Türk
diasporunun birliyi reallığa çevrilir
Son illər ərzində türkdilli
ölkələrin diaspor təşkilatları arasında
birlik və bərabərliyin təmin edilməsi, birgə əməkdaşlığın
konturlarının müəyyən olunması istiqamətində
səylər artmaqdadır. Sevindirici haldır ki, Azərbaycan
və Türkiyənin başlamış olduğu bu işə
artıq digər türkdilli respublikalar da dəstək
nümayiş etdirir. Bu günlərdə qardaş Türkiyə
Cümhuriyyətində keçirilən toplantını buna
misal olaraq göstərmək olar.
Xəbər
verildiyi kimi bu günlərdə Türkiyə Cümhuriyyətinin
paytaxtı Ankara şəhərində Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasına üzv ölkələrin
diaspor təşkilatları rəhbərlərinin ikinci
toplantısı keçirilib. Xaricdə Yaşayan Türklər
və Əqrəba İcmalar Departamentinin sədr müavini Bəkir
Bozdağın ev sahibliyi ilə keçən toplantıda Azərbaycan,
Qazaxıstan, Qırğızıstan və Türkiyənin
diaspor təşkilatlarının rəhbərləri
qatılıb. Toplantıda Azərbaycan tərəfini Diasporla
İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci
müavini Valeh Hacıyev təmsil edib. İclasda “Türkdilli
ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət
strategiyası”nın əhəmiyyəti vurğulanıb.
İlk çıxış edən Xaricdə Yaşayan
Türklər və Əqrəba İcmalar Departamentinin rəhbəri
Kemal Yurtnaç bu toplantını indiyədək
keçirdikləri iclasların ən önəmlisi
olduğunu, onun əhəmiyyətli qarşıdakı illərdə
aydın olacağını deyib: “Xüsusilə türk
dünyasındakı ölkələrlə bu addımı
atmağı çox vacib sayırıq, Özbəkistan və
Türkmənistanın da sıramıza qatılacağına
inanıram”. Toplantıda çıxış edən Diasporla
İş üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini Valeh Hacıyev də türk
dünyasının problemlərini həll etmək
üçün türk xalqlarının vahid diaspor
altında birləşməsinin vacibliyini vurğulayıb. O
bildirib ki, soydaş xalqların ortaq fəaliyyəti onların
güclü addımlarla irəliləməsini, gələcəkdə
türk xalqlarının fərqli mövqedə yer
almasını təmin edəcək. Valeh Hacıyev
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına üzv ölkələrin diaspor təşkilatları
rəhbərlərinin birinci Forumunun Bakıda keçirilməsini
də Azərbaycanın bu məsələni əhəmiyyətli
hesab etməsi ilə əlaqələndirib. Toplantıya sədrlik
edən Xaricdə Yaşayan Türklər və Əqrəba
İcmalar Departamentinin sədr müavini Bəkir Bozdağ da
iclasın əhəmiyyətini vurğulayaraq deyib ki,
diasporların xaricdə birgə fəaliyyəti bir çox məsələlərin
həllində önəmli rol oynayacaq. “Xaricdə birlikdə
hərəkət edə bilmək iradəsini ortaya qoya bilmək
üçün bu müsbət bir addımdır”. Bəkir Bozdağ bildirib ki, türk
respublikaları öz aralarındakı əlaqələri fərqli
məcraya yönəltməlidir: “Əlaqələrimizi daha məhsuldar
bir mövqeyə gətirməyə qərarlıyıq. Bu səbəbdən
bu addımın daha ciddi bir əhəmiyyəti olduğunu
düşünürəm. Dost və qardaş ölkələrlə
birlikdə atdığımız addımlarımız
olduğu kimi Türkiyə Cümhuriyyəti olaraq da
atdığımız ciddi addımlarımız var. Xaricdə
Yaşayan Türklər və Əqrəba İcmalar
Departamenti də bu məqsədlərə xidmət edir. Qurum
xaricdəki bütün soydaşlarımızla olan əlaqələrimizi
daha fərqli nöqtəyə gətirmək
üçün fəaliyyət göstərir. Ortaq olan mədəniyyətimizi
daha da ön plana çıxardıqca aramızdakı əlaqələrin
fərqli bir yöndə olacağına inanıram. Bu istiqamətdə hər cür fəaliyyəti
hökumət olaraq dəstəkləyəcəyik”. Çıxışlardan sonra
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına üzv ölkələri – Türkiyə, Azərbaycan,
Qazaxıstan və Qırğızıstan arasında
“Türkdilli ölkələrin diaspor təşkilatlarının
ortaq fəaliyyət strategiyası” imzalanıb. Toplantı çərçivəsində
iyunun 21-də Bakıda keçiriləcək Bakıda
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına üzv ölkələrin diaspor təşkilatları
rəhbərlərinin I Forumunun isə proqramına dair
müzakirələr də aparılıb. Qərara
alınıb ki, Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına üzv ölkələrin diaspor təşkilatları
rəhbərlərinin Forumda ümumi iclasdan əlavə
üç istiqamətdə - Amerika-Kanada, Avropa-Asiya və
Müstəqil Dövlətlər Birliyi üzrə panel
müzakirələr də təşkil olunsun. Qeyd edək ki, Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasına üzv ölkələrin
diaspor təşkilatları rəhbərlərinin ilk
iclası bu il yanvarın 24-25-də Bakıda
keçirilmişdi. Həmin iclasda Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasına üzv ölkələrin
diaspor təşkilatları rəhbərlərinin I Forumunun
Bakıda keçirilməsi barədə tərəflər
arasında ümumi razılıq əldə edilmişdi.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 16 may.- S.15.