Azərbaycanın tarixi abidələri və erməni vandalizmi

 

Qarabağ torpaqları Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir.

Qeyd edək ki, hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu Ermənistanın işğalına məruz qalıb.

 

İşğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işğal edilib.

İşğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdakı "Dairəvi Məbəd"(1356-1357) və "Türbə"-nin (14-cü əsr) aqibəti məlum deyil.

60-cı illərin ortalarında Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 250 illik yubileyi dövlət səviyyəsində qeyd olunub ki, bunda da ulu öndər Heydər Əliyevin böyük rolu olub: “1967-ci ildə Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etdim. Öncə məzarı tapa bilmirdilər. Mənim xahişimlə məzarı tapdılar. Gördüyüm məzar Molla Pənah Vaqifə layiq deyildi. Belə böyük bir şəxsiyyətin qəbrini onun şəxsiyyətinin səviyyəsinə çatdırmaq lazım idi. 70-ci illərdə bu barədə fikrimi həyata keçirdim və 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük bir abidə, türbə tikildi. Bu, çox gözəl memarlıq abidəsi idi”.

Ümumiyyətlə isə həmin dövrdə Şuşada bir çox tarixi abidələr yenidən bərpa olunub.  Üzeyir Hacıbəyovun ev muzeyi, Âülbülün ev muzeyi və b. muzeylər, abidələr yaradıldı. Hətta î vaxt Şuşada Azərbaycanın böyük şəxsiyyəti Natəvanın heykəli də qoyulub. Bir sözlə, Şuşanı daha da zənginləşdirmək, onun tarixini daha da əyaniləşdirmək üçün çox işlər görülüb, yeni binalar tikilib.

Çox təəssüf ki, min bir əziyyət hesabına yaranan tarixi abidələr bir göz qırpımında erməni qəsbkarları tərəfindən məhv edilib.

Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Bu baxımdan, Qarabağ problemi və erməni məsələsi tarixən mövcud olub.

Qeyd edək ki, Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.

Qarabağ ərazisində olan qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, peşəkar vokal sənətinin banisi Bülbülün ev-muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin Şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini dağıdır, məhv edir. Hətta erməni təcavüzkarları vəhşilik göstərərək, Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə, şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək, Bakıya gətirilmiş və hazırda İncəsənət Muzeyində nümayiş etdirilir. Onu da qeyd edək ki, hazırda da işğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi davam edir. İşğalçılar qeyri-peşəkar arxeoloji qazıntı işləri apararaq qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.

Xatırladaq ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Eyni zamanda işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal altında qalıb.

 

 

Ulduzə Qaraqızı,

ulduzqaraqizi@gmail.com

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ortaq Dəyərlər” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində dərc olunur

 

Olaylar.- 2013.- 14 may.- S.12.