“Hollandiyanın
hər bir yerindən diasporumuzun səsi gəlməlidir”
İradə
Uluxanlı: “Diaspor cəmiyyətlərimizin çoxluğu
belə özü-özlüyündə bir təbliğatdır”
“Cəmiyyətlər
ayrı-ayrılıqda fəaliyyət göstərsələr
nəticə daha effektiv olar”
Xarici ölkələrdə Azərbaycanı
layiqincə təmsil edən diaspor təşkilatlarından
biri də “Vahid, Bölünməz və Demokratik Azərbaycan
Uğrunda Birlik” Cəmiyyətidir.
Təşkilata
rəhbərlik edən həmyerlimiz İradə
Uluxanlı 2007-2011 ci illərdə
isə Hollandiyanın Sittard şəhərində “Hogeschool
Zuyd” adlı ali məktəbdə hüquq fakültəsində
ali hüquqi təhsil alaraq, hüquqşunas ixtisasına yiyələnib.
1999-cu ildən Niderland (Hollandiya) Krallığının
Maastrixt şəhərində yaşayan İradə
Uluxanlı 2005-ci ilin aprelindən təsis etdiyi “Vahid,
Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik”
Cəmiyyətinə rəhbərlik edir. İradə
Uluxanlı 2007-ci ilin oktyabr ayından etibarən
Hollandiyanın Qaçqınlarla İş Üzrə Komitəsinin
Heerlen şəhər bölməsində hüquq məsləhətçisi
vəzifəsində çalışır. İradə Uluxanlı deyir ki, “Vahid,
Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik”
Cəmiyyətinin təsis edilməsində məqsəd Azərbaycan
Respublikasının mədəni-mənəvi sərvətlərinin
dünya ölkələrində, əsasən də Niderland
dövlətində tanınmasına yardım göstərməkdir.
Həmyerlimiz bildirir ki, “Vahid, Bölünməz və
Demokratik Azərbaycan Uğrunda Birlik” Cəmiyyət
yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə
qarşı aparılan haqsız təxribatlara qarşı
müxtəlif aksiyalar həyata keçirib və keçirməkdə
davam edir: “Dövlətçiliyimiz haqqında həqiqətləri
üzə çıxardan ədəbiyyat nümunələrini
Niderland və Belçika dövlətlərində
yayımının təşkilini bu aksiyalardan biri kimi qeyd edə
bilərik. Hazırda Maastrixt şəhərində yerləşən
və kolleksiyasında 60.000-ə yaxın kitab
ehtiyatı olan Maastrixt Dövlət Kitabxanasında Azərbaycan
dövlətçiliyi və tarixi haqqında dəyərli
informasiyanı özündə əks etdirən kitabların
fonda salınması və oxucuların istifadəsinə verilməsi
buna digər bir nümunədir. Bundan başqa Hollandiyanın
Heerlen, Valkenburg, Margraten və Belçikanın Maas-Mexelen
və Lanaken şəhər
kitabxanalarında adı çəkilən kitabların
kolleksiyaya salınması da cəmiyyətimizin həyata
keçirdiyi digər aksiyalardan biridir. Bundan başqa biz cəmiyyət
olaraq Azərbaycanın əlamətdar günlərilə
bağlı tədbirlər də keçirilir. Demək olar
ki, bütün əlamətdar günlər tədbirlər
planına salınır və cəmiyyətin
illik tədbirlər planından asılı olaraq növbə ilə bu tədbirlər
həyata keçirilir. Cəmiyyətimin fəaliyyət
göstərdiyi müddət ərzində həyata
keçirdiyi ən irimiqyaslı və dövlətimiz
üçün böyük əhəmiyyət kəsb edən
tədbirlərdən biri də 2008-ci ilin mart ayında
Valkenburg şəhərinin
Sibbe qəsəbəsində təşkil
etdiyimiz Novruz şənliyi olub.
