Diaspor sahəsində mütəşəkkillik
artır
Son illərdə dünyanın
müxtəlif ölkələrində diaspor
təşkilatlarımız tərəfindən Azərbaycana
həsr olunmuş tədbirlərin
keçirilməsi bu sahədə nailiyyətlərin
artmasına öz müsbət təsirini
göstərir. Təbii ki, bu sahədə Diasporla İş üzrə Dövlət Komitəsinin
də üzərinə böyük bir iş düşür
və adı çəkilən dövlət qurumu
həmin tədbirlərin keçirilməsinə dəstək
nümayiş etdirməklə Azərbaycan
dövlətinin diasporumuzun arxasında olduğunu bir daha təsdiqləyir. Təkcə,
keçən il ərzində keçirilən
tədbirlərə diqqət yetirdikdə bunu
aydın şəkildə görmək mümkündür.
Diasporla
İş üzrə Dövlət Komitəsinin də verdiyi məlumata
görə, keçən il ərzində
xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, cəmiyyətə inteqrasiyası,
soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin
artırılması, tarixi Vətənlə əlaqələrinin
genişləndirilməsi, habelə diaspor təşkilatları
arasında əməkdaşlığın gücləndirilməsi
istiqamətində bir sıra tədbirlər həyata
keçirmişdir. Belə ki, göstərilən müddət
ərzində Azərbaycan diaspor təşkilatları tərəfindən
330 tədbir keçirilmişdir. Bu tədbirlərin bəzisində,
o cümlədən Dünya Azərbaycanlı Gənclər
Birliyinin Təsis Qurultayı,
Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı,
“Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının
II Qurultayı, Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının III Qurultayı, İsveç Azərbaycanlıları
Konqresinin II Qurultayı və digər beynəlxalq əhəmiyyətli
tədbirlərdə müxtəlif ölkələrin
dövlət və hökumət nümayəndələri,
parlament üzvləri iştirak etmişdir. Azərbaycan
dövlətinin dəstəyi ilə keçirilmiş bu tədbirlər
ölkəmizin beynəlxalq aləmdə təbliğinə
mühüm töhfələr vermiş, dünyanın bir
sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın
inkişafında önəmli rol oynamışdır.
2012-ci il 5
iyul tarixində Diasporla İş üzrə Dövlət
Komitəsində Komitənin yaradılmasının 10-cu
ildönümünə həsr olunmuş tədbir
keçirilmişdir. Tədbir zamanı Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 5 iyul
2002-ci il tarixli sərəncamı ilə yaradılmış
Dövlət Komitəsinin ötən 10 il ərzində
göstərdiyi fəaliyyət barədə geniş məlumat
verilmişdir. Tədbirdə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin
qayğısı və yüksək diqqəti sayəsində
Azərbaycan diasporunun təşkilatlanaraq Azərbaycanın
milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə
çevrildiyi xüsusilə vurğulanmışdır. Həmçinin
tədbir zamanı ötən dövr ərzində Dövlət
Komitəsi tərəfindən və onun dəstəyi ilə
63 kitabın, 13 sənədli filmin hazırlandığı
qeyd olunmuş və Azərbaycan diasporunun tarixi, məskunlaşma
coğrafiyası, görkəmli şəxsiyyətləri barədə
geniş məlumatı əks etdirən “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat”
toplusunun təqdimatı olmuşdur. Qeyd edək ki, topluda Azərbaycan
Respublikası Prezidentinin diasporun inkişafına xidmət edən
fərman və sərəncamları, müxtəlif vaxtlarda
diaspor nümayəndələri ilə keçirdiyi
görüşlər, diasporumuzun görkəmli nümayəndələri
və dövlət təltiflərinə, fəxri adlara layiq
görülmüş xaricdə yaşayan azərbaycanlılar,
Azərbaycan diasporunun tarixi, məskunlaşma
coğrafiyası, diaspor təşkilatlarının nəzdində
fəaliyyət göstərən kütləvi informasiya vasitələri
haqqında məlumatlar, həmçinin Dünya Azərbaycanlılarının I, II və III qurultayları, eləcə
də diaspor təşkilatlarının iştirakı ilə
keçirilmiş yüksək səviyyəli tədbirlər
və diasporla əlaqədar digər məlumatlar da öz əksini
tapmışdır.
