Hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır

 

Çünki ulu öndər bütün ömrünü Azərbaycan xalqına həsr edib

 

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da qeyd olunmaqdadır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lideri Heydər Əliyevin yaratdığı milli dövlətçilik irsi, Vətən və xalq qarşısında misilsiz xidmətləri danılmaz bir həqiqətdir. Azərbaycan tarixinə şöhrət gətirən tarixi simaların sırasında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır.

 

 “Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi dövlət qurmaq yoludur” deyən ulu öndər bu ideyanı öz fədakar və yorulmaz əməlləri ilə gerçəkləşdirməyə nail oldu. Bu isə Heydər Əliyev şəxsiyyəti ilə hüquqi dövlət konsepsiyasının bir-biri ilə sıx bağlı olduğunun bariz nümunəsi idi. Ümummilli lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi naminə fədakar fəaliyyəti bəşəri siyasi liderlərə bir örnəkdir. Məhz ümummilli liderin ciddi cəhdləri ilə ölkəmizdə aparılan demokratik hüquqi dövlət quruculuğu prosesi bu gün də uğurla davam etməkdədir. Onun həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycanda müasir hüquq sisteminin formalaşmasına nail olundu. Sirr deyil ki, 1995-ci ilin noyabrında ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, eləcə də Konstitusiya Məhkəməsinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin ölkəmizdə məhkəmə hakimiyyətinin təşəkkülündə, demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafında ulu öndərin müstəsna xidmətləri olub. Ölkəmizdə vəkillik institutunun təşəkkülü, Ombudsman təsisatının yaradılması, milli qanunvericiliyimizin formalaşdırılması, hakim korpusunun formalaşdırılması, hüquq elminin və təhsilinin inkişafı, korrupsiyaya qarşı mübarizə və digər sahələrdə ümummilli lider Heydər Əliyevin müstəsna rolu və xidmətləri danılmazdır. Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyi tarixində milli ənənələrə söykənən iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında müstəsna rolu olan bir şəxsiyyət olaraq bu sahədə çoxsaylı qərar və sərəncamların da müəllifidir. Məhz onun qətiyyətli fəaliyyəti nəticəsində sosial-iqtisadi problemlər əsasən həllini tapıb, insanların sosial-rifah halı yüksəlib.

 Təməli ümummilli lider tərəfindən qoyulan ordu quruculuğu strategiyasının məntiqi nəticəsi olaraq bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Artıq Azərbaycan ordusu öz suverenliyini, ərazi bütövlüyünü qorumaqla yanaşı, dünyada sülh və əminamanlığın təmin edilməsi prosesində də şərəflə iştirak edir. Ulu öndər Azərbaycan xalqının yaddaşında ən riskli lider kimi heykəlləşib. Belə ki, ulu öndər heç bir çətinlikdən çəkinməyərək Azərbaycanda torpaq islahatını həyata keçirərək «Heydər Əliyev torpaq islahatları» modelinin müəllifinə çevrildi. Torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi. Ulu öndərin çoxşaxəli fəaliyyətinin, siyasi irsinin hələ çox-çox illər sonra da gələcək nəsillər tərəfindən öyrənilərək tədqiq ediləcək. Çünki ümummilli lider müstəqil dövləti qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi fürsətdən məharətlə istifadə etmişdi. Məhz onun uzaqgörən siyasəti sayəsində respublika bu böyük sınaqdan üzü ağ çıxdı. Onun Azərbaycanda rəhbərliyə başlaması ilə ölkə tənəzzüldən, məhv olmaq təhlükəsindən qurtula bildi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində atəşkəs əldə edildi, düşmən dövlətlərin əsrlərdən bəri hazırladıqları işğalçılıq siyasətinə son qoyuldu. Bütün risklər və təhdidlərə baxmayaraq “Əsrin müqaviləsi” imzalandı və bununla Azərbaycanın bu günkü inkişafının əsası qoyuldu. Heydər Əliyevin çevik siyasəti nəticəsində Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu, aparıcı ölkələr Azərbaycanla münasibətlər qurdu, ölkəmiz dünyada öz layiqli yerini tutdu. Təsadüfi deyil ki, Heydər Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Avropanın enerji təminatçısı rolunda çıxış edir. İndi hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır. Çünki ulu öndər Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqına həsr etmişdi. Bu gün ölkəmizin vətəndaşları ilə yanaşı, bütün dünya azərbaycanlıları ulu öndərin nəsillərə ərməğan etdiyi sərvətdən, mənəvi irsdən, uzaqgörən siyasətdən bəhrələnir.

 

 

Alim

 

Olaylar.- 2013.- 9-10 may.- S.9.