Şənlik Sibbe qəsəbə orta məktəbinin müəllim
və tələbə heyətinin bilavasitə iştirakı
və yardımı ilə keçirilmişdir. Şənliyin
təşkilində əsas məqsəd Azərbaycanın
milli, mədəni və mənəvi sərvətlərini
Hollandiya cəmiyyətində təbliğini təşkil etmək
idi. Keçirilən tədbirdə Azərbaycanın tarixi və
bir sıra tarixi abidələri haqqında qonaqlara ətraflı
informasiya verilmiş, stendlər təşkil edilmiş,
suvenirlər və dövlətçiliyimiz haqqında kitablar
paylanılmış, ölkəmiz haqqında sənədli
film nümayiş etdirilmişdir. Eyni zamanda “Novruz” süfrəsi
və milli mətbəximizin özəyini təşkil edən
təamlar haqqında ətraflı məlumat verilmiş,
nümunələr təşkil edilmişdir. Tədbirin nəticələri
yerli televiziya vasitəsilə əhaliyə nümayiş
etdirilmiş, yerli mətbuat olan “Limburgse dagblad” və s. qəzetlərdə
maraqlı məqalələr
çap edilmişdi. Cəmiyyətin keçirdiyi tədbirlərdən
biri də 2010-ci ilin mart ayında Hollandiyanın Heerlen şəhərində “Novruz” şənliyi olub. Tədbirin
məqsədi dəyişməz olaraq təbliğat xarakteri
daşıyırdı. Bu məqsədlə cəmiyyətimiz
tərəfindən yeni bir layihə
hazırlanmışdır. Ümumilikdə layihədə
tariximizi, dövlətçiliyimizi və milli adət-ənənələrimizi
nümayiş etdirəcək
növbəti aksiyalar öz əksini tapib. Holland məktəblilərinin
ifasında milli rəqslər; holland məktəblilərinin
ifasında Novruz haqqında şeirlər; holland məktəbliləri
tərəfindən xarici qonaqlara tarixi abidələrimiz
haqqında məlumatın verilməsi; holland valideynlərin
köməyi ilə milli şirniyyat süfrəmizin
hazırlanması və qonaqlara təqdimatı, holland valideynlərinin
iştirakı ilə milli mətbəximizin təşkili və
təbliği; klassik musiqi
nümunələrimizin nümayişi, dövlətçiliyimiz
və tariximiz haqqında müxtəlif ədəbiyyat
nümunələrinin yayımı və sair tədbirlər
də cəmiyyətimizin keçirdiyi tədbirlər sırasına daxildir.
Keçirdiyimiz tədbirdə holland məktəbliləri və
valideynlərinin, ümumiyyətlə yerli əhalinin
iştirakı təbliğat xarakteri daşıyır və
bunun vacibliyi barədə qeyd
etmək istərdim ki, yerli əhalinin tədbirdə fəal
iştirakını təşkil etməklə tariximizi, milli
adət-ənənələrimizi, ümumilikdə maddi və
mənəvi sərvətlərimizi Holland cəmiyyətinə
daha yaxından tanıtmaq imkanını əldə etmiş
oluruq. Təşkil etdiyimiz tədbirlərin xeyriyyəçi xarakter
daşıdığını qeyd etmək istərdim. Belə
ki, tədbirlər zamanı əldə edilən maddi vəsaitə
2010-ci ilin iyul ayında Azərbaycan Gözdən Əlillər
Cəmiyyəti
üçün İsveçdən brail tipli çap
aparatı alınaraq cəmiyyətin nəzdində olan
gözdən əlil məktəblilərinə hədiyyə
olundu. Tədbirdə fəal iştirak edən holland məktəbliləri
Respublika Diasporla İş Üzrə Dövlət Komitəsinin
dəstəyilə həmin ilin iyul ayının 26-da
respublikamıza 1 həftəlik gəzintiyə dəvət
olundu”. İradə Uluxanlı deyib ki, rəhbərlik etdiyi təşkilatın
həyata keçirdiyi növbəti tədbirlərdən biri
Maastrixt şəhərində keçirilən “Azərbaycan
mədəniyyət həftəsi” adlı tədbir olub:
“2011-ci ilin iyun ayının 5-10 arası keçirilən bu tədbirdə
Maastrixt şəhərinin 2 orta məktəbinin 300-ə
yaxın şagirdi iştirak edib. Tədbirin əsas uğuru
ondan ibarət oldu ki, məktəbin tədris proqramı dəyişdirilərək
“Azərbaycan” mövzusu şagirdlərin 1 həftəlik tədris
proqramına daxil edildi. Mədəniyyət həftəsi
müddətində şagirdlər tədris planına
uyğun olaraq Azərbaycanın coğrafiyası, tarixi, ədəbiyyatı,
musiqisi, milli rəqsləri və zəngin mətbəxi ilə
yaxından tanış olaraq mədəniyyət həftəsinin
sonunda həftə boyu öyrəndiklərini bayram şəklində
şəhər ictimaiyyətinə nümayiş etdirdilər.
