarici siyasətin əsasını qoyub.

 Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında deyib ki, Heydər Əliyevin "Təhsil xalqın gələcəyidir" devizi ilə təhsil sahəsinin inkişafı aparılır. Onun müəyyənləşdirdiyi  uzaqgörən siyasət nəticəsində Azərbaycan təhsil sayəsində dünyanın 50 aparıcı ölkəsi sırasına daxil olub. Azərbaycan bu gün dünyanın mədəniyyət mərkəzinə çevrilib: “O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Xalqın daha böyük xöşbəxtliyi isə odur ki, öz ümummilli liderin siyasi kursu davam etdirilir”.

  Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda gender probleminin həll olunmasında Heydər Əliyev irsinin böyük rolu olub: "Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci mərhələsinə nəzər salsaq görərik ki, ölkədə gender məsələlərinin həllinə o vaxt başlanmışdı. Həmin dövrdə ümummilli lider qadınların müxtəlif sahələrdə təmsilçiliyinin olmasına şərait yaradırdı. Məhz həmin zaman qadınların rəhbər vəzifələrə çəkilməsinə başlanıldı".

H.Hüseynova deyib ki, Heydər Əliyevin davamçısı olaraq Prezident İlham Əliyev gender və uşaq hüquqları məsələsinə xüsusi diqqətlə yanaşır və bu sahədə  bir sıra sənədlər imzalayıb. Artıq Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı xeyli sayda beynəlxalq konvesiyaya qoşulub. Millət vəkili Şəmsəddin Hacıyev isə çıxışında Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi tövhələrdən danışıb. Qeyd edib ki, ümummilli lider ilk dəfə Azərbaycanda hakimiyyətə gəldiyi dövrdə ölkənin aqrar sektorunun inkişafına təkan vermişdi. Həmin dövrdə Azərbaycanda aqrar sahədəki bir çox istiqamətlər dirçəliş dövrünü yaşadı. O deyib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanda hiperinflasiya, defolt mövcud idi və məhz onun hakimiyyətə qayıtması ilə dövlət düşdüyü vəziyyətdən çıxdı. Eyni zamanda, vətəndaş cəmiyyəti, sahibkarlıq institutunu formalaşdırmaqla milli iqtisadi inkişaf modelini yaratdı.

Xatırladaq ki, konfrans iştirakçıları tədbirdən öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

 

Alim

 

Olaylar.- 2013.- 7 may.- S.9.