Diasporumuzun gənc nümayəndələri ABŞ-da Azərbaycanın problemlərini gündəmə gətirir

 

Azərbaycan diasporunun formalaşıb inkişaf etməsi, xüsusilə gənc nəslin diaspora işinə cəlb olunması istiqamətində aktiv fəaliyyət göstərən qurumlardan biri də Azərbaycan-Amerika Gəncləri İctimai Birliyidir. Artıq uzun müddətdir ki, fəaliyyət göstərən təşkilat Azərbaycanın üzləşdiyi problemlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı tarixən həyata keçirdikləri soyqırımlar və Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması prosesində yaxından iştirak edir, bu məqsədlə müntəzəm olaraq müxtəlif ölkələrdə layihələr həyata keçirir, konfrans və dəyirmi masalar təşkil edir.

 

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin növbəti tədbirlərindən biri bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən "ABŞ-ın Los-Anceles şəhərində “Dağlıq Qarabağ münaqişəsinə dair azərbaycanlı Gənclərin beynəlxalq Forumu" layihəsi çərçivəsində baş tutub. Bu məqsədlə okeanın o tayına səfər edən təşkilatın sədri Vüqar Əhmədov ölkəmizin haqq səsinin Amerika ictimaiyyətinə çatdırılması üçün bir sıra görüşlər keçirib. Belə ki, Birləşmiş Ştatların Kaliforniya ştatında səfərdə olan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov burada işgüzar görüşlər keçirib. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri ilk olaraq Birləşmiş Ştatların Kaliforniya ştatında yerləşən Çapman Universitetində olub. Universitetlə tanışlıqdan sonra Çapman Universitetinin Qlobal Təhsil Mərkəzinin sədri Ceyms Koyl ilə Vüqar Əhmədov arasında görüş keçirilib. Görüş zamanı hər iki təşkilat arasında əməkdaşlıq, gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı qarşıda duran planlar və nəzərdə tutulan birgə fəaliyyət haqqında fikir mübadiləsi aparılıb. Daha sonra Vüqar Əhmədov Qlobal Təhsil Mərkəzinin sədri Ceyms Koyla Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə təşkilat tərəfindən verilən təşəkkürnaməni ona təqdim edib. Eyni zamanda Vüqar Əhmədov keçən il Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təşkil olunan “Regional təhlükəsizliyin təmin olunmasında Azərbaycan-ABŞ tərəfdaşlığının rolu” adlı konfransın nəticələrini əks etdirən yeni nəşri də ona təqdim edib. Qlobal Təhsil Mərkəzinin sədri Ceyms Koyl da öz növbəsində Vüqar Əhmədova əməkdaşlığa və mərkəzlə qurulan iş birliyinə görə öz təşəkkürünü bildirib. Daha sonra Azərbaycanlı və Amerikalı gənclərin iştirakı ilə Birləşmiş Ştatların Kaliforniya Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir təşkil olunub. Tədbirdə okeanın o tayında təhsil alan gənc diaspor nümayəndələrimiz də yaxından iştirak edib. Tədbiri giriş sözü ilə açan Qlobal Təhsil Mərkəzinin sədri Ceyms Koyl Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədrini Amerikada salamlamaqdan məmnunluq duyduğunu söyləyib və qeyd edib ki, onun Birləşmiş Ştatların Kaliforniya ştatına səfəri və amerikalı gənclərlə birgə belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. Sonra söz alan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov “Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanlı gənclərin baxışı” adlı təqdimatla çıxış edib. Təşkilat sədri Azərbaycan haqqında geniş məlumat verərək bölgədə gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında geniş məlumat vermişdir. Qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını 20 ildən artıq işğalda saxlayır və heç bir beynəlxalq hüquqa məhəl qoymur. Bu isə öz növbəsində regional inteqrasiya prosesini ləngidir və ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyinə ciddi təhdiddir. Azərbaycanda həyata keçirilən islahatlar haqqında məlumat verən Vüqar Əhmədov bu gün Ermənistanın blokada vəziyyətə düşməsinin əsas səbəbini məhz yürütdüyü işğalçı siyasətlə əlaqələndirib və qeyd edib ki, Qərbdə fəaliyyət göstərən erməni diasporu da münaqişənin həllinə mənfi təsir göstərir. Dünya birliyini və Birləşmiş Ştatları münaqişənin həllində daha fəal iştirak etməyə çağıran Vüqar Əhmədov problemin sülh yolu ilə həllinin vacib olmasını vurğulayıb, lakin 20 ildən artıq uzanan danışıqların nəticə verməməsini artıq Azərbaycan cəmiyyətində və gənclər arasında çıxış yolunu hərbi vasitə ilə mümkün olması fikrinin geniş yayılmasına gətirib çıxardığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra iştirakçılar Azərbaycan-ABŞ münasibətləri, gənclər arasında əməkdaşlıq, regional təhlükəsizlik və Azərbaycanın münaqişənin həlli ilə bağlı ata biləcəyi növbəti addımlar haqqında suallar veriblər və bu mövzularda müzakirələr davam etdirilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 16 may.- S.15.