Hər dəfə olduğu kimi bu dəfə də fəaliyyətimiz
yerli medianın diqqətindən yayınmadı. Tədbir və
onun nəticələri yerli mətbuat orqanlarında geniş
şəkildə işiqlandırıldı. Cəmiyyətin
2012-ci ildə təşkil etdiyi son layihə isə
Niderlandın Limburq əyalətinin rəsmilərindən ibarət
bir qrup nümayəndə heyətinin Respublikamıza rəsmi
səfərinin təşkili oldu. Səfər uğurla
başa çataraq bir neçə sahədə gələcək
əməkdaşlığın əsasını qoydu”. Cəmiyyət
sədri Hollandiyada soydaşlarımızın birlik və bərabərliyi
istiqamətində görülən işlərdən də
danışıb. Qeyd edib ki, rəhbərlik etdiyi cəmiyyət
hər hansı bir tədbir təşkil edəndə həmvətənlərimizə
də dəvətlər göndərilir və imkan daxilində onlar tədbirlərdə
iştirak etməyə çalışırlar: “ Bir də
ki, rəhbərlik etdiyim cəmiyyətin fəaliyyət
istiqaməti başqadır. Biz tədbirlərimizi ən
çox yerli əhali ilə işləməyə, onlar
arasında təbliğat aparmağa yönləndirməyə
çalışırıq. Başqa halda tədbirlərimiz
təbliğat xarakterini itirir”. Bu ölkədəki Azərbaycan
diasporunun durumuna gəlincə İradə Uluxanlı deyib ki,
Holandiyada müxtəlif tipli diaspor cəmiyyətləri fəaliyyət
göstərir: “Bəziləri sərbəst şəkildə
fəaliyyətə üstünlük verir, digərləri isə
fəaliyyət dairəsi geniş olan hər hansı bir cəmiyyətin
nəznində daxil olaraq birgə fəaliyyət göstərir
və sair. Koordinasiyaya gəldikdə bu funksiya çox zaman
sosial şəbəkələr vasitəsilə baş verir.
Mənim bu barədə fikrim belədir ki, cəmiyyətlər
ayrı-ayrılıqda fəaliyyət göstərsələr
nəticə daha effektiv olar. Çünki diaspor cəmiyyətlərimizin
çoxluğu belə özü-özlüyündə bir təbliğatdır.
Hollandiyanın hər bir yerindən diasporumuzun səsi gəlməlidir.
Birləşməyə sadəcə mənəvi cəhətdən
ehtiyac var. Əgər hər hansı bir yardıma ehtiyac
duyularsa, o zaman hamı bir-birinə kömək etməlidir.
Bizim hər bir nailiyyətimiz özümüzdən,
özümüzü, xalqımızı, tariximizi yerli əhaliyə
necə çatdırmağımızdan asılıdır.
Bu proses uğurlu getsə digər məsələlər də
uğurla həll olunar. Bura gəldiyimiz ilk illərdə yerli əhalidə
ölkəmiz haqqında demək olar məlumat yox idi. Və
ya ürəkaçan heç bir məlumat yox idi desəm daha düzgün
olardı. Ölkəmiz ya keçmiş sovet ölkəsi
kimi, ya da işğalçı dövlət kimi
tanınırdı. Müstəqilliyimiz haqqında yerli əhalidə
heç bir məlumat yox idi. Uzun illər bu fikirlərə
qarşı mübarizə aparmaq bizə çox çətin
idi. Çox zaman dəstək verən olmurdu, tək mübarizə
aparmalı olurduq. Amma indi şükürlər olsun ki, istədiyimiz
nəticələri əldə edirik. Bu sahədə ən
böyük nailiyyətimiz isə Qarabağ müharibəsi
haqqında həqiqətləri üzə çıxarmaq
imkanını əldə etməyimizdir. Keçirdiyimiz hər
bir tədbirdə ilk yeri bu məsələyə veririk,
bütün qüvvəmizi buna yönəldirik. Əlbəttə
ki, hollandlar haqqı-nahaqdan ayırmağı bacarırlar amma
bədnam qüvvələrin də təsiri bu məsələdə
bir sıra maneələr törədir”. “Vahid, Bölünməz
və Demokratik Azərbaycan Uğrunda Birlik” Cəmiyyətinin
sədri Hollandiyada yaşayan soydaşlarımızın bu
ölkənin cəmiyyətinə, rəsmi və seçkili
qurumlarına inteqrasiyası məsələsinə də
toxunub. Bildirib ki, Hollandiyanın ictimai-siyasi mərkəzlərə
təsir məsələsi çox çətin bir məsələdir:
“Bunun üçün ən vacib addım yerli cəmiyyətə
inteqrasiyadır. Yalnız inteqrasiya olunmaq yolu ilə kimliyimizi
ilk olaraq cəmiyyətə tanıda bilərik, daha sonra isə
ictimai-siyasi mərkəzlərə təsirdən
danışa bilərik. Nə qədər ki, yerli əhali
bizi olduğumuz kimi qəbul etmir, bizim problemlərimizi də
tanımayacaq”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 9-10 may.- S.15.