Türkiyənin
Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə
Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) III
Qurultayı keçirilmişdir. Qurultayda ötən müddət
ərzində həyata keçirilmış tədbirlər
haqqında ətraflı məlumat verilmiş,
reallaşdırılmış layihələrin Azərbaycan
və Türkiyə münasibətlərinin daha da
inkişafına, Azərbaycanın Türkiyədə daha
yaxından tanıdılmasına xidmət etdiyi qeyd
olunmuşdur. Həmçinin TADF-in hesabat məruzəsi dinlənilmiş
və təkliflər əsasında
Nizamnaməyə bəzi dəyişiklik və əlavələr
edilmişdir. Qurultayda Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının mətbu orqanının yaradılması,
internet səhifəsinin təkmilləşdirilməsi, üzv
təşkilatların fəaliyyətinin daha yaxşı
koordinasiya olunması ilə bağlı tədbirlərin
görülməsi və digər qərarlar da qəbul
olunmuşdur. Toplantının sonunda qurultay
iştirakçılarının Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və
Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə
müraciəti qəbul olunmuşdur.
Azərbaycan
Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi
görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasının
daha operativ və əhatəli şəkildə həyata
keçirilməsi məqsədilə “Facebook” və “Twitter”
sosial şəbəkələrində rəsmi səhifələrini
yaratmışdır. Qeyd edək ki, “Facebook” və “Twitter”də
rəsmi səhifələrinin yaradılması sosial şəbəkələrin
imkanlarından bəhrələnərək yeni kommunikasiya
növlərindən istifadə sayəsində ictimaiyyətin
diaspor sahəsi ilə bağlı marağını təmin
etməyə şərait yaradacaqdır.
Ümumilikdə,
2012-ci il ərzində keçirilmiş tədbirlərdən
133-ü Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması məqsədinə xidmət
etmişdir. Xarici ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatlarının təbliğat
sahəsində fəaliyyətinin daha da gücləndirilməsi,
Ermənistanın Azərbaycana təcavüzü ilə
bağlı beynəlxalq aləmin məlumatlandırılması
və bu faktın dünya dövlətlərinin parlamentlərinin,
siyasi dairələrinin müzakirəsinə
çıxarılması prioritet məsələ
olmuşdur. Hesabat dövrü ərzində Azərbaycan
diaspor təşkilatları tərəfindən yeni kütləvi
informasiya vasitələri təsis edilmiş, eyni zamanda
ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən
kütləvi informasiya vasitələrində Azərbaycanla
bağlı məqalə və materialların
işıqlandırılması istiqamətində tədbirlər
həyata keçirilmişdir. Hesabat dövründə Ermənistanın
Azərbaycana təcavüzü, həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, “20 Yanvar” faciəsi, Xocalı
soyqırımı, 31 mart- Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı
İsveç, Almaniya, Rusiya, ABŞ, Kanada, Fransa, Böyük
Britaniya, Belçika, Niderland, Türkiyə, Birləşmiş
Ərəb Əmirlikləri, Ukrayna, Bolqarıstan, Çexiya,
Rumıniya, Polşa, Macarıstan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Gürcüstan, Tacikistan, Estoniya,
Latviya, Litva, Belarus, Moldova, Yaponiya, Avstraliya və digər
ölkələrdə Azərbaycan icmaları tərəfindən
anım mərasimləri, foto və rəsm sərgiləri, təbliğat
kampaniyaları, elmi-praktik konfranslar və digər tədbirlər
təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 14 may.- S.15.