Azərbaycan diasporu inkişaf yolunda

 

Azərbaycanlıların yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal iştiraklarının təmin olunması istiqamətində ötən müddət ərzində mühüm addımlar atılmışdır. Məhz bu istiqamətdə təkcə keçən il xarici ölkələrdə 104 mədəni-kütləvi tədbir təşkil olunmuşdur.

 

Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, o cümlədən burada yaşayan həmvətənlərimiz Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, milli-mənəvi dəyərlərinin, qədim mədəniyyətinin, zəngin irsinin  təbliğ olunması, o cümlədən Azərbaycan tarixində mühüm silinməz izlər buraxmış görkəmli şəxsiyyətlərin yad edilməsi  məqsədilə bir sıra mühüm bayram tədbirləri, konsert proqramları təşkil etmiş, milli kinomuzun və teatrımızın təbliği məqsədinə xidmət edən layihələr həyata keçirmişlər. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş anma mərasimləri, konfranslar, konsert proqramları, futbol turnirləri təşkil olunmuşdur. Azərbaycanın mədəni irsinin təbliği istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdən biri kimi Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Azərbaycan Mədəniyyət Evinin açılış mərasimini qeyd etmək olar. Açılış mərasimində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri, jurnalistlər, qeyri-hökumət təşkilatları təmsilçiləri, habelə bələdiyyə sədrləri və digər şəxslər iştirak etmişlər. Òədbir zamanı Azərbaycan Mədəniyyət Evinin nəzdində “Soyqırım Muzeyi” və “Heydər Əliyev adına kitabxana” da açılmışdır.

Birləşmiş Ştatların Qarabağ Fondu Vaşinqtonda “Nizami Gəncəvi: XII əsr Azərbaycan şairinin irsi” mövzusunda sərgi təşkil etmişdir. Nizaminin əsərlərinin təxminən 50 orijinal əlyazması və miniatürlərinin nümayiş etdirildiyi sərgi Misirdə İsgəndəriyyə kitabxanası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə keçirilmişdir. Nadir əlyazmalar dünyanın ən tanınmış kitabxanaları və muzeyləri tərəfindən təqdim edilmişdir. Noyabr ayının 23-dən 27-dək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycanları Konqresinin (ÜAK) və konqresin yerli nümayəndəliyinin dəstəyi ilə Rusiyanın Çuvaş Respublikasının paytaxtı Çeboksarı şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur. Òədbirdə Azərbaycandan geniş tərkibli nümayəndə heyəti ilə yanaşı, ÜAK-ın Moskva nümayəndəliyi və Rusiyanın müxtəlif regionlarındakı diasporumuzun rəhbərləri də iştirak etmişlər. Səfərin əsas məqsədi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsi olsa da, nümayəndə heyəti həm Çeboksarı şəhərinin azərbaycanlı sakinləri, həm də respublikanın dövlət rəsmiləri ilə də görüşlər keçirmişlər.

Ümumilikdə, keçən il ərzində keçirilmiş 24 tədbir xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları, siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlament üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına xidmət etmişdir. Məhz bu tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimai və siyasi xadimləri, kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşlər keçirilmiş, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunmuşdur. Xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi işinə də xüsusi önəm verilmiş, bu istiqamətdə müxtəlif tədbirlər keçirilmişdir. 2012-ci ildə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın  hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qorunması və inkişaf etdirilməsi, beynəlxalq aləmdə inkişaf etmiş və müstəqil bir ölkənin xalqı kimi təmsil olunmaq hüququnu təmin etmək məqsədilə bir sıra tədbirlər, elmi-praktiki konfranslar keçirilmişdir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun vətənə ekstradisiyası və əfv edilməsi ilə bağlı ermənilərin Azərbaycan əleyhinə anti-təbliğat kampaniyalarının qarşısının alınması, həmçinin Fransa Senatının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qərarına etiraz əlaməti olaraq bir çox ABŞ və Avropa ölkələrində, o cümlədən Dubayda fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən etiraz aksiyaları keçirilmiş, bəyanatlar qəbul olunmuşdur.

