Xarici ölkələrdə Azərbaycan dilinin təbliğində diaspor
təşkilatlarının rolu
Dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, ermənilərin zaman-zaman
xalqımıza qarşı həyata keçirdikləri
soyqırımlar, eləcə də Xocalı faciəsinin
dünya ictimaiyyətinə çatdırılması ilə
yanaşı yaşadıqları ölkədə zəngin
tarixi-mədəni irsimizin, ana dilimizin qorunub saxlanılması
istiqamətində də fəaliyyət göstərirlər.
Müxtəlif ölkələrdə yaradılan həftə
sonu məktəbləri və ya təhsil ocaqlarına Azərbaycan
dili ilə bağlı keçirilən tədbirlər xarici
ölkələrdə böyüməkdə olan gənc nəslin
öz ana dilinə bağlılığını
artırır. Azərbaycan diaspor təşkilatları tərəfindən
demək olar ki, müntəzəm şəkildə bu cür
tədbirlər həyata keçirilir.
Gənc nəsil
tərəfindən Azərbaycan dilinin qorunub saxlanılmasına
xidmət edən tədbirlərdən biri Almaniyanın
Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı
Gənclərin I Konqresi çərçivəsində
baş tutub. Belə ki, Dünya Azərbaycanlı Gənclərin
I Konqresi çərçivəsində “Virtual həftə
sonu məktəbi»nin təqdimatı olub. Təqdimat mərasimi
konqresin ikinci günü baş tutub. Bu yeni layihə barədə
iştirakçılara və qonaqlara Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya İnstitutunun direktoru, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü Rasim Əliquliyev
məlumat verib. Bildirilib ki, layihənin məqsədi xarici
ölkələrdə yaşayan azərbaycanlı uşaqlara
və gənclərə müasir informasiya texnologiyaları
vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti
və coğrafiyasının tədris edilməsi,
soydaşlarımızın milli ruhda tərbiyə
olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi"
xarici ölkələrdə yaşayan və Azərbaycan
haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı
gəncə virtual məkanın imkanlarından istifadə edərək
ana dilini öyrənmək, doğma Vətənin tarixini,
coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini
mənimsəmək imkanı yaradır. Burada bir neçə
istiqamət üzrə məlumat əldə etmək
mümkündür. “Ana dili” bölməsində Azərbaycan
dilinin qramatikası, fonetika, leksika, morfologiya, köməkçi
nitq hissələri, sintaksis dərsləri yerləşdirilib.
Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı
məlumat əldə etmək olar. Bölmədə hər
bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan
coğrafiyası” bölməsində Azərbaycanın fiziki
və iqtisadi coğrafiyası barədə məlumatlar öz
əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və
faunası, iqlimi barədə ətraflı məlumat verilir.
İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın
iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində
yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye
və kənd təsərrüfatının inkişaf tempi
barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi”
bölməsi Azərbaycanın ən qədim dövrlərdən
müasir günümüzə qədər olan tarixini əhatə
edir. Bu bölmədə tarixi proseslər barədə
xronoloji ardıcıllıqla məlumat verilib. “Azərbaycan
tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində
yaranmış dövlətlər, onların taleyi,
xalqımızın görkəmli tarixi şəxsiyyətləri
haqqında zəruri məlumatları əldə etmək
mümkündür. Qeyd edək ki, bu bölmə digər
bölmələrdən daha genişdir və burada əyani vəsaitlərdən
daha çox istifadə edilib. Azərbaycan ədəbiyyatı
bölməsində Azərbaycanın yazılı və
şifahi ədəbiyyatı, xalqımızın əsrarəngiz
ədəbi nümunələri, dünya miqyasında
şöhrət qazanmış görkəmli şair və
yazıçılarının əsərləri, klassik ədəbiyyatımızın
korifeyləri, onların həyat və
yaradıcılığı barədə məlumat yerləşdirilib.
Bu bölmədə, həmçinin şifahi xalq ədəbiyyatının
ən sanballı nümunələri ilə də
tanış olmaq mümkündür.
