Azərbaycan diasporu Asiya qitəsində
Bu gün
Azərbaycan diasporunun fəaliyyət göstərdiyi
regionlardan biri də Asiya qitəsidir. Azərbaycanlılar Asiya
qitəsinin demək olar ki, hər bir ölkəsində məskunlaşaraq
burada diaspor təşkilatı, müxtəlif cəmiyyət
və birliklər yaradıblar. Məhz elə buna görədir
ki, Azərbaycan diasporunun üçüncü böyük
hissəsinin Asiya qitəsində
məskunlaşdığı bildirilir. Bu qitədə məskunlaşan
azərbaycanlıların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan,
Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz
minlərlə, İndoneziya, Yəmən Ərəb
Respublikası, Yəmən Demokratik Respublikası, Çin,
Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə
Ərəbistanı və Suriyada on minlərlə, İraqda
isə təqribən bir milyona çatır.
Yaponiya-Bu ölkədə Azərbaycan diasporunun
fəaliyyətinin tarixi o qədər də qədim deyil.
Dünyada gündoğar ölkə kimi tanınan Yaponiyada rəsmi
məlumatlara görə bir diaspor təşkilatı fəaliyyət
göstərir ki, o da Yaponiya=Azərbaycan Dostluq Cəmiyyətidir.
Yaponiya - Azərbaycan Dostluq Cəmiyyəti
21 noyabr 2002-ci ildə Yaponiyanın Naqoya şəhərində
təsis edilmişdir. Cəmiyyətin təsisində bir qrup
yapon professor və tələbə iştirak etmişdir. Cəmiyyət
tanıtma layihələri, anım günləri, şənliklər
və Azərbaycanın təbliğinə yönəlmiş
bu kimi tədbirlər həyata kecirir. Bu təşkilat Azərbaycanla
Yaponiya arasında tələbə-müəllim mübadiləsi,
həmçinin,gənc həmvətənlərimizin gəlib
buradakı universitetlərdə təhsil alması
üçün vasitəçilik edir. Buna misal olaraq, 2010-cu
ildə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov
başda olmaqla, Azərbaycanın öndə gedən
bütün ali təhsil ocaqlarının rəhbərlikləri
ilə Xəzər, Bakı Dövlət, Dillər, Qafqaz
universitetlərinin, eləcə də Diplomatik Akademiya və
Turizm İnstitutunun rəhbərləri arasında səmərəli
görüşlər keçirilmiş, Yaponiya təhsil
ocaqları ilə əməkdaşlıq barədə
razılıq əldə olunmuşdur. Elə həmin il də
tələbə müsabiqəsi keçirilərək ilk 4 nəfərlik
tələbə heyəti Yaponiyanın Doşişa
Universitetində oxumağa yola salınmışdır. Təşkilat,
həmçinin, Azərbaycanın tarixi günlərini
Yaponiyada qeyd edir, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı Azərbaycanın haqlı mövqeyini yapon
ictimaiyyətinə çatdırmağa
çalışır. Belə ki, Cəmiyyətin təşkilatçılığı
ilə Xocalı soyqırımına həsr olunmuş sərgi,
orada nümayiş olunan foto və videomateriallar yaponları
çox təsirləndirmişdir. Həmin sərgidə minə
yaxın imza toplanmış, Yaponiyanın Baş naziri və
parlamentin hər iki palatasına göndərilərək erməni
vəhşiliyinin pislənməsi və bu faktın
soyqırım kimi tanınması istənilmişdir.
Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəhman
Şahhuseynlidir.
Çin-Dünyada əhali sayına görə öndə gedən ölkələrdən
sayılan Çində də yalnız bir dənə Azərbaycan
diaspor təşkilatı fəaliyyət göstərir.
“Çin azərbaycanlıları” İctimai Birliyi yaxın
illərdə təsis edilib. İctimai Birlik Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ probleminin təbliği, ölkəmizin
zəngin tarixi-mədəni irsinin tanıdılması istiqamətində
fəaliyyət göstərir. “Çin azərbaycanlıları”
İctimai Birliyinin sədriNizami Mirzəliyevdir.
Cənubi Koreya da Azərbaycan diasporunun məhdud sayda
olduğu ölkələrdən hesab edilir. Yaponiya və
Çində olduğu kimi bu ölkədə də yalnız
bir Azərbaycan diaspor təşkilatı mövcuddur ki, o da
"BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatıdır.
“BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı
2009-cu il, mart ayının 21-də təsis edilib. Təşkilat
Koreyada Azərbaycanın tanıdılması, eləcə də
iki ölkənin gəncləri arasında əlaqələrin
inkişaf etdirilməsi istiqamətində fəaliyyət
göstərir. “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının
sədri Eltay Aslanovdur.
Birləşmiş
Ərəb Əmirlikləri-Birləşmiş Ərəb
Əmirliklərində də Azərbaycan diasporu çox
deyil. Bu ərəb ölkəsində yalnız bir diaspor təşkilatı
mövcuddur ki, o da Azərbaycan
Cəmiyyətidir.
