“Heydər Əliyev çox xeyirxah, mərhəmətli və humanist insan idi”

 

Mehriban Əliyeva: “İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür

 

Milli Məclisin mayın 7-də keçirilən iclasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələyə baxılıb. İclasda MM sədri Oqtay Əsədov ulu öndərin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar məruzə ilə çıxış edib. Spiker eyib ki, milli liderlər dünyasını dəyişdikdən sonra da, onların fəaliyyəti öz xalqının tarixində qalır və işıq saçır: “Heydər Əliyevin fəaliyyəti də bu aspektdədir. O, müstəqil dövləti qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi fürsətdən istifadə etmişdi. Onun 1969 və 1990-cı illərdə hakimiyyətə gəlişi zamanı respublika pis durumda idi. Məhz onun sayəsində respublika bu böyük sınaqdan üzüağ çıxdı. Onun 1969-cu ildə rəhbərliyə başlaması ölkənin tənəzzüldən çıxmasına səbəb oldu. SSRİ-nin geridə qalan ölkəsi az sonra SSRİ-nin ən qabaqcıl ölkəsinə çevrildi. Keçmiş SSRİ-də ittifaq miqyasında büdcədən maliyyələşməyən iki ölkədən biri Azərbaycan oldu. SSRİ-nin 1977-ci ildə qəbul olunan Konstitusiyası zamanı ermənilər Dağlıq Qarabağın statusu məsələsini ortaya atırdılar. Amma bunun qarşısı Heydər Əliyev tərəfindən alındı. 1978-ci ildə qəbul olunan Azərbaycan SSRİ Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olundu. Məhz onun xidməti sayəsində hərbi mütəxəssislərin hazırlanmasına başlanıldı, minlərlə azərbaycanlı gənc SSRİ-nin müxtəlif şəhərlərində təhsil aldı. Spiker əlavə edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ölkəni siyasi böhrandan çıxardı, Azərbaycanla bağlı cızılan ssenariləri alt-üst etdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi zamanı 4 ay müddətinə Milli Məclisə rəhbərlik etmişdi. Onun rəhbərliyi zamanı Milli Məclisin nüfuzu artdı, qanunvericilik bazası təkmilləşdirildi. Heydər Əliyevin siyasi və dövlətçilik xidməti xalqın hər cür əziyyətinə dözməyin nümunəsi olmuşdu. Onun ilk xidməti ölkənin parçalanmasını, vətəndaş müharibəsinin qarşısını almaq oldu. Heydər Əliyevin zəkası nəticəsində ordu quruculuğuna başlanıldı. Vahid komandanlıq yarandı, ermənilərə ciddi zərbələr vuruldu. 1994-cü ildə Ermənistan tərəfi silahla danışmaq üslubunu yerə qoydu. Heydər Əliyevin çevik siyasəti nəticəsində ölkədə siyasi sabitlik yarandı və əsrin müqaviləsinin imzalanması üçün şərait yarandı”. Spiker əlavə edib ki, Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu, aparıcı ölkələr Azərbaycanla münasibətlər qurdu, ölkəmiz dünyada öz layiqli yerini tutdu. Onun təşəbbüsü ilə yeni Konstitusiya qəbul olundu, ölüm hökmü ləğv edildi, milli dövlətçilik ideologiyası yarandı, Azərbaycanın Avropaya inteqrasiyasının əsası qoyuldu. Bu ciddi işlərin reallaşdırılmasında Milli Məclis daima Heydər Əliyevin yanında olmuş və onu dəstəkləmişdi. Bu müddət ərzində Heydər Əliyevin təşəbbüsü və imzası ilə 1500-dən çox qanun Milli Məclisə daxil olaraq qəbul olunmuşdu: “Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki Azərbaycan etibarlı əllərdədir və onun başlatdığı siyasət uğurla davam etdirilir. Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən kitab çap olunub. Bu onun ruhuna Milli Məclis tərəfindən kiçik bir töhfədir”. “İndi Azərbaycan dünyanın hər yerində tanınır. Heydər Əliyev XX əsrdə öndə gedən ən ilahi şəxslərdən biridir. Onun həyatı Azərbaycana həsr olunmuşdu. Mən və mənim yaşıdlarım daha yaxşı bilirlər ki, onun 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra yalnız Azərbaycan insanının yaxşı yaşaması və dünyada tanınması üçün əlindən gələni etmişdi”. Bunu deyən millət vəkili Fəttah Heydərovun sözlərinə görə, Heydər Əliyev yolu xalqımız üçün ən uğurlu yol olmuşdur: “Heydər Əliyevsiz Azərbaycanda xalqımız hər zaman faciə yaşayıb. Torpaqlarımızın beşdə biri işğal olunub, 20 yanvar faciəsi baş verib. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Azərbaycan sabit yaşadı, insanlar əmin-amanlıq şəraitində oldu”. YAP icra katibi Əli Əhmədov bəyan etdi ki, hər bir xalqın malik olduğu milli sərvətin ən böyük ifadəsi onun yetişdirdiyi tarixi şəxsiyyətlərdir. Tarixi şəxsiyyətlər onun gələcəyinə işıq saçır. Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlər arasında Heydər Əliyevin müstəsna rolu var: “Heydər Əliyevin fəaliyyət göstərdiyi illər ərzində və onun ideyalarının hakim olduğu son 10 ildə yeni dəyərlər formalaşıb. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi xüsusi qeyd olunmalıdır. Azərbaycançılıq məkfurəsində Azərbaycanın güclənməsi əks etdirilir. Heydər Əliyev böyük siyasətçi və müdrik dövlət xadimi olaraq həm də insanlara yüksək qayğıkeşliyi ilə seçilirdi. Onun tələbkarlığı, uzaqgörənliyi və idarəçilik qabiliyyəti hər kəsdə heyranlıq yaradırdı. Heydər Əliyev Azərbaycanın gələcək inkişaf perspektivlərinə böyük işıq saçan mayak kimi qəbul olunur. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq”. Eldar İbrahimov isə deyib ki, Heydər Əliyev siyasi fəaliyyəti dövründə hər zaman xalqın mənafeyini düşünmüşdü. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanın müstəqilliyini görürdü: “O, ittifaq rəhbərliyində işlədiyi müddətdə daima xalqı düşünmüşdü. O, 20 yanvarda da mövqeyini açıq ifadə etdi, sonra isə respublikaya qayıdaraq müstəsna xidmətlər göstərdi. 1993-cü ilin yayında vəziyyət kəskin hal alırdı. Azərbaycan siyasi, iqtisadi böhranla yanaşı mənəvi böhrana daxil olurdu. Heydər Əliyevin iyunun 15-də Milli Məclisə sədr seçilməsi bu problemin aradan qaldırılmasında mühüm rol oynadı”.

 

***

 

      Sonra millət vəkilləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələni müzakirə ediblər. Qanun layihəsinin müəllifi Azərbaycanın birinci xanımı və millət vəkili Mehriban Əliyeva qeyd edib ki, Heydər Əliyevin gördüyü böyük işləri daim yaşayacaq: “Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və böyük iradəyə malik insan idi. Eyni zamanda onun ailə üzvləri olaraq demək istərdim ki, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə də çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək bu adamların böyük əksəriyyətini bağışladı. Bu, bağışlamaq qabiliyyəti idi və bir daha böyüklüyünü təsdiqlədi”. Mehriban Əliyeva bildirib ki, müzakirə olunan amnistiya aktı əslində bağışlama aktıdır: “Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür”. Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Amnistiya Aktının həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara tətbiq edilməsi və bu kateqoriya şəxslərin cəzadan azad olunmaları təklif edilir. Layihəyə əsasən, Amnistiya Aktı təqribən 9 min şəxsə şamil oluna bilər. Bu akt əsasında 2 mindən artıq məhkumun azadlığa buraxılması gözlənilir.

 

Alim

 

Olaylar.- 2013.- 8 may.- S.6.