Qeyd edək
ki, bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da
Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin
XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq
Qurultayında irəli sürülüb. 2008-ci il dekabrın
18-19-da Bakı şəhərində keçirilən
Dünya Azərbaycanlılarını Əlaqələndirmə
Şurasının toplantısında Azərbaycan həqiqətlərinin
təbliği, lobbi quruculuğu, soydaşlarımızın
yaşadıqları ölkələrdə cəmiyyətə
inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal
iştirakının təmin olunması ilə bağlı
bir sıra məsələlər ətrafında fikir
mübadiləsi aparılıb. Toplantı çərçivəsində
rəy və təkliflər nəzərə alınmaqla əsas
kimi qəbul olunan «Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyası» layihəsinin 12.15.-ci bəndində xarici ölkələrdə
yaşayan azərbaycanlı uşaqlara və gənclərə
müasir informasiya texnologiyaları vasitəsilə ana dilini,
Azərbaycan tarixini, mədəniyyətini,
coğrafiyasını tədris etmək məqsədilə Azərbaycan
Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları
İnstitutu ilə birlikdə "Virtual həftə sonu məktəbi"nin
yaradılması nəzərdə tutulub.
Almaniyanın
paytaxtı Berlin şəhərində isə Ana Dili
Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir
Berlində fəaliyyət göstərən Azərbaycan
Kültür Ocağında Beynəlxalq Ana Dili Günü
çərçivəsində “Uşaqların və gənclərin
sevimli yazıçısı” mövzusu ətrafında
baş tutub. Tədbir Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
maarifçi pedaqoq və milli dirçəliş tərəfdarı
Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr
edilib. Kültür Ocağının üzvləri, xanım
Reyhan Qasımova və Naibə Hantelin birgə
hazırladıqları məruzə tədbir
iştirakçıları tərəfindən maraqla
qarşılanıb. Reyhan Qasımova
yazıçı-şairin həyatı və
yaradıcılığı haqqında geniş məlumat
verib, Abdulla Şaiqin fəaliyyətini və ailə həyatını
əks etdirən foto-şəkillər
iştirakçıların diqqətinə
çatdırılıb. Abdulla Şaiqin uşaqların
ifasında səslənən şeirləri alqışlarla
qarşılanıb. Daha sonra şairin əsəri əsasında
çəkilmiş “Tülkü həccə gedir” cizgi filmi
nümayiş etdirilib. Tədbirin ikinci hissəsində
türkoloq alim Süleymanoğlu “Türk dili tarixinə
qısa bir baxış” adlı məruzə ilə
çıxış edib. O, çıxışında
türk dilinin inkişafı mərhələlərini təhlil
edib, müxtəlif cərəyanların zaman-zaman ona təsirindən
danışıb. Sonda məruzəçilər tədbir
iştirakçılarının suallarını cavablandırıb
və hər iki məruzə ətrafında fikir mübadiləsi
aparılıb.
Gürcüstanın Qardabani rayonunun Qaratəhlə
açıq məktəbində Qaratəhlə və Ağtəhlə
məktəblərində Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin təşkil etdiyi gürcü dili
kurslarının müəllimlərinin təşkil etdiyi tədbir keçirilib. Tədbirdə Qaratəhlə məktəbinin direktoru Elza Həsənova, Ağtəhlə məktəbinin direktoru Ketevan Koçiaşvili, hər iki
məktəbdə fəaliyyət göstərən gürcü dili
kurslarının müəllimləri Zaira
Allahyarova və Sofio Koberidze, Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin əməkdaşları Əbülhəsən
Əzizov, Abbas Məmmədov və pedaqoji kollektivin nümayəndələri
iştirak etdilər. Qaratəhlə məktəbinin 15 siniflik
binası BP neft
şirkətinin və yerli əhalinin köməyi ilə tikilib.
Məktəbdə 285 şagird təhsil
alır. 23 nəfərlik pedaqoji kollektiv, kompüter
otağı fəaliyyət göstərir. Məktəbin direktoru Elza Həsənova
şagirdlərdə gürcü dilini öyrənməyə böyük
maraq olduğunu və
bu işdə AMM-in təşkil
etdiyi kursların böyük
əhəmiyyətini qeyd edib.
Qaratəhlə məktəbində fəaliyyət göstərən
gürcü dili
kurslarının müəllimi Zaira Allahyarova 2 ildir ki, kurslarda aparıcı
müəllim kimi işləyir.
Hazırda bu kurslarda
20 şagird gürcü
dilini öyrənir. O qeyd
edib ki, uşaqlarda gürcü dilini öyrənməyə çox
böyük həvəs var
və bu işdə məktəb rəhbərliyi
də öz köməyini əsirgəmir.
Ağtəhlə məktəbində fəaliyyət göstərən
gürcü dili
kurslarına Sofio Koberidze
rəhbərlik edir. Kurslarda
24 şagird gürcü
dilini öyrənir. Bir
ildir fəaliyyət göstərdiklərinə
baxmayaraq böyük uğurlar qazandıqlarını qeyd edən Sofio,
şagirdlərin böyük həvəslə
kurslara gəlməsini, ikinci
bir qrupun
açılmasına ehtiyac olduğunu da bildirib. Məktəbin direktoru
Ketevan Koçiaşvili
qeyd edib ki, buraxılış sinifləri test imtahanlarında gürcü
dili fənnindən 6,5-7 bal göstəricisi
ilə çıxıblar, bu da çox yüksək göstəricidir. O
belə yüksək göstəricilərin əldə
olunmasında AMM-in təşkil etdiyi kursların böyük
rolu olduğunu
vurğulayıb.
