Azərbaycan diasporunun görkəmli nümayəndələrindən Teymur Rzayev

 

Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri də Teymur Rzayevdir.

 

Teymur Rzayev 1959-cu il iyulun 15-də Bakı şəhərində anadan olmuşdur. 1966-1974-ci illərdə ibtidai təhsilini Abşeron Rayonu Xırdalan orta təhsil məktəbində almışdır. 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almış, bakalavr və magistr proqramını professor Mikayıl Abdullayevin emalatxanasında tamamlamışdır. 1985-1986-cı illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında professor Devyatov M.M. adına emalatxanada təhsilini davam etmişdir. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanmışdır.1981-1982-ci illərdə Bakı Quşçuluq fabrikində 5-ci dərəcəli rəngsaz kimi fəaliyyət göstərmişdir. 1984-cü il iyunun 6-dan noyabrın 16-na kimi “Azərbaycan” Kinoteatrında tərtibatçı rəssam olmuşdur. 1984-1985-ci illərdə Məmməd Rahim adına 7 nömrəli məktəbdə çilingər, 1985-ci ildə Azərbaycan Rəssamlar İttifaqı Bədii Fondunda  rəssam, 1987-1988-ci illərdə 5-ci dərəcəli çilingər olaraq Azərbaycan İstehlak Cəmiyyəti İttifaqında çilingər olmuş, SSRİ Bədii Fondunda rəsm bölümünə rəssam kimi qəbul edilmişdir. 1991-ci ildə SSRİ Rəssamlar Birliyinə üzv olmuşdur. Teymur Rzayev hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Teymur Rzayev 1992-1994-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 1994      2006-cı illərdə isə İstanbul şəhəri İstək Atatürk liseyində müəllim işləmişdir. 1993-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzində fərdi sərgi təşkil etmiş və həmin il “İstək” Fondunun qurucusu və sədri Bedrettin Dalan tərəfindən İstanbula dəvət edilmişdir. Teymur Rzayev Azərbaycandan kənarda olduğu müddət ərzində hər zaman ölkəmizin təbliği, onun tanıdılması istiqamətində fəaliyyət göstərmişdir. Həmyerlimizin çəkdiyi rəsm əsərlərində ölkəmizin problemləri, Dağlıq Qarabağ probleminə də daim diqqət yetirilib. 2005-ci ildən etibarən Teymur Rzayev YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Türkiyə Milli Komitəsinin Üzvlüyə Qəbul Komissiyasının üzvüdür. 2006-cı ildən etibarən Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyir. 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən Teymur Rzayev  Türkiyədə yaşayan rəssamların koordinatoru seçilmişdir. 2011-ci ildə xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət kitabın redaktoru olmuşdur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam”fəxri adı ilə təltif olunmuşdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 14 may.- S.15.