Birləşmiş
Ərəb Əmirliklərindəki
Azərbaycan Cəmiyyəti 2004-cu ildən fəaliyyət
göstərir. Cəmiyyət Dubay şəhərində təsis
edilmişdir. Azərbaycan Cəmiyyəti Birləşmiş Ərəb
Əmirliyində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi haqqında ictimaiyyətə və
dövlət orqanlarına məlumat verən yeganə qurumdur.
Cəmiyyət rəhbərliyi yerli qəzetlərə bununla bağlı
mütəmadi müsahibələr verir, il ərzində dəfələrlə
dövlət kitabxanalarına problemlə bağlı ərəb
və ingilis dillərində kitablar, jurnallar təqdim edir, hər
bir nazirlik və ya komitəni ayrı-ayrı ziyarət edib, rəhbərlərini
bu haqda ətraflı məlumatlandırır. Birləşmiş
Ərəb Əmirliklərində
fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin
sədri Samir İmanovdur.
Misir-Azərbaycanlıların Misirdə məskunlaşması II dünya
müharibəsindən sonrakı dövrə təsadüf
edir. Alman ordusunun tərkibində fəaliyyət gostərən
azərbaycanlı mühacirlərin müharibədən sonra
köçdükləri ölkələr içərisində
Misirdə var. Bəzi tarixi mənbələrdə II dünya
müharibəsindən sonra əsir düşən azərbaycanlıların
ingilis və fransız hərbi qüvvələrindən xilas
edilərək Misirdə yerləşdirilməsi barədə
məlumatlara rast gəlmək mümkündür. Misir
kralı və onun yaxın adamlarının sayəsində
xilas olan soydaşlarımız Misirdə evlə, işlə
təmin olunmuş və özlərini qorumaq məqsədi ilə
pərakəndə və gizli formada yaşamağa məcbur
olmuşlar. Cənubi Azərbaycandan da mühacirət prosesinin
güclənməsi nəticəsində Misirdə azərbaycanlılar
icması yaradıldı. Enerjili, intellektual və sosial
baxımdan xeyli fəal və gənc hesab olunan azərbaycanlılar
90-cı illərdən etibarən ictimai həyat da fəal
iştirak etməyə başlamışlar. Hazırda Misirdə
on minlərlə həmvətənimizin
yaşadığına dair təsdiqlənməmiş məlumatlar
var. Misirdə təhsil alan gənclərimizin işini qənaətbəxş
hesab etmək olar. 1999-cü ildən başlayaraq, Qahirə
radiosunda iqtisadi, siyasi, mədəni və dini proqramlar
hazırlayan Azərbaycan xidməti yaradılmışdır.
Misirdə fəaliyyət göstərən yeganə diaspor təşkilatı
Azərbaycan Gənclər Təşkilatıdır. İki
ölkə arasında əməkdaşlığın
inkişaf etdirilməsi, gənclər arasında təcrübə
mübadiləsinin artırılmasına xidmət edən Azərbaycan
Gənclər Təşkilatı yaxın illərdə yaradılıb.
Misirdə fəaliyyət göstərən Azərbaycan Gənclər
Təşkilatının sədri Ramil Niftəliyevdir.
Küveyt-Küveytdə də digər Asiya
ölkələrində olduğu kimi yalnız bir Azərbaycan
diaspor təşkilatı fəaliyyət göstərir. Bu
ölkədə Azərbaycanı təmsil edən diaspor təşkilatlarından
biri Küveyt-Azərbaycan Mədəniyyət və Dostluq “Vətənsevər”
Cəmiyyətidir. Küveyt Azərbaycan Mədəniyyət və
Dostluq “Vətənsevər” Cəmiyyəti 2010-cu il,
dekabrın 31-də yaradılmışdır. Cəmiyyət
burada Azərbaycan mədəniyyətini, tarixini, ölkəmizdəki
ictimai prosesləri Küveyt dövlətinə, xalqına
layiqincə tanıtmaq, onlara mütəmadi informasiya
ötürmək missiyasını yerinə yetirir. Hər il
Azərbaycanın Müstəqillik Günü, milli lider Heydər
Əliyevin doğum və anım günləri, Novruz
bayramı və Azərbaycanın bir çox tarixi-mədəni
əlamətdar günləri geniş şəkildə qeyd
olunur. Küveyt-Azərbaycan Mədəniyyət və Dostluq
“Vətənsevər” Cəmiyyəti tərəfindən
qardaş Türkiyənin diaspor təşkilatları ilə
güclü əlaqələr qurulmuşdur. Bu məqsədlə
burada yaşayan türk diaspor təşkilatları, cəmiyyətləri
ilə tez-tez görüşlər keçirilir, tədbirlər
təşkil edilir.
Azərbaycan-Küveyt
Mədəniyyət və Dostluq “Vətənsevər” Cəmiyyətinin
sədri Könül Hacızadədir.
