Gülə qərq olan Bakı...
Mayın 10-da ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi münasibətilə keçirilən Gül
Bayramı paytaxtda böyük rəğbətlə
qarşılanıb.
Saat 10.30 radələrində ölkə
prezidenti İlham Əliyev bayram mərasiminin keçirildiyi
parka gələrək bir-birindən əlvan güllərlə
bəzədilən məkanın yeni görkəmi ilə
tanış olub. Daha sonra şəhər
əhli Heydər Əliyev adına Respublika Sarayının
önündə düzülən müxtəlif
çeşidli gülləri izləmək üçün
sarayın qarşısına axışıb. Müxtəlif
ölkələrdən gətirilən “exmeniya”, “kusmaniya” kimi
müxtəlif çeşidli güllərdən milli
folklorumuzun “Cırtdan”, “Tık-tık xanım”,
“Qırmızı papaq” kimi maraqlı və bənzərsiz
obrazlar yaradılmışdı. Bundan başqa
Şirvanşahlar Saray Kompleksinin, Qız Qalası və Azərbaycanın
bir sıra tarixi abidələrinin güllərlə bəzədilmiş
maketi şəhər sakinləri tərəfindən
böyük maraqla qarşılanıb. Heydər Əliyev
adına Respublika Sarayının qarşısında
keçirilən bayram tədbirinə xüsusi rəng qatan isə
güllərlə bəzədilən al-əlvan geyimli
balacalar olub. Onlar da öz sevinclərini gizlətməyərək
çox əyləndiklərini, Gül bayramını hər
zaman səbirsizliklə gözlədiklərini deyiblər.
Balacalarla yanaşı valideynləri bayramla əlqədar
uşaqlarını da əyləndirə bildikləri
üçün sevincli olduqlarını deyiblər.
Azyaşlı qızı ilə Gül bayramını izləyən
Bakı sakini Mehriban xanım bu münasibətlə Prezident
İlham Əliyevə minnətdarlığını bildirib:
“Cənab prezidentimizə bu cür gözəl bayramın
keçirilməsinə görə minnətdarlığımızı
bildiririk. Nə yaxşı ki, belə bayramlar qeyd olunur.
Çox sağ olsun İlham Əliyev, o həmişə bizim
başımızı uca edib. Həqiqətən belə
bayramların qeyd olunmasını çox bəyənirəm. Bu
gün şəhər bayram
əhval-ruhiyyəsindədir. Bundan gözəl nə ola bilər ki”. 70 yaşlı təqaüdçü Mustafa bəy də Gül
bayramını çox sevdiyini,
şəhərin məhz bu bayramla hər zaman yüksək
əhval-ruhiyyəyə büründüyünü
deyərək təəssüratlarını bizimlə bölüşüb: “Çox
gözəl bayramdır. Bu gün həm də ulu
öndərimiz, Azərbaycan xalqının ümummilli
lideri olan Heydər Əliyevin
anadan olmasının 90 illiyidir.
Bu xalqımız üçün
ikiqat bayram hesab olunmalıdır. Azyaşlıdan qocayadək
hər kəs bayramı xüsusi sevinclə qarşılayır. Bu diqqət və qayğıya görə İlham Əliyevə minnətdarıq”. Qeyd edək ki, Gül Bayramı ilə
əlaqədar şəhərin bir
sıra mərkəzi meydanlarında, həmçinin Sahil bağında xüsusi
tədbirlər həyata keçirilib.
Şəhər əhli burda da bir-birindən maraqlı, zövqlə bəzədilmiş
güllərin önündə şəkil çəkdirərək
bayram əhval-ruhiyyəsində
olduqlarını deyiblər. Qeyd edək ki, Heydər Əliyev adına Respublika
Sarayının qarşısında Gül
Bayramı hələ də davam edir. Axşam saatlarında isə dənizkənarı Milli Parkda bayram
tədbiri konsert proqramı ilə baş tutacaq. Şəhərin
mərkəzi küçələrində güclü
iş rejimi ilə
çalışan polislər lazımi təhlükəsizlik
tədbirləri görərək sıxlığın
qarşısını almağa
çalışırlar.
Nigar Məhərrəm
Olaylar.- 2013.- 11-13 may.- S.8.