Sonra
Qaratəhlə məktəbinin binasında hər iki məktəbin nəzdində fəaliyyət
göstərən gürcü dili kurslarında oxuyan
şagirdlərin birgə hazırladığı
Gürcüstanın və Azərbaycanın müstəqillik
gününə həsr olunmuş ədəbi-bədii
tədbir keçirilib. Tədbirdə
şagirdlər Azərbaycan və Gürcüstanın
Dövlət Himnlərini, gürcü və
Azərbaycan dilində şeirlər oxuyublar.
Tədbirin sonunda Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin əməkdaşı Əbülhəsən
Əzizov bütün tədbir
iştirakçılarını Azərbaycan və
Gürcüstanın milli bayramları
münasibətilə təbrik etmiş, gürcü dili
kurslarının işinin yüksək səviyyədə
təşkilinə görə hər iki
məktəbin rəhbərliyinə
təşəkkürünü bildirib.
Vilnüsün M.K.Çürlyönis adına Milli incəsənət məktəbinin konsert zalında Litva məktəbliləri
arasında keçirilmiş “Azərbaycan
mənim gözlərimlə” beynəlxalq müsabiqəsinin yekun mərasimi olub. Yekun mərasimində
Azərbaycan Respublikasının Litvadakı fövqəladə
və səlahiyyətli səfiri Nairə Şahtaxtinskaya,
Türkiyənin Litvadakı Səfirliyinin 1-ci katibi
Şayda Hanbay, Litva Respublikasının təhsil və elm naziri Gintaras
Steponaviçyus, Litva Seyminin İqtisadiyyat komitəsinin
sədri, millət vəkili Daynyus Budris, Litva Mədəniyyət
nazirinin müavini Deyvidas Staponkus, Azərbaycan Respublikasının Diasporla iş üzrə
Dövlət Komitəsinin şöbə müdiri
Surəddin Hümbətov, Litva Seyminin Sədri İrena Degutinenin müşaviri və
xüsusi nümayəndəsi Laurinas Kasçyunas, Litva mədəniyyət nazirinin
müşaviri İmantas
Melyanas, Estoniya–Azərbaycan Mədəniyyət
Mərkəzinin sədri Niyazi
Hacıyev, Latviya azərbaycanlılarının
“Ocaq” cəmiyyətinin sədri Roman Əliyev, eləcə də digər rəsmilər,
ölkənin tanınmış elm, mədəniyyət,
incəsənət və siyasət xadimləri, bir sıra nüfuzlu ictimai təşkilatların rəhbərləri,
milli azlıq qurumlarının nümayəndələri
və başqaları iştirak ediblər.
Müsabiqəni Litva azərbaycanlıları
cəmiyyəti bu ölkənin Təhsil
və Elm Nazirliyi, Litva Milli İcmalar
Evi və Litva gənclərinin
turizm mərkəzi ilə birgə təşkil
edib. Layihəyə maliyyə dəstəyini
isə Azərbaycan Respublikasının Diasporla
iş üzrə Dövlət Komitəsi
göstərib. Litva Respublikasının Təhsil və Elm
naziri sözügedən müsabiqənin
təşkili barədə Cəmiyyətin təşəbbüsü
ilə bu ilin iyul ayında öncədən xüsusi
sərəncam imzalayıb, müsabiqənin Əsasnaməsini
və eləcə də bu layihə ilə
əlaqədar digər sənədləri
təsdiq edib. Əsasnamədə göstərilib
ki, müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası
bilgilərinin genişləndirilməsinə həsr edilir və onu keçirməkdən
məqsəd şagirdlərdə Azərbaycanın qədim
keçmişinə və dövlətçilik tarixinə,
mədəni irsinə, coğrafiyasına, təbiətinə
və s. maraq oyatmaq, informasiya
texnologiyalarından istifadə etməklə onlara
Azərbaycanla bağlı fikir və
düşüncələrini yaradıcı surətdə təqdim
etmək üçün imkan
yaratmaqdır. Müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası
dialoqu layihəsi çərçivəsində
bu ölkənin ümumtəhsil məktəblərinin
7-12-ci siniflərində oxuyan şagirdləri
arasında keçirilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 8 may.- S.15.