İraq-İraqda türkmənlərin məskunlaşması
eramızın VII əsrinə təsadüf edir. İlk
zamanlar hərbi heyət olaraq Bağdadda xidmət edən
türkmənlər sonradan ciddi nüfuz qazanmış və
həmişəlik burada qalmışlar. İraq türkmənləri
Bağdad ətrafı ərazilərdə sıx-sıx məskunlaşıb,
bəzi yerlərdə sayca ərəblərdən üstun
olmaqla, doğma mədəniyyəti, musiqi və ədəbiyyatı,
ənənələri təbliğ edirdilər. 1922-ci ildə İraq-Böyük
Britaniya sazişinin 3-cü maddəsinə görə, azərbaycanlılar
ana dilində təhsil almaq hüququ əldə etdilər.
Lakin onlara verilən hüquqlar sonradan İraq hökuməti tərəfindən
kobud şəkildə pozuldu. 1958-ci ildə İraq da respublika
qurulmasında yaxından iştirak edən türkmənlər
ilk illər müəyyən hüquqlar əldə etdikdən
sonra 1959-cu ilin 1 fevralında Bağdadda türkmən dilində
radio açıldı. 1960-cı ildə Bağdadda Türkmən
Qardaşlıq Klubu (sonradan Ocaq oldu) yaradıldı. İraq
türkmənlərinin iradəsilə təşkil olunan klub
onların rəsmi nümayəndəliyi kimi sosial-mədəni
sahədə fəaliyyət göstərməyə
başladı. 1961-ci ildə "Qardaşlıq"
jurnalının nəşrə başlaması klubun ilk
mühüm işlərindən idi. İraq türkmənlərinin
tarixini, həyat tərzini, dünya göruşünü əks
etdirən jurnal 156 saylı 1977-ci il 6 fevral tarixli qərarla BƏƏS
partiyasının nəzarətinə keçdikdən sonra
nüfuzunu itirdi. 1968-ci il 17 iyun inqilabından sonra İraq
türkmənlərinə ana dillərində təhsil almaq,
doğma dildə jurnal, qəzet nəşr etmək, Kərkuk
televiziya və radiosunda verilişlər açmaq vədləri
verildi. Səddam Hüseynin hakimiyyət illərində
İraqdakı soydaşlarımızın vəziyyəti daha
da pisləşdi. Təzyiqlər yolu ilə türkmənlərin
qonşu ölkələrə köçməsini gücləndirən
Səddam Hüseyn rejimi boş qalan ərazilərdə
kürdləri və ərəbləri yerləşdirirdi. 8
illik müharibə illərində qardaşı qardaşa
silah qaldırmağa vadar edən İraq və İran rejimlərinin
amansız, mənfur siyasətinin qurbanları əsasən hər
iki ölkədə yaşayan və hər iki səngərdə
vuruşan türkmənlər idi. İraq türkmənlərinın
1990-cı ilin İraq Konstitusiyasında adları belə
çəkilmir. Konstitusiyada "İraq xalqı yalnız ərəb
və kürdlərdən ibarətdir" bəndini qeyd etməklə
insan hüquqlarını kobudcasına pozan, beynəlxalq
hüquq normalarını tapdayan Səddam Hüseyn rejimi,
aydındır ki, soydaşlarımızı bu iki xalqın
içərisində "əritməyə"
çalışıb. Ərəblərdən sonra İraqda
ikinci böyük xalq olan soydaşlarımızın dili, mədəniyyəti
son günlərdə sərt şəkildə
sıxışdırılmaqda, folklor abidələri, ənənələri,
mətbəx, milli varlığı yox edilməkdədir.
Soydaşlarımızın kütləvi informasiya vasitələrinə
çıxışı yox dərəcəsindədir.
Hazırda İraq türkmənləri ölkə daxilində
və kənarda müxtəlif birliklər quraraq öz sosial-
mədəni hüquqlarının bərpa edilməsinə
çalışırlar. Bu sırada İraq Milli Azadlıq Hərəkatı,
Şimali İraq Türkmən Cəbhəsi, Türkmən
Milli Cəbhəsi, İraq Milli Türkmən Partiyası,
Müstəqillər Partiyası, Qardaşlıq Ocağı,
İraq türkmənlərinin Mədəniyyət Dərnəyi,
İraq Türkmənlərinin Mədəniyyət və
Yardımlaşma Dərnəyi, Türkmənistan Elli Gənclik
və Tələbə Birliyi, Türk Milli Vəqfi, Kərkük
Vəqfi kimi qurumlar var. Bu təşkilatlar İraqda
başlanan hərbi əməliyyatlar zamanı burada yaşayan
soydaşlarımızın zərər görməməsi və
tarixi abidələrimizin qorunması üçün müəyyən
işlər görmüşdür. İraqda 1400 illik tarixə
malik olan türkmənlər – azərbaycanlılar tarixin
müxtəlif dövrlərində bütün çətinliklərə
baxmayaraq, öz kimliklərini, mənəviyyatını, ana
dilini unutmamış, ulu babalardan qalan, misilsiz dəyərə
malik ənənələri nəsildən-nəsilə
öturərək bu günümüzə
çatdırmışlar.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 11-13 may.- S.15.