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti ölkədə böyük tirajla nəşr olunan “Metro Xpress” qəzetində Dağlıq Qarabağa turist səfərlərinin təşkili və bunun təbliği barədə məqaləyə etiraz olaraq mətbu orqanın rəhbərliyinə məktub ünvanlamışdır. Danimarka və ingilis dillərində göndərilmiş etiraz məktubunda Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu, onun ermənilər tərəfindən işğal edildiyi vurğulanmışdır. Nəticədə “Metro Xpress” qəzetinin rəhbərliyi yaydıqları yanlış məlumata görə Azərbaycan diasporundan üzr istəmişdir. Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilmişdir. Etiraz aksiyasında təxminən 1500-ə yaxın azərbaycanlı və türk iştirak etmişdir. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Sarkisyanın Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaq olub. Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları iştirak etmişdir.

Dekabrın 10-da Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Avropa Türk Demokratlar Birliyinin təşkilatçılığı ilə Haaqada yerləşən Niderland parlamentinin binasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın və Gürcüstanın Niderland Krallığındakı səfirləri, Niderland Krallığında akkreditə olunan digər ölkələrin diplomatik korpus nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizin bir çox qeyri-hökumət təşkilatlarının əməkdaşları, Azərbaycan və türk diasporları təmsilçilərinin iştirak etdiyi konfransda Avropa dövlətlərinin və beynəlxalq təşkilatların rəhbərlərinə, dünyanın tanınmış siyasi xadimlərinə müraciət ünvanlanmış və Ermənistanın işğalını pisləyən bəyannamə qəbul edilmişdir.

2012-ci ildə Azərbaycanlıların cəmiyyətə inteqrasiyası və ictimai-siyasi fəallığının artırılması sahəsində 29 tədbir keçirilmişdir. Dünyanın müxtəlif ölkələrində toplumlar halında yaşayan həmvətənlərimiz ictimai-siyasi həyatda fəal iştirak etməklə, Azərbaycan mədəniyyətini, tarixini təbliğ etməklə və digər sahələrdə fəaliyyət göstərməklə yerli cəmiyyətə inteqrasiya etmiş, Vətənimizi mədəniyyət, elm, idman, siyasət və digər sahələrdə uğurla təmsil edərək bir sıra nailiyyətlər əldə etmişlər. Rusiya Federasiyasının Rostov vilayətinin Taqanroq şəhərində bu şəhərin faşistlərdən azad edilməsində qəhrəmanlıqla həlak olmuş döyüşçülərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı, Yakutiya neft və qazını ilk kəşf edənlərdən biri olan azərbaycanlı mütəxəssis Rafiq Qafarov Rusiya Federasiyası Saxa (Yakutiya) Respublikasının neft və qaz sənayesi, həmçinin respublikanın sosial-iqtisadi inkişafı sahəsində uzunmüddətli vicdanlı əməyinə görə “Saxa Respublikasının əməkdar xalq təsərrüfatı işçisi “ fəxri adına layiq görülməsi, həmvətənimiz, tanınmış sahibkar və ictimai xadim, Rusiya Federasiyasının əməkdar inşaatçısı Əlizaman Rəhimov “Yedinaya Rossiya” Partiyasının siyahısı üzrə Domodedovo şəhər dairəsinin Deputatlar Sovetinin deputatı seçilməsi və digər mühüm hadisələr Azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının bariz nümunələridir. Azərbaycanlıların yaşadıqları ölkədə ictimai-siyasi fəallığının artırılması məqsədilə 2012-ci il 5-7 avqust tarixlərində Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum keçirilmişdir. Forumda Azərbaycanın dövlət, hökumət və parlament nümayəndələri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak etmişlər. Forum çərçivəsində keçirilmiş panellərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı nitqində Azərbaycan diasporunun qarşısında qoyduğu vəzifələrə dair müzakirələr aparılmışdır.  Forumda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, ABŞ və digər ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası problemləri, bu ölkələrdə diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılmış, konkret təkliflər irəli sürülmüşdür. Sonda Azərbaycan diaspor təşkilatlarının bəyanatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Ümumilikdə, Diasporla İş üzrə Dövlət Komitəsinin 2012-ci ilin yekunlarına dair  hesabatına nəzər salsaq, statistik göstərici baxımdan dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərin sayına görə Avropa ölkələrinin öndə olduğunun şahidi oluruq. Qeyd edək ki, ümumilikdə 2012-ci il ərzində Avropa ölkələri üzrə müxtəlif istiqamətlərdə 183 tədbir həyata keçirilmişdir ki, bu da bütün regionlar üzrə keçirilmiş tədbirlərin 55,45 faizini təşkil edir. 2012-ci ildə Avropa regionuna daha çox diqqət yetirilməsi bir sıra mühüm amillərlə bağlı olmuşdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 17 may.- S.15.