21 illik Şuşa həsrəti...
Qarabağ təbiətin bütün
gözəlliklərini özündə əks etdirən bir diyardır. Qarabağın ən
gözəl guşələrindən biri
də Şuşadır. Şuşa
yalnız gözəlliklər diyarı deyil,
həm də hərbi strateji əhəmiyyət
kəsb edən bir alınmazlıq
qalası olub. Şuşa
şəhərinin əsası 1747-ci ildə Qarabağ
hakimi Pənahəli xan
tərəfindən qoyulub. Yerli əhali şəhəri Pənahəli
xanın şərəfinə Pənahabad adlandırır. Sonralar şiş uclu dağlar ətrafında yerləşən
şəhər Şişə, zaman
keçdikcə isə formalaşaraq Şuşa adlanmağa
başlayıb. Şuşanın qərb tərəfi dəniz
səviyyəsindən təxminən 1800 metr,
şərq tərəfi isə 1400 metr
yüksəklikdədir. Şəhərin cənub tərəfi
nisbətən hündür və horizontal düzənlikdir. Bura
“Cıdır düzü” adlanır.
Şuşa
zaman – zaman tarixin ağır sınaqlarına sinə gərib,
düşmənə qarşı əzmlə müdafiə
olunub. Qarabağ
ürəyi hesab olunan
Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal
olunub. Şuşanın işğalı
təkcə şuşalıların yox,
azərbaycanlıların qəlbində ağır bir dərdə çevrilib.
1992-ci
il mayın 8-nə keçən gecə
erməni birləşmələri Şuşa
şəhərinin işğalı ilə bağlı əməliyyat
keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə
tutulması səhər saat 6-ya kimi davam edib.
Bundan sonra düşmənin
1000-ə yaxın əsgəri üç
tərəfdən Şuşaya hücum çəkib. Hücum
Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli
texnikasının dəstəyilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə,
şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər
Dağlıq Qarabağda erməni qüvvələrinə
komandanlıq edib. Ermənilər
Şuşadakı dağınıqlıq və təşkilatsızlıq
amilindən istifadə edərək çaxnaşma
yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla
belə, küçə döyüşləri xeyli davam edib.
Lakin möhkəmlənməyən
özünümüdafiə qüvvələri və nizami ordu şəhəri
tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən
Laqodexidə (Gürcüstan) yerləşən
xüsusi təyinatlı əsgərlərin
ermənilərin tərəfində döyüşdüyünü
sübut edən faktlar
var.
Qeyd
etmək lazımdır ki, Şuşaya
hücumdan bir
neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyi ilə Ermənistan
və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş
imzalamışdı. Azərbaycanın bu
qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən
ələ keçirilməsi ilə Dağlıq
Qarabağın işğalı başa
çatdırıldı. Bununla ermənilər
bölgənin Azərbaycandan faktiki
qoparılmasına nail oldular.
Şuşanın işğalı nəticəsində 480
günahsız vətəndaş qətlə
yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd-yuvalarından didərgin düşüb. Əsir götürülmüş
68 soydaşımızın taleyi barədə
bu günə qədər heç
bir məlumat yoxdur. İşğal nəticəsində
Şuşadakı bir sıra tarixi abidələr düşmən tərəfindən
dağıdılıb. Bu siyahıya Xan, Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla
bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox
abidənin məhv edilməsinə və ya
erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər
uşaq müəssisəsini, 22 ümumtəhsil
məktəbini, mədəni-maarif, kənd təsərrüfatı
texnikumlarını, 8 mədəniyyət evini,
14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri
fabrikini dağıdıblar.
Qarabağın tacı olan Şuşa şəhəri
Ermənistan silahlı qüvvələrin işğalı
altındadır. Artıq 21 ildir ki, təcavüzkar Ermənistan münaqişənin
nizama salınması üçün
aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən
çıxış edərək hər dəfə bu prosesi uzatmağa
çalışır. Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi
birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal
etdikləri əraziləri mərhələli şəkildə
azad etməli, məcburi
köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.
Dövlət başçısı cənab İlham
Əliyev bəyan edib ki,
Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra
status məsələsi müzakirə oluna bilər. Heç
şübhəsiz ki, bütün
bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllini tapmalıdır.
Sevda Qurbanqızı
Olaylar.- 2013.- 8 may.- S.8.